Xanlar Qurbanov

Xanlar Qurbanov (tam adı: Xanlar Kazım oğlu Qurbanov; d. 20 yanvar 1950, Bakı) — Azərbaycan Milli İdman Assososiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü.[1]

Xanlar Qurbanov
Xanlar Kazım oğlu Qurbanov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (70 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutu
Mükafatları "Tərəqqi" medalı

Xanlar Kazım oğlu Qurbanov 20 yanvar 1950-ci ildə Bakının dağlı məhəlləsində anadan olmuşdur. Xızı-Bərmək mahalının qədim Xələnc kəndinin pəhləvanlar nəslindən olan Xanlar Qurbanov 1968-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna daxil olub, 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. O, tələbəlik illərində sərbəst güləş üzrə beynəlxalq yarışların iştirakçısı olub, mükafatlar almışdır.

Bir oğul və iki qız atasıdır.

İnstitutu bitirdikdən sonra təyinatla həmin institutun güləş kafedrasında müəllim vəzifəsinə seçilmişdir. 1968-ci ildə Moskva şəhərində Ümumittifaq Bədən Tərbiyəsi Elmi Tədqiqat İnstitutunun məqsədli aspiranturasını bitirib pedaqoji elmlər namizədi alimlik dərəcəsi adını almışdır. 1989-cu ildə dosent elmi adına layiq görülmüşdür. Həmin ildən bu günə kimi güləş kafedrasının müdiri vəzifəsində çalışır. O, bacarığını respublikada idmanın sərbəst güləş növünün inkişafına sərf etmiş və bir çox pəhləvanlar yetirdirmişdir. Həmin idmançılar sərbəst güləş üzrə müxtəlif səviyyəli yarışlarda qalib gəlmişlər. Xanlar Qurbanov Azərbaycan Ali Atestasiya komisiyası tərəfindən professor elmi adına layiq görülmüşdür.

Tanınmış alim-idmançı Xanlar Qurbanov əldə etdiyi nailiyyətlərlə xarici ölkələrdə də şöhrət qazanmışdır. 1955-ci ildə Türkiyə respublikasının İstanbul Tibb-spor Universitetinin professoru fəxri adına layiq görülmüşdür. İdmanda göstərdiyi xidmətlərə görə Beynəlxalq Güləş Federasiyasının (FİLA) elmi komisiyasının üzvü seçilmişdir.

Azərbaycan Milli İdman Assososiyasının prezidentidir. O, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvüdür, Sərbəst və Yunan-Roma Güləş Federasiyasının icrakomunun üzvüdür. O, 1990–1995-ci illərdə Bakı şəhər Sovetinin deputatı olub. Bakının ictimai həyatında fəal iştirak edib.

Professor Xanlar Kazım oğlu Qurbanov onlarla kitab və məqalənin müəllifidir.

2020-ci ildə vəfat etmişdir.[2]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • 1970-ci ildə idman ustası, 1982-ci ildən isə ümumittifaq dərəcəli hakimdir.
  • Azərbaycan Respublikasının "əməkdar məşqçisi" adlarına layiq görülüb.
  • Elm və təhsil sahəsində, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
  • Professor Xanlar Qurbanov "Vektor Beynəlxalq Elmi Mərkəzi" tərəfindən "Azərbaycanın tanınmış alimləri" və "XXI əsr Azərbaycan ziyalıları" diplomlarına layiq görülmüşdür.
  1. "Azərbaycan Milli İdman Növləri Assosiasiyası" (Azərbaycan dili). mys.gov.az. 5 iyun 2019 tarixində arxivləşdirilib.
  2. Real TV. "Xanlar Qurbanov vəfat edib" (az.). Youtube.com. 09.08.2020. İstifadə tarixi: 2020-08-09.
  • Tərlan Ağayev. Azərbaycanın Xızı-Bərmək Mahalının tarixi. II hissə, Bakı-2006