Zəbi Abdullayev (17 mart 1919, Tıxlı, Xızı rayonu – 13 oktyabr 2002) — azərbaycanlı tarixçi-filosof, beynəlxalq səviyyəli siyasi icmalçı[1].
Zəbi Abdullayev | |
---|---|
Zəbi Bağır oğlu Abdullayev | |
Doğum tarixi | 17 mart 1919 |
Doğum yeri | |
Vəfat tarixi | 13 oktyabr 2002 (83 yaşında) |
Dəfn yeri | |
Uşağı | Olya İslamova |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Zəbi Abdullayev 17 mart 1919-cu il tarixində Xızının Tıxlı kəndində anadan olmuşdur[1].
Orta məktəbi Xızıda bitirmişdir. Həmin illər repressiya dövrü idi. Çətin bir dövrdə yaşamasına baxmayaraq, hələ kiçik yaşlarından onun elmə-biliyə böyük həvəsi, marağı olmuşdur. Qəbul imtahanını uğurla verən Zəbi Bakı Pedaqoji Texnikumuna qəbul olunmuşdur. O, hələ məktəb illərindən meylini kitaba salmışdı; hətta ilk təhsilini aldığı Xızı məktəbinin kitabxanasında demək olar ki, oxumadığı kitab qalmamışdır. Tələbəlik illərindən başlayaraq isə o, özünün zəngin şəxsi kitabxanasını yaratmışdır. Onun şəxsi kitabxanasında əsasən oxuduğu Azərbaycanın dahi yazıçı və şairlərinin, Qərb klassiklərinin əsərlərindən ibarət idi. Orada yüzlərlə kitabı toplamışdır[1].
1937-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra, Xızıya qayıdaraq, əmək fəaliyyətinə orta məktəbdə tarix müəllimi kimi başlayır. Bu gənc müəllimin yüksək biliyə, aydın təfəkkürə və natiqlik məharətinə malik olması, ictimai sahədə göstərdiyi fəallıq rayon rəhbərliyinin diqqətini cəlb edir və o, çox keçmədən Xızı Rayon Komsomol Komitəsində siyasi məsləhətçi vəzifəsinə işə qəbul edilir[1].
1941-ci ildə faşistlərə qarşı vuruşmaq üçün ön cəbhəyə – Böyük Vətən müharibəsinə yola düşür. Boylu-buxunlu, canlı-cüssəli olmasa da, cəbhədə ağır döyüşlərin, həmçinin 1943-cü ilin iyul-avqust aylarındakı Kursk döyüşünün iştirakçısı olur. Daha sonra Dnepr cəbhəsi boyunca döyüşlərə cəlb edilmişdir. O, dörd ay davam edən irimiqyaslı döyüşlərdən birində qolundan ağır yaralanır və xeyli qan itirir. Hərbi qospitalda uzun müddət müalicə aldıqdan sonra, 1944-cü ilin əvvəllərində sinəsində döyüş orden və medallar ilə 2-ci qrup əlil kimi ordudan tərxis olunaraq, Vətəninə, dədə-baba yurdu olan doğma Xızıya qayıtmaq məcburiyyətində qalır[1].
Zəbi Abdullayev yenidən müəllimlik fəaliyyətinə Xızıdakı orta məktəbdə davam edir. Qısa müddət sonra işlədiyi məktəbə direktor vəzifəsinə təyin olunur. Onun burada böyük hörmət və nüfuz qazandığını, təşəbbüskar və geniş dünyagörüşünə malik ziyalı olduğunu görən Xızı rayonunun rəhbərliyi, ona daha yüksək vəzifəni — Rayon İcraiyyə Komitəsində məsul katib vəzifəsini təklif edir[1].
O, daha sonra rayonun "Qızıl ulduz" qəzetinin redaktoru kimi çalışır. Zəbi Abdullayev 1949–1952-ci illərdə Ali Partiya Məktəbində oxumuş və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsində ali təhsil almışdır. O, 1952-ci ildə Xızı Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsinə yüksəlir[1].
1956-cı ilin dekabrında Xızı rayonu inzibati-ərazi vahidi kimi ləğv edilir. Bundan sonra, iş dalınca yeni qurulan Sumqayıt şəhərinə üz tutur. Zəbi Abdullayev kimi təcrübəli gənci gənclər şəhərinin rəhbərliyi hörmətlə qarşılayır; ona əvvəlcə "Sosialist Sumqayıtı" qəzetinin redaktoru olmaq təklif edilir. Lakin daha sonra onun Azərbaycan KP MK-nın nomenklaturasında olduğunu nəzərə alaraq, Zəbi Abdullayev Sumqayıt Şəhər Partiya Komitəsində təlimatçı vəzifəsinə işə götürülür. 1957-ci ilin fevral ayında ailəsi ilə birlikdə bu şəhərə köçür. Bir müddət sonra şəhər rəhbərliyi tərəfindən 1 №-li Tikinti trestinin kadrlar şöbəsinin rəisi vəzifəsinə təyin edilir[1].
Uzun müddət o, Sumqayıtda Partiya Komissiyasının da sədri olmuşdur[1].
Zəbi Abdullayev ömrünün sonuna kimi respublika "Bilik" Cəmiyyətinin ən fəal üzvlərindən biri idi. O, Sumqayıtdakı müəssisə, idarə və təşkilatlarda dəfələrlə mühazirələr oxumuşdur[1].
Zəbi Abdullayev 13 oktyabr 2002-ci ildə vəfat etmişdir[1]. Doğulduğu Tıxlı kəndinin qəbiristanlığında dəfn olunmuşdur[1].
Gənclik şəhəri olan Sumqayıta Zəbi Abdullayevin gəlişinin heç üç ili tamam olmamış, o, 1959-cu ildə Sumqayıtın yaranmasının 10 illik yubileyi münasibətilə "Sumqayıtın gənc mübarizləri" adlı ilk kitabı hazırlayaraq, nəşr etdirmişdir. Həmin kitab həm bu gün, həm də gələcək üçün ona görə maraqlı və əhəmiyyətli hesab olunur ki, orada Sumqayıtı qurub-yaradan şəxslər haqqında adlar, tarixlər və faktlar göstərilməklə yanaşı kifayət qədər məlumatlar vardır[1].
Qızı Olya İslamova Sumqayıt Tarix Muzeyinin direktorudur.