Lisenziyalaşdırma sub-indeksi – Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi İqtisadiyyatın solluğu (sağlığı) indeksinin (İS(S)İ) daxil etdiyi sub-indekslərdən biridir.
Lisenziyalaşdırma sub-indeksinin hesablanması zamanı dörd parametri nəzərə almaq lazımdır: a) lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı; b) lisenziyalaşdırılan fəaliyyət növlərinin çeşidi; c) lisenziyaların keçərlilik müddəti; ç) lisenziyaların verilmə qaydaları. Bu göstəricilər iş sahibləri üçün nə qədər əlverişlidirsə (yəni say azdırsa, çeşid məhduddursa, müddət uzundursa və qaydalar sadədirsə), iqtisadiyyat bir o qədər daha sağdadır. Lakin bu göstəricilərin heç biri üzrə elmi tutarlılığı şübhə doğurmayan dövlətlərarası müqayisə aparmaq mümkün deyil. Ona görə də Lisenziyalaşdırma sub-indeksi Dünya Bankının metodologiyası əsasında – modelləşdirilmiş müəssisənin hipotetik bir tikinti üçün aldığı lisenziyalara sərf etdiyi vaxt və xərc göstəricilərinin indeksləşdirilməsi əsasında (Doing Business 2015: Dealing with Construction Permits),* bu alt-indekslərin hesabi ortası kimi hesablanmışdır[1]. Dünya Bankının istifadə etdiyi üçüncü göstərici – prosedurların sayı ümumi mənzərəni təhrif etdiyi üçün nəzərə alınmamışdır. Vaxt alt-indeksi üçün Vmin = 0, Vmax = 1000, Xərc alt-indeksi üçün isə Vmin =0, Vmax =100 götürülmüşdür.
Sinqapur bu sub-indeks üzrə də 62 dövlət arasında ən sağçı iqtisadiyyata malik ölkədir (0,015), ən solçu iqtisadiyyat isə Kiprin iqtisadiyyatıdır (0,345). Azərbaycan iqtisadiyyatı (0,096) 29 ölkəninkindən sağda, 32 ölkəninkindənsə solda yerləşir və nisbi mərkəzdən sağa düşməsi onunla əlaqədardır ki, sağ qütbdəki iqtisadiyyatlarla müqayisədə sol qütbdəki iqtisadiyyatlar nisbi mərkəzdən daha aralıdır (2014-cü il üçün 37 ölkə üzrə hazırlanmış Hesabatda Azərbaycan iqtisadiyyatı nisbi mərkəzdən solda yer alırdı)[2].