Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Mirbabayev Yusif Abbas oğlu (Miryusif Mirabbas oğlu Mirbabayev; 1889, İrəvan – 1951, Bakı) — filologiya elmləri namizədi, Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun direktoru. Lüğətin bir hissəsinin müəllifi və elmi redaktoru.
Yusif Mirbabayev | |
---|---|
Doğum tarixi | 1889 |
Doğum yeri | |
Vəfat tarixi | 1951 |
Vəfat yeri | |
Təhsili |
Miryusif Mirbabayev 1889-cu ildə İrəvan şəhərində anadan olmuşdur. İrəvan ziyalılarınnın tanınmış nümayəndələrindən olan Mirabbas Mirbabayev İrəvan şəhər Dumasının üzvü olmuşdur.
Miryusif Mirbabayev ilk təhsilini İrəvan rus-tatar məktəbində və gimnaziyasında almışdır.[1] O, 1916-cı ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir.[2] Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra M. Mirbabayev Azərbaycanın İrəvandakı diplomatik nümayəndəliyində öncə katib əvəzi, sonra katib işləmişdir.
Miryusif Mirbabayev 1918–1920-ci illərdə İrəvan Müsəlman Milli şurasının üzvü kimi, ermənilərin İrəvan quberniyasında törətdikləri qırğınların qarşısının alınması üçün həm Azərbaycanın, həm Ermənistanın xarici işlər nazirliklərinə, həm də Cənubi Qafqazdakı müttəfiq qoşunların komandanlığına müraciətlər etmişdir.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra Miryusif Mirbabayev Ermənistan İnqilab Komitəsinin Hərbi Tribunalında, Xalq Maliyyə Komissarlığında məsul vəzifələrdə çalışmış, İrəvan pedaqoji texnikumunda tədris hissə müdiri, fəhlə fakültəsinin rəhbəri vəzifələrində işləmişdir. Miryusif Mirbabayev Ermənistan EA Tarix İnstitutunda və Ölkəşünaslıq muzeyində elmi işçi olmaqla yanaşı, Xalq Maarif Komissarlığı nəzdindəki Milli Azlıqlar şurasının, Yeni Türk Əlifbası Komitəsinin üzvü kimi də ictimai işlərdə yaxından iştirak etmişdir.
1933-cü ildə Bakıya köçən poliqlot Miryusif Mirbabayev özünü dilçilik sahəsində sınamışdır. O, bir müddət SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialında elmi işçi olmuşdur. 1938–1941-ci illərdə Filialın Lüğətlər İnstitutunda elmi katib vəzifəsində işləmişdir. Lüğətlər İnstitutu Dil İnstitutu ilə birləşdirildikdən sonra Miryusif Mirbabayev yeni institutun Lüğət və terminologiya şöbəsinin müdiri təyin olunmuşdur. 1944-cü ildə "Azərbaycan dilinin erməni dilinə təsiri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi adını almışdır. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun ilk direktoru seçilmişdir.
Akademik Heydər Hüseynovun rəhbərliyi altında hazırlanmış (1940–1946) 4 cildlik "Rusca-azərbaycanca lüğət"ə görə 1948-də Stalin mükafatına layiq olmuşdur. O, bir çox başqa sanballı lüğətlərin də əsas tərtibçilərindən olmuşdur.
Görkəmli dilçi, Stalin mükafatı laureatı Miryusif Mirbabayev 25 avqust 1951-ci ildə Bakıda vəfat etdi.
Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində 1936-cı il mart ayının 3-də Mir Cəfər Bağırovun imzaladığı tarixi bir qərar saxlanılır: "Azərbaycan Şura Ensiklopediyasının nəşri haqqında". Materiallardan aydın olur ki, 1936-cı il fevral ayının 15-dək Ensiklopediyanın birinci cildi üçün üç min beş yüz min məqalə hazırlanmışdır. Dilşünaslıq üzrə məqalələrin əksəriyyətini ərəb, fars, rus, ingilis, fransız, osmanlı türkcəsi, erməni və s. dilləri mükəmməl bilən Miryusif Mirbabayev hazırlamışdır. Materiallardan bu da müəyyən edilir ki, o zaman Ensiklopediyanın tarix şöbəsində akademik İvan İvanoviç Meşşaninov şöbə müdiri, Rəşid Musa oğlu Nurullayev elmi əməkdaş vəzifəsini tutmuşlar. Dil və ədəbiyyat şöbəsinin elmi əməkdaşı Mir Cəlal Paşayev, fəlsəfə, hüquq və maarif şöbəsinin elmi əməkdaşı Heydər Hüseynov olmuşdur. Bir-biri ilə ülfət bağlayan üç məslək adamının – Heydər Hüseynovun, Rəşid Nurullayevin və Miryusif Mirbabayevin dostluğu sonralar da davam etmişdir. Miryusif Mirbabayev Heydər Hüseynovla çiyin-çiyinə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialında çalışmış, 1938–41-ci illərdə Filialın Lüğətlər İnstitutunda elmi katib vəzifəsində işləmişdir. Lüğətlər İnstitutu Filialın Dil İnstitutu ilə birləşdirildikdən sonra istedadlı dilçi və lüğətçi institutun Lüğət və Terminologiya şöbəsinin müdiri təyin olunmuşdur. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun ilk direktoru seçilmişdir. 1948-ci ilin Stalin (Dövlət) mükafatı laureatı.
M. Y. Mirbabayevin namizədlik dissertasiyası "Türk (azərbaycan) dilinin erməni dilinə təsiri" adlanır. Müəllif göstərir ki, Urartu çayı 1-ci Argiştinin eramızdan əvvəl 782-ci ildə tikdirdiyi Erebuni qalası yaxınlığında salınmış və uzun zaman "Çuxur Səd" adlandırılan yaşayış məntəqəsi Şah İsmayılın sərkərdələrindən olan Rəvan xanın şərəfinə "Rəvan" adlandırılmışdır. Azərbaycan türkcəsində "R" səsi ilə başlanan sözləri tələffüz etmək üçün sözün əvvəlinə "İ" artırılmış və "İrəvan" deyilmiş, 1936-cı ildən sonra rəsmi sənədlərdə "Yerevan" yazılmışdır. Azərbaycan hökmdarlarının tabeliyində olan vaxtlarda Ermənistanda bəylərbəyi, kələntər, yüzbaşı və s. vəzifələrə ermənilər təyin olunduqlarından, sonralar Azərbaycan mənşəli soyadlarını "erməniləşdirmişlər". Məsələn, Bəyləryan, Kələntəryan, Yüzbaşyan, Mirzəyan, Dəmirçiyan, Çilingəryan və b. Tarixşünas dilçi alim Azərbaycan dilinin erməni dilinə təsirini xalqımızın tarixi ilə əlaqələndirirdi. Zira qədim Dərbənddən başlayaraq Təbrizə və Bağdada qədər olan ərazidə türklər (azərbaycanlılar) yaşayırdılar. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycan türkcəsinin rəsmi dövlət dili səviyyəsinə qaldırılması nəticəsində ana dilimizin başqa dillərə, o cümlədən erməni dilinə təsirini daha da artırmışdı.