Naxçıvan Dövlət Pedaqoji İnstitutu

Naxçıvan Dövlət UniversitetiAzərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.

Naxçıvan Dövlət Universiteti
Loqonun şəkli
Əsası qoyulub 1967
Tip Dövlət
Rektor Elbrus İsayev
Tələbə sayı 6000+
Xarici tələbə sayı 800
Bakalavr sayı 31008
Magistrant sayı 2018
Doktor sayı 130
Müəllim sayı 703
Şəhər Naxçıvan şəhəri
Ölkə
Ünvan Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ 7012
Sayt ndu.edu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Naxçıvan Dövlət Universitetinin tarixi 1967-ci ildən başlayır. Belə ki, həmin ildə yaradılmış Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı 5 il sonra isə müstəqil ali məktəbə çevrilərək, Naxçıvan Dövlət Pedaqoji İnstitutu olmuşdur. Ona görə də Naxçıvan Dövlət Universiteti onların varisidir.

1960-cı illərdə Sovetlər birliyində ali təhsil ocağı olmayan yeganə Muxtar Respublika Naxçıvan idi. Ə. Əhmədov göstərişə əsasən Naxçıvana gələrək burada APİ-nun Naxçıvan şəhərində açılması nəzərdə tutulan filialı üçün bina (həmin bina 1967-ci ildən 1972-ci ilə kimi keçmiş 1 nömrəli məktəbin yerində, indiki Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar institutunun yerləşdiyi yerdə fəaliyyət göstərmişdi) müəyyən etdi və kadr məsələsi də müzakirə olundu. APİ-nin rektoru Şövqi Ağayev 27 avqust 1967-cil il tarixdə yenicə təşkil olunmuş APİ-nin Naxçıvan filialına Əli Əliyevi direktor vəzifəsinə təyin olunması haqda əmr vermişdi. Əli Əliyev 1967-ci ilin sentyabr ayından 1970-ci ilin may ayına qədər Naxçıvan filialın direktoru kimi çalışmışdı.1967-ci il sentyabrn 1-də APİ-nin Naxçıvan filialına tələbələrin qəbulu təşkil olunmuş və fəaliyyətə başlamışdı. 1967-ci ilin sentyabr ayında APİ-nin Naxçıvan filialında 3 pedaqoji ixtisas Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları təşkil olunmuş və yalnız 3 ştatda müəllim- tarix elmləri namizədi, dosent Əli Əliyev, filologiya elmləri namizədi dosent Yavuz Axundov, Mahmud Mahmudov çalışırdı. APİ-nin Naxçıvan filialında 1967-ci il üçün Azərbaycan dili və ədəbiyyat, tarix və riyaziyyat ixtisasları üzrə 105 tələbə qəbulu həyata keçirilmişdi.

İnstitut dövrü

[redaktə | mənbəni redaktə et]

Regionun ehtiyacları nəzərə alınaraq iyun 1972-ci il tarixli Azərbaycan SSR Nazirlər Sovetinin 214 nömrəli qərar əsasında Naxçıvan MSSR Nazirlər Sovetinin 206 nömrəli qərarı ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun bazası əsasında Naxçıvan şəhərində Naxçıvan Pedaqoji İnstitutunun təşkil edilməsi haqqında qərar qəbul edildi. Bundan sonra Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 9 yanvar 1973-cü il tarixli protokolunda Naxçıvan Dövlət Pedaqoji İnstitutuna akademik Yusif Məmmədəliyevin adının verilməsi haqqında qərar qəbul edilmişdi . Naxçıvan Pedaqoji İnstitutu yeni təşkil olunmasına baxmayaraq, 1972-ci ildən başlayaraq İnstitutunda ibtidai təhsil pedaqogikası və metodikası, fizika, ümumi texniki fənləri, əmək, kimya, biologiya ixtisasları üzrə müəllim hazırlanması üçün ayrıca yeni fakültələr açılmışdır. Bunların hamısı Azərbaycan Pedaqoji İnstitutunun fəaliyyəti, onun tədris planları, proqramları və göstərişləri ilə get-gedə inkişaf edir və təkmilləşirdi.

Universitet dövrü

[redaktə | mənbəni redaktə et]

29 dekabr 1990-cı ildə İnstitut Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Naxçıvan Dövlət Universitetinə çevrilmişdir.

2023-cü ilin avqutsun 1-də Naxçıvan Dövlət Texniki KollecininNaxçıvan Tibb Kolleci Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilib.[1]

• 1967 — V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı

• 1972 — Naxçıvan Dövlət Pedaqoji İnstitutu

• 1990 — Naxçıvan Dövlət Universiteti

  • Fizika-riyaziyyat fakültəsi
  • Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi
  • Tibb fakültəsi
  • Memarlıq-mühəndislik fakültəsi
  • İncəsənət fakültəsi
  • Tarix-filologiya fakültəsi
  • Beynəlxalq münasibətlər və hüquq fakültəsi
  • Xarici dillər fakültəsi
  • Pedaqoji fakültə
  • İqtisadiyyat və idarəetmə fakültəsi

"Elmi əsərlər" jurnalı və "Fikir" informasiya bülleteni universitet əməkdaşlarının elmi məqalələrini nəşr edib yayır.

Universitetdə yaradılmış "Qeyrət" nəşriyyatında Naxçıvan regionunun tarixinə, arxeoloqiya və etnoqrafiyasına, zəngin təbiətinə və təbii sərvətlərinə, memarlıq abidələrinə, habelə fundamental elmlər üzrə aparılan elmi axtarışların nəticələrinə dair kitablar nəşr edilir.

Naxçıvan Dövlət Universitetində yaradılmış Konservatoriya Azərbaycanın müstəqillik dövrünün yenitipli mədəniyyətini inkişaf etdirə biləcək mütəxəssislər hazırlayır.

Cənubi Koreya Mərkəzi

[redaktə | mənbəni redaktə et]

Naxçıvan Dövlət Universitetinin Cənubi Koreya Mərkəzi 11 noyabr 2011-ci il tarixdə istifadəyə verilmişdir. Açılış mərasimində akademik İsa Həbibbəyli Cənubi Koreya Respublikasının Azərbayjandakı fövqəladə və səlahiyyətli səfiri Li Ji Han, Cənubi Koreyanın Kimçonq Universitetinin rektoru, xanım Sunq Aj Kanq, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Hee Cun Lee və köməkçisi David K. H. Leenin iştirak etmişdir.

Cənubi Koreya Mərkəzində Koreyanın dövlət atributları, milli musiqi alətləri, eyni zamanda, ölkənin tarixini, milli mədəniyyətini, ədəbiyyatını, ali təhsil strukturunu əks etdirən elmi-siyasi ədəbiyyatlar, elektron məlumat vasitələri toplanmışdır. Mərkəzin müasir informasiya texnologiyaları, Koreya dilində ensiklopediya, lüğət və digər məlumat nəşrləri ilə təmin olunması diqqət mərkəzində saxlanılır.

Cənubi Koreyanın Rim Çenq Universiteti Koreya Mərkəzinə tədris ləvazimatları, milli geyimlər və musiqi alətləri bağışlamışdır.

Koreya Mərkəzində Cənubi Koreyanın əlamətdar tarixi günlərinə həsr olunmuş mərasimlər keçirilir.

2012–2013-cü tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində Koreya dili tədris mərkəzi mövcuddur. Yalnız Naxçıvan dövlət universitetinin tələləbələri deyil, Naxçıvanın istənilən bölgələrindən olan şəxslər də koreya dilini öyrənmək üçün bu mərkəzə müraciət edə bilərlər. Kursun sonunda tələbələrə Naxçıvan Dövlət Universiteti adından sertifikat təqdim edilir. Koreya dili asan və orta səviyyə olmaqla keçirilir.

Mərkəzdə eyni zamanda TOPİK imtahan hazırlıq kursu da mövcuddur.

Mərkəzdə 1 il – 2 semestr olmaqla Koreya dili dərsləri və Koreya mədəniyyəti dersləri keçirilir. Koreya mədəniyyət derslərində tələbələr Koreya filmləri izləmə, yemək hazırlama, mili oyunlar, mili rəqslər və mili musiqi alətlərində çalmaq kimi bir sıra tərcübələrə yiyələnə bilərlər.

Yenicə təşkil olunmuş kitabxananın fondunu yaratmaq üçün vəsait ayrılmış, lazımi ədəbiyyat və materiallarla təmin edilmişdir. Cəmi 370 kitabla fəaliyyətə başlayan kitabxananın fondu qısa bir zamanda zənginləşmişdir. Bura Azərbaycan və rus dillərində olan 290-dan artıq kitab Bakı Dövlət Universitetindən və AMEA-nın Mərkəzi Elmi Kitabxanasından, M. F. Axundov adına kitabxanadan və müxtəlif institutların kitabxanalarından hədiyyə edilmişdir.

1971-ci ildə yalnız 1 şöbədən və 1 oxu zalından ibarət olan kitabxanaya o zaman institutun tarix-filologiya fakültəsində qiyabi təhsil alan Novruz Quliyev, 1972-ci ildə isə institutun "Pedaqogika" kafedrasında laborant işləyən, hazırda həmin kafedranın müəllimi Bəyim Vəkilova, sonra müxtəlif illərdə Şövkət Qasımova, Qafar Əliyev, Teyyubə Abdullayeva, Pərvin Əliyeva və Aypara Behbudova rəhbərlik etmişlər. Hazırda NDU-nun Elmi Kitabxanasının direktoru Fariz Əhmədovdur.

Kitabxananın fondunu 1985-ci ildə 60 min nüsxə Azərbaycan, rus və xarici dillərdə çap olunmuş nadir və müstəsna əhəmiyyətli nəsr əsərləri, elmi ədəbiyyatlar təşkil etmişdir. 1987-ci ildən kitabxana respublikada nəşr edilən çap məhsullarının pulsuz məcburi nüsxələrini almışdır. Naxçıan Dövlət Universitetinin kitabxanası 1996-cı ildən etibarən daha da təkmilləşdirilərək inkişaf etdirilmişdir.

Kitabxana 2004-cü ilin may ayında Avropa standartlarına uyğun beşmərtəbəli binaya köçürülmüşdür. Akademik İsa Həbibbəyli , AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, mərhum Zöhrab Vəliyev, akademik Budaq Budaqov, akademik Məmməd Cəfər Cəfərov, pedaqogika üzrə fəlssəfə doktoru, dosent Gültac Əliyeva və başqaları öz şəxsi kitab fondlarından kitabxanaya xeyli kitab hədiyyə etmişlər. Muxtar Respublikada elm sahələri üzrə ən iri elmi kitabxana sayılan NDU Elmi Kitabxanasının fondunda dünyanın 30-dan çox dilində 200 000-dən artıq ədəbiyyat saxlanılır.

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının 11 nəfərdən ibarət Elmi Şura üzvləri var.

NDU-nun kitabxanası dünya elmindən, beynəlxalq kitabxana təcrübəsindən bəhrələnərək oxuculara yüksəık səviyyədə xidmət göstərir. Fond və oxu zallarının hər birinin konkret elm sahələri üzrə ixtisaslaşdırılması və hər zalın ayrıca mərtəbələrdə yerləşdirilməsi bu kitabxananın Avropa kitabxana sisteminə inteqrasiyasının bəhrəsidir. Hazırda kitabxanada ayrı-ayrı elm sahələri üzrə ixtisaslaşdırılmış 11 fonr və 11 oxu zalı oxuculara yüksək səviyyədə xidmət göstərir.

Futbol komandası

[redaktə | mənbəni redaktə et]

Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir[2]. 2017-ci ilin iyun ayında başa çatmış sonuncu - Naxçıvan Muxtar Respublikasının XV futbol çempionatında üçüncü yeri tutmuşdur[2].

Naxçıvan Dövlət Universitetinin futbol komandası 2002-ci ildə Türkiyənin Qars Qafqaz Universitetinin komandası ilə yoldaşlıq görüşləri keçirmiş, həm Türkiyədə və həm də Naxçıvanda qalib gəlmişlər[3].

Tələbələr 2003-cü ildə İran İslam Respublikasının Təbriz Universitetinin komandası ilə yoldaşlıq görüşü keçirmiş və 7:1 hesabı ilə qalib gəlmişlər[3].

Komandanın müxtəlif turnirlərdə qazandığı kuboklar hazırda Naxçıvan Dövlət Universitetinin İdman muzeyində saxlanılır[4].

Naxçıvan Dövlət Universitetinin idman muzeyi 2000-ci ildə yaradılmışdır. Bu muzeydə universitetin idmançı tələbələrinin Naxçıvan muxtar respublika, Azərbaycan Respublikası və beynəlxalq yarışlarda qazandığı kubok, fəxri fərman və diplomlar nümayiş etdirilir. Onların arasında tələbələrimizin "Qafqaz universitetləri olimpiadası"nda (Türkiyə, Qars), Birinci Avropa Olimpiadasında (Bakı 2015), Avropa Universitetlərinin futbol çempionatında (Ukrayna, Polşa) və Beynəlxalq turnirlərdə (İran İslam Respublikası, Türkiyə, Rusiya)qazandıqları kuboklar xüsusi əhəmiyyətə malikdir. Muzeydə nümayiş etdirilən eksponatlar içərisində futbol, badminton, cüdo, sərbəst güləş, atletika və digər idman növləri üzrə keçirilən Naxçıvan Muxtar Respublikası birinciliklərində universitet komandalarının qazandığı nailiyyətlərlə bağlı kuboklar, diplomlar, "Universitet" futbol komandasının müxtəlif illərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan Muxtar Respublika turnirlərinin qalibi kimi qazandığı kuboklar, super kuboklar da nümayiş etdirilir. İdmançılarımızın Türkiyə Cümhuriyyətində və İran İslam Respublikasında keçirilən yarışlarda qazandığı mükafatlara da muzeydə müvafiq guşə ayılmışdır. Muzey, universitetin idman kompleksində yerləşir. İdman muzeyinə "Tələbə İdman klubu"nun sədri Məmmədəli Rəhimov rəhbərlik edir.

Məktəb tarixi muzeyi

[redaktə | mənbəni redaktə et]

"Məktəb tarixi" kabinəsi 03 noyabr 1997-ci il tarixdə "Pedaqogika və psixologiya" kafedrasının müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nərimən Bilal oğlu Orucəliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır. Kabinədə Naxçıvanda maarifçilik hərəkatını əks etdirən stendlər və Azərbaycanın görkəmli mütəfəkkirlərinin fotoşəkillərindən ibarət sərgi öz əksini tapmışdır.

Kabinə 18 may 2007-ci il tarixdə "Məktəb tarixi" muzeyi kimi fəaliyyət göstərməyə başlamışdır. Muzeyin əsasını fakültə əməkdaşlarının nəşr olunmuş dərslikləri, dərs vəsaitləri, metodiki vəsaitləri, proqramları təşkil etmişdir. Muzeydə həmçinin universitet əməkdaşlarının fəlsəfə doktoru və elmlər doktoru avtoreferatları üçün ayrıca guşə də yaradılmışdır.

Muzeydə Nax. MR-nın ilk Maarif nazirindən başlayaraq indiyə qədər olan nazirlərin fotoşəkilləri və işlədikləri müddət göstərilmişdir. "Məktəb tarixi" muzeyi universitetdə olan qonaqlarda da daim xoş təəssürat yaratmışdır. "Məktəb tarixi muzeyi"ndə magistratura səviyyəsində təhsil alan pedaqogika nəzəriyyəsi və tarixi, sosial pedaqogika, təhsildə qiymətləndirmə və monitorinq ixtisaslarının tələbələri, həmçinin fakültənin bakalavr səviyyəsində təhsil alan tələbələrin də kafedrada tədris olunan dərsləri burada keçirilir.

"Məktəb tarixi muzeyi" nin ilk müdiri Vəkilova Bəyim İsmayıl qızı olmuşdur. Haliyədə muzeyə 14 iyun 2018-ci il tarixdən pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistraturanı bitirmiş Quliyeva Kübra Ramiz qızı rəhbərlik edir.

Universitet dünyası muzeyi

[redaktə | mənbəni redaktə et]

Naxçıvan Dövlət Universitetində ilk muzey "Universitet dünyası" adı altında ali təhsil ocağının 30 illik yubileyi ərəfəsində – 31 oktyabr 1997-ci ildə yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin yubiley münasibətilə universitetin kollektivinə ünvanladığı 29 oktyabr 1997-ci il tarixli təbrik məktubu muzeyin "Dövlətçilik" adlı baş salonunda təqdim olunur.

"Universitet dünyası" muzeyinin ziyarətçiləri Azərbaycan ictimai-siyasi və elmi-mədəni mühitinə böyük töhfələr verən bu elm ocağının keçdiyi tarixi yolu xatırlayır. Muzeyin üç salonunda toplananan eksponatlar universitetin əvvəlki dövrü haqda dolğun təəssürat oyadır.

1939–1954-cü illərdə Naxçıvan diyarını pedaqoji kadrlarla təmin etmiş "Naxçıvan Müəllimlər İnstitutu" lövhəsindəki şəkillər və həmin ali məktəbin tarixi haqqında fəlsəfə doktorluğu dissertasiyası yazmış şair-pedaqoq, mərhum Vaqif Məmmədovun yazısı və fotoşəkillər o illərin müəllim və tələbələri haqda tanışlıq imkanı yaradır.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan Filialı kimi yaradılan universitetin ilk tələbə-məzunlarının fotoşəkilləri, filialın binasının şəkli, müəllim və tələbələrin məzun albomları guşədə sərgilənir.

Muzeydə "Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu (1972–1990) adlı iki böyük stenddə 18 illik tarixə aydınlıq gətirilir.

Eksponatlar arasında yarım əsrdən artıq dövrdəki müddətdə keçirilmiş elmi konfrans materialları, dissertasiya işlərinin avtoreferatlarından nümunələr var. Naxçıvan diyarının görkəmli yetirmələri, böyük kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş materiallar şanlı elm tariximizdən xəbər verir.

Birinci salonda universitetin ilk məzunlarının 45 ildən sonrakı görüşünə aid guşə mövcuddur.

Xalqımızın üzləşdiyi erməni işğalları və soyqırımlar haqqında kitab və şəkillər muzeydə sərgilənir.

"Universitet dünyası" muzeyinin ikinci salonu xarici əlaqələrə həsr olunmuşdur. Burada Türk dövlətlərinin xəritəsi, əməkdaşların elmi kəşfləri, qazandıqları mükafatlar nümayiş olunur. "Professorlar" adlı guşə, qocaman pedaqoq Naxçıvan MR əməkdar müəllimi Əkbər Süleymanovun anadan olmasının 80 illik yubileyinə aid materiallarla zəngindir. Universitetin beynəlxalq əlaqələri, əməkdaşların çap etdirdiyi kitablar ikinci salonda sərgilənmişdir.

Universitetdə nəşr olunan "Fikir", "Yeni fikir" qəzetlərinin nümunələri, "Fikir" jurnalı və "Elmi əsərlər" jurnalının saylarından nümunələr, Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Naxçıvan MR Ali Məclisin Sədri Vasif Talıbovun universitetə səfərləri, rektorlar, fəxri doktorlar guşələr dövlətçilik adlı III salonda cəmlənmişdir.

Botanika muzeyi

[redaktə | mənbəni redaktə et]

Naxçıvan Dövlət Universitetdə "Botanika" muzeyi 15 mart 2003-cü ildə təşkil olunmuşdur. Muzey Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tərkibində fəaliyyət göstərir.

Muzeydə Naxçıvan Muxtar Respublikası ərazisində bitən 5000-dən artıq növ bitkinin herbarisi və həmin bitkilər haqqında müvafiq elmi məlumatlar vardır. Dərman bitkilərinə, faydalı bitkilərə və həmçinin "Qırmızı kitab"a düşmüş bitkilərə aid ayrıca bölmələr təşkil olunmuşdur. Muzey nadir və məhvolma təhlükəsi qarşısında olan bitkilərin orijinal fotoşəkilləri ilə zənginləşdirilmişdir.

Bitkilərin xəstəlikləri, eləcə də həmin xəstəliklərə qarşı istifadə edilən preparatlar barədə məlumatlar da muzeydə təqdim olunur.

Muzey Təbiətşünaslıq və kənd təsərrüfatı korpusunda yerləşir. Eyni zamanda botanika elminin son nailiyyətlərini əks etdirən kitab və jurnallar muzeydə saxlanılır. Əyani vəsaitlərdən bakalavr və magistrlərin istifadə etmələri üçün əlverişli şərait yaradılmışdır. Belə ki praktiki məşgələ dərsləri təcrübəli müəllimlər tərəfindən burada tədris olunur.

"Botanika" muzeyinə mərhum, biologiya üzrə fəlsəfə doktoru, dosent Piriyev Musa Zeynal oğlu 2003–2012-ci illərdə rəhbərlik etmişdir. Hazırda "Botanika" muzeyinə 2012-ci ildən Botanika kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Qasımov Hilal Zülal oğlu rəhbərlik edir.

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

Naxçıvan Dövlət Universitetinin Fransanın Strasburq, Türkiyənin İstanbul, Ankara, Ərzurum, Van universitetləri, İranın Təbriz Universiteti, Qırğızıstan Beynəlxalq Universiteti ilə əlaqələri var ki, bu da Naxçıvanda elm, təhsil və mədəniyyətin inkaşafına müsbət təsir göstərir.

Universitet Avropa Rektorlar Klubunun, Asiya Universitetlər Assosiasiyasının, Qara Dəniz Hövzəsi Universitetlər Birliyinin, Avrasiya İpək Yolu Universitetlər Cəmiyyətinin, Beynəlxalq Turizm Akademiyasının və Qafqaz Universitetlər Birliyinin[5] üzvüdür.

"Fikir" qəzeti

[redaktə | mənbəni redaktə et]

"Fikir" qəzetinin fəaliyyətə başlamasına əsas təkan Azərbaycan SSR Nazirlər Sovetinin 29 dekabr 1990-cı il tarixli qərarından sonra olmuşdur. Belə ki, həmin qərara əsasən, Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun əsasında Naxçıvan Dövlət Universiteti yaradılmışdır. Ali məktəbin universitet statusunu əldə etməsi, həmin vaxt üçün onun çoxtirajlı qəzetinin nəşrinə təminat verən əsas amillərdən biri idi[6].

Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi tərəfindən 5 sentyabr 1991-ci ildə verilmiş 330 nömrəli qeydə alınma şəhadətnaməsi əsasında qəzetin nəşrinə icazə alınmışdır. Qəzetin ilk nömrəsi 15 oktyabr 1991-ci ildə çap edilmişdir[6].

Həmin dövrdə "Fikir" qəzeti Naxçıvan Dövlət Universitetinin ilk mətbu orqanı olmaqla yanaşı[7], Azərbaycan ali təhsil sistemində də regionda yerləşən ali məktəbdə çap olunan ilk mətbuat orqanı idi[6].

Universitetin bu mətbu orqanının "Fikir" adlandırılmasının əsas səbəbi vaxtilə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin inspektoru olmuş Aleksey Çernyayevski ilə həmin seminariyanın Naxçıvandan olan məzunu Əliməmməd Xəlilovun birlikdə Tiflis şəhərində nəşr etdirmək istədikləri, ancaq çapına nail ola bilmədikləri "Fikir" adlı maarifçi qəzetin adını yaşatmaq, onun nəzərədə tutulmuş məramını davam etdirmək məqsədilə əlaqələndirilmişdir[6].

Qəzetin 12 noyabr 1991-ci il tarixli ikinci nömrəsində dərc edilmiş ""Fikir" qəzeti – 98 il sonra" adlı məqalədə isə bu mətbuat orqan eyni zamanda "fikirləşməyi, düşünüb müqayisə etməyi, nəticə çıxarmağı bacaranlar üçün söz kürsüsü" kimi də səciyyələndirilmişdir[6].

Qəzet fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikasındakı ali məktəb müəllimləri və tələbələrinin bir mətbuat tribunası kimi maariçi düşüncənin inkişafına kömək etmiş, universitet həyatının salnaməsini yaradıb[6], davam etdirmişdir. 1997-ci ilədək 44 nömrəsi çap olunmuşdur[7].

Avropa təhsil sisteminə inteqrasiya sayəsində Qərbdəki ali məktəblərin qəzetlərdən çox informasiya bülleteni tipli jurnalların nəşr edilməsi təcrübəsinə istinad edilərək Naxçıvan Dövlət Universitetində də "Fikir" qəzetinin bazasında 1998-ci ildən[7] etibarən eyni adlı informasiya bülleteninin çap edilməsi qərara alınmışdır[6].

"Fikir" qəzetinin davamı kimi hazırda Naxçıvan Dövlət Universitetində nəşr olunan "Yeni fikir" qəzeti yeni mərhələnin "Fikir" qəzeti hesab olunur[6].

"Fikir" informasiya bülleteni

[redaktə | mənbəni redaktə et]

Bülletenin baş redaktoru Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmovdur.[6][7]

"Fikir" informasiya bülleteni 1990-cı illərdə Naxçıvan Dövlət Universitetində nəşr olunmuş "Fikir" qəzetinin bazasında yaranmışdır[6].

İnformasiya bülleteninin əlavəsi kimi 1 aprel 2011-ci ildən "Yeni fikir" qəzeti nəşr olunur[6]. "Fikir" informasiya bülletenində gedə bilməyən bədii-publisist yazılar həmin qəzetdə yayımlanır[6].

Bülleten Naxçıvanda ali məktəbin elmi-maarifçi mühitinin gedişatını işıqlandırır[6].

Naxçıvan Dövlət Universitetinin keçdiyi inkişaf yolunu, bu ali təhsil ocağında gedən yeniləşmə proseslərini öyrənmək istəyənlər üçün bu informasiya bülleteni mühüm əhəmiyyətə malik olan mənbədir.[7]

Ali məktəb həyatının tədris, elmi-tədqiqat, beynəlxalq əlaqələr, mədəniyyət, idman və s. yenilikləri bülletendə mütəmadi olaraq işıqlandırılır[7]. Rəngli çap olunan bülletendəki müvafiq fotoşəkillər informasiyalardan alınan təəssüratı uğurla tamamlayır[7].

  1. "Naxçıvanda iki kollec NDU-nun nəzdinə verilib". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-01.
  2. 1 2 Futbol üzrə muxtar respublika çempionatının qalibi “Araz-Naxçıvan” komandası olub Arxivləşdirilib 2017-06-19 at the Wayback Machine. serqqapisi.az, 15.06.2017  (az.)
  3. 1 2 İDMAN Arxivləşdirilib 2017-07-07 at the Wayback Machine. ndu.edu.az  (az.)
  4. İDMAN MUZEYİ Arxivləşdirilib 2017-06-15 at the Wayback Machine. ndu.edu.az  (az.)
  5. Tüm Uyeler Arxivləşdirilib 2019-02-15 at the Wayback Machine. kunib.com
  6. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "YENİ FİKİR" QƏZETİ Arxivləşdirilib 2017-06-15 at the Wayback Machine. ndu.edu.az  (az.)
  7. 1 2 3 4 5 6 7 "FİKİR" İNFORMASİYA BÜLLETENİ Arxivləşdirilib 2017-06-15 at the Wayback Machine. ndu.edu.az  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • ndu.edu.az — Naxçıvan Dövlət Universitetinin rəsmi saytı