Toyoni gölü (豊似湖, Toyoni-ko?) – Yaponiyanın Hokkaydo prefekturasındakı Hidakasanmyaku-Erimo-Tokaçi Milli Parkında yerləşən göl. Ürək formasında olan görünüşünə görə tanınır.
Toyoni gölü | |
---|---|
豊似湖 | |
Ümumi məlumatlar | |
Eni | 1 km |
Sahəsi | 0,3 km² |
Dərin yeri | 19 m |
Orta dərinliyi | 12 m |
Yerləşməsi | |
42°05′21″ şm. e. 143°16′17″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşməsi | Erimo, Hokkaydo |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Toyoni gölü keçmişdə aynu dilində "Kamuito" (hərf. "Tanrı batağı") adı ilə tanınmışdır. Aynular gölü müqəddəs hesab etmiş, gölün yaxınlığında olarkən danışmağı qadağan etmişdirlər.[1] Əfsanəyə görə yaxınlıqdakı katsura ağacının kökündəki su ilə qidalanan göl sağalmaz xəstəliklərə sağalda bilirdi.[2] Meyci dövründən sonra yerli sakinlər gölün formasını at dırnağına oxşatdıqları üçün "At dırnağı gölü" ləqəbini və Toyoni gölü adını veriblər.[3] Əfsanəyə görə Ezo adasını tədqiq edən səyyah Kondo Cuzo 1798-ci ildən buradan keçərkən yoldaşlarından biri atı ilə birlikdə uçurumdan düşmüş və göl at dırnağı formasını almışdır. Göl keçmişdə Batey gölü (hərf. At dırnağı gölü) adı ilə tanınmışdır.[2]
Göl yuxarıdan baxıldıqda ürək formasını xatırlatdığından "Ürək gölü" ləqəbi ilə tanınır.[4] Gölün ürək formasında olan görünüşü "Ishiya" şirniyyat şirkəti tərəfindən çəkilmiş "Şiroy Koybito" (白い恋人?) reklamından sonra məşhur olmuşdur.[3] Gölə yuxarıdan tamaşa etmək üçün 2015-ci ildən etibarən helikopterlə turistik turlar təşkil olunur.[3][5]
Erimo qəsəbəsindən 9 kilometr uzaqlıqda yerləşən Toyoni gölü Hidaka regionunda yeganə təbii göldür.[4][5] Diametri 1 kilometr, sahəsi 0,3 km², orta dərinliyi 12 metr, maksimum dərinliyi 19 metrdir. Şirinsulu və dimiktik göl olub dəniz səviyyəsindən 260 metr yüksəklikdə yerləşir. Noyabr ayının sonundan aprel ayının əvvəlinə qədər gölün səthi donmuş vəziyyətdə olur.[6] Göl yeraltı sulardan qidalanır, ətrafı sıx meşə ilə əhatə olunmuşdur.[3] Gölün ətrafında Yezonaki dovşanının yaşadığı müəyyən edilmişdir.[4] 1950 və 1960-cı illərdə gölə Hypomesus nipponensis və al-əlvan qızılxallı kimi balıq növləri buraxılmışdır.[3]
Gölün yaxınlığında Edo dövründə salınmış tarixi Sarudome dağ cığırı yerləşir.[2] Gölün qoruyucu ilahı Hakuryuucin hesab olunur və 1936-cı ildə gölün yaxınlığındakı təpədə ona həsr olunmuş səcdəgah tikilmişdir.[7]