Xanəli Kərimli (tam adı:Xanəli Abbasəli oğlu Kərimli; 27 noyabr 1951, Mahmudoba, Şahbuz rayonu) — şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Xanəli Kərimli | |
---|---|
Doğum tarixi | 27 noyabr 1951 (72 yaş) |
Doğum yeri | |
İxtisası | filoloq |
Təhsili | Naxçıvan Dövlət Pedaqoji İnstitutu |
Fəaliyyəti | şair, ədəbiyyatşünas |
Xanəli Kərimli 1951-ci ilin noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Səkkizillik təhsilini 1958–66-cı illlərdə rayonun Mahmudoba kəndində alıb, orta təhsilini 1968–69-cu illərdə C. Məmmədquluzadə adına Şahbuz qəsəbə orta məktəbində tamamlayıb. 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun Naxçıvan filialının filologiya fakültəsinə qəbul olub, 2-ci kursdan (1971) sonra institutun əsasına dəyişilib və buranı 1973-cü ildə fərqlənmə diplomu ilə bitirib. 1973–88-ci illərdə Badamlı kənd səkkizillik və Mahmudoba kənd orta məktəblərində müəllim, Şahbuz Rayon 167 saylı Kənd Orta Texniki Peşə Məktəbində dərs hissə müdiri işləmişdir. 1988–89-cu illərdə Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsində metodist, 1989–91-ci illərdə Şahbuz qəsəbəsində tədris istehsalat kombinatının rəis müavini, 1991–96-cı illərdə Naxçıvan Dövlət Universitetinin "Fikir" qəzetinin redaktoru, eyni zamanda 1996–98-ci illərdə universitetin ədəbiyyat kafedrasında müəllimliklə bərabər, Beynəlxalq Əlaqələr şöbəsinin rəisi vəzifələrində çalışmışdı. 1998–2014-cü illərdə Əcnəbi tələbələrlə iş üzrə fakültənin dekanı vəzifəsində fəaliyyət göstərmişdir. Hazırda Ədəbiyyat kafedrasının dosenti və filologiya fakültəsinin müəllimidir. X. Kərimli 1987-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyat şöbəsinin dissertantı kimi həmin institutun İxtisaslaşmış Müdafiə Şurasında "Cənubi Azərbaycan demokratik ədəbiyyatında hekayə janrının inkişafı (1941–1970)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
X. Kərimli bədii yaradıcılığa ötən əsrin 80-ci illərindən başlamışdır. İlk şeiri "Toğluqayanın Məmməd Araza məktubu" şeiridir. İlk mətbu şeiri isə 1983-cü ildə Azərbaycan Demokratik Firqəsinin "Səhər" (sonralar "Azərbaycan") adlı aylıq dərgisində xalq şairi Söhrab Tahirin qayğısı ilə işıq üzü görən "Anamla söhbət" şeiridir.
Şeirlərindən nümunələr rus, fransız, ingilis, fars, türk dillərinə tərcümə edilən X. Kərimli 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2007-ci ildən Naxçıvan MR Əməkdar müəllimidiri. O, ikinci çağırış (2000–2005-ci illərdə) Naxçıvan MR Ali Məclisinin deputatı olmuşdur.
Yüzdən çox elmi, publisist, metodiki məqalənin və "Cənubi Azərbaycan ədəbiyyatının ali və orta məktəblərdə tədrisi metodikası" (Naxçıvan, 2000) vəsaitinin müəllifi olan X. Kərimli ayrı-ayrı illərdə İranda, Türkiyədə, Pakistanda, Hollandiyada, Gürcüstanda, həmçinin ölkə daxilində keçirilən bir sıra beynəlxalq elmi simpozium və konfranslarda Azərbaycan elmini ləyaqətlə təmsil etmişdir.
X. Kərimli "Ay işığında" (1998), "Anamdan məktub" (2000), "Bu da bir nağıldı…" (2004), "Mənə elə gəlir ki…" (2008), "Duyğularım, düşüncələrim", "Mənim könlüm bir ümmandır" (İran, Urmiyə, 2011), "Payız Duyğuları" (2013), "Ahlat taşı" (Türkiyə, İstanbul, 2019), "Tanrı Müjdəsi" (2021), "Mir v Moix Lodoniax" (Dünya Mənim Ovcumdadır-2020) şeir kitablarının müəllifidir.
"Yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biri" (akademik İsa Həbibbəyli) olan X. Kərimli haqqında "Xanəli Kərimli-55: Şairə məktub" (2007), "Xanəli Kərimli-60: Sözün Əlincə qalası" (2011), "Xanəli Kərimli-65: Bir ömrün işığı" (2016), "Şairin könül dünyası" (2021) adlı məqalələr topluları, fəlsəfə doktoru Sabir Bəşirovun "Xanəli Kərimli: Bir ömrün nağılı" (2011) monoqrafiyası, Əli Rza Xələflinin "Söz və qan" (povest-xronika) kitabı (2016) nəşr edilib. Eyni zamanda şair haqqında "Naxçıvan Əcəmifilm" kinostudiyasında 2014-cü ildə kino-rejissor, şair və tədqiqatçı, Azərbaycanın əməkdar mədəniyyət işçisi Arif Qədimov "Payız duyğulu şair ömrü: Xanəli Kərimli" (2015), "Təbiət Vurğunu, Vətən Aşiqi" (2022) adlı sənədli filmər, "Misraların işığında", "Duyğu Yarpaqları" verilişləri hazırlanmışdır.