Osmanlı şeyxülislamı (osman. شيخ الإسلام) — Osmanlı imperiyasında dini və hüquqi işləri yürüdən dövlət xadimi.
Lüğətlərdə “yaşlı kimsə, rəis, bilgin” mənasını verən şeyx və İslam sözlərindən ibarət şeyxülislam ifadəsi İslam dünyasında öndə gələn üləma və sufilərə verilən bir şərəf ünvanı olaraq X əsrin ikinci yarısında meydana gəlmiş, daha sonra “alimlərin ən böyüyü, rəisi” mənasını qazanaraq bir rütbə halını almışdır. XI əsrdə Xorasandakı şafilərin başındakı alimlərə şeyxülislam ünvanı verilirdi. Zamanla bu ifadə geniş istifadə edilməyə başlanmış, Məmlüklərdə din xadimlərinə verilən şərəf ünvanına çevrilmişdir. İranda isə şeyxülislamlıq Osmanlılarda olduğu kimi rəsmi bir mahiyyət qazanmış, Səfəvilər dönəmində dini məhkəmənin rəisinə verilən bir ünvan olaraq istifadə edilmişdir.
Şeyxülislamlığın dini bir vəzifə halına gəlməsi isə Osmanlıların dövrünə təsadüf edir. Osmanlılarda şeyxülislamlığın quruluş tarixi və bu vəzifəyə ilk dəfə kimin gətirilməsi ilə bağlı fərqli iddialar var. Uzun illər Bursa qazısı olan Molla Fənarinin 1425-ci ildə Bursa müftiliyinə gətirilməsi, əsasən Osmanlılarda müftilik və şeyxülislamlığın başlanğıcı olaraq qəbul edilir.[1] Ancaq bunu XVI əsrdə bütün elm sahəsini təmsil və idarə edən şeyxülislamlıq qurumu ilə eyniləşdirmək mümkün deyil. Əslində şeyxülislam ünvanı İstanbul müftisi üçün istifadə edilən bir ünvan idi və XVI əsrin əvvəllərində dövlətin daxilində aparılan yenidən təşkilatlanma ilə bürokratik bir reformasiya keçirmişdir. XVII əsrdə şeyxülislamların siyasi nüfuzu daha da artmış, daha sonralar qurum olaraq durmadan böyüyərək XIX əsrdəki islahatların ardından hökumət kabinetlərinə daxil olmağa başlamışdır.[1][2]
XV əsrdə Molla Fənari, Fəxrəddin Əcəmi, Molla Əbdülkərim, Molla Hüsrəv, Molla Gürani kimi alimlər II Murad və Fateh Sultan Mehmed dönəmlərində müftilik rütbəsinə gətirilmişdir.[3] Ancaq dövrün yazılı mənbələrində bunlardan heç biri şeyxülislam olaraq anılmamışdır. Yalnız Fateh Sultan Mehmedin təşkilat qanunnaməsində şeyxülislamın üləmanın rəisi olması ilə bağlı yazılan bölümlə bu ünvan rəsmi mahiyyət qazanmışdır.[1][4]
XVI əsrin əvvəllərində Zənbilli Əli Əfəndinin II Bəyazid və Yavuz Sultan Səlim səltənətlərindəki 23 illik (1503-1526) şeyxülislamlığı bu rütbə üçün vəzifə və öhdəliklər baxımından dönüm nöqtəsi olmuşdur. Bu istiqamətdə mühüm addımların atıldığı bu dövrdə şeyxülislamlara bəzi əlavə məsuliyyətlər verilmişdir. Məsələn, II Bəyazidin İstanbulda inşa etdirdiyi mədrəsədə şeyxülislamların dərs verməsi şərt qoyulmuş, mədrəsənin daxil olduğu Bəyazid külliyəsinə ümumi nəzarət də onlara verilmişdir. Bu dövrdə şeyxülislamlığın önə çıxmasında əlbəttə ki, Zənbilli Əli Əfəndinin şəxsi keyfiyyətləri də mühüm rol oynamışdır. Belə ki, onun Yavuz Sultan Səlimin aldığı bəzi qərarlara etiraz etməsi və sultanların həm dünyəvi, həm də dini məsələlərinə yön verilməsinin şeyxülislamların vəzifəsi olduğunu bildirməsi gələcək illərdə bu rütbənin ön plana çıxacağına işarə edir. Zənbilli Əli Əfəndidən sonra şeyxülislamlığa gətirilən Kamalpaşazadə və Sədi Çələbi vəzifə müddətləri əsnasında verdikləri fətvalar və aldıqları qərarlarla bu vəzifənin dövlət nəznindəki nüfuzunu daha da artırmışdır. Fikirləri, məsələlərə baxışı və xarakteri səbəbilə haqqında ciddi müzakirələr aparılan ilk şeyxülislam isə şübhəsiz Çivizadə Muhiddin Əfəndidir. Onun ənənə halını almış sistemə müxalif olaraq aldığı fətvalar vəzifədən alınmasına yol açmışdır. Onun İbn əl-Ərəbi, Mövlanə Cəlaləddin Rumi kimi İslam dünyasının ən tanınmış şəxsiyyətlərini ciddi şəkildə tənqid etməsi və pulun vəqf edilməsi məsələsinə qarşı çıxması üləma zümrəsində güclü qarşıdurmalara, başda Əbusuud Əfəndi olmaqla bir çox alimlə fikir ayrılığına düşməsinə səbəb olmuşdur. Hətta Rumeli qazəsgəri olan Əbusuud Əfəndi fikirlərinə qarşı olduğu şeyxülislamın bu məsələlərə dair fətvalarından bəzilərini divan məclisinə təqdim edərək bu mübahisəni dövlət məsələsi halına çevirmişdir. Bütün bu hadisələri yaxından izləyən dövrün padşahı Sultan Süleyman Qanuni isə üləmaların və vəzirlərin toplanmasını və bu məsələnin həll edilməsini əmr etdi. Nəticədə Çivizadə Muhiddin Əfəndi təqsirli qəbul edilmiş, beləcə Çivizadə vəzifədən alınan ilk Osmanlı şeyxülislamı olmuşdur. Əbusuud Əfəndinin şeyxülislamlığı əsnasında bu quruma bəzi bürokratik dəyişikliklər edilmiş, onun 23 il davam edən şeyxülislamlığı bu qurumda dərin izlər buraxmışdır. Şeyxülislam olaraq təsdiq etmədiyi qərarlara “Nâ-meşrû nesneye emr-i sultânî olmaz” (“Qanuni olmayan şeylər sultan əmriylə olmaz”) deyərək qarşı çıxmış, buna baxmayaraq yazdığı fətvalarda və aldığı qərarlarda dövlətin təməl prinsiplərinə riayət etmişdir. Beləcə, şeyxülislamlığın siyasi gücü ön plana çıxmışdır.[5]
XVI əsrin ortalarında inzibati vəzifələri artan şeyxülislamlar əsrin sonlarında dövlətin siyasi həyatında sədrəzəmlərlə bərabər rol oynamağa başlamışdır. XVII əsrdə dövlət təşkilatında yaranan dəyişiklik və zəiflik, elm sahəsinə, eləcə də onun başındakı şeyxülislamlığa təsir etmişdir. Şeyxülislam Xocazadə Mehmed Əfəndi üləma iyerarxiyasını qorumağa çalışmış, bu istiqamətdə vəzirlərlə ziddiyyət yaranmışdır. Ordu mənsublarının iqtidarda söz sahibi olduğu, sultanların taxtdan devrildiyi bu dönəmlərdə şeyxülislamların vəziyyəti də dəyişməyə başladı. Ədirnə hadisələri (1703) və Patrona Xəlil üsyanlarında (1730) şeyxülislamların siyasətə qarışması bu qurumun önəmli həcmdə nüfuz itirməsinə səbəb olmuşdur. XIX əsrdə yeniçəri ocağının ləğvindən sonra şeyxülislamın və üləma zümrəsinin gücü azalmağa başlamış, Tənzimat dönəmi və ikinci məşrutiyyətin ardından bu vəziyyət daha açıq hal almışdır.[6]
Osmanlı tarixi boyunca şeyxülislamların təyinatı sultanla sədrəzəmə bağlı bir məsələ olmuşdur. Elm sahəsinin sabit inkişaf keçirdiyi XVI əsrdə şeyxülislamların təyini, müəyyən bir təhsil və təcrübəyə xas olan üləmalar arasından sədrəzəmin təklifi və sultanın təsdiqi ilə baş tuturdu. Bu dönəmdə Rumeli qazəsgərlərinin şeyxülislamlığa gətirilməsi adət halını almışdır. Daha öncəki dönəmlərdə isə tanınmış bir alimin qazəsgərlikdən, qazılıqdan, hətta müdərrislikdən müftiliyə yüksəlməsi müşahidə edilmişdir. Belə ki, Molla Fənari müdərris və Bursa qazısı ikən, Fəxrəddin Əcəmi isə Ədirnədə müdərris ikən müftiliyə gətirilmişdir. Zənbilli Əli Əfəndi müdərrislikdən azad edilməsinin ardından, daha öncə qazəsgər olan Kamalpaşazadə isə müdərrislikdən birbaşa şeyxülislamlığa təyin edilmişdir. Rumeli qazəsgərliyindən birbaşa şeyxülislamlığa təyin edilən ilk şəxs isə Əbusuud Əfəndidir.[5] Bundan sonra Rumeli qazəsgərliyindən şeyxülislamlığa keçid ənənə halını almışdır.
Qurumun 5 əsrlik tarixi boyunca 131 müfti və şeyxülislam xidmət etmişdir. Bunlar arasında ən uzun müddət vəzifədə qalan Əbusuud Əfəndi (29 il), ən qısası isə Məmikzadə Mustafa Əfəndidir (13 saat). XVI əsrin sonlarından etibarən bəzi alimlər bu vəzifəyə bir neçə dəfə gəlməyə başladılar. Bunun ən tipik nümunəsi isə 1599-1608-ci illərdə 4 dəfə şeyxülislam olan Hacı Sunullah Əfəndidir. Dürrizadə Mustafa Əfəndi də təcrübəsi və nüfuzu sayəsində 1756-1774-cü illərdə 3 dəfə bu vəzifəyə təyin edilmişdir. Öncəki zamanlarda ömür boyu verilən bu rütbə, XVII əsrdən etibarən şeyxülislamlar tez-tez dəyişdirilməyə başlanmışdır. Onların vəzifədən alınmaları isə üsyana bilavasitə qarışma və ya tərəf tutma, sədrəzəmlə uyuşmazlıq, təyinat məsələlərinə qarışma, siyasi çəkişmə, iqtisadi və siyasi məsələlərdə müxalifət aparma, yaşlılıq və ya xəstəlik səbəblərinə əsaslandırılmışdır. Şeyxülislamların vəzifədən alınması onlara baş çavuş vasitəsilə bildirilirdi. Ancaq Başmaqçızadə Əli Əfəndi və Dürrizadə Mustafa Əfəndi nümunəsində olduğu kimi, sultanın dəyər verdiyi bəzi şeyxülislamlara bu xəbər rəisülküttab tərəfindən bildirilmişdir. Ənənəyə görə, üləma zümrəsindən olanlara verilən ən böyük cəza vəzifədən alınma və sürgün edilmədir. Bununla yanaşı Osmanlı tarixində bəzi istisna hallar müşahidə edilmişdir. Ahizadə Hüseyn, Xocazadə Məsud və Seyid Feyzullah Əfəndi törətdikləri fəsadlıqlar və siyasətə qarışmaları səbəb göstərilərək ölümlə cəzalandırılmışdır.
Dövlət iyerarxiyasında şeyxülislamlar gəliri ən yüksək olanlar arasında yer alırlar. XVI əsrin sonlarından etibarən maaşla birlikdə, arpalıq deyilən iqta torpaqlarının verilməsinə də başlanılmış, ilk arpalıq məhz Bostanzadə Mehmed Əfəndiyə verilmişdir. Bununla bağlı verilən fərmanda Bostanzadəyə 50 min axcalıq arpalıq verildiyi qeyd edilir. 1603-cü ildə şeyxülislam olan Əbülməyamin Mustafa Əfəndiyə indiki şimali Makedoniya ərazisindən 60 min axcalıq arpalıq verilmiş, 1604-cü ildə isə 600 axca təqaüdlə vəzifədən alınmışdır. Vəzifədən alınan şeyxülislama maaş və ya arpalıq şəklində ödəmə verilir, ölümündən sonra bunun bir qismi ailəsinə, geri qalanı isə xəzinəyə təhvil verilirdi. Vəzifədən alınan şeyxülislamlar, onlara verilən arpalıqlara şəxsən getməmiş, bunun yerinə naiblərini göndərmişdir. Buna baxmayaraq bəzi zamanlar bu qərara ciddi nəzarət edilmişdir. Belə ki, Həmidizadə Mustafa Əfəndi verdiyi fətvayla sabiq şeyxülislamları arpalıq olaraq aldıqları əyalətlərə məcburi şəkildə göndərmiş, bu vəziyyət üləma arasında narazılıqlara və Həmidizadənin vəzifədən alınmasına yol açmışdır.
Şeyxülislamın protokol və iyerarxiyadakı yerini göstərməsi baxımından Fateh qanunnaməsi ilk rəsmi sənəd olaraq qəbul edilir.[4] Burada şeyxülislamın üləmanın rəisi olduğu və sədrəzəmin şeyxülislama, eləcə də sultanın müəllimlərinə təşrifat sırasında özündən öndə yer verməli olduğu qeyd edilir.[7] XVI əsr sədrəzəmlərindən Lütfi Paşanın yazdığı “Asəfnamə” əsərində sədrəzəmlərin Qurban və Ramazan bayramlarında və ya xəstəlik halında şeyxülislamı ziyarət etməli olduğu, sultanın müəllimlərinin protokolda şeyxülislamlardan daha üstün olduğu ifadə edilir.[8] Sədrəzəmlərin şeyxülislamları ziyarəti, ilk dəfə 1584-cü ildə sədrəzəm Özdəmiroğlu Osman Paşanın III Muradın əmriylə Çivizadə Mehmed Əfəndini ziyarətiylə başlamış, sonrakı illərdə bu ənənə halını almışdır. Osmanlı bürokratiyasında, demək olar ki, bütün yüksək vəzifələrə tədbiq edilən payə sistemi (namizəd göstərmə) yalnız sədarət və şeyxülislamlığa aid edilməmişdir. İstisna hal kimi Qaraçələbizadə Əbdüləziz Əfəndi 1649-cu ildə Rumeli qazəsgəri ikən yazdığı əsəri IV Mehmedə təqdim etmiş, əsəri bəyənən sultan tərəfindən şeyxülislamlıq payəsi ilə təltif edilmişdir. Sultanın müəllimi əgər şeyxülislamlığa təyin edilirsə, “camiur-riyasəteyn” ünvanı alırdı. Xoca Sadəttin, Seyid Feyzullah və Həsən Fəhmi Əfəndi bu ünvanla anılmışdır. Bəyəfəndi ünvanı isə adətən paşa nəvəsi olanlara verilirdi. İvazpaşazadə İbrahim, Arif Hikmət, Əhməd Muxtar, Pirizadə Sahib və Dürrizadə Abdullah Əfəndi bu ünvandan istifadə etmişdir.[9]
Fətvalar adətən fətva əminləri tərəfindən yazılır, cavab bölümləri isə şeyxülislam tərəfindən yazılaraq şəxsən imzalanırdı. Dürri Mehmed Əfəndi 1736-cı ildə iflic keçirməsinin ardından fətvaları imzalamaqda çətinlik çəkmiş, bu səbəblə I Mahmud hazırlanan sənədləri möhürlə təsdiqləməsi üçün xüsusi icazə vermişdir. İmza yerinə möhür istifadə edən başqa şeyxülislamlar da olmuşdur.
Şeyxülislamlar başlarına üləmaya xas olan ağ dolama başlıq taxır, bunlar arasından seyid olanlar bu başlığa yaşıl tül dolayırdılar. Mərasim geyimi olaraq isə samur kürklə bəzədilən və “fərveyi bəyza” adlanan ağ xələt geyinilirdi. Vəzifəyə yeni gətirilən şeyxülislamlar saraya çağırılır, təyinatla bağlı məlumat verilir və mərasimlə “fərveyi bəyza” deyilən mərasim geyimi geyindirilirdi. Bayramzadə Zəkəriya Əfəndinin şeyxülislamlığa təyini üçün tərtib olunan mərasimi detallı şəkildə qeyd edən tarixçi Saloniki, mərasim geyimli 10 çavuşun şeyxülislamı evindən alaraq divanxanaya gətirdiyini yazır. Dürrizadə Ataullah Əfəndi 1783-cü ildə saraya dəvət edilərək sədrəzəm Xəlil Həmid Paşanın da iştirak etdiyi mərasimlə şeyxülislamlığa yüksəldi. Rumeli hisarı yaxınlığındakı köşkü uzaq olduğu üçün təbrik mərasimi keçmiş şeyxülislamlardan Şərif Əfəndinin Fatehdəki köşkündə keçirildi. Şeyxülislamların vəfatı zamanı xüsusi bir mərasim keçirilir, cənazə namazları adətən Fateh məscidində qılınırdı.
Şeyxülislamların ən təməl vəzifəsi onlara verilən dini, siyasi və dünyəvi məsələlərlə bağlı suallara hənəfi məzhəbinə uyğun fətva verməkdir. Bundan başqa şeyxülislamların saray çevrilişlərini dəstəkləyən fətvalar verdiyi də görülmüşdür. Sultan İbrahimin taxtdan devrilməsi əsnasında şeyxülislam Əbdürrəhim Əfəndi yeniçərilərin və üləmanın dəstəyini alaraq öncə sultanın devrilməsi, daha sonra isə qətlə yetirilməsi üçün fətva yazmış, üstəlik edam əsnasında da cəlladın yanında şəxsən dayanmışdır. Son dönəmdə Sultan Əbdüləziz və V Muradın devrilməsi üçün şeyxülislam Xeyrullah Əfəndinin verdiyi 2 fətva və şeyxülislam Ziyaəddin Əfəndinin II Əbdülhəmidlə bağlı verdiyi fətvalar gücü əlində tutan siyasi qrupların şeyxülislamlığı əlində oyuncağa çevirdiyinin açıq sübutudur.[10] Birinci Dünya müharibəsi üçün verilən 5 fətva, Sultan Vahidəddinin devrilməsi üçün verilən fətva və Milli Mübarizə əleyhinə Dürrizadə Abdullah Bəyəfəndinin fətvası bu baxımdan görülən son nümunələrdir.
Şeyxülislamlara xüsusilə hökumət kabinetlərinə üzv olduqları son illərdə bəzi əlavə vəzifələr də verilmişdir.[2] Sədrəzəm Kürəkən Fərid Paşanın ilk Paris səyahəti əsnasında Mustafa Sabri Əfəndi, ikinci səyahətində isə Dürrizadə Abdullah Bəyəfəndi sədarət vəkili olmuşdur.
Şeyxülislamlıq, Cümhuriyyətin quruluş illərində Türkiyə Böyük Millət Məclisi tərəfindən öncə Əvkaf Nəzarətinə çevrilmiş, 1924-cü ildə xilafətin ləğvindən sonra isə Diyanət işləri rəisliyinə tabe edilmişdir.