Assuriya

Aşşur çarlığı və ya Assuriya (akkadca: Aššur; ərəbcə: أشور Aššûr; yəhudicə: אַשּׁוּר Aššûr) — Aşşur şəhəri ətrafında yaranmış, Yaxın Şərqdə, MisirdəAnadoluda böyük əraziləri tərkibinə daxil edən qüdrətli qədim dövlət.

Tarixi dövlət
Assuriya
Monarxiya

Paytaxt

Assur (e.ə 2025-1233)

Kar-Tukulti Ninurta (e.ə 1233-1207)

Assur (e.ə 1207-879)

Nimrud (e.ə 879-706)

Şarrukin (e.ə 706-705)

Nineviya (e.ə 705-612)

Harran (e.ə 612-605)
Dilləri Arami dili, Akkad dili
Rəsmi dilləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aşşur çarlığı Babildən şimalda yaranmışdır. Bu dövlət e.ə. VIII–VII əsrlərdə güclü dövlət olmuşdur. Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal olunmuşdur. E.ə. 605-ci ildə Aşşur dövləti BabilMidiya tərəfindən süquta uğradıldı və torpaqları iki dövlət tərəfindən bölündü.

  • E.Ə. 10.-9. əsrlər Aşşur Ön Asiyanın ən qüdrətli dövləti oldu.
  • E.ə. 8.-7. əsrlər Aşşur dövləti Babili, Suriyanı, Fələstini işğal etdi.
  • E.ə. 612-ci il Nineva Midiya və Babil qoşunları tərəfindən tutuldu.
  • E.ə 605-ci il Aşşur dövləti süqut etdi.

Qədim Assuriya dövrü

[redaktə | mənbəni redaktə et]
Qədim assuriyalı

Aşşur çarlığı bir neçə şəhərlərin birləşməsindən yaranmışdı. Bu birləşmənin paytaxtı Aşşur şəhəri idi. O dövrdə Aşşur şəhəri o qədər də inkişaf etməmişdi. Qədim Assuriya dövləti birləşmələr şəklində olsa da hökmdarlara malik idi. Qədim Assuriya hökmdarları çadırda yaşayanlar kimi qələmə verilirdi. Bu da onu göstərir ki, Assuriyada maldarlıq yüksək inkişaf etmişdi.

O dövrün Assuriya tacirləri əsasən Kaniş və Qasur şəhərlərində məskunlaşmışdılar. III Ur sülaləsinin hakimiyyəti dövründə Assuriya hökmdarı Zarikum III Ur hökmdarı I Bur-Sindən asılı idi. E.ə III minillikdə Aşşur şəhər dövlətinin başında sami mənşəli sülalə dururdu. Bu sülalənin hökmdarları Akkad mənşəli adlar qəbul edirdilər. Bu dövrdə Assuriya beynəlxalq ticarətdə mühüm rol oynayırdı. Assuriya hökmdarları əsasən daxili işlərlə məşğul olur, xarici işlərə qarışmırdılar. Onlar həm də dini hakimiyyətə sahib idilər və ali kahin rütbəsi daşıyırdılar. Məhkəmə və inzibati işlərə ukullum adlı məmur baxırdı, o seçkilər vasitəsilə seşilirdi. Aşşurda ağsaqqallar şurası mövcud idi və bura adlı-sanlı ailələrin üzvləri və quldar əyanlar daxil idilər. Bu dövrdə xalq yığıncağı öz əhəmiyyətini itirmişdi. Şura üzvlərindən biri bir il müddətinə rəhbər seçilir, belə şəxs limmu adlanır, xəzinənin açarını daşıyır və cari il onun adına adlandırılırdı.

Assuriyada əsas torpaqlar icma torpaqları idi və kəndlilərə məxsus idi. Qul əməyindən geniş istifadə edilirdi. Kasıb ailələr öz övladlarını qul kimi verirdilər, borc köləliyi də geniş yayılmışdı. E.ə XIX əsrin əvvəllərində yaranmış siyasi vəziyyət Assuriya dövlətçiliyinə və iqtisadiyyatına mənfi təsir göstərdi. Het dövlətinin yaranması Assuriya ticarətinin tənəzzülünə səbəb oldu. Qərbə gedən ticarət yolları hetlərin əlinə keçdi. Şərqdə isə lullubikuti dövlətlərinin süqutu nəticəsində ticarət əlaqələri tamamilə zəiflədi. Ticarət yollarının bərpasına zəmin yarandı. Bütün bu hadisələr işğalçılıq siyasətinin yeridilməsinə səbəb oldu. E.ə 1813-cü ildə hakimiyyətə gələn I Şamşi-Adad özünü dünyanın hökmdarı elan etdi. O ilk qüdrətli Assuriya hökmdarı oldu və qərbdə və şərqdə hərbi əməliyyatlara başladı. Qərbdə Mari hökmdarlarını məğlub etdi və Şimali İkiçayarsında olan şəhərləri tutdu. Öz oğlunu bura hakim təyin etdi. Karxemiş hökmdarı ilə ittifaqa girdi və onunla birlikdə Suriyanın Katna şəhərini tutdu. Katna hökmdarı ilə də ittifaq bağladı və onun qızını oğluna aldı. Qərbdə olan ticarət yolları Assuriyanın əlinə keçdi. Sonra o şərqə tərəf yürüş etdi və əvvəlcə Arrapxa və Şuşarra şəhərlərini tutdu. Lakin Şuşarranı öz əlində saxlaya bilmədi və şəhər turukkilərin əlində qaldı. O, Tukriş hökmdarından və bir sıra Yuxarı İkiçayarasında olan hökmdarlardan xərac almaqla kifayətləndi.

I Şamşi-Adaddan sonra e.ə 1797-ci ildə hakimiyyətə oğlu I İşme-Daqan gəldi. Onun dövründə Assuriya əvvəlki qüdrətini itirdi və bir sıra ərazilər llərindən çıxdı. Mari hökmdarı Zimirlim yenidən müstəqil siyasət yeritdi. Şamşara əyalətində kutiturukkilər ilə münaqişələr baş verdi. I İşme-Daqan turukkilər ilə sülh bağladı və turukki hökmdarı Zazinin qızını oğluna aldı. E.ə 1757-ci ildə Babilistan hökmdarı Hammurapi Aşşur şəhərinə yürüş etdi, I İşme-Daqan Babilistandan asılı vəziyyətə düşdü. Ondan sonrakı Assuriya hökmdarları Mut-Aşkur, Rimuş və Asinum da Babilistan tabeçiliyini qəbul etdi. E.ə 1732-ci ilə kimi Assuriya Babilistanın hakimiyyəti altında qaldı. E.ə XVI əsrdə qərbdə Mitanni dövləti yarandı və Assuriya Mitannidən asılı vəziyyətə düşdü.

Orta Assuriya dövrü

[redaktə | mənbəni redaktə et]

E.ə. XV əsrdə assurlular yenə də gücləndilər. Bu dirçəliş dövrünə orta Assur dövrü deyilir. Onlar misirlilərlə ittifaqa girərək, rəgiblərini məğlub etməyə başladılar. Çarlar I Ədad-Nərari və I Səlmanasar Mitanni üzərində qələbəyə nail oldular. Çar I Tikulti-Ninurta Suriyaya qarşı uğurlu yürüş təşkil etdi, sonra isə Babili ələ keçirdi. Bu gələbələrdən sonra Assur çarları Cənubi Qafqaza qədər irəliləyə bilmişdırlər. Lakin e.ə. XII əsrdə ardı-arası kəsilməyən savaşlar Assuriyanı zəiflətmişdi.

Bundan sonra Assur çarı I Tiqratpalasarın (e.ə. 1115-1077 illər) dövründə imperiya yenə də güclənmişdir. Ətraf ölkələrin zəifliyindən istifadə edərək o, yenə da Suriyaya və Cənubi Qafqaza uğurlu yürüşlər təşkil edə bilmişdir.

Çar II Sarqonun sarayının önündə Qanadlı Assur öküzü (E.ə. 883–859) Metropolitan incəsənət muzeyi, Nyu-York.

Eyni zamanda Assur-Babil savaşları da aparılırdı. E.ə. XII–XI əsrlərdə Assuriya üzərinə Ərəbistan yarımadasından gələn köçəri arami tayfaları basqınlar etməyə başlamışdırlar. Onlar kütləvi şəkildə Assuriya ərazisinə köçürdülər. Tədricən aramilər yerli əhali ilə qarışdılar. Bu hadisələr yenə də imperiyanın dağılmasına gətirib çıxarmışdır.

Ancaq Assurun tarixi məkanı və ətraf şəhərlər aramilərin kütləvi axınından nisbətən az zərər çəkmiş və müəyyən qədər öz gücünü qoruyub saxlaya bilmişdirlər. E.ə. I minilliyin əvvəlində Assurla qonşu dövlətlər və tayfalar (Misir, Babil, Mitanni və s.) zəifləmişdi. Bundan yararlanaraq, assurlular yenə də imperiyanı dirçəldə bilmişdirlər. Bu olaylardan sonra, Assurun sonuncu tarixi dövrü başlanmışdır.

Nimruddan olan və üzərində şir ovu təsvir edilən barelyef. E. ə. 883–859-cu illər. Perqam muzeyi, Berlin

E.ə. IX əsrdə öz güdrətini bərpa edərək, Assur dövləti Mesopotamiyanın şimalında və Suriya istiqamətində uğurlu savaşlar aparmışdır. Nəticədə onun orduları Aralıq dənizinin sahillərinə çıxa bilmişdilər. Suriya və Finikiyanın şəhərləri onlara vergilər verməyə başladılar. Bu istilaların nəticəsində regionda dəniz və qurudan keçən bütün ticarət yolları assurluların nəzərəti altına keçmişdi. Şərq istiqamətində isə assur qoşunu midiyalıları məğlub etmişdi. Bütün bu qələbələri II Assurnəsirapal (e.ə. 883-859 illər) və onun oğlu III Səlmanasar (e.ə. 859-824 illər) çarları əldə etmişdirlər. III Səlmanasarın dövründə şimalda Urartu dövləti ilə də savaşlar gedirdi.

Aparılan uğurlu savaşlar imperiya xəzinəsinə külli miqdarda sərvət gətirmişdi. Bunun nəticəsinda Assur və bir sıra başqa şəhərlərdə böyük həcmli inşaat işləri aparılırdı: yeni yollar, məbədlər, saraylar, qalalar qurulurdu. Bu dövr ərzində Assur çarları iqaməkgahlarını yeni paytaxta – Kalhu (və ya Nəmrud) şəhərinə köçürmüşdülər. Bu şəhərdə də eyni inşaat işləri aparılırdı.

Ancaq e.ə. IX əsrin sonu, VIII-ci əsrin əvvəlində Assuriya yenə də zəifləmişdi, ardı-arasi kısilməyən savaşlarla davam gətirə bilmirdi. İmperiyanın ayrı-ayrı yerlərində üsyanlar başlamışdır. Onların yatırılması üçün əlavə qüvvələrə ehtiyac duyulurdu. Eyni zamanda daxildə də parçalanma baş vermişdi: tacir zümrəsi, ticarətlərinə ziyanlı olduğuna görə, savaşlara son qoyulmasını tələb edirdi, qoşun başçıları isə qənimətlər əldə etmək üçün savaşları davam etdirmək istəyirdilər.

Bu zaman şimalda güclənən Urartu dövləti e.ə. 746-745 illərdə assurluları məğlub etmişdi.

Yeni Assuriya dövrü

[redaktə | mənbəni redaktə et]

Bundan sonra Assuriyanın yeni və son tarixi başlamışdır. O zaman Assuriya dünya tarixində ilk imperiyaya çevirilmişdir. Başqa araşdırmaçılar isə hesab edir ki, ilk imperiyanı hələ akkadlılar yaratmışdırlar.

Urartuya qarşı Kalhuda üsyan başlanmış və hakimiyyətə çar III Tiqratpalasar (e.ə. 745-727) gəlmişdir. O dövlət quruculuğunda bir sıra islahatlar aparmış və sonra Midiya, Babil və başqa dövlətlərə qarşı yeni uğurlu savaşlara başlamışdır. Rəqiblərini məğlub edərək, Tiqratpalasar xalqların köçürülməsi və qarışdırılması siyasətini aparırdı.

Ondan sonra hakimiyyətə kələn V Səlmanasar bu siyasəti davam etmişdir, Ancaq saray çevrilişi nəticəsində onu çar II Şarrumken (e.ə. 722-705 illər) əvəz etmişdir. Yunanlar ona Sarqon deyirdilər. Onun çarlığı zamanı assurlular İsrail çarlığını darmadağın etmiş, əhalisini isə vətənlərindən başqa yerlərə köçürmüşdür. Daha sonra o Urartu dövlətinə ağır zərbələr endirmiş və Babil uğrunda savaşlar aparmışdır.

Şarrumkenin oğlu Sanheriv (Sinaherib) (e.ə. 705-681 illər) də Babil uğrunda savaşlar aparmışdır. Qərb istiqamətinə assurlular e.ə. 701-ci ildə Yəhudi çarlığına qarşı hücuma keçərək, onun baş şəhəri Qüdsü müasirəyə almışdı. Yəhudilər assurlulara vergi vermək məcburiyyətində qalmışdırlar.

Sonra Assur qoşunu Misirə tərəf irəliləmişdir, ancaq burada onlan Sanherivin saray çevrilişi nəticəsində qətlə yetirildiyi xəbərini aldılar.

Sanherivdən sonra hakimiyyət onun oğlu Assurahiddinə (yunanca Asarhaddon) (e.ə. 681-669 illər) keçmiş və o atasının istilaçı siyasətini davam etdirmişdi. O şimalda Finikiya şəhərlərinə qarşı yürüşlər etmiş, Kıbrıs (Kipr) adasını öz hakimiyyətinə tabe etmişdir. E.ə. 671-ci ildə, o Misiri ələ keçirib, özünü həm də Firon elan etmişdi. Sonra o üsyan etmiş Babilə qarşı yürüşə başlamış, ancaq yürüş zamanı vəfat etmişdi.

Nəhayət hakimiyyətə sonuncu güdrətli Assur çarı Assur-banu-apli (Aşşurbanipal) gəlmişdir (e.ə. 669-626 illər). O çox savadlı və ağıllı adam olmuşdur: bir neçə xarici dilləri, ədəbiyyatı, riyaziyyatı, astronomiyanı və bir sıra başqa elmləri bilirdi. O maarifçiliklə məşğul olmuşdur. Aşşurbanipal bizim zamanəmizə qədər çatmış məşhur kitabxana yaratmışdır. Orada 20000-ə yaxın gil lövhələrində yazılmış müxtəlif mətnlər yerləşdirilmişdir. Bundan başqa, onun hakimiyyəti zamanı böyük həcmli inşaat işləri aparılırdı.

Ancaq o zaman dövlət işləri heç də yaxşı vəziyyətdə olmamışdır. Assus hakimiyyətinə qarşı bir çox vilayətlərdə — Kıbrısda, Suriyada, Misirdə, Elamda, Midiyada, Babildə — üsyanlar başlamışdır. Xarici vəziyyət də gərginləşmişdir, urartulular və mannalılar Assura qarşı savaşlara başlamışdırlar. Yalnız e.ə. 639-cu ilə qədər gedən ardı-arası kəsilməyən qanlı savaşlar nəticəsində Aşşurbanipal bu üsyanların əksəriyyətini yatırıb, xarici müdaxilənin isə qarşısını ala bilmişdir. Ancaq bu Assuriyanın sonuncu uğurları olmuşdur.

Aşşurbanipalın ölümündən sonra, imperiyada durum həddən artıq gərginmişdir. Yenə də kütləvi üsyanlar, xarici basqınlar başlamışdır. Üstəlik ölkəni və çar sarayını özbaşınalıq, mənəviyyatsızlıq, əxlaqsızlıq dalğaları bürümüşdür. Yeni çar Sinşariuşqun (yunanca Sardanapal) zəif şəxsiyyət olmuş və bu problemləri həll edə bilməmişdir.

Bundan sonra hadisələr surətlə inkişaf edirdi. E.ə. 627-625-ci illərdə Babil və Midiya imperiyadan ayrılaraq, Assuriyaya qarşı savaşa başlamışdılar. E.ə. 614-612-ci illər arası onlar assurlulara sarsıdıcı zərbələr endirmiş, imperiyanın mərkəzləri olan Assur və Ninova şəhərlərini ələ keçirərək, Assuriyanın varlığına son qoydular Bundan sonra bütün Assuriyanın şəhərləri dağıdılmış, assur hakimiyyət dairələri, məmurlar və zadəganlar öldürülmüşdür. Assur xalqının bir hissəsi məhv edilmiş, digər hissəsi isə başqa xalqlarla qarışaraq tarixdən silinmişdir. Onların az bir qismi bu gün də qalmaqdadır. Bununla da Assuriyanın tarixinə son qoyuldu.

Assuriya ordusu

[redaktə | mənbəni redaktə et]

Assuriya qoşunlarının sayı 120 min nəfərə çatırdı. Qoşun piyada, atlı və döyüş arabalarından ibarət idi. Quldar cəmiyətinin inkişafı çoxlu sayda qul tələb edirdi. Buna görə Assuriya çarı II Aşşurnasirpal (884–859) Şimali Suriyaya, Cənubi Qafqaza orada yaranmış Urartu dövlətinə qarşı yürüşlər təşkil edirdi. 9-cu əsrin ortasında Assuriyaya qarşı Dəməşq başda olmaqla qonşu dövlətlər koalisiyası yarandı. Karkar yanında(854) gərgin döyüşdən sonra assuriya qoşunları geri çəkildi. Lakin tezliklə Assuriya yenə fəal xarici siyasət yürütməyə başladı. 8-ci əsrin ortasında çar III Tiqlatpalasar və onun varisləri II Sarqon və Sinexerib Dəməşqi, Cənubi Suriyanı və Qəzzaya qədər Fələstini işğal etdilər.

Ön Asiyada aparıcı dövlət olan Assuriya öz hərbi təşkilatını və hərbi texnikasını yüksək səviyədə saxlamalı idi. Yürüş vaxtı yığma qoşundan təşkil olunan ordu dövlət aparatının vacib bəndi idi. Ordunun tərkibinə icma kəndliləri, sənətkarlar və ticarətçilər daxil idi. Xüsusi ilə təhlükəli yerlərdə və sərhəddə pay torpaq alan kolonistlər də yürüşdə iştirak etməliydilər.

8-ci əsrdə III Tiqlatpalasarın dövründə, mərkəzi və yerli dövlət aparatını hərbi məqsədlərə tabe edən vacib islahatlar keçirildi. Yığma qoşun, tərkibində süvarilər, piyadalar və at arabaları olan daimi qoşunla əvəz edildi. 8-ci əsrin ortasında süvari dəstələr vacib qoşun növü olaraq ordunu manevrli və çevik etdi. Əsas rolu, yüngül və ağır silahlanmış silahlı əskərlərdən ibarət piyadalar oynayırdı. Onlar zireh, qalxan, dəbilqə, ox yay, qısa qılınclarla və nizələrlə silahlanmışdılar. Orduya yol salmaq, körpü tikmək və düşərgə salmaq üçün xüsusi dəstələr də daxil idi. Fortifikasiya işi inkişaf edirdi. Assuriyalılar istehkam tikmək, şəhərləri mühasirəyə salmaq və təkər üstündə zəncirdən asılmış qoç kimi mühasirə silahlarından yararlanaraq hucumla almağı yaxşı bacarırdılar. Onlar bacarıqla cəbhədən və cinahdan hucum edirdilər, qoşunlarını xüsusi qaydada düzərək, dar dərələri və dağ keçidlərini, və səhra şəraitində xüsusi ilə vacib olan su qaynaqlarını tutmağa çalışırdılar. Assuriyalılar hərbi və mülki casus şəbəkəsindən yararlanırdılar.

Kommunikasiya və rabitə işinə böyük önəm verirdilər.Onların hərəkət etdiyi yollar qayğı ilə qorunurdu, və həyəcan siqnalı zamanı işarələrdən (hündür yerdə alov) yararlanırdılar. Səhralıqdan keçən yollar qüllələrlə və su quyuları ilə təchiz edilirdilər. Məntəqələrin arasındakı məsafələr göstərilən xəritələrdən istifadə olunurdu. Öz donanması olmasa da, Assuriya Finikiya kimi qonşuların donanmasından yararlanırdı. Onlar qonşu xalqların hərbi təcrübəsini öyrənməyə çalışırdılar. Mitanni və xettlərdən onlar süvariləri və döyüş arabalarını, babillərdən hərbi qəsəbələrin təşkilini mənimsəmişdilər. Öz növbəsində assuriyalıların istehkam işləri və divardələn silahlarla hucum taktikası, körpü və yol tikintisi, düşərgə salınması təcrübəsini farslər, sonra isə romalılar tərəfindən mənimsənildi.

Xarici siyasəti

[redaktə | mənbəni redaktə et]

Urartu hökmdarları Menua və oğlu I Argişti Assuryanın hakimiyyəti altıda olan ərazilərə daim yürüşlər edirdilər. Bu isə Assuriya ilə müharibələrə gətirib çıxarırdı. E.ə. 735-ci ildə Assuriyalılar Urartuluları məğlub etdilər. E.ə. VIII əsrin II yarısında Assuriya hökmdarı III Tiqlatpalasar Mannada öz siyası təsirini artırmaq üçün Urartu ilə vuruşurdu. O, Mannanın Mazamua vilayətini tutmuş və bir sıra tayfaları bura köçürtmüşdü. Onun dövründə Manna və Assuriya müttəfiq dövlətlər idilər. E.ə. 719-cu ildə Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisi hökmdar İranzuya qarşı üsyan qaldırdı. Assuriya hökmdarı II Sarqon Manna ilə müttəfiq olduğunu göstərmək üçün Manna ərazisinə yürüş etdi və üsyançıları cəzalandırdı. Üsyan yatırıldı. Bu barədə II Sarqonun kitabəsində yazılır: "Hakimiyyətimin üçüncü ilində möhkəmləndirilmiş şəhərlər Şuandahul və Durdukka öz ağaları, mənim boyunduruğumu daşıyan hökmdar Mannalı İranzunun əleyhinə üsyan qaldırmaq fikrinə düşdülər və Zikirtalı Metattiyə arxalandılar. Zikirtalı Metatti öz döyüşçüləri və atçıları ilə onlara kömək etdi. Mən ilahi Aşşurun saysız-hesabsız qoşununu qaldırdım və bu şəhərləri fəth etmək üçün yürüş etdim; güclü kürşatma alətləri ilə onlann möhkəm divarlarmı dağıdıb, yerlə yeksan etdim, əhalini əmlakı ilə birlikdə əsir apardım; bu şəhərləri söküb dağıtdım, od vurdum. Köklərini məhv edən, yaramaz məsləhət verən və Urartulu Ursa ilə razılaşmaya girişən Sukku, Baia və Abitikna şəhərlərinin əhalisini günah iş gördüklərinə görə öz yerlərindən qərbdəki Hatti ölkəsinə köçürdüm." İranzudan sonra hakimiyyətə oğlu Aza gəldi və onun dövründə Mannada daxili çəkişmələr gücləndi. Aza e.ə 716-cı ildə sui-qəsd nəticəsində öldürüldü və hakimiyyətə Urartu hökmdarı I Rusanın köməyi ilə Azanın qardaşı Ullusunu gəldi. Ullusunu hakimiyyətə gəldiyinə kömək etdiyinə görə I Rusaya 22 Manna qalası vermişdi. Və bundan sonra Azanın intiqamını almaq üçün II Sarqon yenidən Mannaya yürüş etdi. Ullusununu bağışladı, onu yeganə Manna hökmdarı etdi və onunla ittifaq bağladı. Bu barədə II Sarqonun kitabəsində yazılır: "Hakimiyyətimin altıncı ilində Urartulu Ursa, Mannahlar ölkəsinin canişinləri Uişdişli Baqdattini və Zikertulu Metattini Şarrukinin Assuriyalı və hökmdarlarımın oğlu Azanın əleyhinə qaldırdı və Mannalılar ölkəsində qiyam edib, sıldırım Uauş dağında öz hökmdarları Azanın meyitini atdılar. Manna ölkəsinin intiqamını almaq və onu Assuriyanın tabeliyinə qaytarmaq üçün Aşşura, mənim ağama əllərimi ucaltdım və Uauş dağında, Azanın meyitinin atıldığı yerdə Baqdattinin dərisini soydum və Mannalılara göstərdim. Ullusununu, onun Azanın qardaşını taxta əyləşdirdilər, mən də ona bütün Mannalılar ölkəsini tabe etdim." E.ə. 716-cı ildə Manna canişini Dayaukku mərkəzi hakimiyyətdən çıxdı və II Sarqon ittifaqa sadiq qalaraq MannayaUrartuya yürüş etdi. II Sarqon İzirtunu tutub dağıtdı. II Sarqon və I Rusa arasında döyüş baş verdi. I Rusa döyüş meydanından qaçdı. II Sarqon işğal olunmuş Manna torpaqlarını geri qaytardı. E.ə 714-cü ildə II Sarqon böyük yürüşünə çıxdı onun bu yürüşdə 3 məqsədi var idi:

  • Mannanı Urartu təcavüzündən qorumaq
  • Assuriyanın mövqeyini Mannada möhkəmləndirmək
  • Xəracın vaxtında yığılmasını təmin etmək

II Sarqon yürüşə çıxdı. Mannanın Sirdakka şəhərində Ullusunu ilə II Sarqon arasında müqavilə imzalandı və Ullusunu II Sarqonun şərəfinə yazılı abidə qoydurdu. Bundan sonra II Sarqon Urartuya yürüş etdi I Rusa öldürüldü və Urartu bir daha Manna ərazisinə yürüş edə bilmədi. VII əsrin I yarısında kimmer, skif və sak tayfaları Ön Asiyaya yürüş etdi. Manna hökmdarı Ahşeri skiflərə arxalanaraq Assuriya ilə ittifaqı pozdu. Assuriya hökmdarı Aşşurbanipal e.ə 650-ci ildə Ahşerini məğlub etdi. Paytaxt İzirtunu dağıtdı. Mannada hakimiyyətə Ahşerinin oğlu Ualli gəldi və onun dövründə Assuriya ilə ittifaq bərpa edildi. Hətta e.ə 616-cı ildə Manna hərbi dəstələri Assuriyaya kömək etdi…

Assuriyada mədəniyyət

[redaktə | mənbəni redaktə et]

Assurlular gil lövhələri üzərində yazılmış yazılı ədəbiyyat nümunələrini yaratmışdırlar.

Çar Aşşurbanipalın kitabxanasında tapılmış yazılı gil lövhəsinin nümunəsi. Britaniya muzeyi, London.

Onların da hərflərı mixi yazıları idi. Ancaq akkadlılardanşumerlərdən fərqli olaraq, onların yazıları, çağdaş yazılar kimi, horizontal sıra ilə yazılmışdır. Bundan başqa, bəzi hallarda, onlar daş, taxta və Misirdən gəlmiş papiruslar üzərində yazırdılar. Ola bilər ki, Assuriyada məktəblər və hətta universitetlər olmuşdur. Hər halda arxeoloji qazıntılar zamanı bunlara bənzər binalar və buna işarə edən bəzi yazılar tapılmışdır.

Şadupum adlı qədim şəhərin xarabalıqlarında isə, arxeoloqlar gil lövhələri üzərində yazılmış riyazi və həndəsi mətnlər tapmışdırlar. Onlardan birində yunan alimi Evklidin adı ilə bağlı olan düzbucaqlı üçbucaqların bənzərliyi teoreması isbat olunmuşdu[1]. Deməli bunu assurlular yunanlardan 17 əsr öncə bilmişdilər. Ninova şəhərində çar Assurbanipalın kitabxanasında minlərlə yazılı gil lövhələri tapılmışdır. Onların məzmunu əsasən dini və qismən elmi (riyazi və astronomik) xarakterlidir. Bəzi lövhələr Assurbanapalın, Esarhaddonun, Sanherivin və başqa Assur çarlarının qələbələri və hərbi yürüşləri, onların quruculuq işləri haqqında məlumatlar verir.

Bu kitabxanada həm də çarın və onun sərkərdələrinin çoxlu sayda ordunun vəziyyəti haqqında bəhs edən yazışmaları (məktubları), diğər dövlət sənədləri, xəritələr, müqavilələr də tapılmışdır. Assurluların təsviri incəsənəti əsasən hərbi və dini mövzulara həsr edilmişdir. Çar saraylarında onların qələbələrini, ova çıxmalarını, dini mərasimləri, saray həyatını əks etdirən barelyeflər, daş divarların üzərində həkk olunmuş təsvirləri tapılmışdır. Bu mövzular Assuriyada inkişaf etmiş heykəltəraşlıq sənətində də təkrar olunmuşdur. Çar saraylarının önündə insan başlı qanadlı öküz heykəlləri qurulmuşdur. Bu mifik heyvanlar çarın mistik qoruyucuları kimi təsəvvür edilirdi.

border=none Əsas məqalə: Qədim Mesopotamiya dini

Assurluların dini əksər hallarda Babil dini kimi olmuşdur. Onların panteonu 7000-dən çox tanrı və tanrıcalardan ibarət olmuşdur. Onlardan üçü baş tanrı sayılırdı: Assur, Rəmmanİştar.

Tanrı Assur, relyef, e.ə. IX əsr

Baş tanrı hesab edilən Assurun əvvəllər təbiət və göylərin tanrısı olması ehtimalı vardır. Sonra onun şərəfinə şəhər adlandırılmışdır. O bütün tanrıların çarı, yerin və göyün tanrısı, Assur dövlətinin himayəçisi və qoruyucusu hesab olunurdu. Onun adı ilə imperiyanın uğurlarını bağlıyırdılar. Assurlular inanırdılar ki, dövlətlərinin düşmənləri Assurun da düşmənləridir və o, onları məhv etməyə qadirdir. "Enuma eliş" dastanının Assur variantında dünyanı yaradan tanrı Mərduq deyil (babillilərdə olduğu kimi), Assurdur.

Hesab edilirdi ki, çarlar onun əlindən hakimiyyəti alırlar və savaşlarda əldə edilən qənimətləri ona qurban verirdilər. Onu günəş üzərində əlində dartılmış oxu tutan qanadlı tanrı obrazında təsvir edirdilər. Bu cür rəsm və barelyeflər çarların geyimlərində, saraylarında, möhürlərində həkk olunmuşdur. Buna bənzər təsvirlər assur ordularının bayraqlarında həkk çəkilirdi. Assura çoxlu dualar edilirdi və gimnlər oxunurdu.

İkinci baş tanrı dağıdıcılığın rəmzi olan Ramman olmuşdur. İnanclara görə şimşək tanrısı olaraq, o düşmənləri qorxu və dəhşət hisslərini keçirməyə vadar edir, onları məhv edirdi. Savaş və ovun tanrıları olan Ninib (Adar) və Nərqal da, assurluların tanınmış tanrıları olmuşdurlar. Müəyyən dövrlərdə isə Assuriyada göyə sitayiş etmə praktikası da yayılmışdır.

Assur panteonunun üçüncü baş tanrısı İştar (şumerlərin İnannasıdır) tanrıcası olmuşdur. O Assurun arvadı kimi təsəvvür olunurdu. Onun məbədləri Arbela (Ərbil) və Ninovada yerləşirdi. Ona savaş tanrıcası kimi ibadət edilirdi. Eyni zamanda o fahişələrin himayəçisi və qaranlığın kraliçası olmuşdur. Hesab olunurdu ki, o qoşunun önündə gedir və döyüşlərin nəticəsini həll edirdi. Assurlular onun düşmənlər üzərinə od yağdırmasına inanırdılar və hətta onu odlu geyimdə təsvir edirdilər. İştar həm də dan ulduzunun tanrıcası kimi tanınmışdı və onu ulduz kimi təsəvvür edirdilər. Geniş mənadə onu göyün tanrıcası kimi də qəbul edirdilər.

Tanrıca İştar. E.ə. 1800-cü illər. Britaniya muzeyi, London

Assurun, Mesopotamiyanın və ümumiyyətlə qədim dünyanın araşdırmaçıları yazırlar ki, İştar tanrıcasına ibadətlər seksual orgiyalarla (hamının hamı ilə seksual əlaqəyə girməsi) müşayiət edilirdi.

Onun şərəfinə keçirilən bayramlar zamanı insanlar özlərini döyür, zədələr yetirir, hətta axtalayırdılar. Bundan başqa, onlar məbədlərdə bir birləri ilə kütləvi cinsi əlaqələrə girirdilər. Bu mərasimi İştar kultunun kahinələri qızışdırırdılar. Onlar erotik rəqslər ifa edərək, bayram şənliklərinə gələn kişi və qadınları cinsi əlaqələrə həvəsləndirirdilər və özləri də bu əməlləri edirdilər[2]. Homoseksual əlaqələr də geniş yayılmışdır. İştara ibadət edən hər bir qadın həyatında heç olmasa bir dəfə məbəddə yadelli kişi ilə cinsi əlaqəyə girməli idiФрэзер Д. Золотая ветвь, М, АСТ, 1998, с. 349.. Ümumiyyətlə bu kimi əməllər bütün Mesopotamiyanı bürümüşdür. Qədim yunan tarixçisi Herodot (e. ə. 484–425 illərdə yaşamışdır) yazırdı ki, Babildə doğulan hər bir qadın heç olmasa həyatında bir dəfə Iştar məbədinə gəlməli və burada yadelli ilə cinsi əlagəyə girməli, o isə buna görə ona pul verməlidir[3]. Bu halda verilən pul müqəddəs sayılırdı. Qadınlar müəyyən olunmuş yerlərdə dayanırdırlar. Yadellilər isə oraya gəlib, onları seçirdilər.

Ola bilsin ki, Mesopotamiyada və Yaxın Şərqdə seksual orgiyalar yayılmışdır. Bəlkə də Quran (Şuəra26:161-166Hud11:82-83) və Əhdi Ətiqdə (Yaradılış, 19) Lut peyğəmbərin əhvalatı məhz bu cür halları təsvir etmişdir. Orada Allah Lut peyğəmbərin mənsub olduğu qövmü, kütləvi surətdə "əxlaqsız" olduğuna görə, məhv etmişdir.

Quran (Saffat37:139-148) və Əhdi-Ətiqə (Yunus peyğəmbərin kitabı) görə Ninova şəhərində Yunus peyğəmbər yaşamışdır. O bütpərəstliyə qarşı çıxış etmiş, günahlara batmış adamları tək Allaha ibadət etməyə çağırırdı. Rəvayətə görə, onlar uzun müddət Yunus peyğəmbəri qəbul etməmiş, ona qarşı çıxış etmişdilər. Buna ğörə də Yunus şəhəri tərk etmək qərarına gəlmişdir. Ancaq Allah ona qayıtmağı və xalqı ilə daha 40 gün qalmağı əmr etmişdir. Geriyə qayıdan Yunus bir müddət Allahın əmrinə tabe olaraq Ninovada yenə insanları düz yola dəvət etmiş, ancaq bu yenə də heç bir nəticə əldə etməmiş, o vaxtından tez şəhəri tərk etmişdir. Yunus gedəndən sonra şəhər sakinləri uzaqda dəhşətli qara buludları müşahidə edərək, Allahın qəzəbinə gələcəklərini və məhv olacaqlarını anladılar. Bundan sonra onlar əməllərindən üzülərək Allah qarşısında tövbə etdilər və Allah onları bağışlayıb buludları geri qaytardı. Yunus peyğəmbər isə dənizə düşərək bir böyük balıq tərəfindən udulmuş, və bir neçə gün onun qarnında olmuşdur. Orada o Allahdan bağışlanmasını istəmiş, sonra balığın qarnından çıxaraq, yenidən Ninovaya qayıtmışdır. Onu gözləyən tövbə etmiş şəhər sakinləri ona tabe olmuşdur. Sonra Yunus peyğəmbər onlara dinin əsaslarını öyrətmişdir.

Bəzi xristian müəllifləri hesab edirlər ki, Yunus peyğəmbər Assur çarı III Ədadnerarinin (e.ə. 810-783) dövründə yaşamışdır[4]. Bu dövrdə Assuriya zulmkar və istilaçı siyasətindən əl çəkmişdir. Ancaq sonra hakimiyyətə gələn çarlar yenidən istilaçı və cinayətkar siyasətlərini həyata keçirməyə başlamış, xalqları qırmış və köçürmüş, assur xalqı isə yenidən bütpərəst olmuş və çirkin həyat tərzi sürmüşdür. Onların fikrincə bütün bunlara görə Allah Assuru məhv etmişdir. Keçmişdə ən böyük və güclü imperiyadan yalnız xarabalıq qalmışdır. Keçmiş dövlətlərin və xalqların Allahın qəzəbinə kəlməsi və onların məhv edilməsi haqqında ayələr Quranda da vardır.

  1. "За рубежом". 1973г., № 28, ноябрь.
  2. Гладкий В.Д. Древний мир, Энциклопедия, в 2 т., Донецк, МП „Отечество», 1997, т. 1, с. 295.
  3. Herodot, Tarix (Klio I, 199).
  4. Опарін О.А. Розвінчані боги: Археологічне дослідження Книг пророків Іони і Наума: Монографія. — Харків: Факт, 2002. — 192 с.
  • Aydın Əlizadə. Qədim Assur imperiyası: tarix, mədəniyyət, din Arxivləşdirilib 2015-03-31 at the Wayback Machine // Bakı: Dövlət və din. N (2) 10, 2009, s. 93–101 — (1. Assuriyanın tarixi, 5. "Assuriyada mədəniyyət"',' 6. "Assuriyada din" fəsillərinin mənbəyi).
  • Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T.1. (4. "Assuriya ordusu" fəslinin mənbəyi).
  • Yusif Yusifov "Qədim Şərq tarixi"
  • "Məktəblinin tarix lüğəti"
  • В.И. Авдиев "История Древного Востока"
  • Azərbaycan tarixi, I cild
  • "Tarix" Ayna uşaq ensiklopediyası
  • İ.M. Dyakanov
  • [1] Kayzen.az
  • Viki Əli Hüseynli