Azərbaycanda kosmetika — Azərbaycanda üzə və bədənə gözəllik və təravət vermək üçün tətbiq edilən tədbir və vasitələrin məcmusunun inkişafı və vəziyyəti. Tarixən istifadə edilmiş kosmetik boyalara ənlik, kirşan, vəsmə, sürmə, xına, rüşül daxildir. Ətir olaraq gülab, ənbər və müşk tətbiq edilmişdir. Kosmetik vasitələr həm "məşşatə" və ya "bəzəkçi" adlandırılan ustalar tərəfindən, həm də ev şəraitində qadınların özü tərəfindən vurulurdu. Azərbaycanda "əttar" adlandırılan ətir satıcıları həm tibbi, həm kosmetik cəhətdən istifadə edilən mallar istehsal edirdilər.
Azərbaycan kosmetik vasitələri və bunlarla bağlı peşələr mədəni irs kimi ölkə səviyyəsində qeydiyyata alınmışdır. Orta əsr Azərbaycan şairləri və həkimləri, həmçinin xarici dövlətlərdən gələn ziyarətçilər öz əsərlərində kosmetik vasitələri qeyd etmişdilər. Kosmetik vasitələrin istifadə edildiyi mərasimlər xınayaxdı, Gülab bayramı və Çömçəxatun yağış ayinidir.
Azərbaycanda kosmetik vasitələr tarixən qadın bəzəklərinin xüsusi bir qrupunu təşkil edib. Bu qrupa yanağa, qaşa və gözə çəkilən boyalar, və ya əl və ayaq barmaqlarına sürtülən xına daxil idi. Keçmişdə "məşşatə", "bəzəkçi", "bəzəməçi", "bəzəkvuran", "düzgünçü", "zinətçi", "yazıcı", "pirayəbəxş", "üzalan" və s. adlandırılan[1] bəzək ustaları toy günü gəlin gedən qızları, və ya varlı evlərin kübar qadınlarını bəzəyərdilər. Azərbaycanda istifadə edilmiş kosmetik boyalara ənlik, kirşan, vəsmə, sürmə, xına, rüşül daxil idi. Saçlar darandıqdan sonra rayihələndirmək üçün gülab, ənbər və digər maye ətirlər saça vurulurdu. Kosmetik vasitələrin bir qismi, o cümlədən rüşül, daban daşı və xına satın alınaraq qadınların özü tərəfindən də istifadə edilirdi. Kosmetik vasitələrin satın alındığı yerlərə əttar dükanlar, əczaxanalar, çərçi və camaşırxanalar daxil idi.[2] Orucluq dövründə qadınlar sürmə və müşk vurmurdular.[3]
Kosmetik vasitələrin saxlanması və tətbiq edilməsi üçün istifadə edilən qablara və alətlərə sürmədan (sürmə qabı), sürmə mili, daraqqabı, xınabənd (xına yaylığı, gəlinlər üçün xüsusi qırmızı parçadan hazırlanırdı), zirpayı (ayağa xına qoyarkən ayaqaltı taxta, yaxud mis əşya), sefidab qutusu, ətir qabı, vəsməcuş (vəsmə qaynadılan mis və ya gümüş qab) daxil idi.[4] Qızlar cehizliklərini sürmədan, ətir qabı və qələmdan kisəsini bəzəyən tikmələrlə zənginləşdirirdilər.[5]
Tarixən Azərbaycanda loğmanlıq ilə məşğul olan mütəxəssislər ətirli maddələr (mayelər, ətriyyatlar, sular, yağlar və s.) düzəldərək ətirçi (əttar, kosmetoloq, parfümer) işini də görürdülər. Hazırlanan ətirlər bir neçə hallarda tibbi istifadə üçün də nəzərdə tutulmuş, vaxt keçdikcə və tərkibi dəyişdikcə yalnızca kosmetika vasitəsi kimi istifadə olunmağa başlanmışdır. İtaliyalı səyyah Cenkinsonun "Səyahətnamə"sində və fransız yazıçısı Aleksandr Dümanın "Qafqaz səyahəti" əsərində Azərbaycandakı əttarlarının sənəti və hazırladıqları kosmetik vasitələr qeyd edilmişdir.[6]
Müstəqillik dövründə Azərbaycan xalq təbabətini yaşatmaq üçün bir sıra kitablar nəşr edilmişdir. Fərəcov F. H., Hüseynov V. H. və Məmmədov T. M. tərəfindən ərsəyə gətirilən "1001 faydalı məsləhət" əsərinə kosmetika ilə bağlı olaraq da xüsusi məsləhətlər daxildir. Mayis Qasımov və Tofiq Məmmədovun "Fitoterapiya" adlı monoqrafiyası isə giləmeyvələrdən hazırlanan kosmetik vasitələrdən, cavanlaşmanın yeni metod və üsullarından, aromaterapiya və rəng terapiyası ilə bağlı elmi anlayışlardan bəhs edir.[7]
Novruz bayramında keçirilən yumurta döyüşdürmə festivalı (Qızıl Yumurta bayramı) şərəfinə bütün insanlar əllərini, saçlarını və saqqallarını, qızlar isə ayaqlarının altını xına ilə boyayırlar və bayram paltarlarını geyinirlər. Məqsəd icmanın din xadiminin, sonra isə digər ailələrin evini ziyarət etməkdir.[21]
Yaz fəslinin qızılgül çağında gülab bayramı qeyd edilirdi. Bu vaxt insanlar şadyanalıq edir, bir-birlərin göz aydınlığı verir, alın və yanaqlarına gülab sürtür, ətiri paylayırdılar. İnsanlar kiçik ətir qablarında bir-birinə gülab hədiyyə edir, ayin və oxuma oyunları ilə şənlənirdilər.[18]
Bundan başqa Naxçıvanın Culfa rayonunun kəndlərində yağışı çağırmaq məqsədilə keçirilən mərasimdə 14–15 yaşlı qız uşağının tanınmaması üçün üzü boyanır və o, Çömçəxatun adlandırılaraq bütün kənddə gəzdirilir.[22] "Kos-Kosa" oyununda isə Kosa tanınmamaq üçün üzünü boyayır.[23]
Xına toydan əvvəl keçirilən xınayaxdı mərasimi üçün bəy evindən eyniadlı tabaqda gətirilir.[10] Xına gecəsində boyanı yaxan qadına (bəyin bacısı, xalası, bibisi və s.) pul verilir və bu pullar gecənin sonunda onun olur. Qız evinin oğlan evinin gətirdiyi xınanın qarşılığı olaraq eyni boyanı göndərməsi adəti vardır. Oğlan və dostları xınanı kiçik barmaqlarına sürtərlər. Qız isə oğlanın və özünün baş hərflərini xına vasitəsilə barmağına yazar.[11]
Xına ilə əl-ayaq naxışlamanın bir neçə növü var: sıvama, üskük (və ya biçək), fındıqça, pişik pəncəsi, dilbər duvağı, balıqlı və quşgözü.[10] Ənənəvi olaraq Azərbaycanda xına günəş şəklində gəlinin əlinə çəkilir, gənc qızlar isə barmaqlarını xınaya basırlar. Günəş şəklində xınanın çəkilməsi günəş kultu ilə, həm də pis ruhların qovulması ilə əlaqələndirilir. XX əsrin 90-cı illərindən etibarən xınanın gül şəklində çəkilməsinə rast gəlinir.[12]
Bundan başqa xına yaxını ölən qoca kişilərin saçlarına yaxılır.[11] Naxçıvanın adətinə görə, qadın 4 ay 10 gün ölmüş ərinin yasını saxlayandan sonra qohum-əqrəba gəlib onun başına xına qoyardı.[24] Azərbaycanda Novruz bayramında bəzənmək üçün də bu boya işlədilir.[11] Həmçinin qurbanlıq heyvanın da belinə xına çəkilir.[25]
Azərbaycanın bir çox bölgəsində ölümü düşünən qocalara xına yaxılmasının və Naxçıvanda əsgərə gedənlərin əllərinə xına yaxılmasının təsəvvüf baxımından mahiyyəti Allahın hüzuruna xınalı gedilməsidir.[11]
Azərbaycan mədəniyyəti |
---|
Dil • Yazı sistemi • Folklor • Dastanlar • Ədəbiyyat • Fəlsəfə • Mifologiya • Memarlıq • Ev • Bağ • Təsviri incəsənət • Miniatür • Kalliqrafiya • Keramika • Xalçaçılıq • Heykəltəraşlıq • Milli geyim • Kosmetika • Musiqi • Muğam • Aşıq sənəti • Rəqs • Balet • Teatr • Yumor • Kino • Animasiya • Mətbuat • Radio • Televiziya • Təhsil • İdman • Döyüş sənətləri • Oyunlar • Dövlət bayramları • Festivallar • Tarixi təqvimlər • Mərasimlər • Milli Yeni il • Evlilik • Atəşfəşanlıq • Kulinariya • Çay mədəniyyəti • Şərabçılıq • Köçərilik • Ziyarətgahlar • Xalq təbabəti • Mentalitet • Milli kimlik • Tayfa quruluşu • Aristokratiya |
Bu cədvəldə Azərbaycanda tarixən mövcud olmuş kosmetik vasitələrinin və bununla bağlı peşələrin ölkə səviyyəsində qeyri-maddi mədəni irs nümunəsi kimi qeydiyyat nömrəsi verilmişdir. Siyahıya həmçinin kosmetik vasitələr üçün istifadə olunan ləvazimatlar və bu vasitələrlə bağlı mərasimlər qeyd edilmişdir.
№ | Mədəni irs adı | Ləvazimat adı | Mərasim adı | Qeydiyyat nömrəsi |
---|---|---|---|---|
Peşələr | — | |||
1 | Əttar/Ətirçi | DA0104000071[6] | ||
2 | Məşşatə/Bəzəkçi | DA0104000061[26] | ||
Kosmetik vasitələr | SD0200000001[4] | |||
1 | Basma | SD0200000008[8] | ||
2 | Ənlik | SD0200000002[27] | ||
3 | Kirşan | SD0200000003[28] | ||
4 | Xına | Xınabənd, zirpayı | qeydiyyata alınmamışdır | |
5 | Rasıx | Xınayaxdı | ||
6 | Rüşül | |||
7 | Sürmə | Sürmədan, sürmə mili (milçəm) | SD0200000006[13] | |
8 | Vəsmə | Vəsməçuş | SD0200000007[14] | |
9 | Naftalan nefti | qeydiyyata alınmamışdır | ||
10 | Ənbər | Ətir qabı | SD0200000004[19] | |
11 | Gülab | Gülab bayramı | qeydiyyata alınmamışdır | |
12 | Müşk | SD0200000005[29] |
İmadəddin Nəsimi öz şeirlərində Quranda İsa peyğəmbərin hekayəsinin külək və ətirlə əlaqələndirilməsi, zülfün ətrinin ölülərin bədəninə həyat bəxş etməsi motivini istifadə edilmişdir. Burada səba (külək) Allah və insan, sevgili və aşiq arasında elçini təmsil edir. Həbibi isə zülfün ətrini İbrahimin arvadı Saranın ətrinə bənzədir.[30]
Məhəmməd Füzulinin "Leyli və Məcnun" məsnəvisində şairin təxəyyülünə görə, sevgilinin yoluna gül suyu tökülər və ya eşq dərdi ilə xəstələnən bir kəsi sağaltmaq üçün gül suyundan istifadə edilərdi.[31] Digər bir beytində isə boyaq rəngotundan hazırlanmış nilin xal şəklində qadınların üzlərinə çəkildiyi, Leylinin isə yas saxladığı üçün bunu etmədiyi qeyd edilir.[32]
Füzuli bir şeirində sevgilinin ayağına gül yarpağı kimi xına yaxdığını qeyd edərək "nigar" sözünü xına mənasında istifadə etmişdir. Digər bir şeirində isə Çin qızlarının göbəklərindən çıxan qandan əldə edilən müşkün gözəl qoxu olaraq digər ölkələrə göndərilməsini özünün bir gözəlin saçları uğruna vətənini tərk etməsinə bənzətmişdir.[32]
Məşşatə bana müşk ilə bir şanə gətürməz,
Bənüm kibi bu dünyaya divanə gətürməz
Qazi Bürhanəddin
Qılıb təğyiri-surət vəsmədən yəğma qılırlar dil,
Hərami qaşların rəsmü rəhi-neyrəng tutmuşlar.
Məhəmməd Füzuli
Boyu mina gərək, sinəsi mərmər,
Bəyaz ola gül əndamı sərasər,
Əlində al həna, zülfündə ənbər,
Qaşında, gözündə sürmə gərəkdir
Molla Pənah Vaqif
Avçısı olmuşam sən tək maralın, Xəyalımdan çıxmaz hərgiz xəyalın.
Ənliyi, kirşanı neylər camalın, Sən elə gözəlsən binadan, Pəri!
Molla Pənah Vaqif
Azərbaycan mahnılarında kosmetika ilə bağlı 5 vasitənin (sürmə, vəsmə, xına, ənlik və kirşan) adı çəkilir: