Yaponiyada ali təhsil — Yaponiyanın ali təhsil sistemi.
Yaponiya qanunvericiliyində mövcud olan ali təhsil sistemi belə müəyyən edilmişdir:
Yaponiyada 595-i özəl olan 773 ali məktəbdə 3 milyona yaxın tələbənin təlim-tərbiyəsi ilə 172 mindən artıq müəllim məşğul olur. Ən nüfuzlu və qocaman dövlət ali məktəbləri arasında əsası 1877-ci ildə qoyulmuş Tokio, 1897-ci ildən fəaliyyət göstərən Kioto və 1931-ci ildə yaradılmış Osaka universitetlərinin adını çəkmək olar. Onlardan başqa, xüsusi reytinqi ilə fərqlənən Hokkaydo və Toxoku universitetləri də tələbələrin ən çox maraq göstərdiyi ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssislər yetişdirirlər. Özəl universitetlər arasında isə Tyuo, Nixon, Vaseda, Tokay və Kansay universitetləri daha məşhurdurlar.
Dövlət universitetlərinə daxil olmaq üçün mütləq tam orta məktəbi bitirmək lazımdır. Ali məktəblərə qəbul 2 mərhələdə həyata keçirilir. Birinci mərhələdə, abituriyentlər universitetlərə qəbulu həyata keçirən milli mərkəzin apardığı sınaqlarda iştirak edirlər. Sınaqdan müvəffəqiyyətlə keçənlər bilavasitə universitetlərdə təşkil edilən qəbul imtahanlarına buraxılırlar.
Qeyd etmək lazımdır ki, özəl universitetlər qəbul imtahanlarını müstəqil olaraq həyata keçirirlər. Nüfuzlu və tam formalaşmış özəl universitetlərin nəzdində uşaq bağçaları, ibtidai, aşağı və yuxarı orta məktəblər fəaliyyət göstərir. Belə kompleks tədris ocaqlarında uşaq bağçasından yuxarı məktəbə qədər müvəffəqiyyətli nəticələr göstərmiş abituriyentlər universitetə imtahansız qəbul olunurlar.
Tədris prosesində ümumi elmi və xüsusi fənlərə bölünmə Yaponiya ali təhsilinin səciyyəvi xüsusiyyətidir. Tələbələr ilk 2 il ərzində ümumi fənləri - tarix, fəlsəfə, ədəbiyyat, ictimaiyyat və xarici dilləri öyrənməklə, həmçinin gələcək ixtisasları ilə bağlı xüsusi kursları dinləməklə ümumi hazırlıq keçirlər. Bu dövrdə tələbələr seçdikləri peşənin mahiyyətini daha dərindən dərk edir, müəllimlər isə tələbə seçiminin ixtisas baxımından düzgün aparıldığına bir daha əmin olmaq, onun elmi potensialını dəqiq müəyyənləşdirmək imkanı qazanırlar. Bu mərhələni başa vurduqdan sonra tələbə öz ixtisasını, hətta fakültəsini də dəyişə bilər. Sonrakı 2 ili isə tələbələr seçdikləri peşəni dərindən öyrənməyə həsr edirlər.
Universitetlərin hamısında təhsil müddəti bakalavriat pilləsində 4 ildir. Ali tibb məktəblərinin tələbələri, stomatoloq və baytar ixtisaslarına yiyələnmək istəyənlər əlavə olaraq daha iki il təhsil alırlar.
Bəzi istisna hallardan başqa, tələbələrin bir universitetdən digərinə köçürülməsinə icazə verilmir. Lakin ayrı-ayrı universitetlər əcnəbi tələbələrin II və ya III kursa qəbulunu həyata keçirirlər. Bunun üçün əcnəbi tələbələrdən xüsusi imtahanlar götürülür.
Universitetlər tədris prosesini əsasən semestrlər üzrə təşkil edirlər. Tələbələrin qiymətləndirilməsində vahid bal sistemi qəbul olunub. Bakalavr pilləsini uğurla başa vurmaq üçün 124-150 arasında bal toplamaq tələb edilir.
Elmi-tədqiqat işlərində öz bacarıqlarını göstərə bilən ali məktəb məzunları 2 illik magistr (suşi) pilləsində təhsillərini davam etdirmək imkanı qazanırlar.
Magistr pilləsi üçün olan proqram ciddi surətdə elmi və peşəkar ixtisaslaşma nəzərdə tutur. 30 ballıq vahidlə qiymətləndirilən proqram üzrə ikiillik təhsildən sonra buraxılış imtahanı verilir.
Fəlsəfə elmləri doktoru elmi dərəcəsi (nakuşi) almaq üçün magistrlər 3 il, bakalavrlar isə 5 ildən az olmayaraq əlavə təhsil almalıdırlar. Doktorluq dərəcəsi proqramını mənimsəmiş doktorantlar 50 bal toplamalı, buraxılış imtahanı verməli, müvafiq tədris kursları və xüsusi tədqiqatlar əsasında dissertasiya işini müdafiə etməlidirlər.
Onu da qeyd edək ki, fiziki cəhətdən qüsurlu gənclərin ali təhsil almasını təmin etmək imkanlarının genişləndirilməsi Yaponiya hökumətinin qarşısında duran əsas məqsədlərdən biridir. Hökumət fiziki cəhətdən qüsurlu tələbələrin ali təhsil müəssisələrinə daxil olması üçün daha əlverişli qaydaların tətbiqinə davamlı səylər göstərir.
Yaponiyada bakalavr dərəcəsi verən 4 illik kolleclər və ali peşə dərəcəsi verən 6 illik təhsil müəssisələri fəaliyyət göstərir. 4 illik kolleclər dövlət əsaslı milli universitetlər, prefekturaların, bələdiyyələrin təsis etdiyi yerli universitetlər və özəl təhsil müəssisələrindən ibarətdir.
Kollec tələbələrinin böyük əksəriyyəti əyani proqramlar üzrə təhsil alırlar. Kolleclərdə ən prioritet ixtisaslar sırasına ictimai elmlər, biznes, hüquq, mühasibatlıq, mühəndislik, humanitar elmlər və pedaqoji ixtisaslar daxildir.
Ali təhsil müəssisələrində illik orta təhsil haqqı 1,4 milyon yen (10000 ABŞ dolları) təşkil edir. Bu xərclərin ödənilməsini təmin etmək üçün tələbələr günün müəyyən bir hissəsini işləyir və ya hökumətin dəstək verdiyi Yaponiya Təqaüd Assosiasiyasından borc götürürlər. Yerli hökumət qurumları, humanitar təşkilatlar və digər qurumlar da ali təhsil xərclərinin ödənilməsi üçün tələbələrə yardım paketləri təklif edirlər.
Yaponiyada elmin, təhsilin inkişafına göstərilən qayğı, insanların bu baxımdan nümayiş etdirdiyi yüksək əzmkarlıq ölkə həyatının bütün sahələrində özünü büruzə verir. Təsadüfi deyil ki, dünya universitetlərinin reytinq cədvəlinə görə Yaponiyanın Tokio, Kyoto, Keio, Uaseda universitetləri yüksək yerlər tutur.
Özəl təhsil müəssisələrinə qəbul ali məktəblərə ümumi qəbul olanların 80 faizini təşkil edir. Bununla belə, dövlət əsaslı milli universitetlərə qəbul olunmaq da yüksək qiymətləndirilir.
Yaponiyada kolleclər statusuna görə bizim orta ixtisas məktəbləri ilə eyni səviyyədədir. Bu təhsil müəssisələri texniki və yeniyetmələr üçün xüsusi hazırlıq kolleclərinə bölünürlər. Kolleclərdə humanitar, tibb və texniki elmlər üzrə 2 illik hazırlıq proqramları təklif olunur. Əksəriyyəti özəl olan bu təhsil müəssisələrinə daxil olmaq istəyənlərin sayı olduqca çoxdur. Kolleci bitirənlər universitetlərin II və ya III kursundan başlayaraq ali təhsil almaq hüququna malikdirlər.
Texniki kolleclərdə natamam orta təhsili olanlar 5 il, tam orta məktəbi bitirənlər isə 2 il oxuyurlar. Bu təhsil ocaqlarında elektronika, inşaat, maşınqayırma və digər fənlər tədris olunur.
Yaponiyada yeniyetmələr üçün kolleclərdə mühasib, dizayner, maşinist, proqramçı, avtomexanik, dərzi, aşpaz və digər ixtisaslar üzrə 1 illik peşəkar kurslar təklif edilir.
Bir çox kolleclər yalnız qadınlar üçün nəzərdə tutulub. Qadınlara əsasən ev maliyyəsi, ədəbiyyat, xarici dillər, pedaqoji, gigiyena kimi fənlər tədris olunur.
Yaponiya təhsil sahəsində bir çox ölkələrlə səmərəli əlaqələrə malikdir. Bu baxımdan tələbə mübadiləsi istiqamətində daha nəzərəçarpan uğurlar qazanılmışdır.
Cəmiyyətin qapalılığı və dilin qəlizliyi səbəbindən Yaponiya əcnəbi tələbələri özünə cəlb edən dünya öncülləri sırasına daxil olmayıb. Bu baxımdan, həyata keçirilən ali təhsilin beynəlmiləlləşdirilməsi siyasəti müsbət nəticə əldə olunmasına təkan verir.
Ölkənin ali məktəbləri əsasən qonşu Asiya xalqlarından olan gəncləri özünə cəlb edir. Əcnəbi tələbələr arasında Çin, Tayvan və Koreyanın vətəndaşları daha çoxdur. Avropa və Amerika ölkələrindən də az sayda tələbələr Yaponiya universitetlərini seçirlər.
Yaponiyada təhsil almaq istəyən əcnəbi tələbələrin qəbulu yerli abituriyentlərlə eyni şərtlər daxilində aparılır. Beynəlxalq Bakalavr və Abitur proqramları üzrə imtahan verənlər də Yaponiya universitetlərində oxumaq hüququ qazanırlar. İddialı şəxslər 12 illik tam orta təhsil alması haqda sənəd təqdim edərək imtahanlara qatıla bilərlər. Əcnəbi tələbələr dünya tarixi, ingilis dili, riyaziyyat, fizika, kimya, biologiya və ingilis dili fənlərindən ümumi imtahan verməlidirlər. Ən əsası isə yapon dilində olan test yoxlamasından keçməkdir. Yapon dili üzrə test Beynəlxalq Təhsil Assosiasiyası tərəfindən dünyanın 31 ölkəsində təşkil edilir. Məlum olduğu kimi, yapon dili dünyada ən çətin dillərdən biridir. Bu dili öyrənmədən Yaponiyanın mədəniyyətini, idarəetmə üsulunu dərindən anlamaq, ali məktəblərdə təhsil almaq mümkün deyil.
Əcnəbi tələbələr üçün Yaponiya ali məktəblərində təhsil haqqı dövlət və özəl universitetlərdə kəskin fərqlənir. Əcnəbilər üçün ən bahalı təhsil iqtisadiyyat, tibb, filologiya və pedaqogika ixtisasları hesab olunur.
Yaponiyada əcnəbi tələbələrin 80 faizi öz vəsaitləri hesabına təhsil alır. Təqaüd proqramları çərçivəsində oxuyan tələbələr əsasən Yaponiya hökuməti, Yaponiya Assosiasiyası, Beynəlxalq Həmrəylik, Təhsil, Mədəniyyət, İdman, Elm, Texnologiya Nazirliyi proqramları tərəfindən maliyyələşdirilir. Həmçinin bir sıra özəl fondlardan da təhsil təqaüdü almaq mümkündür.