Turukki və ya Turuk — B.e.ə. II minilliyin II yarısında Cənubi Azərbaycanda və Xəzərin cənub hissəsində, Urmiya gölü hövzəsində - Urmiya gölünün cənubunda və cənub şərqində, indiki Zəncana qədərki torpaqlarda yaşamış qədim tayfalardan biri; Aratta, Kutium (Kuti) və Lullubi tayfa ttifaqının tərkibinə daxil olmuş tayfa.[1]
Yaşadığı ərazilər |
---|
Urmiya gölünün cənubunda və cənub şərqində, indiki Zəncana qədərki torpaqlar. |
Turukkilər Aşşur hökmdarı I Şəmşi-Adadın (b.e.ə. 1813- b.e.ə. 1782) və oğlu (sələfi) İşme-Daqanın (b.e.ə.1781-b.e.ə.1750) hakimiyyəti dövründə Mesopatomiyanın yuxarı axarında mövcud olan Assuriya dövləti üçün təhdid yaradırdılar. Xüsusilədə İkkallum şəhərində toplaşan turukkilər İşme-Daqanın ordusu ilə toqquşmuşdular. Bu döyüşdə İşme-Daqan qalib gəlir və özünün də kitabəsində məlumat verdiyi kimi "Bir nəfərinin də qaçmasına imkan vermir".[2] Turukkilərin əksərən hurri, lakin eyni zamanda semit mənşəli tayfalardan ibarət tayfa ittifaqı olması fikri irəli sürülür.[3] Məlumat verilir ki, turukkilər b.e.ə. 1769/68-ci ildə hurrilərin hakimiyyəti altında olan Mardaman şəhərini qarət etmişdilər.[4] Hammurappinin idarəçiliyi dövründə (təxminən b.e.ə. 1773-cü ildə) Babilin turukkilər üzərində qələbəsinin 37 illliyi qeyd edilmişdir. Babil hökmdarı Hammurappi (b.e.ə. 1792-b.e.ə.1752) hakimiyyəti dövrünə aid kitabədə Tukris adlı dövlətin mövcudluğundan bəhs edilir ki, bu adın Turukkilərlə bağlı olması ehtimal edilir.
B.e.ə. I minillikdə Turukkum, Turukku və ti-ru-ki-i formasında bu tayfa ittifaqının adı xatırlanır. Daha geniş mənada Turukkilər adı "dağ adamları", və ya "dağlılar" mənasında istifadə edilir. Tukri və ya Turukkumun Mesapotamiyanın şimal-şərq hissəsini və Zaqroş dağlarına qədər əraziləri əhatə etməsi ehtimal edilir. Turukkilər əsasən Urmiya gölü hövzəsi və şimal-şərqi Zaqroş vadisi ilə bağlı idi. Onlar qədim lullubilərdən şimala doğru məskunlaşmışdılar. Aşşur mənbələrində onların yaşadığı bu ərazi və orada yaşayan xalq "lullubi-turukki" adlandırılır.
İndiki İraq – Suriya sərhəddi yaxınlığında Fərat çayının qərb sahillərində fransız alimlərinin apardığı qazıntı işləri nəticəsində qədim Mari şəhərinin arxivi üzə çıxarılmışdı. Mixi yazı ilə yazılmış gil lövhələr üzərində yazılmış mətnlər 1930-cu illərdə aşkar edilsə də, 20 il sonra, yəni 1950-ci ildən başlayaraq, Georgies Dossin tərəfindən Luvr muzeyi xəbərlərində seriya formasında dərc edilməyə başlanmışdır. Bu mətnlərin təxminən 20-dən çoxunda turukku şəklində tayfanın adına təsadüf edilir. İlk dəfə bu adın türklərlə bağlılığı fikrini irəli sürən H.Z.Koşay olmuşdur. İki gil löhvə üzərində turukku sözü olan sətri 1982-ci ildə Buxarest şəhərində nəşr olunmuş bir elmi bülletendə çap etdirmişdir. 1989-cu ildə S. Bayram turukku sözü olan daha 11 gil löhvəni qeydə almışdır. Zelik Yampolski, Yusif Yusifov[5], Süleyman Əliyarlı (1996) kimi tarixçilər də assur mətnlərində xatırlanan turukku və ya turukki boyunu türk hesab etmiş və bu adın müxtəlif zamanlarda və müxtəlif dilli yazılarda türük//török//turuk//türki şəklində işləndiyini qeyd etmişlər.
Lakin, bu adı Mari mətnlərinin transkripsiyasında düzgün şəkildə qeyd edilməmişdir. Belə ki, türk sözünün qədim forması turuk şəklindədir və assurca olan mətnlərdə də həmin forma əks olunmuşdur. Lakin assur dili kontekstində türk adının fonetik oxunuşu tu-ru-ki olduğu halda, assuroloqlar onu Turukku şəklində transkripsiya edirlər, yəni adın son samitini assur ləhcəsinə uyğun geminat (qoşa) samit kimi oxuyurlar, halbuki mətnlərin çoxunda həmin adda geminat samit yoxdur. Adadnenari (b.e.ə. XIV əsr) yazısında da Turuki ölkəsi tu-ru-ki-i şəklində qeyd olunmuşdur. Bu adın səhv oxunuşu alman alimi K. Riemşnayderin "Akkad dili"[6] dərsliyində də özünü göstərir; mətndə Tu-ru-ku-tum şəklində verilən forma mətnin sözlüyündə Turukkutum şəklində transkripsiya edilir. Prof. Firudin Cəlilov isə 25 №-li gil löhvənin 9 və 10-cu sətirlərinin nəzərdən keçirilməsi ilə adın səhv transkrisiya edildiyinin aydınlaşdığını qeyd edir:
(9) Li-da-a-ia awilum Tu-ru-ku-u,
(10) u awilum Tu-ru-ku-u şa it-ti-şu.[7]
O, qeyd edir ki, hər iki sətirdəki adın yazılışında qoşa samit yoxdur. Ona görə də, mətnlərdə bu ada qoşulan sami şəkilçilərini çıxanda sözün turuk forması qalır ki, bunu da turuk//turk//türk kimi oxumaq lazım gəlir. Mixi yazıda ü və o işarələri olmadığı üçün, bu adın torok//toruk// turok//türük//türk variantlarında səslənməsi də mümkün ola bilərdi, lakin turuk forması etimoloji baxımdan da xarakterik olduğundan o dövr üçün həmin formanı işlətmək daha doğrudur.[8]
Assur dövləti b.e.ə. VII əsrin sonunda dağılana qədər müəyyən fasilələrlə 1500 il qonşu bölgələrə, o cümlədən qədim Azərbaycana vaxtaşırı yürüşlər etmişdir. Assur çarlarının bu yürüşlər haqqında xeyli yazıları vardır. Turuk boyları ilə bağlı Mari sənədləri isə yalnız b.e.ə. XIX–XVIII əsrləri əhatə edir. Baxmayaraq ki, bu yazılarda hadisələrə assurların öz münasibəti qabarıq formada verilir, turuklar düşmən kimi təqdim edilir, hər halda, assur-turuk münasibəti baxımından bu yazılar çox qiymətli tarixi sənədlərdir. Hadisələr Dəclənin hər iki sahilində və daha çox indiki Kərkük-Ərbil bölgəsində və Urmiya gölünün cənub-qərb tərəflində cərəyan edir. Həmin dövrdə Arrapha (Ar-Apa) adlanan Kərkük bölgəsi əvvəl assur, sonra hurri, kassi, daha sonra yenidən assur hücumlarına məruz qalan və əhalisinin etnik tərkibi xeyli dəyişən bir ərazi idi. Assur qoşunu turuk boylarının Axazim və Katanum (Kotan) bölgələrində və turuklara tabe olub, vergi ödəyən Hirbazanim (İrbasan) və Tiqunanim (Tiqinə məxsus) bölgələrində, lulluların Ərbil ilə Urmu gölü arasında yerləşən Şuşşara (Susara) bölgəsində turuk əskərləri ilə vuruşmuşlar. Ümumiyyətlə, assurlar Dəcləni keçib subar, quti, lulu ərazilərinə yürüş edəndə də turuk əskərləri ilə qarşılaşmalı olurdular.
Mari sənədləri göstərir ki, turuk boyları heç də həmişə müdafiə mövqeyində qalmamışlar, onlar da vaxtaşırı Assur ərazilərinə hücum edərək, assur və assurlara tabe olan bölgələri yağmalamış, assur hücumlarının şərqə doğru genişlənməsinin qarşısını almışlar. Ona görə də Assur çarları turuk qüvvələri ilə hesablaşmaq məcburiyyətində qalmışlar. Assur hüdudlarını daim gərgin vəziyyətdə saxlayan turuklar haqqında hərtərəfli məlumat toplamaq üçün Assur çarları sərhəd bölgələrdə çoxlu cəsus və gözətçidən istifadə edirdilər. Turuk döyüşçülərinin hərəkət istiqaməti, məqsədi, sayı, gücü və girdiyi bölgələrdə əhali ilə davranışı barədə mütəmadi assur böyüklərinə məlumat verilirdi. Hətta, turuk sərhədlərindəki Aşahitim kanalının ağzında oturan gözətçinin verdiyi məlumatda "turuk səmtindən bu tərəfə bir ulaq keçdi"[9] kimi əhəmiyyətsiz kiçik xəbər də yer tutur. Assurları ən çox narahat edən məlumat turuk dəstələrinin kiçik və ya böyük qüvvə ilə basqın edəcəyi xəbəri idi. Bu baxımdan, 21 №-li gil löhvədə belə bir məlumat diqqəti cəlb edir:
"Turuk düşmanı çıxdı və (…)yə getdi. O, Kakkulatimi işğal etdi… Bu hücumdan bəri turukların sayı çox görünmür, ancaq arta bilər. Onlar gəlməyə davam edəcək".
— Mari sənədləri, № 21
Digər gil löhvələrdə də turuklardan ehtiyat edilməsi duyulur:
"Turuklar burada ağıza alınmayacaq (deyilməyəsi) işlərə məcbur edirlər"[10]; "Çar mənə hər şeydən öncə, turukların hücum etdiklərini, Nithimi dağıtdıqlarını yazdı"[11]; "Turuklar indi Tiqunanim ölkəsindədir. Onlar buraya gəldikdə belə dedilər: O, yurduna doğru getdi"[12].
Bu son cümlədə turuk bəyinin və onun yurdunun adı verilməmişdir. Başqa gil löhvədə turuk bəylərindən birinin adı çəkilir:
"Başçıları Lidaya ilə birlikdə turuklardöyüşə girib, iki şəhəri dağıtdılar"
— Mari sənədləri, №25.
Sonrakı minillikərdə saqa, hun, avar, oğuz və başqa türk boylarının təkrar etdiyi qəfil hücum taktikası turuk döyüşçülərinin assurlara qarşı tətbiq etdiyi basqınlardan fərqlənmir. Assur əyalətlərinə turuk axınları qəfil hücumla başlayıb, yağma ilə qurtarırdı. Regionda nüfuzunu artırmağa çalışan assur çarı I Şəmşi-Adad (b.e.ə. 1813– b.e.ə. 1781) turuk döyüşçüləri kimi "qəfil basqın" taktikası planlaşdırdığını oğlu İsme-Daqana və digər qoşun başçılarına bildirir: "Yatanı oyadan, oyanana aman verməyən turuklar kimi (hərəkət) edəcəyik"[13]. Turuklar üzərində ən kiçik qələbə belə assurlara böyük sevinc gətirirdi. İsme-Dağanın turuklara qalib gəlməsi münasibətilə Şəmşi-Adad digər oğluna yazırdı:
"Sevin! Burada qardaşın Davidumu öldürəndə sən qadınlar arasında qalırsan. O halda, indi ordu ilə birlikdə Katanuma gedəcəyin zaman bir ər kişi (kimi) ol. Qardaşın kimi sən də 7 bölgəndə böyük ad qazan".[14]
Turuk axınlarının qarşısını almaq üçün assurlar çox vaxt barışıq siyasətinə əl atırdılar. Belə barış istəyi bəzən baş tutur, bəzən də gerçəkləşmirdi. Turuklarla sərt qarşıdurmadan əziyət çəkən assurlar, hətta qohumluq əlaqələri yaratmaq istəyirlər; "İşme-Dağan Zaziyə başlıq (kimi) gümüş, qızıl göndərdi"[15]. Başqa bir sənəddə "turuklarla ilgili xəbərin dəyişməsi" və turuk-assur barışının baş tutmamasının səbəbi Yantakim kimi soyluların assurlara göndərdiyi bu ultimatum ilə əlaqələndirilir; "Madam ki, sən girovları vermək istəmirsən, sabahdan biz istədiyimiz yerə gedəcəyik"[16].
Tədqiq edilən assur yazılarından aydın görünür ki, turuk boyları b.e.ə. II miniliyin əvvəllərində geniş ərazilərə nəzarət edən güclü tayfalar idi. Urmiya gölü hövzəsində ayrı-ayrı tayfalar formasında yaşayan turuklar ayrıca dövlət qurmasalar da, regionda qüvvətli rəqib kimi qəbul olunurdu. Turuk boyları assur yazılarında b.e.ə. XIII əsrə qədər yad olunmuşdur. Onlar b.e.ə. 1755-ci ildə Babil çarı Hammurapiyə qarşı vuruşmuş, Assur çarı I Adadninari (b.e.ə. 1307 – b.e.ə. 1275) hücumlarına məruz qalmışdılar.[8]