Vasif Rasif oğlu Eyvazzadə (19.08.1985) ABŞ-da Johns Hopkins Universitetinin Jhpiego Korporasiyasının Müxtəliflik, Bərabərlik, İnkluzivlik və Mənsubiyyət məsələləri üzrə Qlobal Meneceri, İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurasının həmtəsisçi prezidenti (Birləşmiş Krallıq), Innovasiya, Mədəniyyət və Təhsilin İdarəedilməsi üzrə Sertifikatlaşdırma İnstitutunun (ABŞ) təsisçi direktoru.
Vasif Eyvazzadə | |
---|---|
Doğum tarixi | 19 avqust 1985 (38 yaş) |
Doğum yeri | |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Vasif Rasif oğlu Eyvazzadə 19 avqust 1985-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə 2002–2008-ci illərdə bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2013–2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə ikinci ali təhsil almış, daha sonra 2017–2019-cu illərdə Böyük Britaniyanın Koventri Universitetində Dövlət idarəçiliyi və Qlobal müxtəlifliyin idarə edilməsi ixtisası üzrə magistr pilləsini bitirib. 2021-2023-cü illərdə isə İspaniyada GBSB Qlobal Biznes Məktəbində Biznes innovasiyaları üzrə magistr təhsili almışdır. 1996, 1999 və 2000-ci illərdə İstedad Festivalının poeziya nominasiyası üzrə qaliblərindən biri olub. 2009–2010-cu illərdə Xarici İşlər Nazirliyinin Azərbaycan Diplomatik Akademiyası, Avropa İttifaqı və Britaniya Şurasının birgə təşkil etdiyi "Beynəlxalq danışıqları aparma bacarıqları", "Beynəlxalq idarəetmə bacarıqları", "İctimai əlaqələr üzrə beynəlxalq bacarıqlar", 2022-2023-cü illərdə ABŞ-da HRCI və Cənubi Florida Universitetinin müxtəliflik, bərabərlik və inklüzivliyin idarəedilməsi üzrə sertifikatlaşdırma kurslarını bitirib.
Vasif Eyvazzadə 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin Elmi Mərkəzinin Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, 2006–2009-cu illərdə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun məsləhətçisi, 2011–2012-ci illərdə beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri, 2012 – 2018-ci illərdə isə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2018–2020-ci illərdə Aparat rəhbərinin müavini — Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri olmuşdur.[1] 2020-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayına kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri olmuş və bir sıra beynəlxalq layihələrlə bağlı öz istəyi ilə aparat rəhbəri vəzifəsindən ayrılmışdır.
Vasif Eyvazzadə 2008-ci ildən UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İCESCO-nun tərəfdaşı olduğu "Bakı Prosesi" Beynəlxalq İşçi Qrupun katibi[2], 2016–2022-ci illərdə İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) İcraiyyə Şurasının üzvü və Azərbaycan Respublikası üzrə Milli Komissiyasının baş katibi olmuşdur.[3] 2018–2022-ci illərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Koordinasiya qrupunun üzvü[4], 2019–2022-ci illərdə Mədəniyyət Nazirliyində Yaradıcı sənayelərin inkişafı üzrə işçi qrupun rəhbəri olmuşdur.[5] Bakıda Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (2011, 2013, 2015, 2017, 2019), UNESCO-nun Seyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsi (2013), İCESCO-nun Baş Konfransı (2015), BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu (2016)[6], UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü Sessiyasının (2019) Əməliyyat qrupunun rəhbəri olub.[7]70-dən çox xarici ölkədə keçirilmiş konfrans, forum və iclaslarda, hökumətlərarası komissiyalarda Azərbaycanı təmsil edib. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa İttifaqı, İCESCO, QDİƏT, TÜRKSOY və digər beynəlxalq təşkilatların Azərbaycanla birgə həyata keçirdikləri bir sıra vacib layihələrə rəhbərlik edib.[8] UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş mədəni irs nümunələri və yaradıcı şəhərlər şəbəkəsinə daxil edilmiş şəhərlər, yubileylər proqramına, həmçinin UNESCO-nun Dünya irsi siyahısına daxil edilmiş "Şəki xan sarayı ilə birgə tarixi mərkəzinin" namizədlik dosyelərinin hazırlanması prosesini koordinasiya etmişdir. Vasif Eyvazzadə 2019-cu ildə yaradılan "Kreativ Azərbaycan" (www.creative.az) və 2022-ci ildə isə yaradılan ARTSALE (www.artsale.az) platformalarının təşəbbüskarıdır.[9] V.Eyvazzadə eyni zamanda Global Kommunikasiyalar və Innovasiyalar (www.acif.az) şirkətinin Beynəlxalq Ekspert komissiyasının rəhbəri olaraq 2022-ci ildə "İrsin İdarədilməsi Təlim Proqramı"nı təsis edərək ilk dəfə UNESCO-nun konvensiyaları üzrə təlim kurslarının təşkil etmişdir.
2021-ci ilin iyun ayında Azərbaycan Hökuməti ilə BMT Sivilizasiyalar Alyansı və İCESCO-nun birgə elan etdiyi "Mədəniyyət naminə Sülh" (Peace4Culture) Qlobal Kampaniyasının və bu çərçivədə bir sıra layihələrin ideya müəllifidir.[10]
Vasif Eyvazzadə 2021-ci ildə UNESCO-nun 41-ci Baş Konfransının Mədəniyyət Komissiyasının sədri olmuşdur.[11]2021-2024-cü illərdə Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin ilk sədri olmuşdur. 2022-ci ilin mart ayında isə London şəhərində Koventri Universitetinin Sülh, Etimad və Sosyal Münasibətlər Mərkəzinin qurucu sədri ilə birgə İnsan Təhlükəsizliyi üçün Qlobal Sülh Şurasını (www.peaceforsecurity.com), 2023-cü ildə ABŞ-da Innovasiya, Mədəniyyət və Təhsilin İdarəedilməsi üzrə Sertifikatlaşdırma İnstitutunu (ICICEM-www.icicem.com) təsis etmişdir.
2010–2011-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsində zabit kimi həqiqi hərbi xidmət keçib və ehtiyatda olan zabitdir
(leytenant).
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2016-cı ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni[12], 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu[13] və Mədəniyyət Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilib.
İngilis, rus, türk dillərini bilir.
Ailəlidir, 3 oğlu var.