Zəminə Həsən qızı Həsənova (10 may 1922, Corat, Bakı qəzası – 2006, Sumqayıt) — Azərbaycanın ilk qadın metallurqu, Sosialist Əməyi Qəhrəmanı (1960), Sumqayıtın fəxri vətəndaşı.[1]
Zəminə Həsənova | |
---|---|
Doğum tarixi | 10 may 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 2006 |
Vəfat yeri | |
Fəaliyyəti | metallurq, deputat |
Mükafatları |
|
Zəminə Həsən qızı Həsənova 1922-ci ilin mayın 10-da Sumqayıtda, indiki Corat qəsəbəsində anadan olub.
O əmək fəaliyyətinə Sumqayıt Elektrik Stansiyasında başlayıb. Sovet dövründə Energetika Birliyinin sədri vəzifəsində çalışıb və yaşayış binalarının bünövrəsinin qoyulması ilə məşğul olub. Böyük Vətən Müharibəsi illərində Bakının vətəndaş müdafiəsi sistemində fəaliyyət göstərib. Müharibədən sonra əmək fəaliyyətini "Boruprokat" zavodunda operator kimi davam etdirib. Daha sonra briqadir vəzifəsində çalışıb. Həsənova 1970-ci ildə isə baş briqadir olub və həmin zavodda 4 briqadaya rəhbərlik edib.
Z. Həsənova Azərbaycanın ictimai həyatında da fəal iştirak edib. Məktəbli uşaqlar üçün yaradılan "Horizont 8" klubunun təşkilatçılarından biri olub. O, dəfələrlə Sumqayıt Şəhər Şurasının deputatı seçilib, VI Çağırış SSRİ Ali Sovetinin deputatı olub.
SSRİ-nin Ali Sovetinin Prezidiumunun qərarı ilə 7 mart 1960-cı ildə Beynəlxalq Qadınlar Günü münasibətilə və əmək fəaliyyətindəki uğurlarına görə Lenin ordeni və Sosialist Əməyi Qəhrəmanı adı və "Oraq və Çəkic" qızıl medalı təltif edilib. 1969-cu ildə isə Sumqayıtın fəxri vətəndaşı adına layiq görülüb. 2002-ci ilin 2 oktyabr tarixində Azərbaycan Prezidentinin Sərəncamıyla Zəminə Həsənova elm, təhsil, mədəniyyət, iqtisadiyyat sahəsində göstərdiyi fəaliyyətinə və böyük əməyinə görə, Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Zəminə Həsənova 2006-cı ildə Sumqayıt şəhərində vəfat edib və onun xatirəsini əbədiləşdirmək üçün yaşadığı binaya xatirə lövhəsi vurulub. Görkəmli metallurq Z. Həsənovaya Ələkbər Tağıyevin bəstələdiyi, sözləri R. Zəkaya məxsus "Zəminə" adlı mahnı həsr olunub və müəllifinin Z. Əliyeva olduğu kitab da yazılıb.[2]