Urumi (sinh. ethunu kaduwa; malaya. uṟumi; hind. āra) – əyilgən və qamçıyaoxşar tiyəsi olan hind qılıncı. Hindistanın Kerala ərazisində yaranmışdır.[1] Bu qılınc növünün ilk dəfə Sanqam dövründə hazırlandığı düşünülür.
Urumi polad qamçı hesab olunur[2] və ondan istifadə etmək üçün xeyli təcrübə tələb olunur. Buna görə hind döyüş sənətlərində urumi ən sonda öyrənilən silahlardan biridir.
"Urumi" sözü bu silahın malayalam dilindəki adıdır və silah ən çox bu adla tanınır. Malayalam dilində bu silaha "çuttuval" da deyilir. Bu söz hərfi tərcümədə "qıvrılan qılınc" deməkdir.[2] Tamil dilində bu silaha "surulkatti" (qıvrılan bıçaq) və ya "surulval" (qıvrılan qılınc) deyilir.
Uruminin sapı dəmirdən və ya misdən hazırlanır. Tiyəsi isə qalınlığı 1,9-2,54 sm olan əyilgən poladdan ibarətdir. Tiyənin uzunluğu silahdan istifadə edən şəxsin qol uzunluğuna əsasən hazırlanır. Bu, adətən 122-168 santimetrdir. Çox vaxt bir sapa birdən çox tiyə bərkidilir. Şri-Lankada bir urumi 32 tiyədən ibarət ola bilir. Adətən hər əldə bir dənə olmaqla iki urumi eyni anda istifadə olunur.[3]
Urumidən istifadə edərkən çox gücdən istifadə olunmur, çünki mərkəzəqaçma qüvvəsinin təsiri ilə ciddi zədələnmələr baş verə bilər. Silahın istifadəçiləri fırlatma və çeviklik texnikalarına yiyələnərək tiyənin impulsunu izləməyi öyrənirlər.[2] Urumi çox sayda rəqibə qarşı döyüşmək üçün yaxşı silah hesab olunur. Silah istifadə olunmadıqda qıvrılmıç vəziyyətdə qurşaqdan kəmər kimi taxılır.
Cənubi Hindistanda yaşayan bir qurbağa seliyində aşkarlanmış bir peptidə urumin adı verilmişdir.[4][5] "League of Legends" video oyunu üçün 2022-ci ildə buraxılmış, Hindistan mədəniyyətindən ilhamlanaraq dizayn edilmiş Nila adlı personajın əsas silahlarından biri urumidir.