Xış

Xış — şumlamada istifadə olunan kənd təsərrüfatınin aləti. Torpağın asan şumlanmasını təmin edən, dəmir xışın ucu, bir qayda olaraq küt üçbucaq formasında olub, burnu nazik və ensiz, küpü isə enli və qalın olurdu, lakin hansı növ torpaq sahəsinin şumlanmasından, yaxud hansı bitki növü üçün şum ediləcəyindən asılı olaraq, xış gavahınları böyük və ya kiçik olurdu. Bundan əlavə, gavahınların ucunun oval və yaxud iti olması ilə də onlar bir-birindən seçilirdi.[1]

Bir qayda olaraq gavahın sifarişlə yerli dəmirçilərə düzəltdirilirdi.

Azərbaycanda xış növləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda istifadə olunmuş xışlar quruluş və formalarına görə, bir sıra məhəlli xüsusiyyətlərə malik olmuşlar. Bunların ən təkmil növü "ulamalı xış", "qollu xış", "çatma xış", "işkilli xış" və s. adlarla tanınmışdır. Xışın bu növlərinə Azərbaycanın, demək olar ki, əksər etnoqrafik bölgələrində rast gəlinirdi.

Ulamalı xış Şəki-Zaqatala, Qarabağ, Naxçıvan bölgələrində, xüsusilə, geniş yayılmışdır. Ulamalı xışın qolu, adətən, onun bazısına calaq əlavə etməklə düzəldilirdi. Bazı calağı Azərbaycanın ayrı-ayrı bölgələrində "ulama", "çilə", "çatma", "məsənə", "uzatma" və s. adlandırılırdı. Xışın bu növü çox vaxt elə həmin adlarla da fərqləndirilib tanınırdı.

Ulamalı xış, adətən, kötüyünün arxadan "qulaqlı", dəstəyinin iki əlcəkli düzəldilməsi və metal qılınca malik olması ilə fərqlənirdi. Xışın qılıncı torpağı kəsmək, qulaqları torpaq layını çevirmək məqsədi güdür, onun qoşa dəstəyi isə alətin sanballığını tənzimləməyə xidmət edirdi. Ulamalı xış nisbətən təkmilləşmiş şum aləti olub, torpağı daha yaxşı şumlayırdı. Belə xışlardan dağavar və dəmyə torpaqların şumlanmasında daha çox istifadə edilirdi. Adətən, ona iki, üç, bə’zən isə dörd boyun öküz qoşulardı.

Çəltikçilik təsərrüfatında istifadə edilən xış yüngül və kiçik ölçülü olması ilə fərqlənirdi. Suvarılan torpaqların şumlanması nisbətən çətin olduğundan qaim torpağı kəsmək üçün xışların qoluna həm də "qılınc" bərkidilirdi. Bundan əlavə xışın kötüyündə "qulaq" adlanan ayaq yeri düzəldilirdi. Torpağı dərin şumlamaq üçün dəstəçi (majgəl) ayağı ilə arabir həmin "qulağı"n üstündən aşağı basırdı. İkinci il təkrar əkilən çəltik sahəsi nisbətən yüngül xışla şumlanırdı. Xalq arasında çəltik gərinin şumlanması əməliyyatı "gərvanlama" adlandığından xışın bu növünə, adətən, "gərvan xış" da deyilirdi.

  1. "Əkinçilik alətləri". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-14.