Zöhrab Məmməd oğlu Hümbətov (1984; Böyük Qışlaq, Tovuz rayonu, Azərbaycan — 14 dekabr 2022; Çıraq, Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, şəhid.
Zöhrab Hümbətov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Böyük Qışlaq, Tovuz rayonu, Azərbaycan |
Vəfat tarixi | |
Vəfat yeri | Çıraq, Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | Aşağı Quşçu, Tovuz rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Məmməd Hümbətov |
Təhsili | orta |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2002—2022 |
Rütbə | Baş gizir |
Təltifləri |
Zöhrab Hümbətov 1984-cü ildə Tovuz rayonunun Böyük Qışlaq kəndində anadan olmuşdur.[1] 1990-2001-ci illərdə orta təhsil almışdır. Ailəli idi. 3 övladı yadigar qaldı.
Zöhrab Hümbətov 2002-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan dərhal sonra müddətdən artıq həqiqi hərbi xidmət üçün kurslara yazılmışdır. Kursları başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etmişdir. "Gizirlik kursu"nu bitirərək "gizir" rütbəsini almışdır. 20 illik hərbi xidmətində Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən bir çox medallarla, fəxri fərman və təşəkkürnamələrlə təltif edilmiş və "baş gizir" rütbəsinə yüksəlmişdir.
14 dekabr 2022-ci ildə təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşmüşdür. Sonradan təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşmüş, onlar müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.[2] Hadisə zamanı baş gizir Zöhrab Hümbətov minaya düşərək şəhid olmuşdur.[3] Zöhrab Hümbətov şəhid olanda təqaüdə çıxmasına çox az qalmışdı və təqaüdə çıxmaq üçün gərək olan bütün sənədlər hazırlanmışdı. Şəhid olduğundan 1 gün sonra onun nəşi yaşadığı Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn edilmişdir.[4] Dəfn mərasimində Zöhrab Hümbətovun yaxınları, hərbçi yoldaşları ilə yanaşı, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak etmişlər.