Saklar

Müasir Azərbaycan xəritəsində eramızdan əvvəl VI-IV əsrlərdə sakların yaşadığı ərazilər

Saklar — müasir türk xalqlarının bir çoxunun, eləcə də Azərbaycan türklərinin etnogenezində birbaşa iştirak etmiş ən qədim Türk tayfalarından biri.[1][2][3][4][5][6]

Qədim Çin yazılı mənbələrində «sak» etnonimi «sai» adlanırdı. Nikolay Aristov da «sak»/»saka» və onun təhrif edilmiş törəməsi sayılan «skif» kəlməsinin ilkin variantının məhz «sa» sözü olduğunu, «k» şəkilçisinin isə cəmlik bildirdiyini qeyd etmişdir. Onun fikrincə, «bir vaxtlar Qərbi Tyan-Şan ərazilərində yaşayan «saka», «sa» və ya «se» adlanan türk tayfası sonralar Hindistana köç etmiş və burada yerli əhaliyə qarışaraq itmişdir. Lakin onun izləri qara kırğızların sayak, qırğızların soltı və Yeniseydəki saqay tayfalarının adlarında qalmaqdadır. Soltı qırğızların bir nəsli isə «çaqa» adlanır». Qafqazın əski türklərin vətəni olduğunu bildirən Pavel Nazarova görə, «skif» kəlməsi qədim türklərin antik adıdır. Tədqiqatçı yazır ki, «yəhudilər, yunanlar, romalılar «türk» sözünü deyil, «skif» sözünü işlədirdilər və bu kəlmə (skit, skut, aşkuz, aşkez) «As kişi», yəni «As (Az) adamı» ifadəsinin təhrif olunmuş formasıdır. Herodotda skif sözləri - «jun» (yun), oyr (ər), «asxi» (acı) sadalanır və onlar türkcədir. Bizans müəllifləri isə bu sıraya «balıq» kəlməsini də əlavə edirlər». Rusiya Elmlər Akademiyası Böyük Pyotr adına Antropologiya Muzeyinin elektron kitabxanasının saytında R.Rassudova belə bir fantastik fərziyyənin sahibidir. Onun qənaətinə əsasən, «sak» etnonimi «sart» sözünün təhrif olunmuş variantıdır və qazax dilində «sarı it» anlamını verir. Yəni «köçəri maldar olan qazaxlar oturaq həyat tərzi keçənləri belə adlandırırdılar. Sartlar bu ərazidə eramızdan əvvəl VII–VI əsrlərdən etibarən yaşayırlar və onlar «sak», «massaget» və s. adlarla da tanınırdılar». "Massaget" etnoniminin İran dilləri əsasında izah edilməsi üçün çox təşəbbüs edilmiş və mühüm elmi nəticə alınmamışdır. Lakin sonrakı ciddi elmi araşdırmalar nəticəsində məlum oldu ki, bu etnonim türk dilləri üçün səciyyəvi olan "m"-"b" əvəzləməsinə görə "bas" –baş sözündən, sak etnonimindən və türk dillərində cəm bildirən "at" şəkilçisindən ibarətdir və "baş saklar" mənasındadır.

E.ə.I minillikdə Orta AsiyaQazaxıstan çöllərində yaşayan əhalinin əsas hissəsi sak (əslində saka, yaxud şaka) adlanmışdır. Onlar bu ərazilərin aborigen xalqı idilər. Çünki, arxeoloji qazıntılar onların tunc dövründən başlayaraq arasıkəsilməz mədəniyyət vərəsəliyi olduğunu göstərmişdir. Arxeoloji qazıntılar sakların yalnız 20%-də monqoloid irqinin nişanələrini göstərmişdir, deməli, onlar əsasən avropoid irqinə mənsub idilər.[7] Antropoloji cəhətdən Orta Asiya və Qazaxıstanın türk xalqlarının təşəkkülündə mühüm rol oynamış saklar Altay tayfaları ilə Aralətrafı ərazinin tayfaları arasında aralıq vəziyyət təşkil edir.[8]

Orta Asiyada yaşayan sakların bir hissəsi antik mənbələrdə massaget adı ilə məlumdur. Onların bir hissəsi eramızın əvvələrində Qafqaz Albaniyasının şimal-şərqində, indiki DərbəndVəlvələçay arasındakı ərazidə də yaşayırdı.

Orta Asiyadakı sakların adı e.ə. VII əsrdə yaradılmış Avestada da çəkilir. Diqqəti cəlb edən budur ki, bu mənbədə saklar həm də tur, yaşadıqları ərazi isə Turan adlanır. İranşünaslar sakları İrandilli saydıqları üçün turları da İrandilli hesab edir və İran eposundakı İran-Turan müharibələrini farsların iki hissəsi arasındakı müharibə kimi qələmə verirlər. Halbuki, Firdovsinin Şahnaməsində Turan türklərin ölkəsi kimi göstərilmişdir.

Orta Asiyada saklar haqqında e.ə. V əsrdən başlayaraq antik müəlliflər yazmışlar. Lakin onların bəziləri sakları ənənəvi olaraq skiflər adlandırırlar.

E.ə. VII əsrdə kimmerlərin (kəmərlər) ardınca saklar (antik müəlliflərin əsərlərində skiflər) Güney Qafqaza gəlmiş, buradan da Ön Asiyaya – MannaMidiya ərazisinə keçmişlər. Bəzi tədqiqatçılara görə bu hadisə e.ə. 680-ci ildə baş vermişdir.[9] Herodot Midiya hökmdarı Kiaksarın hakimiyyəti illərində (e.ə. 625-584) Şimaldan skiflərin Midiyaya gəldiyini yazmışdır. Q. Qeybullayev qeyd edir ki, bu məlumatda konkret olaraq kimin nəzərdə tutulduğu məlum deyil. Bəlkə də bu köçlərdən biri sakların, digərləri isə kimmerlərindir. Şimaldan gələn sakların bir hissəsi indiki Azərbaycan Respublikası ərazisində və Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində məskunlaşmış, digər bir hissəsi isə Manna və Midiyaya getmişdir.

Sakların şəxs adları

[redaktə | mənbəni redaktə et]
Bisütun qayalarında şişpapaq sakların hökmdarının tsviri

Paruyr – (e.ə. VII əsr) – V əsr erməni tarixçisi Moisey Xorenlinin (M.Xorenli hay deyildi, ərmən idi və ərmən tayfalarının da çoxunun türk tayfaları olması məlumdur. Xorenlinin hay olmadığını göstərən bir faktda odur ki, o vəhşi hay tayfalarından danışarkən onlar – haylar ifadəsini işlədir, lakin ərmənlərdən danışarkən biz ərmənlər deyir) əsərində qrabarca "skaodri", yəni "sak oğlu" adlandırılır və Ermənistan çarı kimi qeyd edir. Ad türkcə "bar" – var, özüdür və "ur" -varis, övlad sözlərindən (addakı "y" səsi qrabarca əlavə olunmaqla ur türk sözünün qrabarca yur kimi yazılışından əmələ gəlmişdir) ibarətdir. Paruyrun etnik mənsubiyyətcə sak olmasını sübut edən başqa fakt da var. Moisey Xorenli yazır ki, Paruyr Midiya hökmdarı Kiaksarın Assuriyanın paytaxtı Nineva şəhərini tutmasında iştirak etmişdir. Deməli, Paruyr Kiaksarın müttəfiqi idi. Başqa mənbələrdən məlumdur ki, Ninevanın e.ə. 612-ci ildə tutulmasında Kiaksara ərmənlər, haylar yox, məhz skiflər kömək etmişdilər (madayların və sakların zərbəsinə davam gətirməyən Assur çarı Sinşar-İşkun özünü hərəmxanası və xəzinəsi ilə birgə yandırmışdı). Bu məlumatda skiflər deyiləndə sakların nəzərdə tutulduğu şübhəsizdir. Çünki Moisey Xorenli Paruyru sak oğlu adlandırır.

Skunha – (e.ə. 521) farsların hakimiyyətinə qarşı üsyan qaldırmış Orta Asiya saklarının başçısı. Eskunay adının qədim fars dilinə uyğunlaşdırılmış (başda "e" səsinin ayrılması və "h" səsinin əlavə olunması ilə) formasıdır. Ad eskun sözü və ay şəkilçisindən ibarətdir. Türkcə "es"-ağıl, zəka və bir sıra qədim türk adları üçün səciyyəvi qun, kun- knyaz sözlərinə ayrılır.

Sirak – (e.ə. 513-cü il) II əsrin antik müəllifi Poliyen yazır ki (Poliyen, Hərbi fəndlər, XII, 12), Əhəməni şahı I Dara Orta Asiyadakı sakların üzərinə yürüşə hazırlaşanda Sirak adlı bir sak özünü qəsdən xəncərlə bir neçə yerdən yaralamış, İran ordusunun düşərgəsinə gələrək guya saklardan incidiyini söyləmiş və farslara qulluq etməyə, farsların sakların üzərinə gedən yola bələdçilik etməyə hazır olduğunu demişdir. Farslar ona inanmış, Sirak isə fars ordusunu qəsdən susuz səhraya aparmışdır. Sirakın onları aldatdığını başa düşən farslar onu əzabla öldürmüşlər. Beləliklə özünü qurban verən Sirak sakların farslarla müharibəyə hazırlaşmağına vaxt qazandırmışdır. Sirakın adı isə türkmənşəli "cirak" – ağıllı sözündəndir.

İşpakay – Mannada sak çarının adı.Türkcə "eş","iş"-dost və "boka" –qüvvətli, bahadır sözlərindəndir.

Tomris (e.ə. 530) – Orta Asiyada saklarda (bəzi mənbələrdə sakların bir qolu olmuş massagetlərdə) qadın xaqanın adı.(Herodot,I,214).Bu qiymətli məlumatda sakların türk olduğunu göstərən daha bir detal var.Tomris fars hökmdarı Kirin başını kəsdikdən sonra qanla dolu tuluğa atır.Məlumdur ki,tuluq və dağar hazırlanması türklərə aid adətdir və bu sözlər təmiz türk sözləridir.Tomir (Tomar sözünün yunanca təhrifi) adından və qədim yunan dilində şəxs adlarına əlavə olunan "-is" adlıq hal şəkilçsindən ibarətdir.Bunu e.ə. II əsr müəllifi Poliyenin bu adı Tamir kimi yazması da göstərir.Ad türkcə "tomar" – hamayıl,qızıl boyunbağı sözündəndir.Bəzi tarixçilər Tomrisin başçılıq etdiyi massagetlərin məhz Azərbaycan ərazisində yaşadığını qeyd edirlər.Bunun səbəb də odur ki,mənbələrdə verilən məlumata görə Kir Tomrislə savaşa gedərkən güclü axan bir çayı keçdikdən sonra Tomrisin torpaqlarına daxil olmuşdur.Tomrisin Azərbaycanda yaşadığını söyləyən tarixçilər bu güclü axan çayın ya Kür,ya da Araz olduğunu söyləyirlər.Çünki Orta Asiyada massagetlər Xəzər sahilində yaşayırdılar və Kir onların torpağına girmək üçün hansısa çayı keçməli deyildi.

Sparqapit – (e.ə. IV əsr) Tomrisin oğlunun adı.Esbirokbit adının yunanca yazılışına görə təhrifidir.Türkcə "es"- ağıl,zəka,"birok" – yeganə,bir və "bit" boy at,böyü sözlərindəndir.

Kartazes (e.ə. IV əsr) –Makedoniyalı İskəndərə Orta Asiyada müqavimət göstərmiş sak çarı.(Kursiy Ruf,VII,7,I) Türkcə kartaş-qardaş sözündəndir.Yunan dilində "ş" səsi olmadığına görə antik müəllif bu səsi "z" səsi ilə vermişdir.Adın sonundakı "es" isə yunan dilində əlavə olunmuş adlıq hal şəkilçisidir.

Eslak (e.ə. VI əsr) – e.ə. ərmənlərə başçılıq etmiş sak çarlarından – sak oğullarından (Moisey Xorenlinin dediyi kimi) biri.(M.Xorenli,Ermənistan tarixi,N.Eminin tərcüməsi,Moskva,1893)Türkcə "es"- ağıl,zəka və "-lak" şəkilçisindən ibarətdir.Rəşidəddinin Oğuznamələrində adı çəkilən Esli xanın adı ilə müqayisə oluna bilər.

Sakaların türkmənşəli olduğunu müxtəlif türk xalqlarının tərkibində sak (saka,şaka) etnonimini daşıyan tayfaların olması da göstərir:hələ 600-603-cü illərədə Altayda tuvalarda bir tayfa Səkyə ("y" danışıqda əlavə olnmadır),hazırda qazaxlarda Şaqa,Şaktı,özbəklərdə Şakay və Şekey,qırğızlarda Sake və Saka,türkmənlərdə Şaklar və Sakar,noqaylarda Şaukay,xakaslarda Sakay,Saqay,Altay türklərində Sakait və Saqal və s.Bundan başqa yakutların etnik adının Saxa (sakanın fonetik forması),Xakas etnoniminin Sakas adından ibarət olması da nəzərə alınmalıdır.

Sakların türkmənşəli olduğunu göstərən digər bir fakt –Tatarıstanda,Azərbayanda,Türkiyədə,Qərbi Azərbaycanda (indiki Ermənistan) Şəki adlı yaşayış məntəqəsinn olmasıdır.

Sakların türkmənşəli olduğunu göstərən bir fakt da onların spesifik papaq qoymalarıdır.E.ə. 521-ci ilə aid Bisütun qaya yazısındaHerodotun "Tarix" əsərində saklar "şiş papaqlılar" adlandırılır:onların kişiləri keçədən tikilən,dik dayanan,konusvari hündür papaqlar qoyurdular.Belə papaq növü məhz türk xalqlarında mövcud olmuşdur.(Mənbələrdə qeyd edilir ki,Babək ucu şiş xəz papq qoyurdu) Qədim bulqar türklərində bu papaq növü tumak,yaxud çabak adlanırdı.

Maraqlıdır ki,XIV əsrə aid "Əcaib-əd-dünya" adlı bir mənbədə Gəncə şəhərində cavanların şiş uclu keçə papaq qoymaqları qeyd olunmuşdur.Q. Qeybullayev qeyd edir ki,ümumiyyətlə keçə düzəltmək adəti türk mənşəlidir.Altayda e.ə. I miniliyə aid kurqanlarda keçə qalıqlar tapılmışdır.İ.M.Dyakonov isə qeyd edir ki,e.ə. III minillikdə Midiyada keçə papaq qoyurdular.

Azərbaycan tarixində saklar

[redaktə | mənbəni redaktə et]

E.ə. VII əsrə aid Assur mənbəsində Manna ərazisində Saka adlı bir etnos qeyd olunur. Bundan təxminən 200 il sonra Herodot Əhəməni dövlətinin X,XI və XIV əyalətlərində sakların yaşadığnı yazır. Bu əyalətlərdə yaşayanların heç də hamısı şimaldan gələnlər deyildi. Məsələn, Əhəmənilərin XIV əyaləti Orta Asiyanın müəyyən hissəsini əhatə edirdi.(Herodot,II,23) Deməli bu ərazidəki saklar elə əvvəldən Orta Asiyada yaşayanlar idilər. Midiya ərazisinə saklar Cənub-Şərqdən,yəni Orta Asiyadan da gələ bilərdilər. Həmçinin mənbələrdən madayların sakları Orta Asiyadan Midiya ərazisinə köçürmələri də məlumdur.Midiyanın Orta Asiyadakı əyalətlərinə e.ə. 550-ci ildən sonra Əhəmənilər yiyələnmişdilər.E.ə. V əsrdə yaşamış Ktesiy yazır ki, Əhəmənilər sülaləsinin banisi Kir dövründə Orta Asiya sakları Əhəmənilərə tabe idi. Əhəməni ordusunda saklar da var idi. Kirin Babilistanı tutması şərəfinə təşkil olunmuş atçapma yarışında bir sak əsgəri qalib çıxmışdı. E.ə.519-cu ilə aid Bisütun qaya yazısında İranın tabeliyindən çıxmış Orta Asiya xalqları (Marquş, yəni Marqiana, Sataquş, Parfiyanlar və s.) ilə yanaşı, saklar qeyd olunmuşdur.

Herodotun qeyd etdiyi XI əyalət indiki Şimali Azərbaycana aid olan ərazinin bir hissəsi –Kürlə Arazın birləşdiyi yerdən Xəzərədək olan ərazidən Cənuba doğru uzanan əraziləri əhatə edirdi. Lakin bu ərazi tarixən Mannaya,sonra Midiyaya,e.ə. 550-ci ildən-331-ci ilə kimi fars Əhəmənilər dövlətinə, bu dövlət Makedoniyalı İskəndər tərəfindən məhv edildikdən sonra isə Atropatnaya tabe olmuşdu. Bu əyalətin coğrafi kordinatları dəqiqliyi ilə məlum olmasa da Güman ki bu əyalətə Xəzər dənizinin Cənub-Qərb sahilləri də daxil idi.Herodot məhz burada başqa tayfalarla – pantimat, pavsik və doriyetlərlə yanaşı, sakların da yaşadığını yazmşdı. Qədim mənbələrdən məlum olur ki, bu əyalətdə saklar iki mahalda məskun idilər: Sakasində və Balasakanda.

Strabon (I əsr) Atropatena ərazisində Sakasena adlı əyalətin adını qeyd edir (Strabon,XI,7,2). Bu ad saka etnonimindən və türkcə mənsubiyyət bildirən "-sin" (-çin,-şin) şəkilçisindən ibarətdir. Həmin Sakasena (əslində Sakaşin) Astara rayonunun ərazisində Sakaşon və Sakşon toponimlərində indiyədək qalmışdır. Buradan belə nəticəyə gəlmək olar ki, bu Sakaşin talışların əcdad olan kadusların ərazisində yerləşirdi. Çünki,e.ə. V əsr müəllifi Ksenefont da gürgünların və kadusların qonşuluğunda sakların yaşadığını yazmışdır. (Ksenefont,V,3,24) Qədimdə indiki MuğanSalyan düzlərində kaspilər məskun idilər və ona görə də bu ərazi antik müəlliflərin əsərlərində Kaspiana adlanırdı. Saklar bu ərazidə məskunlaşdıqdan sonra isə bu əyalət Balasakan (türkcə "pala" – düzənlik sözü və sak etnonimindən) adlanmışdı. Balasakan toponimi ilk dəfə III əsrdən məlumdur. Axırıncı dəfə Balasacan formasında bu toponimi XIII əsr müəllifi Yaqut Həməvi işlətmişdir Q. Qeybullayev yazır ki, ehtimal etmək olar ki, eramızdan əvvəlki son əsrlərdə saklar kaspləri sıxışdırmış və onların ərazisinə yiyələnmişdilər. Bir antik mənbədə kaspilərin ətrafında at əti yeyənlərin yaşadığı göstərirlir. At əti yeyən bu köçərilər güman ki, saklar idilər.

Herodot sakların həm də Əhəmənilər dövlətinin X əyalətində yaşadığını yazır.(Herodot,III,92) Amma bu əyalətin də dəqiq kordinatları məlum deyil. Lakin Herodot bu əyalətdə saklarla yanaşı, akbatanlıları (Midiyanın paytaxtı Akbatan şəhərinin sakinlərini) da qeyd edir. Q. Qeybullayev qeyd edir ki, güman ki,bu saklar məhz Assur mənbəsində qeyd edilən Sakadır. Bu saklar daha kompakt qrup idi. Məhz həmin saklar e.ə. 552-ci ldə farsların hakimiyyətinə qarşı üsyan qaldırmışdılar və Əhəməni şahı I Dara onları e.ə. 519-cu ilə aid Bisütun qaya yazısında "şişpapaqlı saklar" adlandırır. Sakların bu hissəsi Güney Azərbaycanda Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamışlar. Oradakı Gəncə də məhz bu sakların yaşadığı ərazidə yaranmışdı.

Məlumdur ki, e.ə. II əsrdə Atropatena dövlətinin paytaxtı fars mənbələrində Qanzak adlandırılan şəhər idi. Antik müəlliflərdən Strabon,PliniyPtolomey bu şəhərin adını Qazaka və təhrif olunmuş formada Zazaka kimi yazırlar. V əsr ərmən tarixçisi Favstos Buzand isə onu Qandzak kimi qeyd edir (F.Buzand,III,7). Bu adların hamısı Gəncə, yaxud Gəncək toponiminin müxtəlif dillərdə təhrif formasıdır. Marağanın 6 fərsəngliyində yerləşən Gəncə şəhərində türklərin Od məbədgahı (Azərgüşnasp məbədi) yerləşirdi. IX əsr ərəb coğrafiyaçısı İbn Xordadbeh bu toponimi Cənzə, XIII əsr ərəb coğrafiyaçısı Yaqut Həməvi Cəznək kimi yazırlar.

Gəncə toponimini tədqiq edən araşdıraçıların əksəriyyəti onu fars dilindəki "gənc" – xəzinə sözü ilə əlaqələndirmişlər. Lakin Y.Yusifov və daha sonra Q. Qeybullayev bu fikri rədd etmişdilər. Həm Atropatenada,həm də Qafqaz Albaniyasında sakların yaşadığı ərazilərdə yaranmış Gəncə toponimini onlar sakların içərisində Gəncə adlı tayfanın olması ilə əlaqələndirmişlər.Mahmud Qaşqarlı Orta Asiyada – qədimdə saklarn yaşadığı ərazidə türk tayfalarından birinin Gəncək adlandığını yazmışdır. Gəncək etnoniminin II komponenti olan "cək" türk dillərində "c"-"s" əvəzlənməsinə görə məhz sak etnonimini əks etdirir.Qədim mənbələrdə Azərbaycanın hər iki tərəfindəki Gəncələrin Qanzak adlanması da bununla əlaqədardır.

Orta Asiyada da orta əsrlərdə bir neçə Gəncək adlı şəhər məlumdur.Güney Azərbaycanda hazırda əhalisi Azərbaycan türklərindən ibarət olan dörd Gəncəbad,Gəncə və Gəncərud kəndlərinin adları da bu tayfanın adını əks etdirir.Pəhləvi dilində olan bir mənbədə deyilir ki,Aturpatakanda Gəncə şəhərini Turanlı Əfrasiyab tikdirmişdir.(S.Y.Kasumova,Azerbaydjan v III-VII vv.,Bakı,1992) Bu Avestada da adı çəkilən və farsların qatı düşməni olan Turan padşahı Franqraspian adlı şəxsdir.Franqraspian Şahnamədə Əfrasiyab adlandırılmışdır.Q. Qeybullayev qeyd edir ki, çox gümün ki,Franqrasian Əfrasiyabın yazılış formasıdır.Əfrasiyab türkcə "abra" – xilas edən,qoruyan,xeyir verən sözündən, "-si" (-çi) şəkilçisindən və "əb","əp" – bacarqlı,mahir sözündən ibarətdir.Əfrasiyab türkcə Abrasiəb adının farslaşdırılmış formasıdır.Ehtimal ki,Əfrasiyab tarixi şəxsiyyətdir və Midiyada yaşayan sakların (turların) başçısı olmuşdur.Doğrudur mənbələrdə onun haqqında məlumatlar olduqca azdır.Avestada deyilir ki,tur (sak) tayfasından olan Franqrasian arilərin Arvyuşayana ölkəsini tutmuş,lakin İran şahı Keyxosrov onu Çiçəst (Urmiya) gölü sahilində öldürmüşdür.Maraqlıdır ki,Nizami Gəncəvi "Xosrov və Şirin" məsnəvisində Şirinin Əfrasiyab nəslindən olduğunu yazmışdır (Şirin Bərdə gözəli idi və Bərdənin sakinləri də Azərbaycan türkləri idi). Şirin "Qara gözlü türkəm bu dam üstə mən" deyir. Məhinbanunun Şirinə dediyi "Əgər Xosrov Keyxosrovdursa biz Əfrasiyab" sözləri də diqqəti cəlb edir.

Təkzibedilməz faktdır ki,Azərbaycandakı sakalar həm də turlar-turanlar adlanmışdılar.Maraqlısı budur ki,Güney Azərbaycanda həm sak, (Sakan,Sakani,Sakene,Şaqali,Şakabad və s.) həm də turan etnonimini (Turan,Turanqala,Turani,Turanpoşt və s.) əks etdirən əhalisi Azərbaycan türklərindən ibarət kəndlər vardır.

Sakların digər bir hissəsi isə Şimali Azərbaycanda məskun idi.İndiki coğrafi kordinatlarla göstərilsə burada saklar Şəki,Sakaşen,Sisakan və Artsak bölgələrində məskun idilər.Diqqət edildikdə bu toponimlərin dördündə də sak (şak) etnoniminin iştirak etdiyini görmək olar.

1.Şəki – Burada hələ II əsr müəllifi Ptolomey Osika adlı şəhər qeyd etmişdir.(V,XI,4) Tədqiqatçılar bu adı Şəki adının təhrifi hesab edirlər.Daha sonra III əsrə aid parfiya dilindəki mənbədə bu bölgədə Sukn,"VII əsr erməni coğrafiyası"nda Sekan,VI əsrə aid bir mənbədə Şəki,IX-X əsr ərəb coğrafiyaçılarının əsərlərində Şəkkan toponimləri çəkilir ki,bütün bunalar indiki Şəki adının təhrifidir.

2.Sakasena – I əsr müəllifi Strabon Kürdən Cənubdakə ərazidə Sakasena əylətinin adını çəkir.Alban tarixçisi Moisey Kalankatlının əsərindən məlum olur ki,həmin Sakasena indiki Gəncə bölgəsindədir,çünki o,Gəncə şəhərinin Sakaşendə yerləşdiyini yazır.(Alban ölkəsinin tarixi,II kitab,23-cü fəsil).Onu da qeyd etmək lazımdır ki,bu əyalətin sakları "sakasin" adı ilə e.ə. IV əsrdən məlumdur.II əsr müəllifi Flaviy Arrian yazır ki,sakasinlər və albanlar (Qafqaz albanları) Əhəməni ordusunun tərkibində sağ cinahda Makedoniyalı İskəndərə qarşı döyüşdə iştirak edirdilər.(Arrian,III,84) Göründüyü kimi müəlliflər Sakasin adında iki toponim qeyd edirlər:biri Atropatenanın,digəri Qafqaz Albaniyasının ərazisində.Qeyd edilməlidir ki,mənbələrdə ikinci Sakasin indiki Türkiyənin Şərqində çəkilir.Bu faktın böyük elmi dəyəri var.Belə ki,tədqiqatçıların əksəri əvvəl belə bir fikirlə razılaşmışdılar ki,Sakasena toponimi Saka etnonimindən və İran mənşəli "şauana" sözündən ibarətdir,başqa sözlə toponimin sonundakı "sen" (şen) fars sözü olan "şauana"nın erməni dilindəki fonetik şəklidir.Bu fikri XIX əsrin ortalarında alman şərqşünası Hubşman ortaya atmış,sonra İ.M.Dyakonov bu fikrə tərəfdar çıxmışdır.Erməni tarixçiləri isə bu məsələni daha da qabardaraq guya ermənilərin Gəncə bölgəsində qədimdən yaşadıqlarının sübutu kimi qələmə vermişlər.Lakin Sakasena toponiminin təkcə Gəncə bölgəsində deyil,Atropatenada,Anadoluda olması göstərir ki,bu adda nə İran mənşəli "şauana" nə də erməni dilindəki "şen" sözü ola bilməz.Y.Yusifov qeyd edir ki,Sakasen ("a" yunan dilinin fonetikasna uyğun olaraq Strabon tərəfindən artırılmışdır) sözünün sonundakı "sen" sözü qədim türk dilində "şen" sözünün fonetik şəklidir.II əsr müəllifi Arrian da bu toponimi Sakesin,Bəlazuri Şakşin kimi yazmışdır.Deməli Sakasin toponimi orada məskunlaşmış sakların öz dilində formalaşmış toponimdir və əsl forması Sakasin,yaxud Şakaşindir.

3.Azərbaycandakı saklarn bir hissəsi isə Yuxarı Qarabağda məskunlaşmış və onların adı ilə albanların dilində bu ərazi "Art-sak" adını almışdı.Qədim erməni mənbələrində Artsax kimi yazılan bu toponim türkcə "art" – dağlıq ərazi,yüksəklik sözündən və sak etnonimindən ibarət olub "Sak yüksəkliyi", yaxud "sakların dağlıq ərazisi" mənalarını verir.Q. Qeybullayev qeyd edir ki, A.N.Qrek mənbələrdəki Sakasena əyalətini Artsakla lokalizə etməklə müəyyən mənada haqlı idi. Ona görə ki,hər iki toponim sak etnonimi ilə bağlıdır. Saklarn bir hissəsi isə Qafqaz Albaniyası ilə Atropatenanın sərhəddindəki düzənlikdə məskunlaşmışdılar ki,bu düzənlik də Balasakan "Sak düzənliyi" adlandırılırdı.Beləliklə saklarn dağlıq və düzənlik ərazidə məskunlaşmaları ilə Artsak və Balasakan toponimləri yaranmışdı.Həm də nəzərə almaq lazımdır ki,Azərbaycanda digər bir Artsak da Güney Azərbaycan ərazisində-Atropatenada yerləşirdi.Xürrəmilər hərəkatı ilə bağlı hadisələrdə bu toponim mənbələrdə Arşak qalası kimi qeyd edilmişdir.

4. Azərbaycan ərazisində saklarla bağlı digər toponimlərə indiki Ağsu rayonunun Bico kəndi ərazisindəki Pirəmsaq ("sak qocası") deyilən qədim qəbiristanlıq ərazisini də qeyd etmək lazımdır. Bu əraziyə "Pirəmşaq" da deyilir. Qeyd edildiyi kimi, bəzi mənbələrdə saklar "şak"lar kimi də xatırlanır. Bico kəndi ərazisində yerləşən, Ləngəbiz silsiləsinin ən hündür zirvəsi olan Səndələn dağının, yerli əhali arasında əsasən Sanqalan (Sakqalan) adlandırılması da bu baxımdan xeyli maraqlıdır. Saklarla bağlı digər toponim kimi Zaqatala (Sak tala) şəhərinin adını da misal gətirmək olar.

Sakların bir özəlliyi də odur ki,onlar oda sitayiş edən olmuşlar. Nəzərdə tutulmalıdır ki, oda sitayiş üçün məbəd tikilməsi İran xalqları (taciklər,əfqanlar,osetinlər,farslar,kürdlər və b.) üçün səciyyəvi deyldi, onlar atəşpərəst olmamışlar.Əks təqdirdə hal-hazırda bu xalqların kompakt məskunlaşdıqları ərazilərdə heç olmasa nümunə üçün bircə dənə od məbədi aşkarlanardı. Halbuki,həm Güney Azərbaycanda, həm Şimali Azərbaycanda, həm də Qərbi Azərbaycanda (indiki Ermənistan) kifayət qədər od məbədləri dövrümüzə çatmışdır. Bu ibtidai din formasını Azərbaycana saklar gətirmişlər. Güney Azərbaycanda Gəncək şəhərində (Qazaka) baş od məbədinin (Azərgüşnasp məbədi)olması da bununla əlaqədarır. Qeyd etmək lazımdır ki, tarix boyu oda sitayiş edənlərin mərkəzi Güney Azərbaycan olmuşdur.

  1. The Turks. Volume 1: Early Ages. Part 3: Old nomads of the steppes: Scythian age in Eurasia. Prof. Dr. A. Chay - Prof. Dr. I. Durmus, Scythians, Yeni Türkiye, Ankara 2002, S.147-166 Arxivləşdirilib 2013-10-16 at the Wayback Machine, ISBN 975-6782-56-0
  2. Zürichi Magyar Történelmi Egyesület, Die Frühgeschichte der Ungarn: Zusammenfassung Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine, Ungarisch-Historischer Verein, 1994, S.11 f., ISBN 963-8527-447
  3. Osman Karatay, İran ile Turan: hayali milletler çaǧında Avrasya ve Ortadoǧu Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine, Ayse Demiral, 2003, s.151
  4. H. Celâl Güzel, Ali Birinci, Genel Türk tarihi, 1. cilt Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine, Yeni Türkiye, 2002, s.485
  5. Yılmaz Öztuna, Başlangıcından zamanımıza kadar büyük türkiye tarihi: Türkiye'nin siyasî, medenî, kültür, teşkilât ve san'at tarihi Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine, Ötüken Yayınevi, 1983
  6. Belgelerle Türk tarihi dergisi, cilt 84-86 Arxivləşdirilib 2014-11-29 at the Wayback Machine, Menteş Kitabevi, 2004, s.89
  7. Qazaxıstan SSR tarixi, I cild, Alma-Ata, 1957, səh.198-199
  8. Qazaxıstan SSR tarixi, I cild, Alma-Ata, 1957
  9. Kirzioğlu M. Fahrettin, Kars tarihi, I cild, İstanbul,1953
  1. Q.Ə.Qeybullayev-Azərbaycan türklərinin təşəkkülü tarixindən,Bakı,1994
  2. Q.Ə.Qeybullayev-Qədim türklər və Ermənistan,Bakı,1993
  3. İ.M.Dyakonov-Midiya tarixi,Leninqrad-Moskva,1956
  4. Kirzioğlu M.Fahrettin-Kars tarihi,İstanbul,1953
  5. E.V.Sevortyan –Türk dillərinin etimoloji lüğəti,I,II,III cildlər,Moskva,1974,1978,1982
  6. Qazaxıstan SSR tarixi,I cild,Alma-Ata,1957
  7. Y.B.Yusifov- Azərbaycanın etnik tarixinin aktual problemləri,Bakı,1988
  8. Y.B.Yusifov-Kimmer,skif və saklar qədim Azərbaycanda,Tiflis,1988