Xankəndi sualtı tikinti gəmisi

"Xankəndi" sualtı tikinti gəmisiAzərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. Xankəndi şəhərinin adını daşıyır.

İnşası[redaktə | mənbəni redaktə et]

"Xankəndi" sualtı tikinti gəmisi xüsusi olaraq BP şirkətinin sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda nəhəng "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz mərhələ 2" işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilmişdir[1]. Belə ki, 17 aprel 2014-cü ildə "Bakı Gəmiqayırma Zavodu" MMC sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi barədə "Şahdəniz" qaz yatağının işlənilməsi və istismarı üzrə icraçı olan "BP Exploration" MMC ilə dəyəri 400 milyon dollara yaxın olan müqavilə bağlanmışdır[1].

"Xankəndi" sualtı tikinti gəmisinin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək təhlükəsiz şəkildə Bakıya gətirilib və bu iki hissə Bakı gəmiqayırma zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilib və müvafiq inteqrasiya işləri yerinə yetirildikdən sonra 2016-cı ilin mayında suya salınıb[1].

Bakı gəmiqayırma zavodunun yanalma körpüsündə "Xankəndi" gəmisinin bütün göyərtə avadanlığı — əsas qaldırıcı kran, köməkçi kranlar, o cümlədən helikopter meydançası quraşdırılaraq gəminin bütün sistemləri, avadanlığı və qurğuları tam inteqrasiya edilib, yoxlanılaraq işə salınıb və sazlanıb. İki ay ərzində açıq dənizdə bütün istismar sınaqları uğurla yerinə yetirilib. "Xankəndi" gəmisinin tikintisində ümumilikdə iki mindən çox insan çalışıb ki, bu işçilərin 75 faizini yerli, 25 faizini isə əcnəbi mütəxəssislər təşkil edib. Gəmi sifarişçiyə təhvil verilmək üçün tam hazır vəziyyətə gətirilib[1].

İstifadəyə verilməsi[redaktə | mənbəni redaktə et]

6 sentyabr 2017-ci ildə gəmisinin təqdimat mərasimi olmuşdur. Mərasimdə Prezident İlham Əliyev[2], Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, "BP-Azərbaycan" şirkətinin prezidenti Qəri Counz, "Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev iştirak etmişlər. Dövlət başçısı "Xankəndi" sualtı tikinti gəmisinin rəmzi istismara verilməsini bildirən lenti kəsmiş və gəminin işə salınmasını bildirən düyməni basmışdır[1].

Texniki göstəriciləri[redaktə | mənbəni redaktə et]

DNV GL Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilən bu nadir gəminin maksimal sürəti 13,5 knot, uzunluğu 155, eni 32, maksimal suya oturumu 7,5 və əsas göyərtəsinin hündürlüyü 13 metrdir[1].

Gəmi 3,5 metr hündürlüyündə böyük dalğalarda fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kranı, 18 nəfərlik iki dalğıc kapsulu sistemi, məsafədən idarə olunan iki aparatı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası və digər zəruri texnikalarla tam təchiz edilmişdir[1].

Sualtı tikinti gəmisinin ümumi çəkisi 17700 tondur və suya oturumu 6,5 metr olmaqla 5 min metrik tondan artıq yükgötürmə qabiliyyətinə malikdir[1].

175 nəfərlik kayutlarla təchiz olunmuşdur[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]