I Pyotr və ya Pyotr Alekseyeviç Romanov (Rusca: Пётр I Великий, Пётр Алексеевич Романов; 30 may (9 iyun) 1672[1][2], Moskva[3] – 28 yanvar (8 fevral) 1725[1][2], Sankt-Peterburq[3]) — ilk Rusiya imperatoru. 7 may 1682-ci ildə qardaşı V İvanla birlikdə taxta çıxmış, 1696-cı ildə qardaşının vəfatı ilə Çar Rusiyasının yeganə hakimi olmuşdur. Döyüş meydanında qazandığı ard-arda qələbələrlə, Rus çarlığını Avropanın güclü dövlətləri sırasına daxil etmiş, Azov və Baltik dənizi sahillərindəki liman şəhərlərini ələ keçirərək rus donanmasının da əsasını qoymuşdur. Həmçinin ölkədə mədəni, elmi və sosial islahatlar apararaq müasirləşmə hərəkatına da rəhbərlik etmişdir. Pyotrun islahatları ölkədə uzun müddət tətbiq edildi və hökumət strukturunun bir çox qurumları məhz bu dönəmdə yaradıldı. Pyotr eyni zamanda 1917-ci ilədək Rusiyanın paytaxtı olan Sankt-Peterburq şəhərinin də təməlini qoymuşdur.
I Pyotr | |
---|---|
rus. Пётр I | |
Şəxsi məlumatlar | |
Doğum adı | Романов Пётр Алексеевич |
Doğum tarixi | 30 may (9 iyun) 1672[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 28 yanvar (8 fevral) 1725[1][2] (53 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qanqren |
Dəfn yeri | |
Atası | Aleksey Mixayloviç Romanov[3] |
Anası | Natalya Narışkina[3] |
Həyat yoldaşları |
|
Uşaqları | |
Hərbi xidmət | |
Rütbəsi | general |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Rusiyanın dövlət quruluşu |
|
|
Təltifləri | |
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Pyotr 9 iyun 1672-ci ildə Moskvada dünyaya gəlmişdir. Atası Rus çarı I Aleksey, anası isə onun ikinci xanımı olan Naruşkin ailəsinə mənsub Nataliya Narışkinadır. Saray qeydlərinə görə, yeni doğulan körpə olduqca sağlam idi və anasının qara çəkik gözlərini almışdı. Saray xadimlərindən Nikita Zotov və Patrik Qordon kimi xadimlər körpə Pyotrun təlim-tərbiyəsiylə məşğul oldular. Ancaq 4 yaşında ikən atası vəfat etdi və çarlıq taxtı əqli zəif olan ögey böyük qardaşı Çar Fyodora qaldı. Bütün bu illərdə dövlət idarəsi və mərkəzi hakimiyyət Çar Alekseyin yaxın adamlarından olan Naruşkina ailəsindən Artamon Matveyevin əlində cəmləndi.
Ancaq bu vəziyyət 1682-ci ildə Çar Fyodorun vəfatı ilə dəyişdi. Belə ki, övladı olmayan Çar Fyodorun vəfatıyla sarayda Miloslavskaya (Çar Alekseyin ilk xanımı Mariyanın ailəsi) və Naruşkina (Çar Alekseyin ikinci xanımı Nataliyanın ailəsi) ailələri arasında taxt mübarizəsi gücləndi. 10 yaşlı Pyotrun digər ögey qardaşı İvan taxt namizədi olsa da, əqli xəstə idi. Bu isə saray çəkişmələrini daha da qızışdırırdı. Nəhayət, Rus əsilzadələrindən bir heyət Pyotru çar, anasını isə taxt naibəsi olaraq seçdi.
Qədim ənənəyə görə, bu təklif Moskva əhalisinə duyuruldu və hamı tərəfindən qəbul edildi. Ancaq 1682-ci ilin aprelində baş tutan və Pyotrun ögey bacısı Sofiya Alekseyevnanın rəhbərlik etdiyi hərbi ayaqlanma nəticəsində başda Matveyev olmaqla, gənc çarın ən yaxın adamları və yaxın qohumları qətlə yetirildi. Bu cinayətlərin bir çoxu da hələ 10 yaşında olan çarın gözləri önündə baş tutdu.
Bacısının başçılıq etdiyi bu hərbi üsyan nəticəsində Miloslavskaya ailəsi və tərəfdarları, Çar Alekseyin əqli zəif olan 16 yaşlı oğlu İvanı da çar taxtına ortaq olaraq qəbul etməyə məcbur oldular. Hər iki hökmdarın əqli yetkinlik çağında olmaması səbəbilə dövlət idarəsi və saray Sofiya Alekseyevnanın əlində cəmləndi. 7 il boyunca diktator olaraq hakimiyyəti ələ alan Sofiya Alekseyevna ortaq çarlar üçün xüsusi hazırlanan 2 nəfərlik taxtın arxasında hazırlanan bölümdə əyləşir, dövlət adamları ilə aparılan bütün danışıqları dinləyirdi. Bu taxt hal-hazırda Moskvadakı Kremlin sarayının silah deposunda sərgilənir.
Dövlət işlərindən uzaq tutulan Pyotr anasının təkidləriylə daha mühafizəkar mühitdə böyüdülürdü. Bu məqsədlə 17 yaşındaykən rus əsilzadələrindən Yevdokiya Lopuxina ilə evləndirildi. Ancaq bu nikahda istəksiz olan Pyotr 10 il sonra xanımını boşadı və onu kilsəyə qapadaraq rahibə olmağa məcbur etdi. Gənclik illərində o dövrdə Çar Rusiyasının xidmətində olan əcnəbilərlə yaxın münasibətlər qurdu. Gələcəkdə sevgili olduğu Anna Monsla da, tez-tez ziyarət etdiyi Moskvadakı alman məhəlləsində tanış olmuşdur.
Çar Pyotrun son illəri daha çox reform və islahatlarla yadda qalmışdır. 22 oktyabr 1721-ci ildə İsveçlə bağlanan sülhün ardından Çar bütün Rusiyanın imperatoru olaraq elan edildi. Pskov başyepiskopunun nitqindən sonra çar, senator Qabriel Qolovkin tərəfindən "Bütün Rusiyanın imperatoru, Ölkənin atası" elan edildi. Onun bu titulunu Poşa kralı II Avqust, Prussiya kralı Fridrix Uilyam və İsveç kralı I Fridrix tərəfindən tanınsa da, digər Avropa monarxları bundan imtina etdi. Belə ki, onlar Müqəddəs Roma imperatorunda olduğu kimi Pyotrun da onlar üzərində nüfuz qazanmasından çəkinirdilər.
1717-ci ildə Aleksandr Çerkaskinin rəhbərliyi ilə Mərkəzi Asiyaya ilk rus səfəri tərtibləndi. Səfərin əsas hədəfi Xivə xanlığı idi. Ancaq bu səfər böyük fəlakətlə nəticələndi. Belə ki, səfərdə iştirak edən rus ordusu bütövlükdə qılıncdan keçirildi. 1718-ci ildən sonra Pyotr xarici əlaqələr, müharibə, dəniz qüvvələri, dövlət gəlirləri və məsrəfləri, ədliyyə məsələləri üzrə keçmiş hökumər qurumlarını ləğv edərək ayrı-ayrı komitələr yaratdı. Ardından bu yeni sistem digər dövlət quurmlarına da şamil edildi. Hər bir komitəyə bir komitə rəhbəri, rəhbər köməkçisi, məşvərət məclisi təyin edildi. Bəzi əcnəbi dövlət xadimləri bu komitələrə təyin edilsələr də, bunlar heç vaxt komitə rəhbərliyinə gətirilmədi.
1722-ci ildə Pyotr yeni bir rütbə nizamnaməsi qəbul edərək dövlət məmurlarının vəzifəyə gəlmə sıralamasını dəyişdi. Bu nizamnamə Rusiyada monarxiyanın ləğvinə qədər qüvvədə qaldı. Ardından 28 fevral 1714-cü ildə icbari təhsillə bağlı qanun qəbul edildi. Pyotr Sankt-Peterburqdakı memari inkişafı təmin etmək üçün yeni vergi nizamnaməsi qəbul edildi. 1725-ci ildə Sankt-Peterburqda "Rusiyanın Versalı" adlanan peterhof sarayının tikintisi başa çatdı.
Ölkənin cənub sərhədlərində bir vaxtlar çağlayan Səfəvi imperiyası zəifləmişdi. Belə fürsəti əldən vermək istəməyən Pyotr tarixdə "Böyük Pyotrun fars səfəri" adlanan səfərə çıxdı. 1722–1723-cü illəri əhatə edən və Cənubi Qafqazda rus təsirinin artmasına səbəb olan bu səfərlə Osmanlıların bölgədəki nüfuzu azaldı, Dərbənd, Şirvan, Gilan, Mazandaran, Bakı və Astrabad bölgələri ələ keçirildi. Buna baxmayaraq növbəti 12 il ərzində bütün bu ərazilər Nadir şahın apardığı uğurlu siyasətlə nəticəsində ard-arda bağlanan Rəşt və Gəncə sülhləriylə bütün işğal edilən torpaqlar itirildi.
1723-cü ilin qışında səhhəti pis olan Pyotrun ifrazat yollarında problemlər yaranmağa başladı. Çox keçmədən 1724-cü ilin yayında bir qrup saray həkiminin iştirakıyla əməliyyat edilən Pyotr bir neçə ay yatalaq qaldı. Vəziyyətinin nisbətən yaxşılaşması ilə ayaqlanan çar oktyabr ayında yeni bir səyahətə çıxdı. Ancaq bu səyahətində səhhəti pisləşdi və 1725-ci ilin yanvar ayında xəstəliyi yenidən yüksəldi. Xəstə yatağındaykən qızı Annanı yanında istəyən çar 8 fevral 1725-ci ildə səhərə yaxın 4-də vəfat etdi. Aparılan tədqiqatın ardından ölüm səbəbi olaraq əməliyyat yarasına infeksiya bulaşması göstərildi. Cənazəsi Sankt-Peterburqdakı Müqəddəs Pyotr və Pavel Kafedralında dəfn edildi.
1689-cu ilin yayında 17 yaşlı Pyotr bacısı Sofiyadan iqtidarı geri almağa çalışdı. Belə ki, ölkənin cənub torpaqlarına hücum edən tatar süvarilərinə qarşı tərtib edilən hər 2 Krım səfəri də uğursuz olmuş, nəticədə Sofiya Alekseyevnanın mövqeyi zəifləmişdi. Ancaq saray çevrilişini öncədən xəbər tutan Sofiya Alekseyevna dərhal hərbi dəstələri saraya göndərərək gənc çarların gözünü qorxutdu. Bundan çəkinməyən Pyotr isə gecə yarısı saraydan qaçdı və gələcəkdə özünə tərəfdar topladığı Müqəddəs Sergey kilsəsində gizləndi. Uzun danışıqlardan sonra Sofiya Alekseyevna məğlub olduğunu anladı və bibiləri Anna və Tatyana Mixailovna vasitəsilə qardaşına sülh təklifi göndərdi. Nəticə Sofiya Alekseyevna çar ailəsindən olması səbəbilə cəzalandırılmadı ancaq monastıra göndərildi və ömrünün sonuna qədər burada qaldı.
Buna baxmayaraq Pyotr hələ də idarəni ələ ala bilməmişdi. Bu dəfə də iqtidar anası Nataliya Narışkinanın əlinə keçdi və bu hal onun 1694-cü ildə ölümünə qədər davam etdi. Bütün bu hadisələr boyunca sarayda bağlı olaraq saxlanılan qardaşı V İvan dövlət işlərindən uzaq tutulsa da, rəsmi olaraq Rus çarı hesab edilirdi. Ancaq 2 il sonra qardaşının vəfatı ilə 24 yaşlı Pyotr hakimiyyətdə yeganə söz sahibi oldu.
Hakimiyyəti ələ alan Çar Pyotr Rusiyanı müasirləşdirməyə yönəlmiş islahatları tədbiq etməyə başladı. Avropalı məsləhətçilərinin təsiriylə Pyotr rus ordusunu yenidən tənzimlədi və donanma qurulmasında yolunda mühüm addımlar atdı. Bütün bu islahatlarla Rusiyada güclü əleyhdar qrupu qazanan Çar Pyotr, başda Streles, Başqırd, Həştərxan və Bulavin üsyanları olmaqla bütün ayaqlanmaları amansızca yatırdı.
Çar Pyotr saraya fransız geyimlərini gətirərək saray, ordu və dövlət məmurlarına da bu geyimləri geyinməsini və saqqal taraş etməsi qaydasını gətirərək sosial islahatlara da təkan verdi. Məhz bu müasirləşmə hərəkatına təkan vermək məqsədilə 1698-ci ilin sentyabrında uzun saqqal və cübbə geyinənlərə xüsusi vergi təyin edildi.
Rusiyanın müasirləşdirilməsi müddətində ailə üzvlərindən bəzilərini Avropanın zadəgan ailələri ilə evləndirmək istəyən Çar Pyotr, qardaşı qızı Anna İvanovnanı alman əsilzadələrindən Fridrix Uilyamla evləndirdi. Möhtəşəm toy mərasimi isə çarın yeni paytaxtı olan Sankt-Peterburqda tərtib edildi. Bu məqsədlə ölkəyə italyan və alman memarlar dəvət edildi.
Ölkənin dənizə çıxışını təmin etmək və donanmanı gücləndirmək istəyən Çar Pyotr daha çox liman əldə etmək niyyətində iid. O illərdə çarlığın yeganə dənizəçıxış nöqtəsi Arxangelskdəki Ağ dəniz idi. Belə ki, Baltik dənizi İsveçin, Qara dəniz Osmanlıların, Xəzər dənizi isə Səfəvilərin idarəsi altında idi.
Çar Pyotr əvvəlcə bölgədəki tatarları zərərsizləşdirmək məqsədilə Qara dəniz üzərindəki idarəni ələ almağa çalışdı. Reç pospolita bağlanan və Kiyevin ruslara verilməsini təmin edən sülhə əsasən, Çar Pyotr Krım xanına və onun tabe olduğu Osmanlı sultanına müharibə elan etməyə məcbur oldu. Çarın ilk hədəfi isə Don çayı sahilindəki Azov qalası oldu. 1695-ci ilin yayında qalanın ələ keçirilməsi uğrunda ard-arda səfərlər tərtib edilsə də, qala möhkəm qorunurdu.
Həmin ilin noyabrında Moskvaya qayıdan Çar Pyotr dərhal yeni bir donanma qurmağa başladı. Növbəti ilin yazında Osmanlılara qarşı 30 gəmilik nəhəng rus donanması səfərə çıxdı və Azov qalası ələ keçirildi (6 avqust 1696). Rus donanmasının qəti zəfərinin ardından donanma işləri genişləndirildi və 12 sentyabr 1698-ci ildə rusların ilk rəsmi donanması olan Taqanroq donanması quruldu.
Çar Pyotr bilirdi ki, Rusiya Osmanlılarla təkbaşına münaqişəyə girə bilməyəcək. Bu səbəblə 1697-ci ildə kim olduğunu gizlədərək böyük diplomat heyətiylə birlikdə Qərbi Avropaya səyahətə çıxdı. 18 ay davam edən və tarixdə "Böyük səfarət" adlanan bu səyahət boyunca Çar Pyotr saxta adla özünü gizlədi. Əsas məqsəd Osmanlılara qarşı Avropa dövlətlərini eyni cəbhədə birləşdirmək idi. Ancaq çarın bütün ümidləri puç oldu. Çünki bu səyahət çox vaxtsız baş tutmuşdu. Belə ki, o illərdə bütün Avropa dövlətlərinin diqqəti, övladı olmayan İspaniya kralı II Karlosun taxtda qalma mübarizəsinə cəmlənmişdi. Digər yandan Osmanlıların keçmiş müttəfiqi olan Fransa və illərcə davam edən müharibədən sonra Osmanlılarla sülh bağlayan Avstriyalılar da bu ittifaq təklifinə yanaşmadılar.
Yenə də "Böyük səfarət" davam etdi. Çar Pyotr Hollandiyanı ziyarət etdi və burada Qərbi Avropadakı həyat tərziylə tanış oldu. Səyahət etdiyi Zaandam və Amsterdamda gəmi inşaatı dərsləri aldı və yenə bu şəhərlərin aristokrat ailələri ilə, eləcə də de Uild ailəsiylə tanış oldu. Niderland ordusunda general olan və rəsm əsərləri kolleksiyasıyla məşhur Yakob de Uildi ziyarət etdi (13 dekabr 1697). Generalın qızı Mariya de Uild tərəfindən bu görüş rəsm edilmişdir. Bəzi mənbələrə görə, Çar Pyotr görüşün ardından bütün Avropada məşhur olan bu rəsm kolleksiyasını satın almışdır.
Amsterdam hakimi və Rusiya ilə əlaqələr üzrə mütəxəssis olan Nikolay Uitsenin vasitəçiliyi ilə, çar Niderland Ost-Hind şirkətinə aid dünyanın ən böyük gəmi tərsanəsində 4 ay boyunca praktiki dərslərə qatıldı. Bu dərslər ərzində məşhur dənizçilərlə tanış oldu və burda qazandığı məlumatları gələcəkdə rus donanmasının qurulmasında istifadə etdi.
16 yanvar 1698-ci ildə Amsterdamda baş tutan vəda mərasimində dönəmin bir çox alim, rəssam və sənətkarları iştirak etdi. Ardından İngiltərəyə gedən heyət Qrinviç və Oksforda yollandı. Burada nəhəng Kral donanmasını ziyarət edən Çar Pyotr burada görüb öyrəndiyi ingilis arxitekturasından gələcəkdə Sankt-Peterburqun salınmasında istifadə etdi. Çox keçmədən "Böyük səfarət" Leypsiq, Drezden və Vyanaya səyahət etdi. Burada ikən Çar Pyotr II Avqust və Müqəddəs Roma imperatoru I Leopoldla görüşdü.
1698-ci ildə streleslərin başlatdığı üsyanla çarın səyahəti yarım qaldı. Ancaq Çarın vaxtilə monastıra qapadılan bacısı Sofiya Alekseyevnanı yenidən taxta çıxarmaq niyyətində olan üsyançı birliklər üsyan genişlənmədən məhv edildi. 1200 üsyançı işgəncəylə edam edildi və çarın əmriylə cəsədləri şəhərin meydanlarından asıldı. Üsyana dəstək verən dövlət məmurları isə Sibirə sürgün edildi.
Yenə həmin il Çar Pyotr gələcəkdə Osmanlılara qarşı birləşmək arzusuyla Maltaya diplomatik heyət göndərdi. Boyar Boris Şeremetovun rəhbərlik etdiyi bu heyət eyni zamanda dönəmin güclü dəniz donanmasını da burada ziyarət etdi.
Çar Pyotrun Avropa səyahəti ölkədə bir çox əsaslı dəyişikliyə səbəb oldu. Bütün saray və dövlət məmurları standard Avropasayağı geyimlə təmin edildi. Boyarlara isə ənənəvi saqqallarının taraş edilməsi əmr edildi. Əmrə itaət etməyənlərdən isə saqqal vergisi olaraq 100 rubl alınırdı. Bundan başqa çar rus zadəganları arasında qayda halını alan planlı evlilikləri də aradan qaldırmağa çalışdı. Bu evliliklərin ailədaxili münaqişələrə səbəb olduğuna inanırdı.
1699-cu ildə Çar Pyotr ölkədəki təqvim sistemini dəyişərək ilin başlanğıcını 1 sentyabrdan 1 yanvara dəyişdi. Ənənəvi olaraq təqvim ili dünyanın yaradılışına görə deyil, Məsihin doğulmasından bu yana hesablandı. Beləliklə, qədim rus təqviminin 7207-ci ilində Çar Pyotr Miladi təqvimə keçildiyini və ilin 1700-cü il olduğunu elan etdi.
13 iyul 1700-cü ildə bağlanan İstanbul sülhüylə Osmanlılarla müvəqqəti sülh təmin etdi. Bu sülhlə Azov qalası ruslara, Taqanroq qalası isə Osmanlılara təslim edildi. Ardından Çar Rusiyası Baltik dənizinə çıxış əldə etmək məqsədilə, 50 ildir bölgədə hakim olan İsveç imperiyasına müharibə elan etdi. O illərdə imperiya 18 yaşlı imperator XII Karl tərəfindən idarə edilirdi. 21 il davam edən bu müharibədə Saksoniya, Danimarka-Norveç və Reç pospolita çarın ən yaxın müttəfiqləri oldu.
Buna baxmayaraq Rusiya isveçlilərlə müharibəyə hazır deyildi. Buna görə də onların ilk hücumları 1700-cü ildə baş tutan Narva döyüşündə fəlakətlə nəticələndi. XII Karlın idarəsindəki nəhəng ordu qar fırtınasının da çıxmasından istifadə edərək ani hücumlarla rusları darmadağın etdi. Döyüşün ardından XII Karl bütün birliklərini Reç pospolita üzərinə göndərdi.
İsveçlər polyaklarla mübarizə apararkən, Çar Pyotr 1703-cü ildə işğal etdiyi İsveç torpaqlarında Sankt-Peterburq şəhərinin əsasını qoydu. Şəhərə çarın şərəfinə Müqəddəs Pyotrun adı verildi. Şəhərin sürətli inşası məqsədilə ölkədəki bütün inşaat işləri müvəqqəti olaraq dayandırıldı. Şəhər 1713–1728 və 1732–1918-ci illərdə ölkənin paytaxtı oldu.
Ard-arda baş tutan məğlubiyyətlərin ardından Reç pospolita kralı II avqust 1706-cı ildə müharibədən geri çəkildi. İsveç kralı XII Karl ordunu yenidən tənzimləyərək 2 il sonra Rusiya torpaqlarına daxil oldu. 1708-ci ilin iyulunda indiki şərqi Belarusiya ərazisində rus ordusu məğlub edildi. Ancaq o əsnada Riqadan hərəkətə keçən dəstək ordularının ruslar tərəfindən darmadağın edilməsi ilə Çar Pyotr isveçlər üzərində ilk qələbəsini qazandı. Beləliklə, XII Karlın Moskva üzərinə planlanan səfəri ləğv edildi.
Buna baxmayaraq geri çəkilməyən isveçlər Ukraynaya daxil oldular. Çar Pyotr isə ordusuyla birlikdə cənuba çəkildi və düşmən ordusunun istifadə edə biləcəyi bütün təbii landşaftı məhv etdi. Nəticədə isveçlilər 1708-ci ilin qışında səfəri dayandırmağa qərar verdilər. 1709-cu ilin yayında bölgədə hər iki ordu qarşı-qarşıya gəldi. 27 iyunda Poltavada baş tutan döyüş qəti rus qələbəsiylə başa çatdı. İsveç kralı XII Karl cənuba qaçaraq Osmanlılara sığındı. Ardından II Avqustun Reç pospolitadakı səltənəti bərpa olundu.
Balkan yarımadasında özünə güclü müttəfiqlərin olacağına ümid edən Çar Pyotr Osmanlı imperiyasına müharibə elan etdi. Ancaq bu müharibə ruslar üçün fəlakətlə nəticələndi və 2 iyul 1711-ci ildə bağlanan Prut sülhüylə ruslar vaxtilə Qara dəniz sahillərində qazandığı bütün torpaqları itirdi. Eyni zamanda Osmanlılara sığınan XII Karl təhlükəsiz bir şəkildə ölkəsinə göndərildi.
Normalda çarın ölkədə olmadığı müddətdə dövlət idarəsi boyar dumasının əlində olmalı idi. Buna baxmayaraq Çar Pyotr boyarlara etimad etmirdi və nəticədə dumanı ləğv edərək on bürokratdan ibarət senat qurdu. Senat bütün ədliyyə, maliyyə və bürokratik hakimiyyəti əlində cəmləmişdi. Ölkədə olmadığı dövrdə fəaliyyət göstərən bu senat daha sonra daimi dövlət qurumu olaraq fəaliyyətini davam etdirdi.
Çar Pyotrun müharibəni davam etdirən qoşunları isveçliləri təqib edərək Finlandiyaya qədər irəlilədi və Livoniyanı (indiki şimali Latviya və cənubi Estoniya bölgəsini) ələ keçirdi. Ardından 1714-cü ildə rus qoşunları Qanqut döyüşündə qələbə qazanaraq Finlandiyanın böyük bir hissəsini işğal etdi.
1716-və 1717-ci illərdə çar Hollandiyaya ikinci dəfə səyahət etdi. Ardından Fransaya və Avstriyaya yollanan çar apardığı propaqanda siyasətiylə Hannover elektoru və Prussiya kralının dəstəyini qazandı. Çarın donanması o qədər güclənmişdi ki, İsveçi tamamilə işğal edə bilərdi. Ancaq XII Karl mübarizə aparmağa davam etdi və 1718-ci ildəki vəfatına qədər müharibə davam etdi. İsveç taxtına əyləşən kraliça Ulrika Eleonora dərhal müharibənin dayandırılması üçün fəaliyyətə başladı. Qardaşının vaxtilə müharibə apardığı bütün dövlətlərlə sülh təmin edilsə də, ruslar hələ də müharibə aparmaq niyyətində idi. Nəhayət, 10 sentyabr 1721-ci ildə bağlanan Nistad sülhüylə Böyük Şimal müharibəsi başa çatdı. İnqriya, Estoniya, Livoniya və Kareliyanın böyük bir qismi ruslara təslim edildi. Qarşılığında Çar Pyotr 2 milyon İsveç riksdaleri miqdarında müharibə təzminatı ödədi və Finlandiyadan çəkildi. Buna baxmayaraq 1712-ci ildən etibarən paytaxt olan Sankt-Pterburq yaxınlığındakı Fin torpaqları ruslarda qaldı.
Rus Pravoslav inancına sadiq olan Çar Pyotr qatı dindar idi. Buna baxmayaraq kilsəni çətinliklə yaratdığı dövlət strukturuna tabe edə bilmədi. Rus kilsəsinin lideri ənənəvi olaraq Moskva ptarik idi. Ancaq 1700-cü ildə başyepiskopun vəfatıyla vəzifə boş qaldı. Bütün səlahiyyətlər patriarxın köməkçisinə verilsə də, Moskva yepiskopluğu ləğv edildi. Bundan sonrakı bütün yepiskoplar çar tərəfindən təyin edildi. 1721-ci ildə çarın qərarıyla 10 nəfərlik bir heyət quruldu və dini məsələlər bu quruma həvalə olundu.
Böyük Pyotrun 2 xanımı vardı. 14 övladı olsa da, bunlardan yalnız 3-ü yetkinlik yaşına çatmışdı. Çarın ilk xanımı Yevdokiya Lopuxina qədim rus ailələrindən birinə mənsub idi və bu evlilik anasının istəyi ilə baş tutmuşdu. Bundan başqa onun bu illərdə alman əsilli Anna Mons adlı məşuqəsinin də olduğu bilinir.
1698-ci ildə səyahətdən qayıdan Çar Pyotr ilk iş olaraq xanımını boşadı. Boşandıqdan sonra xanımını monastırda qalmağa və rahibə olmağa məcbur etdi. Çarın bu evlilikdən 3 övladı olsa da, bunlardan yalnız vəliəhd Aleksey Pyotroviç yetkinlik yaşına çatmışdı.
1702–1704-cü illərdə polyak bir kəndli qızı olan Marta Skavronskaya adlı bir qadınla münasibət quran çar bu qadına çox dəyər verdi. Çox keçmədən Marta pravoslav dinini qəbul edərək Yekaterina adını aldı. Cütlük 19 fevral 1712-ci ildə Müqəddəs İsaak Kafedralında rəsmi bir mərasimlə nikahlandı.
Çarın vəliəhdi olan böyük oğlu Alekseyin adı isə o ərəfədə atasına qarşı tərtiblənən bir saray çevrilişində hallandı. Haqqında çıxan şayiələrin çarın qulağına qədər gəlməsiylə nəzarət altına alınan vəliəhd aparılan tədqiqatın sonunda təqsirli görüldü. Ağır işgəncə altında aparılan tədqiatın sonunda həbs olunan vəliəhd haqqında senat tərəfindən ölüm hökmü verildi. Ancaq Çar Pyotr bu əmri təsdiq etməkdə tərəddüd etdi. Ancaq çarın qərarı təsdiqləməsinə gərək qalmadı və vəliəhd işgəncə nəticəsində aldığı yaralardan tutulduğu həbsxana hücrəsində vəfat etdi. Ardından anası Yevdokiya Lopuxina da cəzalandırıldı. Çara xəyanətlə təqsirləndirilən sabiq çariça tutulduğu monastırdan atıldı və daha uzaq bir kilsəyə sürgün edildi.
1724-cü ildə Pyotr ikinci xanımı Yekaterinanı imperatriça elan etdi və tacqoyma mərasimi baş tutdu. İmperatorun bütün oğlan övladları vəfat etmişdi. Bu səbəblə xanımını vəliəhd olaraq elan etdi.