Yusif əl-Qərdavi (ərəb. يوسف القرضاوي; 9 sentyabr 1926[1] – 26 sentyabr 2022[2][3], Doha) — Misirli islam teoloqu.
Yusif əl-Qərdavi | |
---|---|
ərəb. يُوسُف القرضاوي ərəb. يوسف عبد الله القرضاوي | |
Doğum tarixi | 9 sentyabr 1926[1] |
Vəfat tarixi | 26 sentyabr 2022[2][3] (96 yaşında) |
Vəfat yeri | |
Uşaqları | 7 |
Təhsili |
|
Fəaliyyəti | üləma, yazıçı, fəqih, şair, hüquqşünas, vaiz[d], mühəddis |
Fəaliyyət illəri | 1977–2022 |
Üzvlüyü | |
al-qaradawi.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Mülayim İslamın nümayəndəsi hesab olunur. "İxvan əl-müslimin" müftisidir.
Daha çox "Əl-Cəzirə" kanalında apardığı şəriət verilişinə görə dünya şöhrəti qazanmışdır.
1926-cı ilin sentyabr ayının 9-da Misirin əl-Ğərbiyyə vilayətinin Sift kəndində dünyaya gələn Yusif əl-Qərdavi hələ iki yaşında ikən atasını itirmiş və onun təhsili ilə əmisi məşğul olmuşdur. Balaca Qərdavi hələ on yaşına çatmamış Quranı əzbərləmişdi. Krallıq dövründə Misirin Əzhər Universitetinin nəzdindəki məktəbə lisey şagirdi kimi qəbul olunmuş və oranı ən yaxşı ikinci şagird kimi bitirmişdir.
Bundan sonra eyni universitetin "Dinin əsas prinsipləri" fakültəsinə daxil olan Qərdavi təhsilini 180 tələbə arasında birinci olaraq başa vurmuşdur. Qərdavi 1958-ci ildə Ərəb dili üzrə Akademik Araşdırmalar İnstitutunda "Dil və ədəbiyyat" ixtisasına yiyələnmişdir. "Dinin əsas prinsipləri" fakültəsinin "Quran və Sünnət elmləri" bölməsinin magistratura pilləsini bitirən Qərdavi, doktor elmi adını da 1973-cü ildə elə bu universitetdə almışdır. Qərdavinin doktorluq dissertasiyasının adı "Zəkat və zəkatın ictimai problemlərin həllində yeri" idi.
Şeyx Yusif əl-Qərdavi həyatının ilk illərindən çoxlu çətinliklərin, siyasi təzyiqlərin şahidi olmuşdur. Həsən əl-Bənnanın rəhbərlik etdiyi İxvanülmüslimin təşkilatına üzv olması onun dəfələrlə həbsə düşməsinə səbəb oldu. İlk dəfə krallıq zamanı həbs edilən Qərdavi, üç dəfə də Misir lideri Camal Əbdünnasirin hakimiyyəti illərində məhbus olmuşdur. 1961-ci ildə Qətərdə dini bir institutun yaradılmasında yaxından iştirak edən Qərdavi elə həmin institutun müdiri vəzifəsində işləmişdir. Bu səbəblə Qərdaviyə Qətər vətəndaşlığı verilmiş və o, Qətərdə qalmışdır.
Qərdavi 1977-ci ildə Qətər Universitetinin Şəriət fakültəsi və islam araşdırmaları bölməsini quraraq dekan oldu. O, bu vəzifədə 1990-cı ilə qədər qaldı. Qərdavi eyni zamanda Qətər Universitetində "Sünnət və Peyğəmbərin həyatını araşdırma" mərkəzinin müdiridir. 1413-cü il də "İslam araşdırmaları" konfransında beynəlxalq Kral Feysəl mükafatını qazanan Qərdavi eyni zamanda Malayziya Beynəlxalq İslam Universitetinin də elmi mükafatına layiq görüldü.
Yusif əl-Qərdavi böyük alimlərdən sayılır. Fitvalarındakı mötədillik fitva və kitablarının müsəlmanlar arasında yayılmasına səbəb olub. Qərdaviyə şöhrət qazandıran başqa bir səbəb isə onun əl-Cəzirə televiziyasında "Şəriət və Həyat" adlı proqramda çıxış etməsidir. Qərdavi bu proqramda cəmiyyətin islami həyatının ümumi məsələlərinə toxunur.
Qərdaviyə şöhrət gətirən digər bir səbəb də onun Misir müftisi Şeyx Nəsr Fəridlə birlikdə Taliblərin budda heykəllərini dağıtdıqları bir vaxtda İslam Konfransı Təşkilatı kimi bir heyət yaradaraq Taliblərdən heykəllərin dağıdılmasını dayandırmaq tələbi ilə çıxış etməsi olmuşdur. İsrailə qarşı cihadı dəstəkləyən Qərdavi əcnəbi işğala qarşı bütün islami hərəkatların mübarizəsini də haqlı sayır.
İslam aləmində Qərdavi haqqında müxtəlif mülahizələr mövcuddur. Bəziləri onun fiqhə dair fikirlərinin İslam fiqhi kitabları ilə ziddiyyət təşkil etdiyini söyləyir. Qərdavinin görüşlərinin İslam hüquq metoduna uyğun gəlmədiyini iddia edənlər alimin bəlli bir elmi metoddan çıxış etmədiyini də irəli sürərək onun dini mətnlərə və fiqhi əsaslara deyil, şəxsi rəyinə uyğun hərəkət etdiyini söyləyirlər. Qərdavi ilə bağlı bu tip qiymətləndirmənin onun elm sferasından daha çox siyasi arenada ön plana çıxmasından qaynaqlandığı bildirilir. Belə ki, Şeyx Qərdavinin öhdəsində çox mühüm bir məsuliyyət — İxvan əs-Səfanın bir qolunun (İxvan əs-Səfa Həsən əl-Bənnadan sonra Seyyid Qütbün ardıcılları olan Qütbçülər və Həsən əl-Bənnanın davamçıları sayılan Bənnaçılar olaraq iki qola ayrılmışdı. Bu qollar da öz aralarında tabe olduqları şeyxlərə görə qruplara bölünmüşlər) elmi avtoriteti olmaq durur.
Ancaq, Qərdavini müdafiə edənlər onu dəstəkləyir, alimin fiqhi görüşlərinin tam şəkildə hüquq metodları ilə eyniyyət təşkil etdiyini bildirirlər. Bu səbəbdən onun islam hüququ və metodologiyası sferasındakı dərin biliyi ilə metodologiyaya uyğun fiqhi görüşlərə malik olduğu qeyd edilir.
Onlara görə, Qərdavi bəzi zəif hədislərdən dəlil kimi istifadə edir, Buxari və Müslimin hədis toplularında olan bir-sıra hədisləri qəbul etmir.
Onlara görə, Qərdavi bəzi məsələlərdə icmaya qarşı çıxır. Bu iddiaya Əzhər universitetinin bəzi şeyxləri də qoşulur. Sələfilər Qərdavinin hüquq metodologiyasında bəzi qaydalar icad etdiyini də irəli sürürlər.
Qərdaviyə qarşı ən böyük iddia onun ABŞ-dakı müsəlmanların amerika ordusu tərkibində Əfqanıstanda vuruşa bilmələrinə dair fitva çıxarmasıdır. Onlar Qərdavinin Fələstinlə bağlı verdiyi fitvalarının dini məzmundan daha çox milli xarakterə malik olduğunu iddia edirlər. (Qeyd olunur ki, Qərdaviyə qarşı cihadçıların irəli sürdüyü iddia hələ də öz sübutunu tapmayan bir məsələdir.)
Onlar qədər və təvil məsələsində Qərdavini əşari düşüncəsini qəbul etməməyinə baxmayaraq, İbn Teymiyyə və İbn Qayyimi qəbul etdiyinə gərə tənqid edirlər.
Qərdavi 100-dən artıq kitab və məqalənin müəllifidir. Müasir fitvalar (və s.).
Dünya Müsəlman Alimləri Birliyi təşkilatının sədri Şeyx Yusuf Əl-Kardavi Qəddafinin tağut olduğunu və böyük günahları icra etdiyini, insanlığa qarşı cinayət törətdiyini və İslamla zərrə qədər də olsun bağlılığı olmadığını deyib. Qərdavi deyib ki, öz xalqına qarşı soyqırım törədən birisini durdura biləcək birisi varsa, onun boynunda vəzifəsidir ki, bunu mütləq icra etsin. Liviyadakı inqilabın Allahın lütfü ilə müvəffəqiyətlə nəticələnəcəyini deyən Kardavi, Allahdan Liviya xalqının qoruması üçün dualar etməyə çağırıb.
"Qəddafi xəstədir. Böyüklük kompleksi ilə özünü filosof hesab edir. Allaha and içirəm ki, Liviya inqilabı zəfər qazanacaq. İnqilabçılar müqavimət göstərəcək və Liviyadakı rejimin sonu Tunis və Misirdəki rejimlərin sonu kimi olacaq", — deyə Qərdavi özünün cümə xütbəsində çıxışı zamanı bildirib.[6]
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |