Tsuşima-maru (対馬丸?) – Yaponiyaya məxsus olmuş sərnişin və karqo gəmisi. İkinci Dünya müharibəsi zamanı Okinavadan Naqasakiyə yüzlərlə məktəblini daşıyarkən ABŞ-yə məxsus USS Bowfin sualtı qayığı tərəfindən batırılmışdır.[3]
Tsuşima Maru | |
---|---|
対馬丸 | |
Ölkə | Yaponiya |
Təşkilat | Nippon Yusen |
Salınma tarixi | 8 sentyabr 1914[1] |
İstismara verilmə tarixi | 21 iyun 1916 |
Batma tarixi | 22 avqust 1944 |
İstehsalçı | Russell & Company, Şotlandiya |
Şərəfinə adlandırılıb | Tsuşima |
Növü | karqo gəmisi |
İştirak etdiyi döyüşlər | |
Uzunluğu | 135,6 m[1] |
Eni | 17,7 m[1] |
Kütləsi | 6754 ton[2] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tsuşima-maru Şotlandiyanın Russell & Company şirkəti tərəfindən istehsal olunmuş və 8 sentyabr 1914-cü ildə suya buraxılmışdır. Gəmi Yaponiyanın Nippon Yusen şirkəti tərəfindən karqo və sərnişin gəmisi kimi istifadə olunurdu. Uzunluğu 135,6 metr idi.[1]
Tsuşima-maru 22 avqust 1944-cü ildə, gecə saat 10:12-də Yaponiyanın Akuseki adası yaxınlığında ABŞ donanmasına aid olan USS Bowfin sualtı qayığı tərəfindən torpedo ilə vurulmuş və 10 dəqiqə ərzində batmışdır.[4] Həmin an Tsuşima-maru Ryukyu adalarının ABŞ tərəfindən işğal edilməsi səbəbilə Okinavadan Naqasakiyə sərnişin daşıyırdı. 21 avqustda Naha limanından yola düşən gəminin göyərtəsində 1783 sərnişin var idi ki, onlardan 1661 nəfəri Nahanın 8 məktəbindən olan məktəblilər idi.[5] Gəmidə bir neçə valideyn və məktəb müəllimi də var idi. Gəmini Kazuura-maru və Qyoku-maru adlı iki sərnişin gəmisi də müşayiət edirdi.[3] Tsuşima-marunun batırılması nəticəsində gəmidəki 1484 nəfər ölmüşdür.[5] Qəzadan çıxanlar cəza ilə təhdid olunmuş və insident haqqında danışmalarına icazə verilməmişdir.[3]
Gəminin qalıqları 12 dekabr 1997-ci ildə Yaponiya Dəniz Elm və Texnologiya Mərkəzi tərəfindən Akuseki adasından 10 kilometr şimal-qərbdə kəşf olunmuşdur.[3]
İkinci Dünya müharibəsindən sonra gəminin batması hadisəsi Yaponiyada geniş müzakirə olunmuş, haqqında kitablar və məqalələr yazılmışdır. 1982-ci ildə çəkilmiş "Tsushima Maru: Sayounara Okinawa" (対馬丸 -さようなら沖縄-, azərb. "Tsuşima-maru: Əlvida, Okinava"?) anime filmi bu faciədən bəhs edir. Gəminin batdığı yerdə memorial tədbirlər keçirilir. Okinavanın paytaxtı Naha şəhərində və Akuseki adasında hadisəyə həsr olunmuş memorial abidə yerləşir.[3]
Naha şəhərində hadisəyə həsr olunmuş Tsuşima-maru Memorial Muzeyi fəaliyyət göstərir.[5]