Vasif Almas oğlu Muradzadə — psixologiya üzrə fəlsəfə doktoru, dosent.
Vasif Muradzadə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Çiləgir, Xaçmaz rayonu |
Elm sahəsi | psixologiya |
Elmi dərəcəsi | psixologiya üzrə fəlsəfə doktoru |
Vasif Almas oğlu Muradzadə 1964-cü il aprelin 8-də Xaçmaz rayonunun Çiləgir kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1982-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olmuşdur. I kursu bitirdikdən sonra, 1983-1985-ci ilərdə könüllü olaraq hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurub, təhsilini davam etdirərək 1988-ci ildə Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1988-1990-cı illərdə təyinatla Xaçmaz şəhər 3 saylı orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi, komsomol təşkilat katibi işləmişdir. 1990-1991-cı illərdə Bakı Dövlət Universitetində təşkil edilmiş Psixologiya kursunda oxumuş və həmin kursu “Praktik-psixoloq” ixtisası ilə bitirmişdir.
1991-1995-ci illərdə Xaçmaz rayon Təhsil Şöbəsində Psixoloq-metodist işləmiş, ictimai əsaslarla hərbi işlər üzrə inspektor vəzifəsini icra etmiş, eyni zamanda yarım stavka dərs demişdir. Həmin illərdə Azərbaycan İstedad Assosiasiyasının fəal üzvlərindən olmuş və respublikanın orta məktəblərində istedadlı gənclərin üzə çıxardılmasında yaxından iştirak etmişdir.
1995-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialında baş laborant, tam ştatla müəllim, tədris şöbəsinin metodisti, ictimai əsaslarla dekan, kafedra müdiri vəzifələrində çalışmışdır.
2001-ci ilin sentyabrından etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tədris şöbəsinin metodisti vəzifəsində işləmiş və eyni zamanda 0,5 ştat vahidilə “Yaradıcılıq psixologiyası”, “İdarəetmənin psixologiyası” fənnlərini tədris etmişdir.
2003-cü ildə dissertanturaya qəbul olunmuş və ADMİU-da “Tələbələrdə yaradıcı təxəyyülün inkişaf xüsusiyyətləri” (elmi rəhbər psixoloq. elm. dokt. prof. Ə.Ə.Əlizadə) adlı dissertasiya mövzusu təsdiq olunmuşdur. 2003-2007-ci illərdə elmi-tədqiqatla bağlı Bakı Dövlət Universitetinin “Coğrafiya” fakültəsində və Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında psixoloji fənnləri saat hesabı yolla tədris etmiş və eksperimentlər aparmışdır. Həmin illərdə elmi mənbə və jurnallarda 2 məruzə-tezis və 11 məqalə çap etdirmişdir.
2007-ci il aprelin 21-də Bakı Dövlət Universitetinin nəzdində N.02.014 saylı dissertasiya şurasında “Tələbələrdə yaradıcı təxəyyülün inkişaf xüsusiyyətləri”(19.00.01-ümumi psixologiya, şəxsiyyətin psixologiyası, psixologiyanın tarixi və nəzəriyyəsi) mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
2007-2008-ci illərdə saat hesabi yolla Bakı Müəllimlərin İxtisasartırma İnstitutunun nəzdindəki kurslarda “Tarix-Coğrafiya” müəllimlərinə psixoloji xidmətlə bağlı mühazirələr söyləmişdir.
2007-2010-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris Şöbəsində metodist, eyni zamanda 0,5 ştat vahidi ilə “Psixologiya” fənni üzrə müəllim, əvəzçiliklə dekan müavini, tədris işləri üzrə rektorun referenti vəzifələrində çalışmışdır. 2008-2009-cu illərdə Azərbaycan Turizm İnstitutunda 0,5 ştat əvəzçiliklə və saat hesabı yolla müəllim işlədiyi dövrdə turizm ixtisaslarında təhsil alan bakalavr tələbələr üçün “Psixologiya”, “Peşə etikası” fənn proqramlarını hazırlamış, vaxtaşırı dövri mətbuat, qəzet və elmi jurnallarda məqalələr dərc etdirmiş, televiziya və radio kanallarında psixoloji problemlərlə bağlı çıxışlar etmişdir.
2010-2011-ci tədris ilindən etibarən Azərbaycan Turizm İnstitutunun “Turizmdə menecment və marketinq” kafedrasında tam ştatla baş müəllim vəzifəsində çalışmış və kafedranın dosenti seçilmişdir. 2012-2013-cü tədris ilindən hal-hazıra kimi isə “Beynəlxalq münasibətlər” kafedrasında dosent vəzifəsində çalışır. Əsas işilə bərabər Turizm bələdçiləri kursunda saat hesabı yolla mühazirələr söyləyir, Respublika Gənclərinin İnkişaf Mərkəzi xətti ilə təşkil edilmiş qruplarda (ayrı-ayrı ali məktəblərin konfrans zallarında) psixoloji hazırlıqla bağlı çıxışlar edir, treninqlər keçirir.
Azərbaycan Turizm İnstitutunda işlədiyi (2008-2013-cü illər) müddətdə 7 fənn proqramı qrif alaraq, çap olunmuş, 2 metodik vəsait və bir dərs vəsaiti isə qrif alaraq nəşr olunmuşdur. Vaxtaşırı beynəlxalq konfranslarda iştirak edir, həmçinin elmi məqalələrlə qəzet və jurnallarda çıxışlar edir.
Ailəlidir, iki övladı var.