Velli-Forc (ing.Valley Forge) — ABŞ İstiqlal müharibəsi zamanı Corc Vaşinqtonun komandanlığındakı Kontinental Ordunun səkkiz qış düşərgəsindən üçüncüsü. 1777-ci ilin payızında Britaniya ordusu Brendivayn döyüşündə amerikalıları məğlub etmiş və Filadelfiyanı işğal etmişdir. 12,000 nəfərlik Kontinental Ordu Filadelfiyadan təxminən 29 kilometr aralıda yerləşən Velli-Forcdakı qış məhəllələrinə çəkilmişdir.[1][2] Ordu 1777-ci ilin dekabrından 1778-ci ilin iyununa kimi 6 ay bu düşərgədə qalmışdır.[3] Zəif təchizat və çətin qışlama şəraitinə baxmayaraq, Vaşinqton bu müddət ərzində ordusunu yenidən təşkil etməyə və təlim keçməyə nail olmuşdur. İngilislər Filadelfiyadan geri çəkildikcə Kontinental Ordu düşərgəni tərk etmiş və Monmut döyüşünə səbəb olan təqiblərə başlamışdır.