Vaqif Şərifov

Vaqif Abdulla oğlu Şərifov (12 avqust 1943, Kirovabad5 oktyabr 2021, Gəncə) — Azərbaycan teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti (2014), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən).

Vaqif Şərifov
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti teatr rejissoru, kino aktyoru
Fəaliyyət illəri 1960-cı ildən
Təhsili Azərbaycan İncəsənət İnstitutu (1967)
Teatr Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2014 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 1992
"Tərəqqi" medalı — 2013

Vaqif Şərifov 12 avqust 1943-cü ildə Gəncədə anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Əskipara kəndindəndir.1960-cı ildən teatrda əmək fəaliyyətinə başlamış, 1967-ci ildə Azərbaycan İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. 1967–1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974–1977-ci illərdə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977–1981-ci illərdə Ağdam Dram Teatrında baş rejissor, 1981–1984-cü illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984–1998-ci illərdə həmin teatrda direktor və bədii rəhbər vəzifəsində çalışmışdır.[1]

Müxtəlif illərdə Nazim Hikmətin "Demoklisin qılıncı", Hüseyn Cavidin "Maral", Cəfər Cabbarlının "Almaz", "Yaşar", A.Baranqanın "İçtimai rəy", Y.Saloviçin "Qəribə dilənçi", A.Məmmədovun "Dəli domrul", Anarın "Şəhərin yay gynləri", Mirzə Fətəli Axundovun "Qanun dəlalı", H.Mirəlimovun "Vicdanın hökmü", Elçinin "Qatil", Süleyman Sani Axundovun "Eşq və intiqam" işləmişdi. Azərbaycan teatrlarında 80-dən artıq quruluşu olmuşdur.

Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olmuşdur.

2011-ci ildə "Aspoliqraf" nəşriyyatı tərəfindən Vaqif Şərifovun və onun həyat yoldaşı, Azərbaycan SSR əməkdar artisti, mərhum aktrisa Simuzər Namazovanın həyat və yaradıcılığından bəhs edən teatrşünas Anar Bürcəliyevin "Qoşa qanad" adlı kitabı nəşr edilmişdir.

Vaqif Şərifova 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 13 fevral 2014-cü ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları verilmişdir.[2] 2003-cü ildə "Qanun dəllalı" tamaşasının qurluşuna görə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. 7 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[3]

Vaqif Şərifov 5 oktyabr 2021-ci ildə 78 yaşında vəfat etmişdir. Sənətkar Gəncədəki Fəxri xiyabanda torpağa tapşırılıb.[4]

  1. İlham Rəhimli. Vaqif Şərifov // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. səh. 358–359. ISBN 5-86874-179-X.
  2. "Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2014-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-13.
  3. President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2020-05-07. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-07.
  4. "Xalq artisti Vaqif Şərifov Gəncədə dəfn olunub". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.