Mərcangilə (lat. Vaccinium vitis-idaea) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü.
Mərcangilə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Mərcangilə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Mərcangilə yarımkol bitkidir. O, boyca xırda, 25-30 sm hündürlükdə, həmişə yaşıl, yerlə sürünən incə kökümsovlara malikdir. Onun açıq-çəhrayı rəngli, salxıma düzülmüş gözəl çiçəkləri və nəzəri cəlb edən qırmızı rəngdə giləmeyvələri vardır. Meyvələri yetişdikcə pıl-pıl qızarır, turşuluğu azalır, şirinliyi isə artır. Mərcangilə may-iyun aylarında çiçək açır, avqust-sentyabrda isə meyvələri yetişir. Mərcangilənin xoşa gələn turşməzə dadlı qırmızı və ya çəhrayı rəngli meyvələri vardır.
Elmi təbabətdə mərcangilənin yarpaqlarından daha geniş istifadə olunur. Bitki çiçək açmadan qabaq yarpaqlar toplanır. Ümumiyyətlə, mərgancilə yarpaqlarını iki dövrdə toplamaq əlverişlidir: çiçək açana kimi, meyvələri yetişəndən sonra. Çünki kütləvi çiçək açan dövrdə və bar verən dövrdə yığılan yarpaqlar qurudularkən qaralıb dərman keyfiyyətini itirir.
Mərcangilə yarpaqları əllə, ehtiyatla toplanmalıdır. Əks halda, bitki tamamilə məhv ola bilər. Ümumiyyətlə, eyni sahədə təkrar yığım, ancaq 4 - 5 ildən sonra aparılmalıdır. Toplanan yarpaqlar qurudulmadan qabaq seçilir, çürümüş və həşəratdan zədələnmiş yarpaqlar ayrılıb atılır, səf yarpaqlar isə havası daim dəyişilən, quru havalı çardaqlarda və ya günəş şüası düşməyən binalarda, kağız üzərində sərilib qurudulur. Mərcangilə yarpaqlarının tərkibində müalicə əhəmiyyətli maddələrdən ən başlıcası arbutin qlikozididir. Bundan başqa aşı maddələri, flavonoidlər, saponinlər, ursol turşusu, fitosidlər də vardır.
Mərcangilə yarpaqlarında olan arbutin fenol törəmələri qlikozid olub, son dərəcə qüvvətli antiseptik və dezinfeksiyaedici təsirə malikdir. Arbutin, həmçinin orqanizmdə karbohidratların mübadiləsini tənzim edir və qanda şəkərin miqdarını azaldır.
Mərcangilə yarpaqlarının sulu dəmləməsi duz çöküntüləri ilə müşayiət olunan xəstəliklərdə, məsələn, böyrəkdaşı xəstəliyi, revmatizm, podaqra, oynaqların formasının dəyişilməsi kimi ağır xəstəliklər zamanı daxilə təyin olunur.
Yuxarıda adları çəkilən xəstəliklərin müalicəsində mərcangilə yarpaqlarını bir sıra başqa bitki xammalı ilə də qarışdırıb istifadə edirlər. Qarışıqların birinin hazırlanması aşağıda verilir: bərabər hissədə mərcangilə, gicitkan yarpaqları və zəyərək [kətan] toxumu götürülür, xırdalanıb bir-birilə qarışdırılır, sonra ondan bir xörək qaşığı bir stəkan isti suda 30 dəqiqə saxlamaqla dəmləyib gündə 3 dəfə, hər dəfədə 2 xörək qaşığı qəbul edilir. Digər bir qarışıq da belə hazırlanır: bərabər hissədə mərcangilə yarpağı ilə tozağacı yarpağı və acıqovur kökü [zəncirotu kökü] götürülür, sonra ayrı-ayrılıqda xırdalanıb kobud poroşok halına salınır və qarışdırılır, həmin qarışıqdan 1-2 xörək qaşığı götürüb, bir stəkan suda çay kimi dəmləyib gündə 3 dəfə, hər dəfədə iki xörək qaşığı içirlər.
Böyrəklərdə və sidik yollarında duz yığılan zaman mərcangilə yarpaqlarından hazırlanan çay çox faydalıdır. Mərcangilə çayından, eləcə də onun qarışıqlarının qastritdə, xroniki tonzilitdə, stomatitlərdə, parodontoz xəstəliklərinin müalicəsində də istifadə edilir. Mərcangilənin meyvələri də faydalıdır. Onların tərkibində 20 - 22 %-ə qədər şəkər, üzvi turşular, pektin və aşı maddələr, vitaminlər və s. maddələr vardır. Meyvələrindən qan damarları kövrəkliyi zamanı, xırda qansızmalarda, eləcə də turşuluq azlığı nəticəsində baş verən qastritdə istifadə olunur. Bundan başqa təzə dərilmiş meyvələri və ya qurudulmuş meyvələrinin çayı böyrək xəstəliklərinin müalicəsində çox faydalıdır. Meyvələrindən Yeyinti sənayesində bir çox qida əhəmiyyətli məmulatlar [mürəbbə, şərbət, kompot pavidla və s.] hazırlanıb istifadə edilir.
Mərcangilə bitkisinə Azərbaycanın dağ-meşə rayonlarında tək-tək rast gəlinir. Bu qiymətli bitkinin respublikamızda becərilməsi məqsədəuyğundur.