Zülfüqar (Zülfü) Səməd oğlu Adıgözəlov (1898[1], Qaradolaq, Şuşa qəzası – 31 may 1963, Bakı) — Azərbaycan xanəndəsi, muğam bilicisi, təsnif və xalq mahnılarının təfsirçisi və təbliğatçısı, Azərbaycan SSR əməkdar artisti (1943).
Zülfü Adıgözəlov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Zülfüqar Səməd oğlu Adıgözəlov |
Doğum tarixi | 1898[1] |
Doğum yeri | |
Vəfat tarixi | 31 may 1963 |
Vəfat yeri | |
Uşaqları | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, xanəndə |
Janr | muğam |
Musiqi alətləri | dəf, qaval |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Zülfü Adıgözəlov 1898-ci ildə Şuşanın Qaradolaq kəndində anadan olmuşdur. Şuşada muğam axşamlarından birində Zülfü Adıgözəlovun ifasını dinləyən Cabbar Qaryağdıoğlu onu Bakıya dəvət edir. 1927-ci ildə Bakıya köçərək "Müdafiə evi"ndə işləmək üçün Ü. Hacıbəyov, Q, Pirimov, M. Maqomayev və b. qarşısında imtahan vermiş, eyni zamanda radio verilişləri komitəsinə işə qəbul olunmuşdu. Zülfü Adıgözəlov 1963-cü ildə Bakıda vəfat etmişdir.
Zülfü Adıgözəlov pəsxan xanəndə idi. O, muğam dəstgahını tam şəkildə, bəm və orta tessiturada özünəməxsus oxuma məktəbini yaratmışdır. Tanınmış xanəndələrdən Əbülfət Əliyev, Sahib Şükürov, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, İldırım Həsənov, Ağaxan Abdullayev, Tələt Qasımov və s. onun məktəbinin davamçılarıdırlar.
Xanəndənin ifa etdiyi və lentə, qrammafon vallarına yazdırdığı "Rast", "Mahur-hindi", "Segah-Zabul", "Bayatı-Şiraz", "Humayun" muğam dəstgahları, bir sıra təsniflər, "Nəbi", "Mən gedirəm Zəngilana", "Dedim bir busə ver", "Kəklik" və b. bu kimi xalq mahnıları Azərbaycan musiqi xəzinəsinin inciləridirlər. Məhz qədim klassik muğamlarımızı, təsnif və xalq mahnılarını oxuyarkən onların ənənəvi forma və quruluşunu saxlamaqla xanəndə özünəməxsus nəfəsləri, dəst-xətti ilə ifaçılıq sənətinə yeniliklər gətirmişdir.
Heç də təsadüfi deyil ki, Zülfü Adıgözəlovun xanəndə kimi ifaçılığının xüsusiyyətlərindən söz açarkən şərqşünas alim, jurnalist Rafael Hüseynov yazır: "O muğamların labirintlərinə kamil bələd idi, bir muğamın qapısından girib bu muğamın ruhunu incitmədən, səslənmiş rəvanlığına xələl gətirmədən asudəcə sonra elə gəldiyi rəvanlıqla əvvəlki muğama qayıdıb yolunu davam etdirə bilirdi".
Zülfü Adıgözəlov muğam dəstgahların ayrı-ayrı uyğun şöbələrini birləşdirərək mikrosilsilə kimi müstəqil şəkildə təfsir etmişdir. Bu baxımdan "əraq-Pəncgah", "Hasar-müxalif", "Vilayəti-Dilkeş" muğamları gözəl örnəklərdir.