Xarici ticarət sub-indeksi — Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksinin (İS(S)İ) daxil etdiyi sub-indekslərdən biridir.
Xarici ticarət sub-indeksi xarici ticarətin liberallıq səviyyəsini (sağ qütb) və dövlətin bu sahədəki tənzimləmə tədbirlərinin sərtliyini (sol qütb) ölçür. Sub-indeksin sıfıra yaxınlaşması şirkətlərin xarici ticarət sərbəstliyinin artmasını, birə yaxınlaşması isə bu sahədə dövlət tənzimlənməsinin sərtləşməsini ifadə edir.
Üç konseptual müddəa üzərində qurulmuşdur. Birincisi, xarici ticarət azadlığını ixracın yox, idxalın sərbəstliyi ilə ölçmək lazımdır. İkincisi, idxalın sərbəstliyi yüksəldikdə daxili bazarın qorunması, bir qayda olaraq, zəifləyir. Üçüncüsü, təbii resurs ixracının iqtisadiyyatda əhəmiyyətli paya malik olduğu ölkələrdə xarici ticarət azadlığını ixrac-idxal əməliyyatlarının mütləq və nisbi həcm göstəriciləri ilə (məsələn, ixrac və idxal həcminin ÜDM-ə nisbəti ilə) ölçmək olmaz.
Xarici ticarət sub-indeksi üç alt-indeksin – Xarici ticarət azadlığı alt-indeksinin, İdxalın iqtisadi qiyməti alt-indeksinin və Ticarətin azadlığı alt-indeksinin sadə hesabi ortası kimi hesablanmışdır. Xarici ticarət azadlığı alt-indeksi Freyzer İnstitutunun eyniadlı göstəriciləri əsasında (Economic Freedom of the World 2014),[1] İdxalın iqtisadi qiyməti alt-indeksi Dünya İqtisadi Forumunun (İsveçrə) "Beynəlxalq ticarətdə iştirak" hesabatının materialları əsasında (World Economic Forum – The Global Enabling Trade Report 2014),[2] Ticarətin azadlığı alt-indeksi isə Heritage Fondu ilə The Wall Street Journal’ın birlikdə hazırladığı "İqtisadi Azadlıq İndeksi" hesabatındakı eyniadlı göstəricilər əsasında (2015 Economic Freedom İndex)[3] hesablanmışdır.
Xarici ticarət azadlığı alt-indeksi üçün Vmin = 0, Vmax = 10, İdxalın iqtisadi qiyməti alt-indeksi üçün Vmin = 1, Vmax = 7, Ticarətin azadlığı alt-indeksi üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür. Alt-indekslərin sayılmasında istifadə olunan statistik mənbələrdə daha yüksək ballar daha məhdud dövlət müdaxiləsini ifadə etdiyinə görə sub-indeksin yekun qiymətləri 1-dən çıxılmaqla hesablanmışdır.
Sub-indeks üzrə cədvəli yuxarıdan aşağıya "oxuduqda" ölkələr dövlət tənzimləməsinin az olduğu ölkələrdən daha sərt olduğu ölkələrə doğru, başqa sözlə – sağdan sola, aşağıdan yuxarıya "oxuduqda" isə soldan sağa sıralanmış olur.
Xarici ticarətin tənzimlənməsi üzrə ən liberal iqtisadiyyat Sinqapurun (0,070), ən solçu iqtisadiyyat isə İranın iqtisadiyyatıdır (0,698). 62 ölkə arasında xarici ticarət əməliyyatlarının dövlət tərəfindən ən sərt tənzimləndiyi 10-cu ölkə Azərbaycandır (0,337). Median nisbi mərkəzdən sağdadır, yəni sıralanan ölkələrin çoxunda xarici ticarət nisbi mərkəz nöqtəsinin göstərdiyindən daha liberaldır. İnkişaf etmiş ölkələrdə xarici ticarət fəaliyyətinə dövlət müdaxiləsi inkişaf etməkdə olan ölkələrə nisbətən daha azdır. Bu, əlbəttə, anlaşılandır: inkişaf etmiş ölkələrdə istehsal edilən əksər məhsul və xidmətlərin rəqabət qabiliyyəti, bir qayda olaraq, daha yüksəkdir və həmin ölkələr beynəlxalq ticarətin liberallaşmasında daha dərindən maraqlıdır. İnkişaf etməkdə olan ölkələr isə öz daxili bazarlarını daha sərt qorumağa çalışır, lakin daxili bazarın qorunması üzrə tədbirlər iqtisadi inkişafı yalnız müəyyən şərtlər daxilində stimullaşdıra bilir.