Yanğın — maddi nemətlərin məhv olması ilə nəticələnən, idarə oluna bilməyən, insan həyatı üçün təhlükəli yanma prosesidir. Yanğında baş verən əsas fiziki-kimyəvi hadisələr yanar maddələrlə hava oksigeni arasında kimyəvi reaksiya getməsi, çoxlu istilik ayrılması və yanma nəticəsində əmələ gələn qazların intensiv mübadiləsidir.[1] Yanğın çox vaxt odla ehtiyatlı davranılmaması, yanğına qarşı tədbirlərə düzgün əməl edilməməsi, materialların öz-özünə alışıb yanması, statik elektrik boşalmaları və ildırım düşməsi nəticəsində baş verir, bəzən də cinayətkarlıqla qəsdən törədilir. Yanğın zamanı tüstü ilə havaya qalxan yanma məhsullarının çoxu (xüsusən polimer maddələr yandıqda) orqanizmə zəhərləyici təsir göstərir. Bəzi hallarda natamam yanma məhsulları (məs., karbon 2-oksid) oksigenlə partlayış cəhətdən təhlükəli qarışıq əmələ gətirir.
Yanğından mühafizə insanların həyatının, dövlət və ictimai mülkiyyətin, vətəndaşların şəxsi mülkiyyətinin yanğından mühafizəsinə yönəldilmiş dövlət və ictimai tədbirlər sistemi; yanğınla mübarizəni həyata keçirən təşkilatdır. Yanğından mühafizənin əsas məqsədi yanğın profilaktikasıdır. Yanğının söndürülməsini yanğınsöndürən texnikasından istifadə edən Yanğından mühafizə dəstələri həyata keçirir. Azərbaycanın bütün şəhərlərində müasir yanğınsöndürmə texnikası ilə təchiz olunmuş peşəkar Yanğından mühafizə dəstələri xidmət göstərir.