İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ

İqtisadiyyatın solluğu (sağlığı) indeksi – İS(S)İ [1]Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun 2014-cü ildən başlayaraq dərc etdiyi illik göstəricidir.

Birinci mərhələdə İndeks Şərqi AvropaMərkəzi Asiya (ŞAMA) regionu dövlətləri və bir sıra inkişaf etmiş ölkələr (cəmi 37 ölkə) üçün hesablanmışdır.

  • 2015-ci ilin Hesabatına müxtəlif inkişaf səviyyəsinə malik və dünyanın fərqli regionlarını əhatə edən daha 25 dövlət üzrə hesablamalar əlavə edilmiş və təhlil olunan ölkələrin sayı 62-yə çatdırılmışdır.
  • 2016-cı ildə tədqiq olunan ölkələrin sayı 99-a çatmışdır.

İndeks haqqında

[redaktə | mənbəni redaktə et]

Hansı siyasi-iqtisadi məfkurəni rəhbər tutmalarından asılı olmayaraq, bütün dövlətlər və siyasi qruplar ictimai rifahın yüksəlməsini özlərinin son məqsədi elan edirlər. Solçu siyasi-iqtisadi məfkurəyə görə, həmin məqsədə çatmağın ən "qısa" və düzgün yolu dövlətin fəal tənzimləmə tədbirləri həyata keçirməsindən, sağçı məfkurəyə görə isə, iqtisadiyyatın "sərbəst buraxılması"ndan keçir. Bu iki fəlsəfə (solçuluq və sağçılıq) arasındakı rəqabət müasir dünyada siyasi-iqtisadi inkişafın əsas təkanverici qüvvələrindəndir.

Dövlətin iqtisadiyyata müdaxilə formaları arasında modelyaradıcı müdaxilə formalarını ayrıca təsnifləşdirilir. Bunlar elə müdaxilə formalarıdır ki:

  • iqtisadi modellər, ilk növbədə, belə müdaxilələrin səviyyəsinə görə fərqlənir. Məsələn, daxili bazarın qorunması məqsədilə idxalın məhdudlaşdırılması xarici ticarət rejiminin liberallıq səviyyəsini və dolayısı ilə həm də iqtisadi sistemin ümumi liberallıq səviyyəsini aşağı salır. Bu o deməkdir ki, xarici ticarətin tənzimlənməsi modelyaradıcı müdaxilədir. Maliyyə bazarında dövlətin həyata keçirdiyi valyuta intervensiyaları isə iqtisadiyyata liberallıq və ya inzibatilik xüsusiyyətləri vermir və deməli, modelyaradıcı müdaxilə deyil;
  • ikiqütblüdür. Məsələn, xarici ticarətin tənzimlənməsi qarşısında dayanan və mahiyyətcə bir-birinə əks olan hədəflərin hər ikisi – idxalın sərbəstliyi və daxili bazarın qorunması – "yaşamaq haqqına" sahibdir. Bunlar cəmi vahidə bərabər olan toplananlardır (biri artdıqda digəri azalır). Eyni zamanda eyni məhsul və xidmətlər üzrə (yaxud bütövlükdə ölkə üzrə) həm idxalın sərbəstliyini yüksəltmək, həm də daxili bazarın qorunmasını gücləndirmək mümkün deyil;
  • siyasi rəqabət predmetinə çevrilir. Məsələn, solçular üçün daxili bazarın qorunması, sağçılar üçünsə xarici ticarətin liberallığı, bir qayda olaraq, daha yüksək prioritetdir.

Solçuluq və sağçılıq təkcə dünyagörüşlərini deyil, real iqtisadiyyatları da səciyyələndirir. Hər konkret zaman kəsiyində hər bir ölkənin iqtisadiyyatı dövlətin ona müdaxiləsinin modelyaradıcı formalarının səviyyəsindən asılı olaraq solluq və ya sağlıq əlamətləri alır. Belə formalarda dövlətin iqtisadiyyata müdaxiləsi nə qədər yuksəkdirsə, iqtisadiyyat bir o qədər daha soldadır və əksinə, nə qədər aşağıdırsa, bir o qədər daha sağdadır.

İqtisadiyyatın solluğu-sağlığı ölçüyəgələndir və İS(S)İ vasitəsilə ölçülə bilər. Hər bir konkret ölkə (və ya ölkələr qrupu) üçün İS(S)İ bunu ifadə edir ki, onun iqtisadiyyatı hansısa başqa bir ölkənin (ölkələrin) iqtisadiyyatına nəzərən daha solçu, digərinin (digərlərinin) iqtisadiyyatına nəzərən daha sağçı iqtisadiyyatdır. İndeks həm də iqtisadiyyatın solluq-sağlıq dərəcəsini ölçür, yəni onu qiymətləndirməyə imkan verir ki, "A" ölkəsinin iqtisadiyyatı "B" ölkəsinin iqtisadiyyatına nisbətənnə qədər solda və ya sağdadır.

İqtisadiyyatın solluğu (sağlığı) indeksinin bütün dövlətlər üçün optimal sayıla biləcək bir qiyməti mövcud deyil. Liberal və dirijist iqtisadiyyatlara sahib olan müxtəlif dövlətlər istər iqtisadi inkişaf sahəsində, istərsə də sosial rifahın yüksəldilməsi sahəsində eyni dərəcədə uğur qazana bilir. Bir ölkəyə sağçılıq uğur gətirirsə, digərinin müvəffəqiyyətə doğru yolu solçuluqdan keçir. Üstəlik, İndeksin optimallıq sərhədləri həm də zaman içində dəyişir. Lakin bu və ya digər ölkədə İndeksin optimallığa nə dərəcədə yaxın olduğunu indikativ metodla, ilk növbədə iqtisadi artım tempi əsasında müəyyənləşdirmək mümkündür. İndikativ üsulla iqtisadiyyatın ayrı-ayrı sahələrinin solluq-sağlıq optimallığı da qiymətləndirilə bilər. Ölkə öz iqtisadiyyatının hansısa sahəsində idarəetməni liberallaşdırdıqda (və ya sərt tənzimləmə tədbirləri həyata keçirdikdə) onun inkişaf tempi digər sahələrlə müqayisədə yüksəlirsə, deməli, bu tədbirlər düzgün seçilmişdir və davam etdirilməlidir. Bununla belə, İqtisadiyyat İnstitutunun bəzi mütəxəssisləri hesab edirlər ki, hər bir ölkə üzrə İS(S)İ-nin ayrı-ayrı sub-indekslərinin optimallıq səviyyəsini (həndəsi ifadədə – "optimallıq sahəsini") nəzəri üsullarla da müəyyənləşdirmək mümkündür. Bunun üçün çoxmeyarlı riyazi modellər qurulmalıdır. Ayrı-ayrı ölkələrdə İS(S)İ-nin hər hansı konkret zaman kəsiyində (məsələn, illər üzrə) dəyişmələrinin təhlili iqtisadiyyatın liberallaşmasının (sağlaşmasının), yaxud dirijistləşməsinin (sollaşmasının) yaratdığı makroiqtisadi və sosial-iqtisadi nəticələri qiymətləndirməyə imkan verir. Bu, həmin ölkələr üçün optimal liberallıq həddinin müəyyənləşdirilməsinə (optimal inkişaf modelinin seçilməsinə) imkan verə bilər. Bu yöndə tədqiqatlar davam etməkdədir.

İqtisadiyyatın solluğu (sağlığı) indeksi, onun bütün sub-indeksləri və bunların alt-indeksləri 0–1 aralığında dəyişir. "0" – iqtisadiyyatın "mütləq sağlığını" (dövlətin iqtisadiyyata heç bir müdaxilə etməməsini), "1" – "mütləq solluğunu" (iqtisadiyyatın tamamən dövlət tərəfindən tənzimlənməsini) göstərir. Bütün göstəricilər 0–1 aralığına (Vi — Vmin) / (Vmax — Vmin) düsturu ilə gətirilmiş və bəzi hallarda 1-dən çıxılmışdır.

2015-ci il üçün İqtisadiyyatın solluğu (sağlığı) indeksi aşağıdakı altı sub-indeks əsasında hesablanmışdır (2014-cü ilin İndeksləri iki variantda hesablanmış, birinci varianta Sosial xərclər sub-indeksi də daxil edilmişdi):

İqtisadiyyatın solluğu (sağlığı) indeksi, onun bütün sub-indeksləri və bunların alt-indeksləri 0–1 aralığında dəyişir. "0" – iqtisadiyyatın "mütlə́q sağlığını" (dövlətin iqtisadiyyata heç bir müdaxilə etməməsini), "1" – "mütlə́q solluğunu" (iqtisadiyyatın bütünlükdə dövlət tərəfindən idarə edilməsini) göstərir. Xarici ticarət sub-indeksinin hər üç alt-indeksi və Məşğulluğun tənzimlənməsi sub-indeksinin Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi istisna olmaqla, bütün göstəricilər 0–1 aralığına (Vi — Vmin) / (Vmax — Vmin) düsturu ilə gətirilmişdir. Adı çəkilən alt-indekslər isə baza göstəricinin mahiyyətinə uyğun olaraq, (Vi — Vmax) / (Vmin — Vmax) düsturu ilə indeksləşdirilmişdir. Bəzi ölkələrdə iqtisadi tənzimləmənin ayrı-ayrı formaları üzrə (yəni ayrı-ayrı sub-indekslər üzrə) mütlə́q sağlıq və ya mütləq solluq halları olsa da, ümumən, hər hansı bir ölkə iqtisadiyyatının "mütlə́q sağ" və ya "mütləq sol" nöqtəyə düşməsi mümkünsüzdür. Odur ki, bütün ölkələr üzrə İS(S)İ 0 və 1 nöqtələrindən müəyyən kənarlaşmada yerləşir. 2015-ci ildə olduğu kimi, 2016-cı il üzrə hesablamalarda da sub-indeksləri formalaşdıran alt-indekslərin hər biri üzrə mümkün (və ya ehtimal edilən) minimal göstərici "Vmin", mümkün (və ya ehtimal edilən) maksimal göstərici "Vmax" olaraq qəbul edilmişdir. Qiymətlərin tənzimləməsi sub-indeksi istisna olmaqla, digər sub-indekslərin hesablanması metodologiyasında əsaslı dəyişiklik edilməmişdir.

Dövlət maliyyəsi sub-indeksi gəlirlərin vergilər vasitəsilə yenidən bölünməsinin səviyyəsini ifadə edir və öz növbəsində iki alt-indeksin – Büdcə xərcləri alt-indeksinin və Müəssisələrin vergi yükü alt-indeksinin cəbri ortası kimi hesablanmışdır. Büdcə xərcləri alt-indeksi büdcə xərclərinin ÜDM-də faizlə ifadə edilən pay göstəriciləri əsasında hesablanmışdır. Faktik informasiya BVF-in statistik bazasından əldə edilmişdir (ing. World Economic Outlook Database).[2] Vergi yükü alt-indeksi, modelləşdirilmiş özəl şirkətin bir il ərzində ödədiyi vergilərin onun illik mənfəətinə nisbəti göstəricilərinin əsasında sayılmışdır. Statistik məlumatlar Dünya Bankının "Biznes mühiti" hesabatından götürülmüşdür.[3]

Əgər təhlil olunan ölkələr arasında resurs ixracatçıları olmasaydı, büdcə ÜDM-ə nisbəti müəssisələrin vergi yükünü (və ümumiyyətlə vergi yükünü) də adekvat əks etdirərdi. Büdcə vəsaitlərinin mühüm bir qismi neft-qaz fondlarından trasfertlərlə formalaşanda vergi yükü göstəricilərinin ayrıca nəzərə alınmasına ehtiyac yaranır. Bəzi araşdırma mərkəzləri vergi yükünü gəlir və mənfəət vergilərinin yuxarı həddi əsasında hesablayır, lakin yuxarı hədlə vergi ödənməsi əksər ölkələr üçün tipik deyil. Buna görə də Vergi yükü alt-indeksinin hesablanması üçün hipotetik şirkətin vergi yükü göstəricilərindən istifadə olunmuşdur. Nəzəri baxımdan, Dövlət maliyyəsi sub-indeksi gəlir vergisi vasitəsilə yenidən bölünən milli gəliri də əks etdirməlidir, amma bəzi ölkələrdə proporsional, digərlərində isə proqressiv vergi sistemi tətbiq edilir və onları vahid bir ölçüyə gətirmək yanlışdır. Hər iki alt indeks üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür.

Qiymətlərin tənzimlənməsi sub-indeksi qiymətlərin nə dərəcədə sərbəst əmələgəlməsini (sağ qütb) və eyni zamanda, dövlətin qiymətlərin formalaşmasına nə dərəcədə müdaxilə etməsini (sol qütb) ifadə edir. Sub-indeksin sıfıra yaxınlaşması qiymətqoymada liberallığın artmasını, birə yaxınlaşması isə qiymət tənzimlənməsinin güclənməsini ifadə edir. 2014-cü və 2015-ci illər üzrə tədqiqatlarda bu Sub-indeks iki alt-indeksin – Qiymət azadlığı alt-indeksinin və Monetar azadlıq alt-indeksinin sadə hesabi ortası kimi hesablanmışdı. 2016-cı il hesabatında isə nisbətən daha geniş anlamda həm monetar, həm qeyri-monetar, həm formal, həm də qeyri-formal qiymət tənzimləmələrini özündə əks etdirən alıcılıq qabiliyyəti pariteti (AQP) əmsallarından istifadə olunmuşdur. Hər bir ölkə üçün bu əmsal AQP ilə hesablanmış (beynəlxalq dollarla ifadə olunmuş) ÜDM həcminin cari ABŞ dollar ilə ifadə olunmuş ÜDM həcminə nisbəti kimi müəyyən edilmişdir. Hər iki göstərici sırası BVF-in statistik bazasından götürülmüşdür.[2] AQP əmsalları, ölkələr üzrə qiymətlərin ümumi səviyyəsi ilə ABŞ-dakı qiymət səviyyəsinin müqayisəsini ifadə etməklə, həm də ölkələr arasındakı qiymət səviyyəsi fərqlərini müəyyənləşdirməyə imkan verir. Ölkələr arasında qiymət səviyyəsi fərqlərinin determinantları sırasında monetar qiymət tənzimləməsi (ən ümumi şəkildə iqtisadiyyatın monetizasiya səviyyəsi – milli valyuta ilə pul kütləsinin ÜDM nisbəti) və bəzi strateji məhsullar (məsələn, enerji) üzrə qiymətlərə yuxarı hədd məhdudiyyətlərinin tətbiqi ilk sıralarda dayanır. Hansı ölkələrdə monetizasiya səviyyəsi daha aşağı (bu, monetar qiymət tənzimləməsinin sərtliyini ifadə edir), eyni zamanda dövlət tərəfindən bir sıra məhsullar üçün rəsmi qaydada müəyyən olunmuş "tavan qiymət məhdudiyyətləri" həmin məhsulların real bazar qiymətindən daha aşağıdırsa (bu qeyri-monetar qiymət tənzimləməsinin sərtliyini ifadə edir), həmin ölkələrdə qiymətlərin səviyyəsi daha aşağıdır, başqa ifadə ilə, AQP əmsalı daha yüksəkdir. Bu baxımdan AQP əmsalı qiymət tənzimlənməsinin səviyyəsi üzrə beynəlxalq müqayisələr aparmaq üçün hazırda əlçatan olan göstəricilər arasında mənzərəni nisbətən daha dəqiq ifadə edənidir. AQP əmsallarının indeksləşdirməsi zamanı Vmin = 0,1, Vmax = 10 götürülmüşdür.

Xarici ticarət sub-indeksi xarici ticarətin liberallıq səviyyəsini (sağ qütb) və dövlətin bu sahədəki tənzimləmə tədbirlərinin sərtliyini (sol qütb) ölçür. Sub-indeksin sıfıra yaxınlaşması şirkətlərin xarici ticarət sərbəstliyinin artmasını, birə yaxınlaşması isə bu sahədə dövlət tənzimlənməsinin sərtləşməsini ifadə edir. Üç konseptual müddəa üzərində qurulmuşdur. Birincisi, xarici ticarət azadlığını ixracın yox, idxalın sərbəstliyi ilə ölçmək lazımdır. İkincisi, idxalın sərbəstliyi yüksəldikdə daxili bazarın qorunması, bir qayda olaraq, zəifləyir. Üçüncüsü, təbii resurs ixracının iqtisadiyyatda əhəmiyyətli paya malik olduğu ölkələrdə xarici ticarət azadlığını ixrac-idxal əməliyyatlarının mütləq və nisbi həcm göstəriciləri ilə (məsələn, ixrac və idxal həcminin ÜDM-ə nisbəti ilə) ölçmək olmaz. Xarici ticarət sub-indeksi üç alt-indeksin – Xarici ticarət azadlığı alt-indeksinin, İdxalın iqtisadi qiyməti alt-indeksinin və Ticarətin azadlığı alt-indeksinin sadə hesabi ortası kimi hesablanmışdır. Xarici ticarət azadlığı alt-indeksi Freyzer İnstitutunun eyniadlı göstəriciləri əsasında (Economic Freedom of the World 2016),[4] İdxalın iqtisadi qiyməti alt-indeksi Dünya İqtisadi Forumunun (İsveçrə) "Beynəlxalq ticarətdə iştirak" hesabatının materialları əsasında (ing. World Economic Forum – The Global Enabling Trade Report 2016)[5], Ticarətin azadlığı alt-indeksi isə Heritage Fondu ilə The Wall Street Journal’ın birlikdə hazırladığı "İqtisadi Azadlıq İndeksi" hesabatındakı eyniadlı göstəricilər əsasında (ing. 2016 İndex of Economic Freedom)[6] hesablanmışdır. Xarici ticarət azadlığı alt-indeksi üçün Vmin = 0, Vmax = 10, İdxalın iqtisadi qiyməti alt-indeksi üçün Vmin = 0, Vmax = 7, Ticarətin azadlığı alt-indeksi üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür. Alt-indekslərin sayılmasında istifadə olunan statistik mənbələrdə daha yüksək ballar daha məhdud dövlət müdaxiləsini ifadə etdiyinə görə sub-indeksin yekun qiymətləri 1-dən çıxılmaqla hesablanmışdır.

Lisenziyalaşdırma sub-indeksinin hesablanması zamanı dörd parametri nəzərə almaq lazımdır: a) lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı; b) lisenziyalaşdırılan fəaliyyət növlərinin çeşidi; c) lisenziyaların keçərlilik müddəti; ç) lisenziyaların verilmə qaydaları. Bu göstəricilər iş sahibləri üçün nə qədər əlverişlidirsə (yəni say azdırsa, çeşid məhduddursa, müddət uzundursa və qaydalar sadədirsə), iqtisadiyyat bir o qədər daha sağdadır. Lakin bu göstəricilərin heç biri üzrə elmi tutarlılığı şübhə doğurmayan dövlətlərarası müqayisə aparmaq mümkün deyil. Ona görə də lisenziyalaşdırma sub-indeksi Dünya Bankının metodologiyası əsasında – modelləşdirilmiş müəssisənin hipotetik bir tikinti üçün aldığı lisenziyalara sərf etdiyi vaxt və xərc göstəricilərinin indeksləşdirilməsi əsasında (ing. Doing Business 2016: Dealing with Construction Permits) ,[7] bu alt-indekslərin hesabi ortası kimi hesablanmışdır. Dünya Bankının istifadə etdiyi üçüncü göstərici – prosedurların sayı ümumi mənzərəni təhrif etdiyi üçün nəzərə alınmamışdır. Vaxt alt-indeksi üçün Vmin = 0, Vmax = 1000, Xərc alt-indeksi üçün isə Vmin =0, Vmax =100 götürülmüşdür.

Məşğulluğun tənzimlənməsi sub-indeksi indeksi iş sahibi ilə muzdlu işçi arasında əmək prosesinin təşkili ilə bağlı münasibətlərə dövlətin nə dərəcədə müdaxilə etməsini ölçür. Ənənəvi sosial proqramlardan fərqli olaraq, bu müdaxilə birbaşa sosial müdafiə məqsədləri güdür. İşçinin birbaşa sosial müdafiəsinin gücləndirilməsi, bir qayda olaraq, iş sahibinin sərbəstliyini məhdudlaşdırmaq hesabına başa gəlir.

İki alt-indeks – Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi və İşdənçıxarma xərcləri alt-indeksi əsasında hesablanmışdır. 2015-ci il hesabatında Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi, üç göstərici – işəgötürmənin asanlığı (çətinliyi), iş vaxtının tənzimlənməsinin sərtliyivə işdənçıxarmanın asanlığı (çətinliyi) əsasında hesablanmış, birinci alt-indeksin 3 komponentdən ibarət olduğu və məşğulluğun tənzimlənməsində bunların toplam rolunun daha yüksək olduğu nəzərə alınaraq, ona 0,75, İşdənçıxarma xərcləri alt-indeksinə isə 0,25 çəkiləri verilmişdi. 2016-cı il hesabatı hazırlanərkən iş vaxtının tənzimlənməsi ilə bağlı məlumatlar əlçatan olmadığından Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi işəgötürmə və işdənçıxarmanın asanlığı (çətinliyi) göstəricisi əsasında hesablanmış, yekun sub-indeksin hesablanmasında isə Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi və İşdənçıxarma xərcləri alt-indeksinə, uyğun olaraq 2/3 və 1/3 çəkiləri verilmişdir. Statistik mənbə Dünya İqtisadi Forumunun 2015-ci il üçün məlumat bazasıdır.[8]

Dünya Bankı biznes mühitini qiymətləndirərkən ölkələri bir növ "yaxşıdan pisə" doğru, iş adamlarına daha rahat şərait yaradanlardan onun işini tənzimləyici qaydalarla çətinləşdirənlərə doğru sıralayır. İqtisadiyyatın sağlığı-solluğu üzrə təhlillərdə "pis" və "yaxşı" ölkələr yoxdur, sağçı və solçu iqtisadiyyata malik olan ölkələr var. Birincilər üçün şirkətlərin operativ sərbəstliyi, ikincilər üçünsə işçilərin sosial müdafiəsi daha yüksək prioritetdir.

Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi üçün Vmin = 0, Vmax = 7, İşdənçıxarma xərcləri alt-indeksi üçün isə Vmin = 0, Vmax = 78 götürülmüşdür. İşdənçıxarma xərcləri alt-indeksinin baza göstəricisi işçinin işdən çıxarılma xərclərinin həmin işçinin neçə həftəlik əmək haqqına bərabər olduğunu ifadə edir. Ölkələr üzrə bu göstəricinin maksimum səviyyəsinin 58,5 olduğunu nəzərə alaraq şərti olaraq 78 həftə (1,5 ildəki həftələrin sayı) bu göstərici üçün maksimum (mütlə́q sol qütb nöqtəsi) kimi qəbul edilmişdir.

Minimum əmək haqqı sub-indeksi dövlət tərəfindən müəyyənləşdirilən illik minimum əmək haqqının adambaşına ÜDM-ə nisbətinin indeksləşdirilmiş variantıdır. Minimum əmək haqqının səviyyəsi iqtisadiyyatın solluğuna-sağlığına bilavasitə təsir edir, çünki bəzi başqa göstəricilər kimi, onun da yüksəldilməsi eyni vaxtda iqtisadiyyatın həm sollaşmasını, həm də sosialyönlüyünün güclənməsini ifadə edir.

Minimum əmək haqqının nə qanunvericiliklə, nə də kollektiv müqavilələrlə tənzimlənmədiyi ölkələrin iqtisadiyyatı bu sub-indeksə görə mütlə́q sağ qütbdə (sıfır nöqtəsində) yerləşir. Minimum əmək haqqı yalnız kollektiv müqavilələrlə tənzimləndikdə ölkənin iqtisadiyyatı şərti olaraq 0,050 nöqtəsinə, dövlət tərəfindən, amma məhdud sayda işçilər üçün müəyyənləşdirildikdə isə 0,080 nöqtəsinə qoyulmuşdur.

İllik minimum əmək haqqı üzrə statistik baza Wage Indicator[9] və Minimum-wage[10] saytlarının məlumatlarıdır. Vmin = 0, Vmax = 100 götürülmüşdür.

İqtisadiyyatın solluğu (sağlığı) indeksinin (İnteqral indeksin) hesablanması zamanı Dövlət maliyyəsi sub-indeksi digərlərindən fərqləndirilmiş və ona daha böyük xüsusi çəki verilmişdir: İS(S)İi = 0,30*DMi + 0,14*QTi + 0,14*XTi + 0,14*Li + 0,14*MTi + 0,14*MƏHi.

İS(S)İ ilə bağlı bəzi nəşrlər

[redaktə | mənbəni redaktə et]
  • İS(S)İ – 2015: İqtisadiyyatın liberallıq potensialı (Red. – N. Müzəffərli). – Bakı, "Elm və Bilik" nəşriyyatı, 2017.
  • Y. Məmmədov. İqtisadyyatın sosialyönlüyünə sağçı və solçu baxışlarla bağlı müasir araşdırma və nəticələr // AMEA-nın Xəbərləri, İqtisadiyyat seriyası, 2015, № 3.
  • М.Гюльалиев, Ш.Ибрагимов, Ф.Газиев. Определение уровня государственного вмешательства в аграрный сектор: сравнительный анализ Азербайджана с некоторыми странами // Crossref DOI: 10.18551/rjoas.2016–04.08.
  • M. Gulaliyev, N. Ok, F. Musayeva, R. Efendiyev, J. Musayeva, S. Agayeva. Economic liberalization and its impact on human development: A Comparative analysis of Turkey and Azerbaijan // International Journal of Environmental & Science Education, 2016, Volume 11 Issue 17.
  • M. Gülalıyev. Dövlət maliyyəsi sub-indeksinin iqtisadi artımla əlaqəsinin qiymətləndirilməsi (Azərbaycan və Gürcüstan üzrə müqayisəli təhlil) // AMEA İqtisadiyyat İnstitutunun "Elmi Əsərlər" Toplusu, 2016, № 2.
  • М.Гюльалиев, С.Абасова. О нижнем и верхнем пределах экономически эффективного государственного вмешательства во внешнюю торговлю // ПОЛИТЭКС (Санкт-Петербургский государственный университет), 2016, том 12, № 3.
  • М.Гюльалиев. Оценка зависимости экономического роста от государственных финансов (сравнительный анализ Азербайджана и Грузии) // "Інноваційна економіка" (Украина), 2017, № 1–2.
  • M. Gulaliyev, S. Abasova, Sh. Huseynova, R. Azizova, T. Yadigarov. Assessment of Impacts of the State Intervention in Foreign Trade on Economic Growth // Revista Espacios, 2017, No. 51, Vol. 38.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "AMEA İqtisadiyyat İnstitutu, İQTISADİYYATIN SOLLUĞU (SAĞLIĞI) İNDEKSİ, İNDEKS HAQQINDA". 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-09.
  2. 1 2 "World Economic and Financial Surveys World Economic Outlook Database". 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-11.
  3. "Paying Taxes". 2018-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-09.
  4. "Economic Freedom of the World 2016 Annual Report" (PDF). 2021-03-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-12.
  5. "The Global Enabling Trade Report 2016" (PDF). 2022-09-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-22.
  6. "2016 Index of Economic Freedom" (PDF). 2022-08-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-22.
  7. "Dealing with Construction Permits". 2018-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-09.
  8. "The Global Competitiveness Report 2015–2016" (PDF). 2019-05-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-16.
  9. "WageIndicator.org". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.
  10. "International Minimum Wage Rates 2018". 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.