Uçan xalça və ya Sehrli xalça — İnsanların mifik təsəvvürlərində mövcud olmuş fantastik hava nəqliyyatı vasitəsi.
Dünya nağılları içində sehrli nağıllara daha çox önə verilir. İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli güzgü, sehrli tütək, sehrli papaq, sehrli çıraq, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Hərçənt bu ideyaya Yaxın Şərq ədəbiyyatında, həmçinin Azərbaycan şifahi xalq ədəbiyyatında daha çox rast gəlmək olur.
Müasir texnologiyalar vasitəsilə Dünya nağıllarındakı uçan xalçanın gerçəkləşməsinə bir sıra cəhdlər edilmişdir. Məsələn, Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "sehrli xalça" sınaqdan keçirilib. ABŞ-nin Prinston Universitetində bu istiqamətdə tədqiqat aparılır. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir.
Hələlik "uçan xalça"nın sürəti saniyədə 1 santimetrdir. Tədqiqatçı sürəti saniyədə 1 metrə çatdırmaq niyyətindədir. Layihə uğurlu olarsa, "uçan xalça" şəhərdaxili nəqliyyat kimi istifadə edilə bilər.[1][2][3][4][5] Bu layihəni gerçəkləşdirmək üçün iki üsul mövcuddur: daha yüngül materialdan və yaxud da daha güclü vasitələrdən istifadə etmək.[6] Qrup indi, bu çətinliyi aradan qaldırmaq üçün Günəş enerjisi ilə işləyən yeni bir model üzərində çalışır. Ancaq "uçan xalça"nın üzərində bir adamı aparması bu gün reallıqdan bir xeyli uzaq görünür.[7]
"Uçan xalçalar" ta qədimdən müasir günümüzə qədər ədəbiyyat, kino və cizgi filminin əsas ideyalarından biri olmuşdur.
2015 Avropa Oyunlarının açılış mərasimində Azərbaycan xanəndəsi Alim Qasımov uçan xalça üzərində muğam oxumuşdur[8].