Yeyilən şabalıd

Yeyilən şabalıd, əkin şabalıdı, adi şabalıd (lat. Castanea sativa)[1] - şabalıd cinsinə aid bitki növü.[2]

Əkin şabalıdı
Elmi təsnifat
Beynəlxalq elmi adı

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli ksilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. [3][4]

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

30(37)m hündürlüyündə ağacdır. Gövdəsinin diametri 1(2) m olub, qabığı boz rəngdədir. Çətirləri geniş qollu-budaqlıdır. Tumurcuqları yumurtavaridir. Yarpaqları növbəli düzülüşlüdür, uzunluğu 6(15)-20(28) , eni 3(4)-7(8) sm-ə bərabərdir, uzunsovdur lansetvaridir, kənarları enli mişardişlidir, daxilə doğru əyilmiş iti uclara malikdir. Çiçəkləri düzduran, uzun, sünbülvari sirğalarda yerləşmişdir. Sırğada yuxarıda erkəkcik daşıyan çiçəklər, aşağıda dişicik daşıyan, ortada isə çox zaman az miqdarda ikicinsli çiçəklər yerləşir. Tozluqlar yumurtavari olub, sırğalar çiçək açdıqdan sonra tökülür. Dişicik daşıyan çiçəklərdən ibarət dixazi iri çanaqcıqla əhatə olunur. Çanaqcıq 4 qapaqla açılır, üzəri yumşaq iynəvari tüklərlə örtülü olur. Çanaqcıqda 3 ədəd birtoxumlu fındıqca tipli meyvə yetişir.[5]

Hündürlüyü 30 (35) m-ə qədər, diametri 1,5 (2) m, enli, budaqlı çətiri olan ağacdır. Tumurcuqları iri, yumurtaşəkilli, tünd-qəhvəyi rəngdədir.[6]

Yarpaqlarının uzunluğu (8) 10-25 smdir,uzunsov-neştərvari, neştərvari və ya uzanmış uzunsovdur, qaidəsinə doğru daralmış, uc hissədə dartılı-sivridir, üst tərəfdən çılpaq, alt tərəfdən sıx ulduzşəkilli-tüklüdür, kənarları bizvari, adətən içəri əyilmiş zoğlarla tamamlanan dişlərlədir; yarpağın alt tərəfindən nəzərə çarpan damarları 16-28 (30) cütdür.

Erkəkcikli çiçəkləri sarımtıl rəngli, ətirlidir,uzun ox üzərində yumaqcıqda oturaraq,çiçəkləri solandan sonra tökülən, uzun düzduran salxım əmələ gətirir. Dişicikli çiçəkləri 1-3 ədəd və ya daha çox olmaqla yumaqcıqda yerləşir.

Meyvəsi parıldayan, qalın dərili,meyvə yanlığı qəhvəyi rəngli olan qozdur;qozlar bir tərəfdən qabarıqdır, 2-3 (1) ədəddir,gec açılan olub, xaricdən uzun sivri iynəlidir,şarşəkilli qoza ilə tamamlanır.

Çiçəkləməsi - İyun

Meyvə verməsi - Oktyabr-Noyabr[7]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İyun-iyul aylarında çiçəkləyir. Meyvələri sentyabrın axırında, oktyabr və noyabr ayında yetişir. Toxum, pöhrə və kök bicləri ilə artır. Tozlanması entomofil və anemofildir. Mezofitdir. Təzə, dərin, açıq qonur çöküntülü dağ-meşə qurşaqlarında yaxşı bitir, tərkibində əhəng olan torpaqları, quru və bataqlıqlaşmış yerləri sevmir. Şabalıd meşəlikləri nisbətən kiçik sahələri tutub, əsas etibarilə dəniz səviyyəsindən 550-1200(1300)m hündürlükdə, yamacın rütubətli şimal, qərb və qismən cənub hissələrində yayılmışdır. Adətən qarışıq halda fıstıq-vələs və vələs-palıd meşələrində bitir. Qida bitkisidir.[5][8][9]

Arealı tədricən azalan relikt növdür.

Zaqatala (qoruğun ərazisi), Qəbələ (Vəndam və Bum çayları vadilərində) və rayonları. Qavqazın qalan hissəsində - Qərbi Zaqafqaziya, Cənubi Osetiya MB. Azərbaycandan kənarda – Kiçik Asiya və Qərbi Avropanın cənubu.[5][8][10]

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Zaqatala, Qəbələ, Oğuz, Xaçmaz, Xudat, Yuxarı Qarabağ rayonları ərazilərində, Alazan-Əyriçay vadisində rast gəlinir.

BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ şimal, KQ mərkəz. (Xocalıçay), Lənk. dağ. Orta və yuxarı,bəzən aşağı dağ qurşaqlarında rast gəlinir.[6]

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Yayılma ərazilərinin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Şərq fıstığı tikinti işlərində, sualtı tikintidə, gəmiqayırmada, dülgər və mebel düzəldilməsində və s. istifadə olunur.Zoğ və yarpaqları iri buynuzlu heyvanların yemdir. Həmçinin dekorativ əhəmiyyəti vardır.[7]

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Digər cinslərlə birgə təmiz meşə əmələ gətirir.[6]

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Zoogen amillər (meyvələrin meşədə vəhşi donuzlar, gəmiricilər tərəfindən yeyilməsi), fitopotoloji və antropogen amillər( əhali tərəfindən meyvələrin yığılması)

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Zaqatala Dövlət Qoruğunda mühafizə olunur.[8]

Dəniz səviyyəsindən 600–1100 m yüksəklikdəki zolaqda, aşağı dağlıq qurşağın şimal yamaclarında, dağ vadiləri və dərələrinin yamaclarında, təzə, rütubətli qonur-gillicəli torpaqlarda bitir.

Meşədə şabalıda palıd, vələs, ağacları ilə birgə rast gəlinir. Antropogen amillərin qüvvətli təsirinə məruz qalan sahələrdə şabalıd vələslə əvəz olunur.

Şabalıdın əsas meşə massivlərinə Qəbələ rayonunda təsadüf edilir. Respublikamızda ehtiyatı ümumiyyətlə azdır. Ümumi sahəsi 1000 ha yaxındır.

Çoxalması toxumladır.

Ehtiyatının dəyişilmə səbəbləri.

[redaktə | mənbəni redaktə et]

Tikinti materialı və müxtəlif məqsədlər üçün sistemsiz kəsilməsi, xəstəliyi və meyvəsinin toplanması.

  • Böyük Qafqaz rayonlarında geniş sahələrdə əkilir. Bakıda Azərbaycanın Botanika İnstitutunun botanika bağında becərilir.

Qəbul edilmiş qorunma tədbirləri

[redaktə | mənbəni redaktə et]
  • Zaqatala qoruğunda mühafizə olunur.

Zəruri qorunma tədbirləri

[redaktə | mənbəni redaktə et]
  • Mövcüd şabalıd meşələrini qorumaq, meşə əkinlərində və bağlarda geniş miqyasda becərmək. Qəbələ rayonunda Bumçay vadisində yasaqlıq yaratmaq lazımdır.
  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  4. http://redbook.az/?options=project&id=Adi%20%C5%9Fabal%C4%B1d[ölü keçid]
  5. 1 2 3 Azərbaycanın ağac və kolları, 1964)
  6. 1 2 3 Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
  7. 1 2 Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
  8. 1 2 3 Azərbaycanın Qırmızı kitabı, 1989
  9. Məmmədov Q.,Xəlilov M., 2002
  10. Tərtibçilərin məlumatları