Vahid Novruzov

Vahid Tapdıq oğlu Novruzov (7 yanvar 1950, Allahverdi) — Azərbaycan alimi, iqtisad elmləri doktoru, professor (2000); Azərbaycan Respublikası Auditorlar Palatasının sədri (1996–h. h.); Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü.

Vahid Novruzov
Doğum tarixi (74 yaş)
Doğum yeri Allahverdi, Loru mahalı, Qərbi Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Uşağı Vüqar Novruzov
Elmi dərəcəsi iqtisad elmləri doktoru
Elmi adı professor (2000)
Təhsili
Mükafatları "Şöhrət" ordeni — 2020 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024

Novruzov Vahid Tapdıq oğlu 7 yanvar 1950-ci ildə Qərbi Azərbaycanın Allahverdi rayonunda qulluqçu ailəsində anadan olmuşdur. 1964-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1966-cı ildə Bakı şəhəri 31 №li orta məktəbi bitirmiş və həmin il Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetini, 1999-cu ildə isə Bakı Asiya Universitetini bitirmişdir.

1978-ci ildə Q. V. Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda "Xidmət sferasının maddi-texniki təchizatının planlaşdırılmasının normativ bazasının təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi, 1990-cı ildə isə həmin İnstitutda "Müttəfiq respublikalarda sosial-məişət infrastrukturunun inkişaf problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.

1972–1992-ci illərdə Dövlət Plan Komitəsi yanında Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda laborant, iqtisadçı, kiçik elmi işçi, bölmə müdiri və şöbə müdiri vəzifələrində çalışmışdır.

1979–1981-ci illərdə Əhaliyə Məişət Xidməti Nazirliyi yanında Layihə Konstruktor Texnologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində işləmişdir.

1992–1996-cı illərdə Milli Məclis Aparatının İqtisadi Qanunvericilik şöbəsində bölmə müdiri, şöbə müdirinin birinci müavini və şöbə müdiri vəzifələrində çalışmışdır.

Vahid Novruzov 1996-cı ilin aprel ayından Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasına sədr vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddət ərzində onun rəhbərliyi və iştirakı ilə Azərbaycanda audit sisteminin inkişafına və tənzimlənməsinə dair bir sıra xüsusi ədəbiyyat, metodik göstəriş, tövsiyə və standartlar işlənib hazırlanmış və audit praktikasında tətbiq edilməkdədir. Bunlara misal olaraq "Auditin əsasları", "Audit (izahlı lüğət)", "Audit. Qanunvericilik və normativ sənədlər" toplusunu, "Audit" tədris vəsaitini, "Daxili audit" tədris-praktika vəsaitini, 30-dan artıq normativ sənədi göstərmək olar.

Vahid Novruzov müəlliflər qrupu ilə birlikdə 1998-ci ildə "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" kitabını işləyib hazırlamış və çap etdirmişdir. Bundan əlavə o, "Tikintidə mühasibat uçotu və audit" və "Auditin əsasları" fənlərinin tədris proqramını da işləyib hazırlamışdır.

Vahid Novruzov Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli "Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Fərmanına uyğun olaraq yaradılmış Audit sisteminin islahatı üzrə İşçi Qrupunun tərkibinə daxil edilmiş və onun rəhbərliyi altında "Azərbaycan Respublikasında audit sisteminin konsepsiyası" işlənib hazırlanmışdır.

Vahid müəllim elmi konfrans və seminarlarda fəal iştirak edir. 100-dən artıq əsərin müəllifidir.

2000-ci ildə professor elmi adı almışdır. Audit və bazar iqtisadiyyatı infrastrukturunun problemləri üzrə dissertant və magistrlara elmi rəhbərlik edir.

Vahid Novruzov ABŞ-nin Daxili Auditorlar İnstitutunun Azərbaycanda yaradılmış "Audit-Azərbaycan" bölməsinin prezidenti və Müsahiblərin və Auditorların "AVROASİYA" Regional Federasiyası Şurasının idarə heyətinin üzvüdür. 1994-cü ildə Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2020-ci tarixli Sərəncamı ilə "Şöhrət" ordeni[1] ilə, 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.