Corat

CoratAzərbaycan Respublikasının Sumqayıt şəhər inzibati-ərazi vahidində qəsəbə. Sumqayıtın Xəzər sahilində yerləşən qəsəbəsidir. Corat qəsəbəsi Bakıdan 35 km şimal-qərbdə, Xəzər dənizin qərb sahilində, düzənlikdə yerləşir. Mənbələrə əsasən Corat kəndi eramızın V–VII əsrlərində meydana gəlmişdir. Hal-hazırda qəsəbənin ərazisi 225,6 ha-dır, amma keçmişdə ərazisi çox böyük olmuşdur. Orta temperatur yanvarda 3,1C, avqustda 24,9C-dir. Havanın ən aşağı temperaturu −13C yanvar ayında müşahidə olunub, ən isti temperaturu isə +40C avqust ayında qeydə alınıb. İllik yağıntının miqdarı 185 mm-dir. Corat qəsəbəsi üçün şimal küləyi – xəzri və cənub küləyi – gilavar xarakterlidir.

Corat
40°34′26″ şm. e. 49°42′13″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 13 600[1] nəfər
Xəritəni göstər/gizlə
Corat xəritədə
Corat
Corat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2008-ci ilin aprelin 1-i vəziyyətinə görə Corat qəsəbəsinin əhalisi 8,8 min nəfərdir. Əhalinin ümumi sayının 4,2 min nəfərini (49%) kişilər, 4,5 nəfərini (51%) isə qadınlar təşkil edir. Corat qəsəbəsinin əhalisinin 99,0%-ni azərbaycanlılar, 1,0%-ni isə digər millətlərin nümayəndələri təşkil edir.

XIII–XIV əsrlərin görkəmli dövlət xadimi, tarixçisi Fəzlullah Rəşidəddin "Camiyyyəti Təvarix" əsərində xatırlanan türk-monqol etnonimləri sırasında Corat qəbilə adını da çəkib ki, bu da Azərbaycan ərazisindəki Corat yer adında öz izini saxlayır. Əlavə edək ki, hazırda dünyada yüzdən çox "Corat" deyilən yer, qəsəbə, insan, hərəkat və s. bildirən ad var. Məsələn, Tailandda Corat qəsəbəsi mövcuddur. Qalib Qadir "Corat: qloballaşan dünyanın daş yaddaşı" kitabında bu barədə çox maraqlı məlumatlar toplayıb.

Bakının tarixinə dair sənəd toplularından birində 1813-cü il aprelin 30-da qədim şəhərin 37 ətraf kəndindən xəzinəyə daxil olan gəlirlər və əhalinin sayı haqqında siyahıda 10-cu sırada Coratın adı çəkilir və göstərilir ki, bu kəndin 88 sakini dövlət xəzinəsinə 114 manat 40 qəpik vergi ödəyib. Kəndi seçilmiş kəndxuda idarə edirmiş. Hələ XIX əsrdə gəmi ilə İrana, Rusiyaya mal daşıyan tacirlər arasında Coratdan da zirək adamlar olub. "Əkinçi" qəzeti 1877-ci ildə yazırdı ki, güclü tufan nəticəsində Bakıdan Rusiyaya 950 baş qoyun aparan coratlı tacirin gəmisi Xəzərdə batmışdır.

Coratlılar tarixən balıqçılıq, bağçılıq və bostançılıq, həmçinin heyvandarlıqla məşğul olublar. XIX əsrin 80-ci illərinə dair bir məlumatda göstərilir ki, Coratda 300, Qobuda 200, Maştağa və Sarayın hərəsində 100 baş iki və bir hörgüclü dəvə saxlanırdı. Dəmiryol nəqliyyatı işə düşəndən sonra Abşeronda dəvəçilik bir təsərrüfat sahəsi kimi sıradan çıxıb. Keyfiyyətli dəvə yunundan müxtəlif paltar və döşənəcək hazırlanmasında istifadə olunurdu. Dəvə ətindən əsasən qutab bişirilirdi. İndi də Corat dəvə qutabı adı ilə məşhurdur.[2]

Coratın köhnə bağ yerləri — "Çalour", "Dəhnə", "Hacıdərəsi", "Astanbəy", "Möməli yeri", "Həbib bağı" yaşlı sakinlər tərəfindən xatırlanmaqdadır. Deyilənə görə, "Dadaş bağı" İosif Stalinin inqilabi fəaliyyəti dövründə müvəqqəti daldalandığı yer imiş. Coratlı Hacıbaba Daşdəmirov burada onun təhlükəsizliyini təmin edib. Coratlıların bostan yerləri əsasən indiki Hacı Zeynalabdin qəsəbəsinin ərazisində, dəniz qırağında olub. "Təsdim", "Qurd dərəsi", "Dovşan yatağı", "Sarıqaya" adlanan yerlər indi də el arasında olduğu kimi adlandırılır.

Corat ərazi cəhətdən Abşeronun ən iri kəndlərindən olub və Böyük İpək yolunun üzərində yerləşib. El arasında bu yola Karvan yolu, El yolu da deyilib. Coratda yeddi karvansara fəaliyyət göstərib. Sovet hakimiyyəti qurulandan sonra Coratda "Oktyabr" kolxozu yaradılıb. 1949-cu ildə Sumqayıt şəhərinin salınması ilə əlaqədar bu kolxoz ləğv edilərək əmlak və ərazisi Saray qəsəbəsindəki Voroşilov adına kolxoza təhvil verilib və Corat Sumqayıtın tərkibinə daxil edilib. Deyilənə görə, Eşmədə Coratın balıqçılıq kolxozu da olub.

Coratda çoxlu qədim abidələr vardı. Cümə, Gülxatun, Hacı Kiçikbəy, Hacı Hümbət məscidləri, pir və ocaqlar, qalalar, XIV əsrə aid hamam, ehsanlıq su quyuları… Təəssüf ki, əksəriyyəti artıq yoxdur. Saray bağlarında, "Qurd dərəsi", "Dovşan yatağı" adlanan yerlərdə, indiki 17–18-ci mikrorayonların ərazilərində qəsəbənin taxıl zəmiləri, üzüm və meyvə bağları olub.

Corat qəbiristanlığındakı sərdabələr, daş kitabələr, sənduqələr, pirlər, qəbirüstü yazılar uzaq keçmişdən soraq verir. Vaxtilə buradakı daş kitabələrdən biri Sankt-Peterburqdakı Ermitaj muzeyinə aparılıb. Başqa bir kitabə isə Bakıya, Qız qalasının yanındakı daş "qardaş"larının yanına aparılaraq əcnəbi türistlərə nümayiş etdirilir.

Corat qəsəbəsində 49 ədəd ticarət-kommersiya mağazaları və iaşə-xidmət köşkləri fəaliyyət göstərir. Sakinlərin əsas məşğuliyyətini balıqçılıq, maldarlıq, ticarət və fərdi təsərrüfatçılıq təşkil edir. Əhalinin 10%-dən çoxu Sumqayıt şəhərinin sənaye və digər sahələrində çalışır.

Corat qəsəbəsi ərazisində məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, tibbi hissə fəaliyyət göstərir. Tarixi-memarlıq abidələri kimi Corat qəbiristanlığındakı "sandıq" qəbirləri, XVI əsrə aid Hacı Məcid hamamı, XVII əsrə aid qəsəbənin daxilindəki Hacı Əmrulla hamamı və hamamı su ilə təmin edən quyu, XVII əsrə aid məscid, min illik tarixi olan qədim məscid, Şah Abbas karvansarasının qalıqlarını, kənddəki pirləri göstərmək olar.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  1. "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. ARB 24. "Dəvə qutabı necə hazırlanır?" (az.). Youtube.com. 08.02.2017. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-09. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]