Northrop YF-23 Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin sifarişi ilə hazırlanmış amerikan istehsalı tək pilotlu, cüt mühərrikli stels (Stealth) təyyarədir. Bu təyyarə ABŞ Müdafiə Nazirliyinin yeni nəsil təyyarəsi üçün keçirilən Təkmil Taktiki Döyüşçü tenderini qazanmaq uğrunda Lockheed YF-22-ə qarşı mübarizə aparmışdır. Yalnız 2 prototipi hazırlanmışdır: Kod adları, Black Widow II (Qara Dul 2) və Gray Ghostdur (Boz Ruh).
YF-23 | |
---|---|
Hazırlayan | Northrop Grumman |
İstehsalçı | Northrop Corporation, McDonnell Douglas |
İlk uçuş | 27 avqust 1990 |
İstismara verilmə tarixi | 1991 |
Buraxılış sayı | 2 |
Vikianbarda əlaqəli mediafayllar |
1980-ci illərdə ABŞ HHQ SSRİ-nin qabaqcıl Sukhoi Su-27 və onun tamamlayıcısı olan MiG-29-a qarşı mübarizə aparmaq üçün yeni nəsil təyyarə yaratmaq qərarına gəldi. Amerikanın ən qabaqcıl aviasiya şirkətləri ABŞ HHQ-nin müraciətinə cavab olaraq bir neçə dizayn təklif etdi. HHQ bunlardan yalnız Northrop və Lockheedin dizaynlarını növbəti mərhələyə qəbul etdi. Daha sonra sırf bu tender üçün Northrop McDonnel Douglas aviaşirkəti ilə, Lockheed isə Boeing və General Dynamicslə əməkdaşlığa getdi. YF-23 YF-22-ə nisbətən daha kiçik radar izli və daha sürətli olsa da ondan daha az cəld idi. 4 illik təkmilləşdirmə-qiymətləndirmə mərhələsindən sonra ABŞ HHQ YF-22-ni 1991-ci ildə qalib elan etdi və nəticədə YF-22 istehsala F-22 adı ilə girdi. ABŞ Hərbi Dəniz Qüvvələri TTD proqramından həm də F-14 təyyarələrinin əvəzlənməsi üçün istifadəni planlaşdırırdı, lakin bu plan sonradan ləğv edildi. İstehsal olunan 2 prototip hal-hazırda muzey eksponatıdır.
1978-ci ildə Amerikanın kəşfiyyat peykləri SSRİ ərazisində hərbi bazada uçuş zolaqlarında 2 yeni müəyyən edilməmiş təyyarə aşkarlayır, və sonradan bəlli olur ki, bu təyyarələr SSRİ-nin ən qabaqcıl Su-27 və MiG-29 təyyarələridir. Hər iki yeni təyyarənin müasir Amerikan təyyarələrinin manevrlilik üstünlüyünü kəskin şəkildə azaldacağı gözlənilirdi. Artıq 1981-ci ildə HHQ hələ yenicə orduya qəbul olunmuş F-15-lərin əvəzlənməsi üçün aerokosmik kompaniyalara TTD proqramındakı təyyarənin malik olmalı xüsusiyyətlər barədə məsləhət almaq üçün müraciət etdi. Aerokosmik kompaniyalarla məsləhətləşmələrdən sonra TTD təyyarəsinin hava-hava istiqamətində ixtisaslaşması qərara alındı. Yeni təyyarə ən son ixtiralarla təchiz olunmalı, yeni nəsil kompozit və daha yüngül materiallardan istifadə edilməli, təkmil uçuş idarə sistemləri, daha güclü mühərriklər və ən əsası stels texnologiyasından (radara düşməmək) istifadə edilməli idi. 1986-cı ildə HHQ aerokosmik kompaniyalara öz layihələrini verməklə bağlı göstəriş verdi. Bunlarla eyni zamanda ABŞ Hərbi Dəniz qüvvələri də TTD proqramının bazasında Donanma Təkmil Taktiki Döyüşçü proqramını elan etdi. Donanma Hərbi Hava Qüvvələri üçün yaradılacaq yeni təyyarənin bazasında yaradılacaq təyyarəni F-14-ləri əvəz etmək üçün istifadə edəcəkdi. TTD proqramına 750 təyyarə, DTTD proqramına isə 546 təyyarə sifariş ediləcəkdi.
1986-cı il İyulda Lockheed, Boeing, General Dynamics, Northrop, Grumman və Rokwell tərəfindən HHQ-yə TTD layihələri təqdim edildi. Lakin ikisi sonradan çıxarıldı. Bundan sonra TTD proqramında iştiraklarını davam etdirmək və xərcləri azaltmaq üçün Lockheed Boeing və General Dynamicslə əməkdaşlığa, Norhtrop isə McDonnel Douglasla əməkdaşlığa getdi. Lockheed və Northropun layihələri 31 Oktyabr 1986-cı ildə finalist kimi seçildi. Hər iki komandaya öz təyyarələrinin prototiplərini yaratmaq üçün 50 ay verildi. Verilən müddətə hər iki kompaniya öz prototiplərini hazırladı: Lockheedin dizaynı YF-22, Norhtropun dizaynı isə YF-23 adlandırıldı. YF-23 HHQ-nin əsas tələbləri olan dözümlülük, superkruiz(təyyarənin forsaj rejimini istifadə etmədən səsdən sürətli uçması), stels və baxımının rahat olması tələbatlarına uyğun olmaq üçün dizayn edilmişdi. Norhtrop özünün B2 və F/A-18-də əldə etdiyi təcrübələrindən YF-23-ün radar və infraqırmızı (istilik izi) izinin azaldılmasında istifadə etdi.
İlkin olaraq HHQ təyyarənin 610 metr məsafədə dayanması tələbini ortaya qoymuşdu. Bu tələb də öz növbəsində təyyarələrdə mühərriklərin əks tərəfə itələmə gücü funksiyasını da məcbur etmişdi. Sonradan enmə məsafəsinin 914 metr məsafəyə kimi artırılması əks tərəfə itələmə gücü funksiyasını ləğv etdi. Bu da öz növbəsində planlaşdırılandan daha kiçik mühərrik qutularına şərait yaratdı. İlk YF-23 prototipi (87-0800 seriya nömrəli) 1990-cı ilin İyunun 22-də təqdim olundu. O 27 Avqustda 50 dəqiqəlik ilk uçuşunu etdi. İkinci YF-23 Oktyabrın 26-da ilk uçuşunu etdi. Birinci YF-23 Boz rəngli boya ilə rənglənmişdi və “Spider” (hörümçək) adlandırmışdı. Birinci prototipin ikinci ləqəbi isə Norhtropun əfsanəvi 2-ci dünya müharibəsi təyyarəsi olan Norhtrop P-61 Black Widow-un şərəfinə Black Widow II adlandırıldı. İkinci prototip bozun 2 müxtəlif çaları ilə rəngləndi və “Gray Ghost” (boz ruh) adlandırıldı.
YF-23 görünüşünə görə dövrünün təyyarələrindən çox fərqlənirdi: Almaz şəkilli qanadlar və V şəkilli arxa quyruq qanadlar. Kukpit pilotun görüşünün yaxşı olması üçün təyyarənin burun hissəsinə yaxın qoyulmuşdur. Təyyarə 3 təkərli enmə sistemi ilə təchiz olunmuşdur. Silah anbarı burunla arxa enmə təkəri arasında yerləşdirilmişdir.
İlk YF-23 Pratt &Whitney mühərrikləri ilə 18 sentyabr 1990-cı ildə Mach 1.43 (Səsdən 1.43 dəfə sürətli. 1 Mach = Səs sürətindən bir dəfə sürətli uçmaq)sürətilə superkruiz etmişdir. İkinci prototip General Electric mühərrikləri ilə Mach 1.6 sürətilə superkruiz etmişdir. Müqayisə üçün YF-22 Mach 1.58 sürətilə superkruiz etdi. YF-23 forsaj rejimi ilə Mach 1.8 sürətinə çatdı. Testlərdə əldə edilən maksimal hücum bucağı 25 dərəcə oldu. Maksimum sürəti hələ də gizli saxlanılsa da bir çox mənbə bunun Mach 2-dən yuxarı olduğunu bildirirdilər.
Təyyarənin silah sistemləri atış üçün uyğunlaşdırılsa da test zamanı heç bir atış həyata keçirilmədi. Lakin Lockheed YF-22 testlər zamanı AIM-9 Sidewinder və AIM-120 AMRAAM raketlərini buraxdı. Döyüş şəraitini canlandırmaq üçün gərginlik testləri zamanı birinci prototip 10 saatlıq müddətdə ardıcıl olaraq 6 uçuş həyata keçirdi. Hər iki prototip ümumilikdə 65.2 saat olmaqla 50 dəfə uçuş həyata keçirdilər. Keçirilən testlər Northropun proqnozlaşdırdığı performans göstəricilərini təsdiqlədi. Ümumi TTD proqramının testlərinin nəticəsində isə YF-23-ün daha gizli və sürətli, lakin YF-22-nin daha cəld olduğu müəyyənləşdirildi. 1990-cı ilin Dekabrında hər iki komanda testlərin nəticəsini və özlərinin təkliflərini tam şəkildə ABŞ Hərbi Hava Qüvvələrinə təqdim edilər. 1991-ci ilin Aprelin 23-də isə HHQ başçısı Donald Rice YF-22-ni qalib elan etdi. Bundan sonra YF-22-nin adı ordu standartlarına uyğun olaraq F-22 ilə əvəzləndi. Pratt&Whitney YF119 mühərrikləri F-22 modelinin istehsal versiyası üçün seçildi. Lockheed və Pratt&Whitney dizaynları daha yaxşı texniki göstəricilərlə yanaşı daha az risklərə malik idi. YF-22 Donanmanın DTTD proqramına uyğunlaşdırıla bilsə də ABŞ Hərbi Dəniz Qüvvələri 1992-ci ildə DTTD proqramını ləğv etdi.
Tenderdən sonra hər iki YF-23 NASA-nın Dryden Flight Research Center bazalarına mühərrikləri çıxarılmış formada göndərildi. NASA o təyyarələrdən öz məqsədləri üçün istifadə etməyi planlaşdırsa da bu sonradan ləğv olundu.
İndinin özündə də TTD proqramının qalibi kimi YF-23-ün seçilməməsi çox mübahisəli məsələdir: YF-23-ün çox daha üstün olduğunu düşünənlər hələ də az deyil. Lockheed-in hərb tarixində bir çox əfsanəvi modelləri, məsələn çox yüksək hündürlükdə (21.000 metr) uçan kəşfiyyat təyyarəsi U-2 “Dragon Lady”, ilk praktiki olaraq radara düşməyən təyyarə F117, səsdən 3.3 dəfə sürətli uçan, bütün tarixin ən sürətli kəşfiyyatçı təyyarəsi SR-71 istehsal etməsi onun ABŞ HHQ-nin qabağında nüfuzunun daha güclü olmasına gətirib çıxarır. Buna əlavə olaraq YF-22-nin baxımının daha az bahalı olacağı qənaətinə gəlinmişdi. Lakin real praktikada isə müşahidələr onu göstərdi ki, F-22 ABŞ HHQ-nin ən çox xərc tələb edən təyyarələrindən biri oldu: Havada olduğu hər saata görə ortalama 68.378 dollar və 43 saatlıq inspeksiya. Eyni zamanda da paralel olaraq ABŞ Müdafiə Nazirliyinin Uzun Məsafəli Bombardmançı proqramının Northropa verilməsi digər Təkmil Taktiki Döyüşçü proqramının da ona verilməsinə maneçilik göstərdi. Çünki Bir kompaniyanın iki proqramı eyni zamanda müvəffəqiyyətlə idarə edə bilməyəcəyi riski var idi. Həm də aerokosmik kompaniyalar arasında maliyyə gücü balansını saxlamaq məqsədilə proqramın Lockheedə verilməsi anlaşılandır.
2004-cü ildə Northrop Grumman YF-23-ün bazasında ortamənzilli bombardman təyyarəsi konsepsiyası təklif etdi. Northrop YF-23-ün 2-ci prototipini bombardmançı versiyası üçün baza kimi götürdü. Mümkün geridönüş ideyası 2006-cı ildə ABŞ-də müdafiə xərclərinə yenidən baxış zamanı ortadan qaldırıldı: ABŞ hökuməti daha uzun məsafəli bombardmançı layihəsinin üstündə dayandı. Bundan sonra Yeni Nəsil Bombardmançı proqramına start verildi
Ekipaj: 1
Uzunluq: 20.6 metr
Qanad ölçüsü: 13.3 metr
Maksimal sürət: Mach 2.2 (2300 kilometr/saat)
Kruiz Sürəti: 950 km/s
Döyüş radiusu:1300–1500 km
Uçma hündürlüyü: 20.000 metr
Maksimal G yükü (Manevr Qabiliyyəti): +6G
Boş çəkisi 13.1 ton
Yüklü çəkisi: 23.327 kq
Maksimum qalxma çəkisi: 29000 kq
Mühərrik: 2 x Pratt&Whitney YF119: forsajla 156 KN
və ya General Electric YF120 mühərrikləri: forsajla 160 KN .
Güc/Çəki nisbəti:
Döyüş formatında və 52% yanacaqla: 1.19
Normal çəkidə: 1.05
Maksimal çəkidə: 0.96
Avionika:
Radar APG-77: 210 kilometr maksimal (270-300 kilometr iddia edilən mənbələr də var)
Radarın Gücü: 16.5 kVT
Silahlanma:
1 ədəd 20 mm M61 Vulcan
Hava- Hava raketləri(Tam siyahı dəqiq deyil): AIM-120, AIM-7 Sparrow, AIM-9 Sidewinder