Zərgərlik — metal işləmə sənətinin başlıca sahəsi. Zinət istehsal edən zərgərlik sənəti sırf şəhər sənətkarlığıdır və şəhərlərdə cəmləşmişdir.
Bakı, Şabran, Qəbələ, Beyləqan şəhərlərinin arxeoloji qazıntılarından zərgərlik sənəti ilə bağlı faktiki materiallar: gil putalar, qəliblər, metalı süzmək üçün qab, istifadə olunmuş məhək daşları, zərgər qaşığı, çəkici, kəsici alət və s. tapılmışdır [1][2][3][4]
Qəbələnin Qala sahəsində, III qazıntıdan tapılmış, serpantindən hazırlanmış qəlibdə tökmə üsulu ilə möhür üzük, qəlibin arxa tərəfi isə çaxmaq üsulu ilə kəmər üçün pilək hazırlamağa xidmət etmişdir [5]. Arxeoloji materiallardan bəlli olur ki, orta əsr Azərbaycan zərgərləri bəzək əşyaları istehsal edərkən qiymətli metallarla – qızıl və gümüşlə yanaşı, həm də mis və tuncdan istifadə etmişdilər. Bu xüsusiyyət Azərbaycan şəhərlərinin məhəlli xüsusiyyəti olmayıb Müsəlman Şərqinin zərgərlik sənətinin səciyyəvi xüsusiyyətlərindən biri idi. Arxeoloji qazıntıların nəticələri zərgərlik məmulatı arasında baş, qol-bilək, barmaq, sinə, bel bəzəklərinin üstünlük təşkil etdiyini göstərir. Bəzək əşyaları məmulatın növündən, bədii məziyyətlərindən asılı olaraq istehsal texnikasına görə sadə və ya mürəkkəb quruluşda hazırlanmışdır. Yerli zərgərlər iş prosesində əritmə, döymə, burma, oyma, cızma, yonma, lehimləmə kimi texniki üsullardan geniş istifadə edirdilər [6]. Məmulatın növündən asılı olaraq bəzək əşyaları həndəsi, nəbati və ya zoomorf motivli naxış elementləri ilə bəzədilirdi. Kütləvi məhsul istehsalına imkan verən qəlibkarlıq texnikasından da kifayət qədər geniş istifadə edilirdi.
Zərgərlik məmulatları hələ qədim zamanlardan xəzinən əsasını, deməli, dövlətin sərvətini təşkil edirdi. Hakimiyyət simvoluna ehtiyacı olduğundan bütün hökmdarlar öz saraylarında zərgərlik emalatxanalarını genişləndirirdilər. Tarixdə bunun əksi olan tək-tək hallara təsadüf edilir. XVIII əsrin əvvəllərinədək Rusiya zərgərlik sənətinin mərkəzi Moskva idi. I Pyotr yeni paytaxt Sankt-Peterburqu tikmək və hərbi xərcləri ödəmək üçün qızıl və gümüşdən bəzək əşyalarının hazırlanmasını qadağan edən fərman verir. Zərgərliklə bağlı işlər məhdudlaşır və bir çox Moskva emalatxanaları bağlanır. Ustaların bir hissəsi Peterburqa, yeni sarayın tikintisində işləməyə, digər hissəsi isə Voronej və Arxangelskə göndərilir. Lakin zaman dəyişir və zənginlik yenidən öz yerini tutur. II Yekaterinanın çarlığı dövründə brilyantdan hazırlanmış bəzək əşyaları məşhurlaşır. İmperatriça zərgərlik işlərini hamisi olur, özü bahalı əşyaları xoşlayır və onları öz yaxın adamlarına bağışlayır. O dövrə məxsus bir çox bəzək əşyaları dünyanın ən böyük xəzinəsi sayılan Rusiya Almaz Fondunda saxlanılır.[7]