Tozama daymyo (外様大名?, hərf. xarici daymyo) – Edo dövründə Yaponiyada mövcud olmuş daymyo sinfi. 1601-ci ildə baş vermiş Sekiqahara döyüşündən sonra Tokuqava şoqunluğunun tərəfində keçən daymyolar və onların davamçıları bu cür adlanırdı. Tokuqava şoqunluğu tərəfindən az etibar edildikləri üçün ayrı-seçkiliyə məruz qalırdılar.[1]
Tozama daymyolar daymyo statusunu Oda Nobunaqa və Toyotomi Hideyoşiyə xidmət edərək alan, 1601-ci ildəki həlledici Sekiqahara döyüşündən sonra Tokuqava İeyasunun tərəfinə keçən feodal hakimlər idi. Fuday daymyolar isə Sekiqahara döyüşündən əvvəl də Tokuqavanın müttəfiqi olmuş daymyolar idi. Tozama daymyolar daha böyük topraqlara hakim olsalar da, şoqunluq tərəfindən az etibar edilirdilər və fuday daymyolardan daha aşağı pillədə qərarlaşırdılar. Strateji cəhətdən əhəmiyyətli yerlərdə tozama daymyoların qərarlaşmasına icazə verilmirdi. Fuday daymyolar şoqunluqdan daha asılı olsalar da, siyasi baxımdan tozama daymyolardan üstün idilər.[1]
Edo dövrünün əvvəllərində bakufu tozama daymyolar haqqında narahat idi və hər bir nöqsan üstündə onları pisləyirdi, kayeki adlı sanskiyalar tətbiq edirdi. Tozama daymyolar şoqunluğun rocu kimi dövlət əhəmiyyətli vəzifələrinə təyin olunmurdular, lakin istisnalar olurdu: Koreya ilə diplomatik əlaqələri olan So klanı, Edo dövrünün sonlarında vacib vəzifələri tutan Matsumae və Sanada klanları, Tokuqava klanının ordusunda vacib yeri olan Todo klanı bu cür istisnalar idi. Tokuqava şoqunluğu Sekiqahara döyüşündən əvvəl onlarla yaxşı münasibətləri olan tozama daymyolar (İkeda, Kuroda, Hosokava və s.) ilə döyüşdən sonra onlara qatılan tozama daymyolar (Mori, Şimazu, Uesuqi və s.) arasında fərq qoyurdu. Tokuqava şoqunluğu ilə qan qohumluğu olan bəzi tozama daymyolara fuday daymyo münasibəti göstərilirdi. Bu cür tozama daymyolar cun-fuday daymyo adlanırdı.[2]
Tozama daymyoların şoqunluq tərəfindən sıxışdırılması onların sayında da öz əksini tapmışdır. 1602-ci ildə 117 tozama və 78 fuday olduğu halda, 1795-ci ildə 98 tozama və 168 fuday var idi.[1]