Urud və İsgəndərqalası livalarının müfəssəl dəftəri (osman. Defter-i mufassal liva-i Urut ve liva-i İskenderkalası[1]) — Osmanlı İmperiyası hakimiyyəti dövründə İrəvan əyalətinin İsgəndərqalası və Urud livalarında gəlir mənbəələrini müəyyən etmək və vergiləri nizamlı şəkildə toplamaq məqsədilə 1593-cü ildə tərtib olunmuş özündə statistik məlumatları əks etdirən sənəd.[2]
XVI əsrin 90-cı illərində, yəni osmanlıların Zəngəzur diyarını ələ keçirdikləri dövrdə tərtib olunan dəftər Ankarada Tapu ve Kadastro Kuyum-i Kadime Arşivində saxlanılır (199, vərəq 111a-191a).[2] Səhvən Bəyazid vilayətinin müfəssəl dəftərinə əlavə edilmiş dəftər Akif Muradverdiyev və Hüsaməddin Məmmədovun (Qaramanlı) yaxından köməkliyi ilə 2003-cü ildə Ankarada Türkiyə Dövlət Arxivindən tapılmış və əski əlifbadan Azərbaycan dilinə çevrilmişdir. Dəftər ilk dəfə 2005-ci ildə Musa Urudun Zəngəzur adlı kitabında çap olunub.[2]