Zakir Ömər oğlu Qarayev (27 noyabr 1941, Göyərçin, İcevan rayonu – 24 noyabr 2020) — Professor, tibb elmləri doktoru, AMEA-nın müxbir üzvü[2] (2014), "Əməkdar elm xadimi" (2010)[1]
Zakir Qarayev | |
---|---|
azərb. Zakir Ömər oğlu Qarayev | |
Doğum tarixi | |
Doğum yeri | Göyərçin, İcevan rayonu, Qaraqoyunlu mahalı, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (78 yaşında) |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Həyat yoldaşı | Ellada Qarayeva |
Uşağı | Zaur Qarayev |
Elm sahəsi | Tibb (Mikrobiologiya) |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Elmi adı | Professor |
Təhsili | |
Tanınmış yetirmələri |
69 fəlsəfə doktoru[1] 20 elmlər doktoru[1] |
Mükafatları |
Zakir Qarayev 27 noyabr 1941-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) İcevan rayonunun Göyərçin kəndində[1] müəllim ailəsində anadan olmuşdur. Z.Ö.Qarayev gənc həkim kimi əmək fəaliyyətinə Qərbi Azərbaycanın Göyçə mahalında başlamışdır. Lakin elmə olan böyük marağı onu geriyə, ATU-ya qaytarmış və aspirantura və doktorantura təhsillərini başa vuran Z.Ö.Qarayev 33 yaşında tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.[3]
O, 1968-ci ildən 1974-cü ilədək Azərbaycan Dövlət Tibb İnstitutunun Mərkəzi Elmi Tədqiqat Laboratoriyasının direktoru, 1974-cü ildən 1975-ci ilədək Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi-Tədqiqat Laboratoriyasında Baş Elmi İşçi 1975-ci ildən 1982-ci ilə qədər Leninqrad Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi-Tədqiqat Laboratoriyasında direktor vəzifələrində çalışmışdır.[3]
1982-ci ildə SSRİ Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının Mikologiya və Dərin Mikozlar Elmi Mərkəzinin (Hazırda Rusiya Federasiyası Elmi Tədqiqat Mikologiya İnstitutu) direktoru vəzifəsinə təyin edilmiş və 1993-cü ilə qədər bu vəzifədə çalışmışdır. Qeyd etmək istərdik ki, Z.Ö.Qarayev səhiyyə sahəsində ümumittifaq və dünya əhəmiyyətli instituta uzun müddət rəhbərlik etmiş çox az sayda azərbaycanlı alimlərdən biridir. Müstəqillik qazandıqdan sonra vətənə qayıdan Zakir Qarayev 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycan Respublikası Elmi-Tədqiqat Mikrobiologiya, Virusologiya və İmmunologiya İnstitutunun Direktoru vəzifəsində çalışmışdır. Zakir müəllim 1998-ci ildə İstanbul Universiteti, İstanbul Tibb Fakultəsi, Mikrobiologiya və İmmunologiya kafedrasına professor vəzifəsinə işə dəvət edilmiş və 2001-ci ilə qədər bu vəzifədə çalışmışdır.
Professor Z.Ö.Qarayev 2004-cü ildən Azərbaycan Tibb Universitetinin, Mikrobiologiya və İmmunologiya kafedrasının müdiri vəzifəsində çalışır. Z.Ö.Qarayevin təşəbbüsü ilə "Azərbaycan tibbi mikrobioloqlar və immunoloqlar ictimai birliyi" təsis edilmiş, "İmmunitet və infeksiya jurnalı" dərc edilməyə başlamışdır.[4]
Professor Z.Ö.Qarayev SSRİ Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının Mikologiya və Dərin Mikozlar Elmi Mərkəzinin direktoru vəzifəsində işləyərkən dünyanın əksər ölkələrində elmi ezamiyyətdə olmuş, bir çox Universitet, Konqres və Simpoziumlarda ingilis və alman dillərində mühazirələr oxumuşdur. SSRİ-də 3 dəfə dünya miqyaslı Konqres təşkil edən Professor Z.Ö.Qarayev dünyanın ən məşhur elm xadimləri ilə əməkdaşlıq etmiş və hazırda bu əməkdaşlıq davam etdirilir. Təsadüfi deyildir ki, 2009-cü ilin 01-04 Oktyabr tarixlərində Bakıda təşkil olunan və 23 ölkədən 300-dən çox alimin qatıldığı 3-cü Avrasiya Klinik Mikrobiologiya, İmmunologiya və İnfeksion Xəstəliklər Beynəlxalq Konqresinin Prezidenti kimi kongresin təşkilinə gərgin əmək sərf etmişdir.
Z.Ö.Qarayev 300-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 2 iri həcmli dərsliyin və bir dərs vəsaitinin müəllifidir. Z.Ö.Qarayevin görkəmli həkim və alim Tamerlan Əziz oğlu Əliyevlə birlikdə yazdığı “Tibbi Mikologiya” adlı kitabı dünyada mikoloji xəstəliklərə dair yazılmış unikal əsərlərdəndir.
Onu xüsusi vurğulamaq lazımdır ki, Z.Ö.Qarayevin dünyanın müxtəlif elmi jurnallarında nəşr olunmuş 63 elmi əsərinin “Xülasə”si ABŞ-nin Milli Səhiyyə İnstitutunun Milli Tibb Kitabxanasının rəsmi saytı olan www.pubmed.gov internet portalında yerləşdirilmişdir. Çox az sayda azərbaycanlı tibb aliminin əsərləri burada yayımlanır və təəssüflər olsun ki, ölkəmizdən bu sayt tərəfindən qəbul edilən elmi-tibbi jurnal hələ ki yoxdur.
Z.Ö.Qarayevin rəhbərliyi altında 67 elmlər namizədi, 18 elmlər doktoru yetişmişdir. Onun yetişdirdiyi və bu gün də böyük minnətdarlıq hissi ilə professor Z.Ö.Qarayevlə hər zaman yaxın ünsiyyətdə olan bu alimlərin coğrafiyası dünyanın 20-dən çox ölkəsini əhatə edir.
Z.Ö.Qarayev gərgin və yorulmaz əməyini bü gün də davam etdirərək həm elmi kadrların hazırlanması, həm də praktik səhiyyəyə kömək sahəsində əvəzsiz xidmətlər göstərir. Bir klinik mikrobioloq, mikoloq və immunoloq kimi onun dəyərli məsləhətləri ilə onlarla ağır xəstə ölkəmizin hüdudlarında şəfa tapmışdır. ATU nəzdindəki FD 03.014 Dissertasiya Şurasının sədri kimi Müstəqil Azərbaycan Tibb Elmini inkişafı, gənc kadrların hazlrlanması yolunda yorulmaz fəaliyyət göstərir. Onun ATU-nun azərbaycan, rus və ingilis bölmələrinin tələbələri üçün hər 3 dildə oxuduğu mühazirələr çox böyük maraqla dinlənilir.
Professor Z.Ö.Qarayev eyni zamanda dünyanın bir çox nüfuzlu elmi cəmiyyət və universitetlərinin akademiki və fəxri doktoru (ABŞ, Nyu-York akademiyası, həqiqi üzv; Fransa, Sarbon Universiteti fəxri doktor; Yaponiya, Siba Universiteti, fəxri doktor) seçilmişdir.
30 iyun 2014-cü ildə[1] AMEA-nın müxbir üzvü seçilmişdir.[2]
Professor Z.Ö.Qarayev 2007-cı ildə Rusiya Federasiyası Səhiyyə və Sosial inkişaf üzrə Federal Agentliyi, P.N.Kaşkin adına Elmi Tədqiqat Mikologiya İnstitutu və "Отечественные лекарства" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "Vətən mikologiyasının inkişafındakı görkəmli xidmətlərinə görə" P.N.Kaşkin adina mükafatla təltif edilmiş və ona diplom təqdim olunmuşdur.[4]
2010-cu ildə Professor Z.Ö.Qarayev Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.