2015 Avropa Oyunlarının açılış mərasimi 12 iyun 2015-ci ildə Bakının Olimpiya stadionunda baş tutmuş təntənəli açılış tədbiridir. Mərasim Bakı vaxtı ilə 21:00-da başlamış və iki saata yaxın davam etmişdir.[1]
2015 Avropa Oyunlarının açılış mərasimi | |
---|---|
Tarix | 12 iyun 2015 |
Yeri | Azərbaycan, Bakı |
Vikianbarda əlaqəli mediafayllar |
Mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər mütəxəssis cəlb olunmuşdu. Açılış mərasiminin bədii rəhbəri 2004-cü ildə Afina Olimpiya Oyunlarında mərasimlərin qurucusu olmuş rejissor Dimitris Papaioannoudur. Musiqi rəhbəri Teodor Currentzis 2014-cü ildə "Operaların lentə alınması üzrə ECHO mükafatı" laureatıdır. Quruluşçu rəssamlar isə Thanassis və Eva memarlıq, dizayn və səhnə quruculuğunun kreativ məkanı olan "Flux Ofis" şirkətinin memar və yaradıcıları — Tanassis Demiris və Eva Manikadakidir.[2]
Ümumilikdə oyunların işıqlandırılması üçün 5000-ə yaxın jurnalist akkreditasiyadan keçib. Dağlıq Qarabağ ərazisində Azərbaycandan icazəsiz səfər etmiş jurnalistlərin akkreditasiyası qəbul edilməyib. Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov açılış mərasiminin təşkilinə 100 milyon manatdan artıq xərc çəkildiyini açıqlayıb.[3]
Mərasimi xanəndə Alim Qasımov canlı muğam ifası ilə açdı. Sonra ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayım başladı. Bu, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilini əks etdirirdi. Stadiona daxil olan minədək rəqqasə səhnənin əsas hissəsini ətəkləri ilə örtürdü. Onların ətəkləri Azərbaycan xalçalarındakı həndəsi fiqurlarla, dekorativ naxışlarla işlənmişdi. Rəqqasələrin ətəklərinin son yellənişində Azərbaycanın dövlət bayrağının obrazı yarandı. Səhnədən səmaya fişənglər atıldı. Şeypurçular Dmitri Şostakoviçin "Bayram uvertürası"ndan bir parça səsləndirdilər. Diqqət VİP-lojalara yönəldi və salamlama başladı. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, birinci xanım, "Bakı-2015" ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini salamladılar.[2]
Daha sonra, simfonik orkestrin ifasında Azərbaycan himni səsləndirildi. Azərbaycan Respublikasının dövlət bayrağı stadiona gətirildi. Stadionda quraşdırılan elektron tablolarda Azərbaycanı dolaşmış məşəlin səyahət marşrutu nümayiş etdirildi. Son məşəlçi, iki dəfə paralimpiya oyunları çempionu, ikiqat dünya çempionu, beşqat Avropa çempionu İlham Zəkiyev Yan Sibeliusun "5-ci Simfoniya"sının sədaları altında birinci Avropa Oyunlarının məşəlini stadiona gətirdi. Gənclərin Olimpiya Oyunlarında taekvondo üzrə qızıl medala layiq görülmüş Səid Quliyev onunla yanaşı addımlayırdı.[4] Onlar mərkəzə doğru hərəkət etdikləri zaman ayaqları altında cadar-cadar olan torpaq görünürdü. Bu mənzərə palçıq vulkanları ətrafında Azərbaycan təbiətini göz önündə canlandırırdı. Səid Quliyev stadionun mərkəzində qaya parçasını götürdü və onun yerində çökək yarandı. İlham Zəkiyev tərəfindən ora yaxınlaşdırılan məşəl söndü, çökək doldu. Torpaq üzərindəki çatlardan çıxan alov qığılcımlarının axını lavanı xatırladırdı. Stadionun ortasından qaya parçası götürüldü və birinci məşəl gələcəkdə görüləcək işlərə işıq salmaq üçün torpağa basdırıldı.
Torpağın çatlarından çıxan alov səhnənin kənarında dayanmış adama tərəf irəlilədi, ruh və ya holoqram kimi onu bürüyüb cana gətirib oyatdı. Həmin adam şair Nizami Gəncəvi olması elan edildi. Şairin əlində tutduğu tərəzinin bir gözündə qadın, digər gözündə kişi fiquru vardı. Daha sonra, stadionun mərkəzində havadan asılmış iri tərəzi göründü. Nizami əlindəki tərəzini fırlatdıqca iri tərəzi də fırlanırdı. Havadan asılmış iri tərəzinin gümüşü rəngli gözündə qadın (Ay), qızılı rəngli gözündə isə kişi (Günəş) rəqs edirdi. Nizaminin qəhrəmanları Leyli və Məcnunun rəmzləri olan[5] kişi və qadın dövrə vura-vura rəqs edir, qovuşmağa çalışır, lakin birləşə bilmirdilər. Səhnə ətrafındakı halqada üç yüzədək ifaçı göründü. Qədim tarixə malik miniatür sənətinin yaratdığı obrazlar səhnədə göründükcə halqanın ətrafı rənglə dolurdu. Halqa fırlandıqca adamlar sanki miniatür rəsmlərdə təsvir olunan obrazları canlandırırdılar. Nizami tamaşaçını yaradıcılığının doqquz mövzusu ətrafında səhnədən-səhnəyə aparırdı. Evlər, saray və məktəblər, şahzadələr, əjdahalar, atlar, digər real və əfsanəvi varlıqlar görünürdü. Halqa tam dövrə vurduqdan sonra yerdən nar ağacı boy verib qalxdı. Nizami ağacdan bir nar dərdi. Nizaminin ətrafındakı miniatürlər dünyası torpağa bataraq yoxa çıxdı, tərəzi uzaqlaşdı və ifaçılar səhnəni tərk etdilər. Stadionun mərkəzinə doğru uçan, bolluq, oyanış, sevgi, uğur mücəssəməsi olan və Azərbaycanı rəmzləşdirən nəhəng bir nar göründü. Nar paralandı və onun dənələri — qırmızı rəngli yüzlərlə şar tribunaların üzərində uçdu.[6]
Sonra komandaların paradı başladı. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin — Yunanıstanın idmançıları səhnəyə daxil oldular. Digər ölkələrin komandaları onun arxasınca əlifba sırası ilə keçdilər. İdmançıların keçidini ev sahibi — Azərbaycan atletləri tamamladılar. Onların keçidi Mənsum İbrahimovun ifasında "Qarabağ şikəstəsi" muğamı ilə müşayiət olunurdu. Digər ölkə idmançılarının keçidi zamanı isə Üzeyir Hacıbəyov, Fikrət Əmirov və Qara Qarayevin müxtəlif əsərlərinin texno musiqi üslubunda işlənmiş versiyaları səsləndirildi. İdmançılar mərkəzi səhnə ətrafında təntənəli şəkildə addımlayaraq parad zamanı 50 bayrağın yerləşdirildiyi platformaya aparan pillələrdə toplaşaraq tribunalarda yerlərini tutdular. Daha sonra bayraqların rəqsi başladı. Aaron Koplendin "Adi adam üçün şeypur" əsərindən musiqi parçası ilə başlanan 50 bayrağın rəqsi Natiq Şirinovla 50 nağaraçının ifasında zərb alətlərinin sədası altında davam etdi.
Daha sonra səhnəyə Ledi Qaqa[7] dəvət edildi. O, piano arxasında əyləşərək Con Lennonun "Imagine" ("Xəyal et") mahnısını ifa etdi.[8][9] Stadiona Avropa Olimpiya Komitəsinin bayrağı gətirildi. Onu səhnəyə Avropanın müxtəlif ölkələrindən olan səkkiz Olimpiya çempionu — Namiq Abdullayev (Azərbaycan), Lüsi Dekosse (Fransa), Servet Tazegül (Türkiyə), Nikkolo Kampriani (İtaliya), Keti Teylor (İrlandiya), Tomas Bimis (Yunanıstan), Kristina Fazekas Zur (Macarıstan), Yelena Zamolodçikova (Rusiya) gətirdilər. Stadionda Uilyam Uoltonun "İmperiya tacı" marşı səsləndi. AOK-un bayrağı Azərbaycan bayrağı ilə yanaşı ucaldıldı. Stadiondakı tablolarda Avropa Nüvə Tədqiqatları Təşkilatının və orada çalışmış alimlərin videogörüntüsü, həmçinin ixtiraları yayımlandı. Onların arasında Bakıda doğulmuş Nobel mükafatı laureatı Lev Landau da vardı. Böyük adron sürətləndiricisi 100-dən çox xalqı təmsil edən 10 mindən artıq fizik və mühəndisin cəmləşdiyi qurumun — Avropa Nüvə Tədqiqatları Təşkilatının əsas məhsuludur. O, dünyanın ən böyük maşınıdır və Avropanın mərkəzində, yerin dərinliklərində saxlanılır. Yanıb-sönən LED lampalar stadion boyu zərrəciklərin sürətlə dövrə vurması böyük adron sürətləndiricisi effektini yaratdı.[10]
Daha sonra stadionda Avropa haqqında Qədim Yunan əfsanəsi canlandırıldı. Stadionun üzərində iri ağ buğa və qız, onların arxasınca sayrışan ulduzlar kəhkəşanı göründü. Bu, Avropa qitəsinin gecə vaxtı kosmosdan görünən silueti idi. Əfsanəyə görə, Avropa Finikiya şahzadəsi idi. Avropanın gözəlliyinə məftun olmuş yunan tanrısı Zevs çimərlikdə onun qarşısında əzəmətli ağ buğa cildində peyda olur. Heyran qalmış Avropa buğanın tərkinə minir. Zevs dərhal onu oğurlayır və dənizdən keçirib Avropanın cənub sahillərində yerləşən yunan adası Kritə gətirir. Burada Avropanın Zevsdən üç oğlu dünyaya gəlir. Oğullardan biri Avropanın ilk maarifçi sivilizasiyasının əfsanəvi banisi Minos idi. Avropa bu əfsanəvi Şərq şahzadəsinin şərəfinə adlandırılıb və onun buğanın belindəki təsviri qitənin rəmzidir. Avropa və buğa stadionun üzərində uçduqda Leoş Yanaçekin "Ot basmış cığırlarla" əsəri Hokon Eustbönün ifasında səsləndi. Bu bölmə birinci Avropa Oyunlarının rəsmi açılışını ifadə etdi.[11]
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Azərbaycanın birinci xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva səhnəyə gəldilər. İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Patrik Hikki mərasimdə çıxış etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarını açıq elan etdi. Stadionun ətrafında atəşfəşanlıq başlandı. Daha sonra, stadionun işıqları söndürüldü. Qaranlıqda uçan xalça üzərində Alim Qasımov muğam oxudu. Çat-çat olmuş torpaq üzərində bir qadın dolaşırdı. Onun əlində yazın gəlişini bildirən, Novruzun rəmzi olan səməni vardı. Ayaqları altında isə ot və bu yerlərdə bitən gül-çiçəklər cücərirdi. O, səhnənin ortasına çatdıqda qabı birinci Avropa Oyunlarının məşəlinin basdırıldığı yerə qoydu. Yerdən su çıxmağa başladı, qadının qarşısında nəhəng su hövzəsi — Xəzər dənizinin rəmzi canlandı. O, suda doğru addımladı, sonra çevrilib arxasında yaranmış mənzərəyə baxdı. Bu vaxt yerdən üst-başı toz-torpağa, palçığa batmış 100 kişi çıxdı. Onlar 50 nağaraçının səsləndirdiyi ahənglə ayaqlarını yerə vuraraq ritualı xatırladan Azərbaycan milli rəqsini ifa etdilər. Rəqsin ən qızğın anında sanki zəlzələ baş verirmiş kimi yer yarılmağa və qabarmağa başladı. Yerdən iri qaya parçaları çıxdı və birləşərək nəhəng dağa çevrildi. Onun kənarlarında alovla yazılmış sadə insan və heyvan fiqurları, qayıqlar göründü. Bunlar Qobustanın qədim qayaüstü təsvirləri idi.[12] Torpağın yarığından çıxan kişi dağın zirvəsində göründü. Stadiona çökmüş sükutu balabanda ifa olunan "Sarı gəlin"in sədaları pozdu. Kişi ayağı altında yanan daşı götürdü. Bu səhnələr Fikrət Əmirovun "Min bir gecə" baletinin uvertürası ilə müşayiət olunurdu. Kişi qarşıda — Xəzər dənizinin sahilində dayanmış qadına baxır və ona tərəf gedirdi. Qadının arxasındakı parıldayan dairəvi qara lövhə yavaş-yavaş suyun üzərindən qalxaraq, Ay kimi göyə ucaldı. Dağ yavaş-yavaş yerə endi və yerə batıb yoxa çıxdı. Onlar açılış mərasiminin əvvəlində təsvir olunan Leyli və Məcnunu xatırladırdı. Kişi yolda daşı daha iki dəfə yerə qoydu. Onun arxasınca çatlardan çıxaraq yayılan alov dilimləri yerdə nəhəng insan fiqurunun təsvirinə çevrildi. Bu, nəhəng petroqlif formasına düşmüş lava axınlarına, Yanardağın heç vaxt sönməyən alovlarına bənzəyirdi. Petroqlif get-gedə daha dolğun insan forması aldı. Daha sonra Leyli və Məcnun yerdən daş götürüb, onu parıldayan qara dairəvi lövhəyə tərəf tulladılar. Yanan daş lövhənin ortasına dəyib, onu parçaladı. Lövhə alışaraq alov dairəsinə çevrildi. Bu, ilk Avropa Oyunlarının məşəli idi.[13] Yanan lövhə Yer, Günəş və Ayın bir araya gəldiyi möhtəşəm kosmik mənzərəni — tam Günəş tutulmasını xatırladırdı. Birlik və sülh rəmzi olan ilk Avropa Oyunlarının məşəli stadiondan səmaya ucaldı. Bundan sonra səhnədəki mənzərə tamaşaçını Bakı sahilinə apardı, qarşıda Xəzər dənizi üzərində tədricən yaranan şaquli alov dairəsi canlandı və atəşfəşanlıq başladı. Rəngbərəng fişənglər Xəzərin və Bakı Olimpiya Stadionunun üzərində səmanı bəzədi və möhtəşəm bayram mənzərəsi yaratdı. Atəşfəşanlığın qızğın vaxtında ifaçılar səhnə boyunca düzüldülər. Onlar əl-ələ verib "Yallı" oynadılar. Nar dənəsi rəngində 20 min şar tamaşaçıların üzərinə səpələndi və 2015 Avropa Oyunlarının açılış mərasimi başa çatdı.
Mərasimdə iştirak edənlər arasında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko[14], Serbiya Prezidenti Tomislav Nikoliç[15], Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov[16], Tacikistan Prezidenti Emoməli Rəhmon, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç, Monako Şahzadəsi II Albert[17], Lüksemburqun Böyük Hersoqu Anri, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Qazaxıstanın Baş naziri Kərim Məsimov, Rumıniyanın Baş naziri Viktor Ponta, Bolqarıstanın Baş naziri Boyko Borisov[18], Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, eləcə də San-Marino, İsveçrə, Böyük Britaniya, Slovakiya, Çexiya, İran, Ukrayna, Oman, Küveyt, Qətər və digər ölkələrin yüksək səviyyəli rəsmi şəxsləri, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri vardı.[2]