Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.
"Günəşli" neft yatağında yanğın — 2015-ci ilin 4 dekabr tarixində baş verib. Hadisə "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermişdir. Hadisə nəticəsində 63 nəfər zərər çəkmişdir. Onlardan 16 nəfər dünyasını dəyişmişdir. 17 nəfər itkin düşmüşdür. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunmuşdur.
Günəşli neft yatağında yanğın 4 dekabr 2015-ci ildə 17ː40 radələrində başlamışdır. Hadisəyə ilkin səbəb olaraq o göstərilir ki saat 17ː40 radələrində nəhəng dalğalar Dövlət Neft Şirkətinin "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırmış, nəticədə boru kəmərini zədələmiş və şiddətli yanğın baş vermişdir. Yarana biləcək fəsadların qarşısını almaq məqsədilə 10 saylı dərin dəniz özülünə gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılmış, özüldə istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı dayandırılmışdır.
Təlimata və təxliyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədilə işçilər özüldəki iki xilasedici qayığa minmiş və qayıqları aşağı buraxmışlar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılmışdır. Qəza baş verəndən 15–25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin "Günəşli" yatağında növbədə olan "Vixr-9" yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə "Vixr-5" yanğınsöndürən, "Avior" dalğıc, "Samir Quliyev" yedək gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlamışdır. Eyni zamanda, "Azəri-Çıraq-Günəşli" yataqlarında növbədə olan müasir naviqasiya sistemi ilə təchiz edilmiş "Topaz-Diqnizi", Endeavour", "Protektor", "Lənkəran" gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunmuşdur. Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9–10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməmişdir. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz etmişdir. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirmişdir. Təqribən 22.45 radələrində güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılmış və qayıq, içindəki adamlarla birlikdə dənizə düşmüşdür. Yaxındakı gəmilər vasitəsilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olmuşdur. Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyə işlərinin hava işıqlandıqdan sonra davam etdirilməsi qərara alınmışdır.
5 dekabr
5 dekabr tarixində ağır hava şəraitinin hələ də davam etməsinə baxmayaraq, ikinci xilasetmə qayığındakı işçilərin təxliyə edilməsi əməliyyatı həyata keçirilmişdir. Belə ki, saat 08.02-də Fövqəladə Hallar Nazirliyinə məxsus, göyərtəsində 15 xilasedici olan 2 ədəd helikopter hadisə yerinə cəlb olunmuşdur. Lakin yüksək temperaturdan helikopterlər özüldə eniş edə bilməmiş, 3 və 5 saylı qonşu özüllərə enmişdir. Bir qədər sonra FHN-in həmin xilasedicilərinin bir qrupu "AZAL" QSC-yə məxsus helikopterlə, digər qrupu isə "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Müslüm Maqomayev" gəmisi ilə özülə çıxmış, qayıqdan 26 nəfər, özüldən 3 nəfəri təxliyə edərək həmin gəmiyə götürüblər. Beləliklə, cəmi 33 nəfər təxliyə edilib, 1 nəfərin isə cəsədi sudan çıxarılıb.
6 dekabr
6 dekabr tarixində səhər radələrində Dövlət Neft Şirkətinin yaydığı məlumatda qeyd edilib ki gecə ərzində itkin düşənlərin cəsədi tapılmamışdır və xilas etmə işləri fasiləsiz olaraq davam edir. Bu hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezident İlham Əliyevin qərarı ilə həmin gün Azərbaycanda matəm günü elan olunmuşdur.[1] Həmin gün həm də itkin düşmüş iki nəfər Ramiz Nüsrəddin oğlu Həsənov və Zaur Vahid oğlu Həsənovun cəsədləri sudan çıxarılmışdır.
7 dekabr
7 dekabr tarixində sudan daha 6 nəfərin cəsədi çıxarılmışdır.
5 dekabr tarixində saat 19.00 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəsmi internet səhifəsində itkin düşənlərin və xilas olunanların siyahısı açıqlanmışdır. Siyahıda ilk olaraq 32 nəfərin adı göstərilmişdir.
Həmin gün isə saat 21.22 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının baş direktorunun müavini Nadir Mehdiyev 33 nəfər yaralının 6 nəfərinin vəziyyətinin ağır olduğunu deyib.[3]
5 dekabr tarixində saat 19.00 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəsmi internet səhifəsində itkin düşənlərin və xilas olunanların siyahısı açıqlanmışdır. Siyahıda 30 nəfərin adı göstərilmişdir.[3] 6 dekabr tarixində isə itkin düşən 30 nəfərdən 2 nəfərin cəsədi tapılmışdır. 7 dekabrda isə daha 28 nəfərdən 6 nəfərin cəsədi tapılaraq çıxarılmışdır.
İman Şura oğlu Qasımov (48 yaş) (tapılıb)
Mübariz Dilqəm oğlu Qasımov (57 yaş) (tapılıb)
Edik Rivazin oğlu Rzaxanov (32 yaş) (tapılıb)
Tural Fətəli oğlu Babazadə (22 yaş)
Əzizağa Nöhbala oğlu Quliyev (62 yaş) (tapılıb)
Elşad Balaoğlan oğlu Rəsulov (44 yaş) (tapılıb)
Bayram Mirzəağa oğlu Qasımov (37 yaş)
Adil Ələkbər oğlu Abdullayev (62 yaş) (tapılıb)
Əbdüləziz İsmayıl oğlu Əbdüləzizov (61 yaş) (tapılıb)
İzzət Qəmbər oğlu Şirəliyev (42 yaş)
Qəmərşah Nəcməddin oğlu Nəcməddinov (37 yaş)
Seyfəddin Abil oğlu Niyazov (47 yaş)(tapılıb)
İnqilab Osman oğlu İskəndərov (58 yaş)(tapılıb)
Oleq Akim oğlu Mayborda (44 yaş)(tapılıb)
Canbaxış Əhməd oğlu Əhmədov (53 yaş)
Xalid Bəşir oğlu İbrahimov (44 yaş)
Vəli Kişikağa oğlu Cəriyev (48 yaş)(tapılıb)
Bəhlul Sirac oğlu Hüseynov (46 yaş)
Xoşbəxt Xanış oğlu Səmədov (34 yaş)(tapılıb)
Zaur Arif oğlu Xəlilov (40 yaş)
Sahib Güloğlan oğlu Sahmarov (42 yaş) (tapılıb)
Əyyub Xəlil oğlu Əliyev (42 yaş) (tapılıb)
2020-ci ilin may ayında Xəzər dənizində boru kəmərlərinin monitorinqi həyata keçirilən zaman 190 metr dərinlikdə kəmərin alt hissəsində qəza zamanı itkin düşmüş iki nəfərin meyiti tapılıb. Tapılan meyitlər 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğluna və 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğluna məxsusdur.[4] Növbəti ayda itkin düşmüş daha iki nəfərin meyiti tapılıb. Meyitlərdən biri 1971-ci il təvəllüdlü Rəsulov Elşad Baloğlan oğluna məxsusdur.[5]
5 dekabr 2015 saat 22.17-yə olan məlumatda qeyd edilib ki daha 1 nəfər xilas olunub. Onun kimliyi Bəxtiyar Söhrab oğlu Ələkbərovdur. Xilas olunmuş neftçi Respublika Yanıq Mərkəzinə aparılıb.
5 dekabr 2015 saat 23.20-yə olan məlumatda 8 nəfərin müayinədən keçirildiyi bildirilmişdir.[6]
Mərdan Rəcəbov — Qabırğa sınığı
Allahverdi Məmmədov- Bazunun sınığı
Məlahət Əliyeva — Bel fəqərəsinin sınığı
Rəşid Hüseynov — Kəllə beyin silkələnməsi
Mais Abbasov — Alın nahiyəsinin kəsilmış-cırılmış yarası
Ənvər Əliyev — Alın nahiyəsinin burun göz altı yarası
6 dekabr 2015 saat 11.22 radələrində itkin düşmüş Ramiz Nüsrəddin oğlu Həsənovun meyiti tapılmışdır və oğluna təhvil verilmişdir.[2]
6 dekabr 2015 saat 14.12 radələrində itkin düşmüş Zaur Vahid oğlu Həsənovun meyiti tapılmışdır və ailəsinə təhvil verilmişdir.[7]
7 dekabr 2015 saat 16.02 radələrində itkin düşmüş daha 6 nəfərin meyitini tapmışdırlar. Onlardan 2 nəfərin kimliyi məlumdur. Bunlar Fuad Tahir oğlu Tağıyev və Ağa İzzət oğlu Mahmudovdur.[8]
27 dekabr 2015 tarixində Qasımov İman Şura oğlunun cəsədi Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.[9]
3 yanvar 2016 tarixində Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun cəsədləri Xəzər dənizinin Türkmənistan sektorunda aşkarlanıb.[10]
12 yanvar 2016 tarixində Xəzər dənizinin Türkmənistan sektorunda "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçi Qasımov Mübariz Dilqəm oğlunun meyiti aşkar edilmişdir.[11]
29 yanvar 2016 tarixində Xəzər Dənizinin Türkmənistan sektorunda Sahib Güloğlan oğlu Şahmarovun cəsədi tapılmışdır.[12]
7 aprel 2016 tarixində Rzaxanov Edik Rivazin oğlunun cəsədi Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilib.[13]
8 may 2020-ci ildə Əliyev Əyyub Xəlil oğlu və Əbdüləzizov Əbdüləziz İsmayıl oğlunun cəsədi tapılıb.[14]
24 iyun 2020-ci ildə Rəsulov Elşad Baloğlan oğlu və daha bir nəfərin cəsədi tapılıb.[15]
Sosial media istifadəçiləri Facebook və Twitter şəbəkələrində hadisəni #PrayForAzerbaijan heşteqilə şərh ediblər.
5 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Günəşli" neft yatağında baş verən hadisə ilə bağlı Dövlət Komissiyası yaradılmışdır. 6 dekabr tarixində baş tutan Azərbaycan Premyer Liqasının 15-ci turunun Neftçi-Zirə, Xəzər-Lənkəran-Qəbələ və Qarabağ-İnter oyunlarında start fitindən əvvəl 1 dəqiqəlik süküt olunmuşdur.[16] Futbolçular meydana qoruyucu "dəbilqə" ilə çıxıb və həyatını itirənlərin xatirəsinə hörmət və ehtiramlarını ifadə etmişdilər.[17]
7 dekabrda Bakıda sakinlər dünyasını dəyişən neftçiləri yad edib, saat 12:00-dan etibarən Bakı Bulvarında yerləşən Saat Qülləsində toplanaraq bütün dənizkənarı ərazidən Xəzər dənizinə qərənfillər atıblar.[18] 7 dekabrda Şeyxülislam Hacı Allahşükür Paşazadənin göstərişi ilə Azərbaycandakı bütün məscidlərdə "Günəşli" neft yatağında baş vermiş hadisə nəticəsində həyatını itirən neftçilərin xatirəsi yad olunub, onlar üçün Quran oxunub, dualar edilmişdir.[19]
8 dekabrda neftçi İman Qasımov vida mesajında həyat yoldaşı Arzu ilə sağollaşıb və övladlarını ona əmanət xəbəri təqdim edən aparıcı ATV-nin aparıcısı Lalə Azərtaş və ANS TV-nin "Xəbərçi" proqramının aparıcısı Nigar Mahmudova göz yaşlarına hakim ola bilməyiblər.[20][21]
Şair İlham Qəhrəman faciəyə münasibətini "İndi onları gül gəzir…" adlı şeirlə bildirmişdir.[22]
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanİlham Əliyevə məktubunda qeyd etmişdir: "Baş vermiş faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına öz adımdan və Türkiyə xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Türkiyə bu çətin anlarda hər zaman olduğu kimi Azərbaycan dövləti və xalqına lazımı köməyi göstərməyə hazırdır".[24][25]
Rusiya prezidenti Vladimir Putin İlham Əliyevə məktubunda qeyd etmişdir: "Günəşli" neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin. Həlak olanların doğmalarına və yaxınlarına dərindən kədərləndiyim və dəstəyim barədə sözlərimi, bütün xəsarət alanlara tezliklə sağalmaq arzularımı çatdırmağı xahiş edirəm".[26]
Çeçenistan prezidenti Ramzan Kadırovİlham Əliyevə məktubunda qeyd etmişdir: "Günəşli neft yatağında baş vermiş yanğın insan itkisinə səbəb olub. Bu çətin günlərdə ürəyimiz Azərbaycan xalqı üçün döyünür, həyatını itirmiş neftçilərin yaxınları və doğmaları üçün döyünür."[27]
Tatarıstan prezidenti Rüstəm Minnexanovİlham Əliyevə məktubunda qeyd etmişdir. "Günəşli" yatağındakı neft platformasında qəza nəticəsində insan tələfatı ilə əlaqədar, Tatarıstan Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm. Sizin dərdinizə şərik olduğumuzu bildirir, həlak olanların doğmalarına və yaxınlarına təsəlli sözlərimizi, bu dəhşətli faciədə xəsarət alanların tezliklə sağalması arzularımızı onlara çatdırmağınızı xahiş edirik.[28]
Gürcüstan prezidenti Georgi Marqvelaşviliİlham Əliyevə məktubunda qeyd etmişdir "Günəşli" yatağındakı platformada baş vermiş yanğın nəticəsində insan tələfatı ilə bağlı dövlətimizin başçısına, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.[29]
Belarus prezidenti Aleksandr Lukaşenko "Günəşli" yatağındakı platformada baş vermiş yanğın nəticəsində insan tələfatı ilə bağlı dövlətimizin başçısına, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.[31]
Özbəkistan prezidenti İslam Kərimovİlham Əliyevə məktubunda qeyd etmişdir. Xəzər dənizindəki neft platformasında yanğın zamanı insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin. Həlak olanların doğmalarının və yaxınlarının kədərinə şərik olduğumuzu bildirir, onlara səbir diləyirik.[32]
Tacikistan prezidenti Emoməli Rəhmonİlham Əliyevə məktubunda qeyd etmişdir. Xəzər dənizinin "Günəşli" yatağındakı neft platformasında insan tələfatı ilə nəticələnmiş yanğın haqqında xəbər məni dərindən kədərləndirdi. Cənab Prezident, xahiş edirəm, həlak olanların doğmalarına və yaxınlarına Tacikistan Respublikasının xalqı və Hökuməti adından dərin hüznlə başsağlığı verdiyimizi, dərdlərinə şərik olduğumuzu bildirin.[33]
Qırğızıstan prezidenti Almazbəy Atambayevİlham Əliyevə məktubunda qeyd etmişdir. "Günəşli" yatağındakı platformada baş vermiş faciə ilə əlaqədar Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm. Həlak olanların doğmalarının və yaxınlarının dərdlərinə şərik olduğumuzu bildirir, xəsarət alanların hamısının tezliklə sağalmasını diləyirik.[34]
Monteneqro prezidenti Filip Vuyanoviçİlham Əliyevə məktubunda qeyd etmişdir. "Günəşli" yatağındakı platformada yanğın nəticəsində çoxlu sayda insanın həyatını itirməsi ilə əlaqədar Monteneqro xalqı adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm. Monteneqro xalqı bu ağır günlərdə Azərbaycan xalqının kədərini bölüşür. Cənab Prezident, faciə qurbanlarının ailələrinə də başsağlığımızın çatdırılmasını xahiş edirəm. Qoy, bilsinlər ki, biz də onların kədərinə şərikik.[35]
Bosniya və Herseqovina Rəyasət heyətinin sədri Draqan Çoviçİlham Əliyevə məktubunda qeyd etmişdir. Xəzər dənizinin Azərbaycana aid sularında yerləşən neft platformasında baş vermiş faciəli yanğın hadisəsindən çox məyus olduq. Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Azərbaycan xalqına və Sizə dərin hüznlə başsağlığı verirəm. Zati-aliləri, həlak olanların ailələrinə də başsağlığımızı və kədərimizi çatdırmağınızı xahiş edirik. Bu hüznlü vaxtda bizim düşüncələrimiz və dualarımız onlarla birlikdədir.[36]
BP Şirkətinin prezidenti Bob Dadliİlham Əliyevə məktubunda qeyd etmişdir. "Günəşli" yatağındakı neft platformasında yanğın nəticəsində insanların həlak olması ilə əlaqədar bp şirkəti adından dərin hüznlə başsağlığımızı qəbul edin. Sizə və Azərbaycan xalqına dərindən kədərləndiyimizi bildirir, bütün xəsarət alanlara tezliklə sağalmalarını arzu edirik. Bu çətin vaxtda bp daimi və tam dəstək göstərərək SOCAR-la birgə olduğunu bəyan edir. Həlak olan işçilərin ailələrinə səbir diləyirik.[37]