Yeddisu

Yeddisu

Yeddisu — Əski türkcə Жетысу (qaz. Жетісу), Джети-суу (qırğ. Жетисуу) — Orta Asiyada qədim vilayət, şəhər. Ruslar buranı Semireçiye adlandırırlar.

Yeddisu-Şərqi Türküstanda iri vilayət. Qazaxıstanın cənub-şərq əraziləri Jeti Su torpaqlarıdır. Bu yeddi çay hansılardır? Maraqlıdır ki, hər bir mənbədə bununla bağlı müxtəlifliklər vardır: İle, Şu, Aqsu, Qaratal, Lepsi, Tentek, Köksu. Bəzi ensiklopediyalarda isə bu çayların bəzilərinin yerinə Biyen, Basqan, Sarqand göstərilir. Əslində çaylar daha çoxdur. Məsələn, İle çayının qollarını nəzərdən keçirək; təkcə bu çayın sol qolları Şarın, Şelek, Türgen, Esik, Talğar, Qaskelen çayları. Yeddi Su torpaqları böyük yeddi çaylar hövzəsini əhatə etdiyindən Jeti Su (Yeddi su) adlanmışdır. Bu çaylar Tyan Şandan başlayıb Balxaş gölünə tökülür. Vilayət həmçinin Balxaş, Isıq Köl, Ala Köl, Sasıq Köl göllərilə də zəngindir[1]. Yeddi Su Türküstanın qədim mədəni ərazilərindən biridir. Eramızdan əvvəl I minillikdə burada Saklar yaşamışlar. İndi Yeddi Su ərazisində qayalıqlarda Saklıların çəkdikləri maral, qaban, bəbir, dəvə, keçi rəsmləri qalmışdır. Sakların Esik kurqanından tapıntıları dünyaya bəllidir. Burada dəfn olunmuş Cakın fövqəladə səviyyədə yetkin olan geyimi onların mədəni inkişafının göstəricisi sayıla bilər. Bu adamın paltarının üstündə 4 min yüksək sənət nümunəsi sayılacaq təkcə element — qızıl düymə, pilək, nişan, sancaq, qarmaq və s. Bəzəklər vardır. Kurqan öz tarixi etibarilə eramızdan əvvəlki VI–V əsrlərə aid olmaqla bu gün də elm aləmini heyrətlərdə saxlamaqdadır. Bir də Yeddi Suyun qədim sakinlərindən biri Usunlar idi, amma çox döyüşkən xalq olsalar da Hun miqrasiyası nəticəsində ərazicə səpələnib yayılmışlar. Qərbi Türk xaqanlığı eramızın VI əsrində məhz burada yaranıb çiçəklənmişdi. Qədim türklərin göyün 12 bürcü və ilin 12 ayının sayına görə illəri heyvanların adı ilə adlandırması ənənəsi burada yaranmışdı. Bu dövrü təqvimi Mahmud Kaşqari "Türklərin 12 ili" adlandırmışdı[2]. VIII əsrdə isə burada Türkeş və Qarluqlar dövləti qurulmuşdur. X əsrdə Yeddi Suda Qaraxanilər dövləti yaranmış, tərəqqi etmişdi. Yeddi Suya ekspedisiyalar təşkil edən rusları ilk növbədə mədənlər maraqlandırırdı. XVIII əsrin ikinci yarısında rus alimləri Yeddi Suya ayaq basdı. Yeddi Su torpaqları olan Zaysan, Tarbağatay, Qaratay və Balxaş diyarlarını öyrənməyə girişdilər. Bu səyahətçilər sırasında Prjevalski də var idi. О böyük ekspedisiyaya rəhbərlik edirdi. Yeddi Sudan sonra Tibetə getməli idi. Lakin Qaraköldə əcəl onu haqladı (1888). Öz arzusuna görə onu İssuk Kulun sahilində dəfn etdilər, Karakol şəhərini isə onun xatirəsinə Prjevalski adlandırdılar. Rusların Yeddi Su torpaqlarının əməli istilası tarixi XIX əsrin ortalarına təsadüf edir. Bu diyar rusların idarəsinə keçdikdən sonra 1867-ci ildə adı dəyişdirilərək (Daha doğrusu, türk sözü Yeddi Su (Jeti Su) ruscaya tərcümə edildi) Semireçye qoyuldu. Bu ada Türkiyə ərazisində (Bin gölün Yedi Su ilçəsi) də rast gəlinir. Ruslarla bərabər daha çox hərbi kazak ailələri bu yeni istila torpaqlarına köçürülmüş və burada Semireçye Kazak qoşunu təşkil olunmuşdu. Kazaklar Qırğızıstan və Qazaxıstanda müstəmləkəçilik siyasətinin dayaqı olmaqla bütövlükdə Türküstanın istila olunmasında böyük rol oynamışlar.

  1. Энциклопедический Словарь Брокгауз и Ефрона, т.57, с.454
  2. Mahmud Kaşqarlı. Divani Lüğatit türk (çeviren Besim Atalay), I с, s. 344–347

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]