Vilyam Koplend (ing. William Copeland; 10 yanvar 1834, Arendal[d] – 11 fevral 1902, İşikavaço[d]) və ya əsl adı ilə Yohan Martinius Toresen (norv. Johan Martinius Thoresen) – Norveç əsilli ABŞ pivəçisi. 1869-cu ildə Yaponiyada Spring Valley Brewery pivə şirkətinin əsasını qoymuşdur. O, Yaponiyada südçülük və pivəçilik ilə məşğul olmuş ilk əcnəbi şəxsdir.[1][2]
Vilyam Koplend | |
---|---|
Doğum tarixi | 10 yanvar 1834 |
Doğum yeri | |
Vəfat tarixi | 11 fevral 1902 (68 yaşında) |
Vəfat yeri |
Vilyam Koplend 1834-cü ildə Norveçdə Yohan Martinius Toresen adı ilə doğulmuşdur.[3] 1840-cı illərin sonlarında Norveçdə yaşayan bir alman pivə ustasının yanında 5 il işləmişdir.[3] O, 1850-ci illərdə ABŞ-yə miqrasiya etdikdən sonra özünə Vilyam Koplend adını götürmüş və ABŞ vətəndaşı olmuşdur.[3]
Koplend 1864-cü ildə Yaponiyanın Yokohama şəhərinə köçmüş və araba biznesi ilə məşğul olmağa cəhd etmiş, daha sonra südçülüyə yönəlmişdir.[3] Onun adı "Yokohama şəhərinin yazılı tarixi" əsərində 1868-ci ildə burada yaşayan avropalı və amerikalıların siyahısında göstərilmişdir.[3] Koplend 1869-cu ildə pivəçilik ilə məşğul olmağa başlamışdır.[3]
Koplend Yamatenin Kiyoizumi bölgəsində yerləşən və təbii bulaqları ilə tanınan Amanuma gölməçəsinin yaxınlığında məskunlaşmışdı.[3] O, 1869 və ya 1870-ci ildə burada Spring Valley Brewery pivə şirkətinin əsasını qoymuşdur.[3] Koplend Amanuma adından rəsmi olaraq istifadə etməsə də, bişirdiyi pivə Amanuma sake pivəsi kimi tanınmışdır.[3] Onun tərəfindən istehsal olunan "Lager Beer", "Bavarian Beer" və "Bavarian Bock Beer" brendi pivələri Yokohamada yerləşən meyxanalara və pivəxanalara göndərilsə də, kiçik bir qismi Yamate və Yamaşitada yaşayan xarici şəxslərə satılırdı.[4] Koplend Yaponiyada pivə vergisindən və yerli biznes lisenziyasından azad edilsə də, o, 1874-cü ildə biznes lisenziyası üçün müraciət etmişdir.[5] Kanaqava Maliyyə Nazirliyi isə xarici vətəndaşlarla bağlı bu cür məsələlərin müvafiq ölkələrin səlahiyyətinə daxil olduğunu bildirərək müraciəti qəbul etməmişdir.[5]
Koplend pivə bişirməklə maraqlanan yaponlar üçün təlimatçılıq etmişdir.[5] Onun iki yapon şagirdi 1873-cü ildə Kofu şəhərində ilk pivə zavodunu qurmuşdur.[5] Bu hadisə bir çox yaponu yerli pivə istehsal etmək üçün cəsarətləndirmişdir.[5]
Satış və marketinq partneri Emil Vieqandlə yollarını ayırdıqdan sonra Koplendin şirkəti müflis olmuş[5] və pivə zavodu 1885-ci ildə Japan Brewery Company şirkətinə satılmışdır.[5] Müflis olmasına baxmayaraq, o, 1886-cı ildə qonşuluqda yerləşən yeni evə köçmüş, evini pivə bağına çevirmiş və köhnə zavodunun yanında pivə satmağa başlamışdır.[5]
Koplendin yeni pivə dükkanında pivə çəlləklərinin saxlanıldığı 4-5 zirzəmi anbar yerləşirdi.[6] Zirzəmiləri sərin saxlamaq üçün Amanuma gölməçəsindən boru xətti ilə su çəkilirdi.[6] Koplend pivəni qalın şüşəli krujkalarda təqdim edirdi.[6] O, əvvəlcə krujkaları Qərbdən sifariş etsə də, daha sonra Çindən idxal etmişdir.[6] Kiçik şüşənin qiyməti 10 sen, böyük şüşənin qiyməti 20 sen təşkil edirdi.[6] Koplend daha sonra sinklənmiş metal krujkalara keçmişdir.[6] Koplendin pivə bağına içməyə gələn şəxslər adətən xaricdən gələn dənizçilər idilər.[6] Daimi yaşayan xarici şəxslər isə demək olar ki, gəlmirdilər.[6] Koplend bu dövrdə bir neçə yerli pivəxana üçün məsləhətçilik etmişdir.[6]
Koplend pivə biznesindəki uğurunu geri qaytara bilməyəcəyini düşünərək 1889-cu ildə Havay adalarına, daha sonra Qvatemalaya köçərək yapon məhsullarının satıldığı dükkan açmışdır.[6] Xroniki revmatizm və ürək xəstəliyindən əziyyət çəkdiyi üçün, eləcə də, gəliri azaldığı üçün dükkanının tədarükünə davam edə bilməmişdir.[6] 1894-cü ildə yazdığı məktubda Yaponiyaya qayıtmaq istəmədiyini bildirsə də, 1902-ci ildə Yokohamaya qayıtmışdır.[6]
Koplend 11 fevral 1902-ci ildə Yokohamada ölmüşdür.[6] Qəbri Yokohama əcnəbi qəbiristanlığında yerləşir.[1]
Koplend 1840-cı illərdə Norveçdə yaşayarkən norveçli bir qadınla evlənmişdir.[3] Lakin birinci həyat yoldaşının ölüm tarixi naməlumdur.[3] Yaponiyada yaşayarkən Umeko adlı yapon qadınla evlənmişdir.[1] Umeko 1908-ci ildə ölmüşdür.[1] Cütlüyün uşağı olmamışdır.[1]