Yaponiyada kosmetika qadınlar tərəfindən geniş istifadə olunur. Ənənəvi kosmetika məhsullarına ohaquro, oşiroy, beni, mayuzumi, nukabukuro kimi məhsullar aiddir. Hal-hazırda ənənəvi kosmetika ancaq kabuki aktyorları, geyşalar və maykolar tərəfindən tətbiq olunur.
Yaponiyada kosmetikanın tarixi VI əsrə qədər uzanır. Pudra, allandırıcı, qaş boyası və digər kosmetika məhsullarının istifadəsi və istehsalı Yaponiyaya VI əsrdə Çin və Koreyadan gəlmişdir. İlk dövrlərdə kosmetika məhsulları ancaq dini mərasim və festival iştirakçıları tərəfindən istifadə olunurdu, gözəllik məqsədləri üçün tətbiq olunmurdu. Lakin vaxt keçdikcə kosmetika məhsulları saray əyanları arasında gözəlliyi vurğulamaq üçün istifadə olunmağa başlanmışdır. Heyan dövründən etibarən qadınlar, eləcə də, kişilər kosmetikadan istifadə edirdilər.[1]
XVI əsrdə üz lasyonu hazırlamaq Hollandiya, Portuqaliya və İspaniya kimi ölkələr vasitəsilə Yaponiyaya keçmişdir. Edo dövründə saç stilləri ilə birlikdə makyaj stilləri də dəyişmişdir. Dəb kabuki aktyorları, kurtizankalar və geyşalar tərəfindən müəyyənləşdirilirdi, ukiyo-e qravürləri və populyar ədəbiyyat isə vasitəçi alətlər idi. Meyci dövründə Avropa və ABŞ ilə mədəni əlaqələr güclənmiş və kosmetika sahəsində qərbləşmə baş vermişdir. Qərb dünyası tərəfindən ibtidai hesab olunan diş qaraltma tədricən yox olmuşdur. İkinci dünya müharibəsindən sonrakı dövrdə Qərb dünyasının təsiri daha da böyümüş, Yaponiya kosmetikası ilə ABŞ-Avropa kosmetikası bir-birinə çox yaxınlaşmışdır.[1]
Ohaquro işləri qara rəngə boyamaq üçün istifadə olunan mayedir. Boyanı hazırlamaq üçün dəmir və ya mismar çay, sake kimi mayelərdə isladılaraq oksidləşdirilir. Alınmış maye ilə dişlər qara rəngə boyanır. İnanca görə bu praktika cazibədarlığı artırmaqla yanaşı dişlərin sağlamlığını qoruyur. XII əsrə qədər ohaquro qızların yetkinlik yaşına çatdıqlarını bildirmək üçün istifadə olunurdu. XII əsrdə ohaquro kişilər, eləcə də, samuraylar arasında populyar olmuşdur. Lakin XVIII əsrə qədər ohaquro yenə ancaq qadınların gözəllik vasitəsinə çevrilmişdir. XIX əsrdə isə ohaqurodan ancaq evli qadınlar istifadə edirdilər.[1]
Oşiroy üzü və bədənin digər hissələrini ağartmaq üçün istifadə olunan ağ pudradır. Üz pudrasının ən qədim forması ağ torpaqdan və düyü unundan hazırlanırdı. VII əsrdə keyfun (civə xlorid) və empaku (ağ qurğuşun) istehsalı Çin vasitəsilə Yaponiyaya çatmış, bu məhsullar əsasında oşiroy istehsalı başlamışdır. XVII əsrə qədər oşiroy yuxarı sinif tərəfindən istifadə olunsa da, həmin dövrdən etibarən adi insanlar da oşiroydan istifadə etməyə başlamışdırlar. Xüsusilə, Edo dövründə ağ qurğuşundan hazırlanan oşiroy çox istifadə olunurdu. 1870-ci illərdə qurğuşunun toksik xüsusiyyətlərinin aşkar edilməsindən sonra tərkibində qurğuşun olmayan oşiroy istehsal olunmağa başlamışdır.[1]
Beni allandırıcıdır. III-VI əsrlərə aid haniva heykəlciklərinin üz hissələrinin oxra və vermilyon ilə rənglənməsi həmin dövrdə allandırıcı məhsulların Yaponiyada istifadə olunduğunu göstərir. VII əsrdə aspir bitkisi (benibana) Koreya vasitəsilə Misirdən Yaponiyaya gəlmişdir və bu bitkinin ekstraktından beni hazırlanmağa başlanmışdır. Beni xoşbəxtliyin və zövqün simvolu hesab olunurdu. X əsrə qədər aspir bitkisi Yaponiyada çox az yetişdirildiyi üçün beninin qiyməti bahalı olmuş, buna görə də XVII əsrə qədər geniş istifadə olunmamışdır. XVIII əsrin sonunda alt dodağa aşağı dodağa sasabeni adlı yaşıl rəngli allandırıcı tətbiq olunmağa başlamışdır. Bu məhsul XIX əsr boyunca dəb olmuşdur. Bu beni növü əsasən dodaqlar üçün istifadə olunurdu, üzə nadir hallarda çəkilirdi. Taxta boşqablarda, qablarda cüzi miqdarsa saxlanılır, fırça ilə dodağa tətbiq olunurdu. Meyci dövründə Qərb dünyasından gətirilmiş, müasir pomadalara yaxın olan allandırıcılar beninin yerini tutmuşdur.[1]
Mayuzumi qaş boyasıdır. Qədim dövrlərdə qara torpaq, lampa hisi, hind düyüsünün yandırılmış sümbüllərindən qalan his mayuzumi kimi istifadə olunmuşdur. Heyan dövründə yuxarı zümrəyə mənsub qadınlar qaşlarını aldırıb əvəzinə yeni qaş çəkirdilər. Bu praktika okimayu adlanırdı. Kommelina çiçəyi, beni, lampa hisi, qızıl vərəq, sesame yağı qarışığından ibarət konezumi pastası da qaşları boyamaq üçün istifadə olunmuşdur. Edo dövründə yeni qaş makyajı üslubları yaranmışdır. XIX əsrdə qadınlar evlilikdən və uşağın doğulmasından sonra qaşlarını alırdılar.[1]
Qadınlar dəri rənginin gözəlliyini qorumaq üçün nukabukuro adlı düyü kəpəyi kisəsindən istifadə edirdilər. Çiməndə bədənlərini və üzlərini nukabukuro vasitəsilə yuyurdular. Hətta bu məqsədlə bülbül ifrazatından da istifadə olunurdu. Su qabağı və xiyar şirəsi üz lasyonu kimi üzə çəkilirdi.[1]