Xəyal Quliyev

Xəyal Quliyev (tam adı:Quliyev Xəyal Yusif oğlu) — Qarışıq döyüş növləri – MMA (Mixed Martial Arts) və BUDO idman növü üzrə peşəkar idmançı, Dünya çempionatının 4 qat qızıl, Avropa çempionatının 2 qat qızıl, 1 qat gümüş mükafatçısı, 2020-ci ildən FULL kontakt və MMA versiyası üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, "Azərbaycan Respublikasının əməkdar idman ustası".

Xəyal Quliyev
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (32 yaş)
Doğum yeri Bərdə rayonu, Azərbaycan SSR
Təhsili Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
İdman növü büdo, Qarışıq döyüş növləri – MMA

Həyatı[redaktə | mənbəni redaktə et]

Xəyal Quliyev 1 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olmuşdur.[1] Orta məktəb təhsilinə 1998-ci ildə Bərdə şəhərində başlamışdır. Daha sonra ailəsi ilə birlikdə Azərbaycan Respublikasının Sumqayıt şəhərinə köçmüşdür. Orta təhsilini Sumqayıt şəhəri 16 saylı orta məktəbdə davam etdirmişdir. 2008-ci ildə orta məktəbi bitirdikdən sonra Sumqayıt texniki kollecinə qəbul olmuşdur. 2011-ci ildə oranı bitirdikdən sonra Avropa çempionatında qazandığı yüksək nailiyyətə görə Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmuşdur. 2015-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir.[2]

Karyerası[redaktə | mənbəni redaktə et]

İdmançı karyerasına 1998-ci ildə idmanın sərbəst güləş növü üzrə başlamışdır. 2004-cü ildən etibarən idmanın kikboksinq növü ilə də məşğul olmuşdur. Daha sonra 20072010-cu illərdə idmanın boks növündə də uğurlu çıxışları olmuşdur.

Uğurları[redaktə | mənbəni redaktə et]

İlk peşəkar uğurunu 2011-ci ildə qazanmışdır. 2011-ci ilin fevral ayında Estoniyanın Tallin şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanmışdır. Həmin ilin noyabr ayında Türkiyənin İstanbul şəhərində keçirilən Dünya çempionatında daha böyük uğura imza ataraq qızıl medala layiq görüldü. 2012-ci il məhsuldar olmuşdur. Belə ki, həmin ilin aprel ayında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən Avropa çempionatında birinci yeri tutmuşdur. İranın Kiş şəhərində keçirilən dünya çempionatında da qızıl medal qazanmışdır.

Daha sonra 2013-cü ildə Moldovanın Kişinöv şəhərində keçirilmiş Avropa çempionatında birinci yeri tutmuşdur. 2013-cü ilin iyun ayında Ukraynanın Feodosiya şəhərində keçirilən dünya çempionatında da yüksək uğura imza ataraq qızıl medala layiq görülmüşdür.

2013-cü ilin sentyabr ayında Tailandda keçirilən Dünya S–1 və döyüş növləri çempionatında da qızıl medal qazanmışdır. 2015-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında bütün rəqiblərinə qalib gələrək daha bir dəfə dünya çempionu oldu.

2016-cı ildə ikinci dəfə iştirak etdiyi və ABŞ-də keçirilən Dünya döyüş növləri çempionatında bürünc medala layiq görülmüşdür.

2018-ci ildə Moldovanın Kişinyov şəhərində keçirilən Avropa çempionatında da qızıl medala layiq görülmüşdür.

2021-ci ildə Tunisin Hammaret şəhərində keçirilən dünya çempionatında iştirak edən və gümüş medal qazanan[3] Xəyal Quliyev Azərbaycanın qarışıq döyüş və BUDO idman növündə ən titullu idmançılarından biri hesab olunur.

İctimai və məşqçilik fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İdmançı karyerasını davam etdirməklə yanaşı məşqçilik fəaliyyəti ilə də məşğuldur. Dünya və Avropa çempionu olan çoxsaylı tələbələr yetişdirmişdir. 2011-ci ildən Azərbaycan BUDO və Qarışıq Döyüş Növləri Federasiyasının Sumqayıt nümayəndəliyinin rəhbəri, 2020-ci ildən etibarən, həmçinin, FULL kontakt və MMA versiyası üzrə Azərbaycan yığma komandasının baş məşqçisidir. 2020-ci ildən Azərbaycan S-1 peşəkar döyüş növləri federasiyasının vitse–prezidenti, 2021-ci ildən isə bu federasiyanın birinci vitse–prezidenti vəzifəsini həyata keçirir.

Dövlət mükafatları[redaktə | mənbəni redaktə et]

  • 2012-ci ildə Azərbaycan Respublikasının “İdman ustası”;
  • 2018-ci ildə Azərbaycan Respublikası "əməkdar idman ustası" fəxri adına layiq görülmüşdür.[4]

Nailiyyətlər[redaktə | mənbəni redaktə et]

  • Dünya çempionatı – 2011 (qızıl), 2012 (qızıl), 2013 (qızıl), 2015 (qızıl)[5], 2021 (gümüş)
  • Avropa çempionatı – 2011 (gümüş), 2012 (qızıl), 2013 (qızıl)[5]
  • Dünya döyüş növləri çempionatı – 2013 (qızıl), 2016 (bürünc)[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Budoçularımız dünya çempionatında uğurlu nəticələr əldə edib". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-21.
  2. "Xəyal Quliyev S-1 Döyüş Liqasının birinci vitse-prezidenti təyin olunub". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-25.
  3. "Arxivlənmiş surət". 2022-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-18.
  4. "Xəyal Quliyev peşəkar S-1 Döyüş Liqasının birinci vitse-prezidenti təyin olunub". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-25.
  5. 1 2 3 "3 qat dünya və Avropa çempionu Xəyal Quliyevi yaxından tanıyın – FOTOLAR". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-21.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]