Villem Rubruk və ya Qilom de Rubruk – flamand səyyahı, Fransiskançılar ordeninin üzvü, rahib.
Villem Rubruk | |
---|---|
Doğum tarixi | 1220-ci illər[1], 1210-cu illər[2] və ya 1220[3] |
Vəfat tarixi | ən tezi 1293[4] |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], diplomat, yazıçı, missioner, ruhani, yazıçı-səyyah[d], şərqşünas |
Vikianbarda əlaqəli mediafayllar |
Təqribən 1220-ci ildə (bəzi məlumatlara görə 1210 ya 1230-cu ildə) Flandriyanın Rubruk (yerli adı Reysbrukdur; indiki Brüssel yaxınlığındadır; həmin adın latın variantı olan «Rubruk»u səyyah özünə soyad götürmüşdür) kəndində anadan olmuş, təqribən 1270-ci ildə vəfat etmişdir.
Rubruk Roma papası IV İnnokenti (1243-1254) və Fransa kralı IX Lüdovik (1226-1270) tərəfindən Qaraqorumda Böyük Monqol hökmdarı Munke xanla (1251-1259) diplomatik danışıqlar aparmaq üçün yola salınmışdı. O, səfərə çıxarkən Yaxın Şərqdə VII Xaç müharibəsi (1248-1254) gedirdi. Fransa kralı IX Lüdovik də bu zaman Ön Asiyada idi; fransız səlibçilərinə başçılıq edirdi. Ondan əvvəl Andre Lonjümönü monqol sarayına yola salınmışdı. Lonjümönün uğursuz səfərindən sonra Rubruk da monqol sarayına göndərildi. Özündən əvvəl monqol sarayına göndərilmiş Ciovanni Karpini və Andre Lonjümö kimi Rubruk da Xaç müharibələrində (1096-1270) səlibçilərə qələbə qazandırmaq üçün monqolları arxadan səlcuqlara qarşı qaldırılmalı idi. Bu yolla monqolların başını xristian dünyasının xeyrinə qarışdırmaq mümkün olsaydı, eyni zamanda onların Avropa üçün törətdiyi təhlükə də öz-özünə aradan qaldırılmış olardı. Bundan başqa, monqol sarayında təkallahlı dinə meyil göstərildiyini bilən Roma papaları monqol hökmdarları ilə xristianlığın qəbulu barədə də danışıqlar aparmaq niyyətində idilər. [5]
1253-1255-ci illərdə Böyük Monqol İmperiyasının paytaxtı Qaraqoruma səyahət zamanı Vilhelm Rubrukun qarşısında vəzifələr qoyulmuşdu. Rubruk mənzil başına getmək üçün əvvəlcə səfər yoldaşı italyan rahibi Bartolomeo ilə birlikdə 1252-ci ildə Fələstindən IX Lüdovikin hərbi düşərgəsindən Konstantinopola gəldi. O, burada Latın imperatoru II Balduinlə görüşdü, ondan müvafiq məktub-zəmanət aldıqdan sonra 1253-cü il mayın 7-də səfərinə davam etdi.
Konstantinopoldan sonra Krıma gəldi, bütün yarımadanı keçib Azov sahillərinə, oradan isə Qıpçaq düzündən (Donla Volqa arasındakı düzlərdən) keçib monqolların indiki Volqoqrad yaxınlığındakı ordugahına – Saray-Batuya (indiki Həştərxan vilayətindəki Selitrennoe kəndi) yetişdi. Fransa elçisi Batu xan tərəfindən qəbul olundu.
Buradan isə o, Orta Asiya vasitəsilə Böyük xanın iqamətgahına – Qaraqoruma yola salındı. 1253-cü il dekabrın 27-də o, artıq, Böyük Monqol imperiyasının paytaxtı olan Qaraqorum şəhərində idi. Lakin əvvəlki xristian missionerləri kimi Rubruk da nə monqolları qərb dövlətlərinin tərəfində İslam aləminə qarşı Xaç müharibələrinə cəlb edə bildi, nə də monqol sarayına xristianlıq toxumu səpməyə müvəffəq oldu. Əksinə, Böyük xan tələb etdi ki, Fransa kralı onun qarşısında vassallıq – asılılıq andı içməlidir. Beləliklə, Monqol hökmdarlarından rədd cavabı alan səyyah 1254-cü il iyulun 10-da Qaraqorumdan geriyə yola düşdü (yol yoldaşı Bartolomeo isə Qaraqorumda açılmış katolik kilsəsində “müqəddəs borcunu” yerinə yetirmək – katolikliyi yaymaq üçün qaldı). Balxaş gölünün şimalından keçib Volqaboyuna çatan Rubruk buradan cənuba doğru endi və Azərbaycana gələn karvan yolu ilə Dərbəndə, oradan da Şamaxı və Muğan düzü vasitəsilə Naxçıvana yetişdi. IX Lüdoviqin elçisi Naxçıvandan sonra Kiçik Asiyaya, oradan Kiprə, sonra Antioxiyaya, nəhayət, 1255-ci il avqustun 12-də Trablisə (Tripoliyə) çatdı. Səyyahın Qaraqorumdan Trablisə gəlib çatmasına bir il bir aydan çox vaxt lazım gəlmişdi. Lakin səyyah burada kral IX Lüdoviki tapa bilmədi. O, müharibədə Misir sultanına əsir düşmüş, külli-miqdarda vəsaitlə özünü satın alıb Fransaya qayıtmşdı. Beləliklə, səyyah Suriyanın Akkona (Akka) şəhərində qalıb özünün məşhur səyahətnaməsini yazdı. Rubruk səyahətnaməsi, onun Asiya ölkələri barədə şəxsi müşahidələrinə əsaslanan maraqlı məlumatları Avropada Şərq haqqında, xüsusən, Böyük Monqol İmperiyası barədə biliklərin genişlənməsində mühüm rol oynadı. Rubruk səyahətnaməsi 1589-cu ildən başlayaraq dəfələrlə müxtəlif Avropa dillərində nəşr olunmuşdur.
Böyük Monqol xanı ilə danışıqlar aparıb qayıdarkən Rubrukun yolunun bir hissəsi Azərbaycandan düşdü. O, Azərbaycan ərazisinə Dərbənd keçidindən daxil oldu. Onun Azərbaycan haqqında ilk məlumatı Dərbənd haqqındadır. Səyyah Dərbəndi «Dəmir qapı» adlandırır və Dərbənd səddini Makedoniyalı İsgəndərin «barbar tayfaları»nın (yəni türkdilli tayfaların) cənuba – Azərbaycan ərazisinə axınının qarşısını almaq üçün çəkdirdiyini söyləyir. Səyyahın məlumatına görə, şəhər hələ o zaman şərqdə - Xəzərin sahilindən başlayıb, qərbdə dağın zirvəsinə qədər uzanırmış... Dağın zirvəsində isə möhkəm qala ucalırdı. “Bu şəhərdən aşağıdakı torpaq əvvəllər bu dünyanın əsl cənnəti hesab olunurdu”. Bundan sonra səyyah Xəzər sahilləri ilə “Şamaxı adlı böyük şəhər”ə gəldi, buradan “Muğan adlı böyük bir düzə” endi. Kür çayından bəhs edən səyyah “bu çayda əla qızıl balıqlar olduğunu” qeyd edir. Arazboyu ilə hərəkət edən Rubruk, nəhayət, qədim Azərbaycan şəhəri, “əvvəllər hansısa böyük bir şahlığın paytaxtı, çox böyük və çox gözəl bir şəhər olmuş” Naxçıvana yetişdi. Səyyah yazır ki, indi bu şəhər “tatarlar tərəfindən demək olar ki, səhraya döndərilmişdir”. [6]