Tutayuqlar

TutayuqlarAzərbaycan xalqının tanınmış soylarından biri.

Tutayuqlar
Titul Bəy
Əcdadı Xaspolad Tutayuq
Qohum soylar Mirzəyevlər
Mənşəyi Qarabağ, Şuşa
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası

Soyun yaranması

[redaktə | mənbəni redaktə et]

Xaspolad Tutayuq Şuşanın məşhur və nüfuzlu şəxsiyyətlərindən biri olub. O, 1892-ci ildə Peterburq Universitetinin təbiət-riyaziyyat fakültəsini bitirmiş və bir müddət Rusiyanın müxtəlif şəhərlərində çalışmışdır. XX əsrin əvvəllərində isə Şuşaya qayıtmışdır. Onun anası məşhur QacarlarMirzəyevlər nəslindən olub.

Xaspolad bəy Rüstəm bəy Mirzəyevin qızı Sudabə xanımla ailə qurmuşdu.

Qarabağda məşhur olan Tutayuqlar ailəsinin adı gələndə ilk olaraq görkəmli alim, biologiya elmləri doktoru Validə xanım Tutayuq xatırlanır. Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olan Validə xanım təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da tanınmış, nüfuzlu beynəlxalq elmi konfransların iştirakçısı olmuşdur.

Tutayuq ailəsinin ilk övladı olan Murad 1920-ci ildə Şuşa Realnı Məktəbini bitirmiş, sonra şəhərdəki ibtidai təhsil ocaqlarında hesab və rus dili müəllimi işləmişdir. Sonradan Azərbaycan Ali Pedaqoji Institutunun fizika-riyaziyyat şöbəsində təhsil alan Murad Tutayuq təyinatla Naxçıvan Müəllimlər Seminariyasına göndərilmiş və uzun müddət Naxçıvan şəhərində müəllim işləmişdir. Murad Tutayuq qabaqcıl maarif xadimi, Naxçıvanın əməkdar müəllimi kimi fəxri adlara da layiq görülmüşdür.

Naxçıvan Dövlət İkiillik Müəllimlər İnstitutuna dəvət edilən Murad Tutayuq burada müəllim, tədris işləri üzrə direktor müavini olmuş, sonra Azərbaycan Elmlər Akademiyasının Naxçıvanda yaradılan elmi bazasının direktoru təyin edilmişdir. Ömrünün sonuna qədər Naxçıvanda yaşayan Murad Tutayuq burada da vəfat etmişdir.

Validə xanımın bacısı. Fatma Tutayuq da respublikamızın ilk ali təhsilli qadın pedaqoqlarından biri olub. O, da ilk təhsilini Şuşada almış, elə pedaqoji fəaliyyətə doğma şəhərdə başlamışdır. 1922-ci ildə Şuşa qəza maarif şöbəsi tərəfindən Bakıda yeni açılan Azərbaycan Ali Pedaqoji Qızlar Institutuna oxumağa göndərilən Fatma xanım təhsilini başa çatdıraraq yenidən Şuşaya qayıtmış və burada vaxtilə işlədiyi məktəbə müdir təyin edilmişdir. Gənc pedaqoq 1926-cı ildə həyat yoldaşı Haşım Feyzullayevin iş yerinin dəyişilməsi ilə əlaqədar Salyana köçmüş və əri ilə birlikdə pambıqçılıq texnikumunda müəllim işləmişdir.

Fatma xanımın həyat yoldaşı Həşim Feyzullayev 1927-ci ildə Müsavat təşkilatının üzvü kimi həbs edilmiş və ona on il həbs cəzası verilərək "Solovki" adalarına sürgün olunmuşdu. 1931-ci ildə Fatma Tutayuq da həbs edilmiş və bir müddətdən sonra azadlığa buraxılmışdır.

Validə xanımın bacısı Zinyət xanım Azərbaycanın tanınmış səhiyyə təşkilatçısı və əməkdar həkim olub. O, ibtidai təhsilini Şuşada alıb, Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Ağdam rayonunun Muradbəyli kənd məktəbində müəllim kimi fəaliyyətə başlayıb, bir müddət bu məktəbin direktoru olub. Sonralar ailə vəziyyəti ilə əlaqədar Göyçaya köçüb, bir müddət pambıq tədarükü birliyində çalışıb. 1932–1933-cü illərdə Quba şəhərindəki bir nömrəli uşaq evinin direktoru olub.

1935-ci ildə Azərbaycan Dövlət Tibb Institutunun müalicə-profilaktika fakültəsinə daxil olan Zinyət xanım təhsili başa çatdıqdan sonra təyinatla doğma Şuşaya qayıdıb və burada mərkəzi xəstəxanada həkim, səhiyyə şöbəsinin müdiri, baş həkim işləmişdir. Ikinci Dünya müharibəsi illərində göstərdiyi fədakarlığa görə medallar, "Səhiyyə əlaçısı" döş nişanları ilə təltif edilmişdir. 1980-ci ildə 79 yaşında Şuşada vəfat etmişdir.

Validə Tutayuqun kiçik bacısı Ənvər Tutayuq repressiya illərinin ağırlığına tuş gələn ziyalılardan olub. O, 1910-cu ildə anadan olub. 1925-ci ildə orta məktəbi bitirdikdən sonra pedaqoji fəaliyyətə başlayıb. Bir müddət Şuşadakı "Nərimaniyyə" məktəbində dərs deyib. 1937-ci ildə Azərbaycan Dövlət Tibb Institutuna daxil olub. Lakin həmin vaxt həyat yoldaşı, Şuşa Pedaqoji Texnikumunun müəllimi Əyyub Hacıyev müsavatçı kimi həbs edilib. Onu əksinqilabçılıqda, antisovet təbliğat aparmaqda təqsirləndiriblər. Ərinin antisovet təşkilatının üzvü olduğu barədə çıxarılan hökmə görə Ənvər xanımı da xalq düşməninin arvadı kimi həbs edərək Bayıl həbsxanasına göndəriblər. 1938-ci ilin aprelində Ənvər xanıma səkkiz il iş kəsilib və cəzasını çəkmək üçün Mordova Muxtar Sovet Sosialist Respublikasının Temnikov şəhər islah-əmək düşərgəsinə göndərilib. Ənvər Tutayuq tutulan vaxt hamilə olduğundan sürgün yerinə çatmazdan əvvəl – 1938-ci ilin may ayında Moskva vilayəti Potma rayonunun Yavaş qəsəbəsindəki 15 nömrəli həbs düşərgəsində saxlanılıb. Burada onun oğlu dünyaya gəlib. Lakin onun iki aylıq körpəsini əlindən alaraq uşaq evinə, özünü isə sürgünə göndəriblər. Bütün bu işgəncələrə dözə bilməyən Ənvər Tutayuqun 28 yaşında ürəyi partlayıb.

Tutayuq ailəsinin sonbeşiyi olan Validə Tutayuq 1914-cü ildə Şuşada anadan olub. 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı Institutunun "Bağçılıq və bostançılıq" fakültəsinə daxil olan Validə xanım 1932-ci ildə həmin institutda preparator vəzifəsinə qəbul edilərək əmək fəaliyyətinə başlamış və burada axşam şöbəsində təhsilini davam etdirmişdir.

1934-cü ildə aspiranturaya qəbul olunan Validə Tutayuq K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına ezam edilir, sonralar doğma institutuna qayıdaraq, 1939-cu ildən botanika kafedrasına başçılıq edir. 1949-cu ildə doktorluq dissertasiyası müdafiə edir. Validə xanım 35 yaşında biologiya elmləri doktoru elmi dərəcəsini alır və bu sahədə ilk azərbaycanlı qadın elmlər doktoru olur.

Validə Tutayuq 1957-ci ildə Azərbaycan EA Botanika Institutuna direktor təyin olunur. O, geniş profilli botanika və biologiya üzrə milli kadrların hazırlanması üçün Azərbaycan dilində ilk dərsliklərin müəllifidir. 1968–1972-ci illərdə V.Tutayukun rəhbərliyi ilə Azərbaycanın qış və yay otlaqlarının geniş geobotaniki tədqiqi aparılmışdır.

V.Tutayuk 250-dən artıq elmi əsərin, o cümlədən, 10 dərsliyin, 9 monoqrafiyanın müəllifidir. O, eyni zamanda Azərbaycan KP MK-nın üzvü olmuşdur.

1974-cü ildə Azərbaycan SSR Ali Sovetin fərmanı ilə Validə xanım "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.

Validə Tutayukun elmi tədqiqatı, əsasən, Azərbaycan dendroflorasının, çiçəyin teratologiyasının öyrənilməsinə həsr edilmişdir. O, 1959-cu Kanadanın Monreal şəhərində dünyanın 72 ölkəsindən gəlmiş 6 mindən çox alimin iştirak etdiyi botaniklərin IX beynəlxalq konqresində məruzə ilə çıxış etmişdir. Həmin ərəfədə Validə Tutayuqun "Çoxləçəkli çiçəklərin quruluşu" monoqrafiyası təzəcə çap edilmişdi. Bu nəşr təkcə keçmiş sovetlər birliyində deyil, həm də bir çox xarici ölkələrdə böyük əks-səda doğurmuşdu. Konqresdə də bu məsələ gündəmə gətirilərək Validə Tutayuqun bu sahədəki xidmətləri yüksək dəyərləndirilmiş və bununla da onun təcrübəsi dünyanın 20-dən çox ölkəsində öyrənilməyə başlanılmışdı.

Validə Tutayuq həm bəzək, bağçılıq və yaşıllaşdırma sahəsində mütəxəssis idi, həm də respublikanın müxtəlif rayonlarında bir sıra ekspedisiyalar həyata keçirərək anatomik tədqiqatlar aparırdı. Onun rəhbərliyi ilə ötən əsrin 70-ci illərində respublika otlaqlarının geobotanik cəhətdən öyrənilməsi dövlət əhəmiyyətli iş kimi dəyərləndirilirdi. Onun rəhbərliyi ilə təşkil olunan ekspedisiyalarda 100-dən artıq adam iştirak edirdi.

Validə Tutayuq 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib. 1974-cü ildə Validə xanımın 60 ollok yubileyi respublikanın elmi ictimaiyyəti tərəfindən yüksək səviyyədə qeyd edildi və həmin günlərdə görkəmli alim "əməkdar elm xadimi" adına layiq görüldü.

Validə xanımın rəhbərliyi ilə onlarca elmlər doktoru və namizədi yetişmişdi. Cəmi 66 il ömür sürən Validə Tutayuq 12 noyabr 1980-ci ildə Gəncədə vəfat etmişdir.

Soyun məşhur nümayəndələri

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]