Trigonella

Güldəfnə (lat. Trigonella) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.

Güldəfnə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qədim misirlilər və yunanlar bitkidən tərəvəz kimi istifadə edirdilər. Güldəfnənin toxumları mumiyaların balzamlanması, eyni zamanda müalicəvi məqsədlər üçün tətbiq edilirdi. Məsələn, Böyük Karl bitkidən keçəlləşmə əleyhinə istifadə etmişdir. Hindistanda isə brahmanlar güldəfnənin yarpaqlarından istifadə edirdi. Bitkinin qovrulmuş toxumlarından şərq ölkələrində hərəmxana qadınları saçlarına gözəl görünüş bəxş etmək üçün yararlanırdılar.

Əsasən bu ölkələrdə bitki xüsusilə çox istifadə edilir: Yunanıstan, Misir, Livan, Suriya. Güldəfnə bu ölkələrdə becərilir: Fransa, Misir, Tunis, Mərakeş, Efiopiya.

Güldəfnə bir çox ölkələrin mətbəxində müxtəlif adlar altında ədviyyat kimi tətbiq edilir: fenuqrek, fenum-qrek, feniqrek otu, yunan otu, dəvə otu və s. Lakin daha çox tanınmış adı şəmbələdir. Şəmbələ və ya hindlilərin dilində desək, şambala Tibetdə əfsanəvi bir şəhər adıdır. Belə qeyd edirlər ki, bu şəhər bir zamanlar mövcud olmuş, daha sonra isə itmişdir. Onların inancına görə bu şəhərdə tantrizm və buddizmin sirləri gizlənir. Məhz buna görə də güldəfnə hindlilərin sevimli bitkisinə çevrilmişdir və onlar bitkiyə qarşı böyük hörmətlə yanaşırlar.

Botaniki özəllikləri

[redaktə | mənbəni redaktə et]

Güldəfnə birillik ot bitkisi olub paxlalılara (Fabaceae) aiddir. Gövdəsi az budaqlanan olub 50-60 sm-lik hündürlüyə malikdir. Çiçəkləri xırda olub sarı rənglidir. Güldəfnə çiçəkləmə vaxtı ətrafa özünəməxsus ətir saçır. 4 mm uzunluqlu rombşəkilli qəhvəyi-sarı rəngli xırda toxumları var. Meyvələri üçbucaqşəkilli qında yerləşmişdir. Bir qında 20-ə qədər meyvə olur. Meyvələrin dadı şirintəhər və azca acı olur, qovrulduqdan sonra dadı yaxşılaşaraq yanmış qəndin, şəkərin dadına çevrilir. Bitkinin vətəni Aralıq dənizi sahillərinin şərq hissəsi, Kiçik Asiya hesab edilir.

Bitki işıqsevəndir, ona görə də günəşli yerlərdə yetişdirilir, toxumlar vasitəsilə çoxalır. Güldəfnə əsasən yabanı halda bitir. Bitkinin paxlameyvələrinin qınları saralmağa başlayanda toplanır və qurudulur, bundan sonra döyülüb toxumlar tam qurudulur.

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Bitkinin toxumlarının tərkibində 0,3%-ə qədər triqonellin alkoloidi, 3,5 mq% PP vitamini, rutin, steroid saponinləri və fitosterinlər, flavonoidlər, selikli və acı maddələr və s. mövcuddur. Bitkinin tərkibində olan 30%-ə qədər selik bakterisid plastırların, bəlğəmgətirici, antisklerotik preparatların hazırlanmasında istifadə edilir. Bitkinin tərkibində mövcud olan diosgenin maddəsi progesterona bənzəyir. Diosgenin orqanizmə daxil olduqda ondan steroid hormonlar və estrogen sintez edilir. Bitki mənşəli diosgenin orqanizmin hormonal balansını tənzimləyir.

Qurudulmuş ot və toz halına salınmış şəkildə onlar güldəfnəni "yaşıl pendirə" əlavə edirlər. Bu ədviyyə yeməklərə qovrulmuş fındıq dadı bəxş edir. Onu da qeyd edək ki, bəzən karri ədviyyatının 15-20%-ni məhz güldəfnə təşkil edir. ABŞ-da rom və digər içkilərin ətirləndirilməsi üçün bu bitki istifadə edilir. Onu bəzən xəmirə də əlavə edirlər. Hindistanda isə ondan qəhvənin surroqatını, təzə dərilmiş tər formasından isə salatlar hazırlayırlar. Bitkinin toxumlarını toz halına salmaq bir qədər çətin olduğuna görə o, satışda toz halında mövcud olur. Güldəfnə toxumu süd artırıcı bitki çayının tərkibində mövcuddur.

Bitkinin toxumları inəklər üçün çox dadlı bir yemdir. Hətta inəklərə verilən yeməyin dadını yaxşılaşdırmaq üçün onların yemlərinə güldəfnə qatılır. Güldəfnənin ətri təzə biçilmiş otun ətrinə çox bənzəyir. Bu ətri ona verən 3-hidroksi-4,5-dimetil-2(5H)-furanon kimyəvi birləşməsidir.