Xocasadəttinzadə Mehmed Saleh Əfəndi (8 iyun 1582, İstanbul, Osmanlı imperiyası – 14 mart 1628, İstanbul, Osmanlı imperiyası ) — Osmanlı müdərrisi, qazısı və qazəsgəri. Məşhur Osmanlı şeyxülislamı Xoca Sadəddin Əfəndinin oğludur.[1]
Xocazadə Mehmed Saleh Əfəndi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (45 yaşında) |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Atası | Xoca Sadəttin Əfəndi |
8 iyun 1582-ci ildə cümə sabahı İstanbulda dünyaya gəldi. Atası məşhur Osmanlı şeyxülislamı Xoca Sadəddin Əfəndidir. İlk təhsilini atasından və Molla Tofiq Gilanidən aldı. 1604-cü ildə müdərrisliyə başlayan Saleh Əfəndi 1607-ci ildə Sahn-ı Səman mədrəsələrindən birinə, 1608-ci ilin mayında Sultan Səlim mədrəsəsinə, 1609-cu ilin martında Süleymaniyyə mədrəsəsinə təyin edildi. Ardından qazılığa yüksələn Saleh Əfəndi 1610-cu ilin mayında Salonikiyə, 1611-ci ilin sentyabrında Məkkəyə, 1612-ci ilin sentyabrında isə Qahirəyə təyin olundu. Bu vəzifədə ikən 1614-cü ilin yanvarında həcc ziyarətinə yollandı. Ziyarətin ardından həmin ilin iyununda vəzifədən alındı və bir müddət hər hansı bir vəzifəyə gətirilmədi. Ardından 1617-ci ilin aprelində Ədirnə qazılığına gətirilsə də, 1618-ci ilin oktyabrında bu vəzifədən azad olundu.
Sultan Osmanın taxtdan endirilməsi və Sultan Mustafanın ikinci dəfə taxta çıxarılmasının ardından cülus günü - 20 may 1622-ci ildə İstanbul qazısı təyin olundu. Ancaq Sultan Mustafa əleyhdarı olan qardaşı şeyxülislam Əsad Əfəndinin ertəsi gün vəzifədən alınması səbəbilə, Saleh Əfəndi də bir gün sonra vəzifədən alındı. Sultan Muradın taxta çıxmasının ardından 1623-cü ilin sentyabrında ikinci dəfə İstanbul qazılığına təyin olundu və bu vəzifəsi 1624-cü ilin aprelinə qədər davam etdi. 1627-ci ilin noyabrında Anadolu qazəsgərliyinə yüksəldi ancaq bu vəzifədə 4 ay qala bildi. 14 mart 1628-ci ildə İstanbulda tutulduğu istiska (bədənin müxtəlif yerlərində su toplanması) xəstəliyinə səbəbilə vəfat etdi. Cənazəsi atasının Əyyubsultanda inşa etdirdiyi darülkurranın həyətinə, atası və qardaşlarının yanına dəfn edildi.