Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Zamiq Balarza oğlu Əliyev (25 may 1950, Bakı) — azərbaycanlı tarzən, bəstəkar, prezident mükafatçısı, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).
Zamiq Əliyev | |
---|---|
Zamiq Balarza oğlu Əliyev | |
Ümumi məlumatlar | |
Digər adı | Hacı Zamiq Əliyev |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Musiqiçi, tarzən |
Janr | muğam |
Musiqi aləti | tar |
Mükafatları |
Zamiq Balarza oğlu Əliyev 1950-ci il, may ayının 25-də Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Bakıda 132 saylı orta məktəbə getmişdir. Məktəbi bitirdikdən sonra, 1968–72-ci illərdə M.A.Əliyev adına İncəsənət İnstitutunda ali təhsil almışdır. 1970-ci ildə hələ institutda təhsil alarkən o, Azərbaycan Dövlət Filarmoniyasına tarzən kimi işə qəbul olunmuşdur. O filarmoniyanın tərkibində bəstəkar, əməkdar incəsənət xadimi Ağası Məşədibəyovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında tarzən kimi fəaliyyətə başlamışdır. Həmin dövrdə Hacı Məmmədov, Əliağa Quliyev, Sərvər İbrahimov, Həbib Bayramov, Habil Əliyev, xanandələr Xan Şuşinski, Yaqub Məmmədov, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Sara Qədimova, Teymur Mustafayev, Sabir Mirzəyev, Niyaməddin Musayev, Zaur Rzayev kimi sənətkarları müşayət etmişdir. Filarmoniyada işlədiyi dövrdə Azərbaycanın əksər rayonlarında qatrol səfərlərində iştirak etmişdir. İnstitutu bitirdikdən və 1972–73-cü illərdə hərbi xidməti başa vurduqdan sonra yenidən Azərbaycan Dövlət Filarmoniyasında çalışmağa başlamışdır.
1974-cü ildən etibarən Əməkdar İncəsənət Xadimi Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan Ulduzu" instrumental ansamblında tarzən kimi dəvət olunmuşdur. İlk dəfə "Dan Ulduzu" ansamblının müşayəti ilə Emin Sabitoğlunun "Bu gecə" mahnısnı lentə yazdırmışdır. Bu kollektivin tərkibində bir neçə xarici dövlətlərdə, Suriya, Livan, Əlcəzair, İsveç, İspaniya və s. qastrol səfərlərində olmuşdur. 1979-cu ildə Zeynəb Xanlarovanın xalq çalğı ansamblının yaradıcısı olduğu kollektivin konsertmeysteri daha sonra isə uzun illər musiqi rəhbəri kimi çalışmışdır. Bu illər ərzində 50-dən çox xarici dövlətdə, Sovet Sosialist Respublikalarında, Azərbaycanın rayonlarında xalq musiqisi və muğamlarını təbliği ilə məşğul olmuşdur. ABŞ, Kanada, Hollandiya, Əfqanıstan, İspaniya, İordaniya, Yəmən, Tunis, Danimarka, Türkiyə, İraq və bir çox başqa xarici ölkələrdə qastrol səfərlərində olmuşdur. 1991-ci ildə Zamiq Əliyev Ağaxan Abdullayev və Ədalət Vəzirovla birlikdə Zülfü Adıgözəlov adına muğam üçlüyü tərkibində fəaliyyətə başladı. 1992-ci ildə muğam üçlüyü ABŞ, Kanada, İranda konsertlər vermişdir. Mədəniyyət Nazirliyinin xətti ilə 15 günlük İran səfərinin müddəti sonradan bir ay da uzadılmışdır. Bu qərarın ardından musiqiçilərinin təkidi ilə Təbrizdə, Əhərdə, Ərdəbildə və bir çox şəhərlərdə konsertlər vermişdir. Respublikanın müstəqilliyindən sonra Təbrizdə konsert verən ilk ifaçılar məhz bu muğam üçlüyü olmuşdur. Bundan əlavə olaraq o illərdə Fransa, Belçika, Hollandiya, Almaniya və bir çox ölkələrdə layiqincə milli musiqimizi təbliğ etmişdir. 1992-ci ildən əksər dövlət tədbirlərində Zamiq Əliyev Ədalət Vəzirovla birlikdə xanəndələri müşayət etmişdir. 1993-cü ildə Ədalət Vəzirovla birgə qərara gəlindi ki, gənc bir ifaçını xalqımıza təqdim etsinlər. Bu, hal-hazırda respublikanın xalq artisti Simarə İmanova idi. İlk olaraq ümummilli lider Heydər Əliyevin qarşısında dövlət tədbirində Simarə İmanovanın iştirakını Zamiq Əliyev keçmiş mədəniyyət naziri Polad Bülbüloğluna təklif etmişdir. İlk ifadan sonra Heydər Əliyevin rəsmi səfərlərdə olduğu müddətdə məhz bu üçlük iştirak etmişdir. Zamiq Əliyevin müəllifi olduğu mahnıların ilk ifaçısı öz yetirməsi olan Simarə İmanova olmuşdur. Bunlardan ən populyar olan "Yar bu gecə" mahnısı indiyənədək məşhurluğunu itirməyib. Zamiq Əliyev Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Famil Mehdi, Adil Mürşüdoğlu, Tağı Sadiq, Qənirə Paşayeva, Adil Babayev, Vahid Əziz kimi bir çox şairlərin sözlərinə mahnılar yazmışdır.
1995-ci ildə Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar İraqın Bağdad şəhərində təşkil olunan dövlət tədbirlərində musiqiçi kimi iştirak etmişdir.
1997-ci ildə yetirməsi Simarə İmanova və kamança ifaçısı Ədalət Vəzirov ilə birlikdə Səmərqənddə birinci "Şərq Təranələri" festivalında "Qran-Pri" mükafatına layiq görülmüşdür. Onlar "Şərq bülbülü" muğam üçlüyü adı altında Fransa, Belçika, Hollandiya, Cənubi Koreyada dəfələrlə böyük festivallarda iştirak etmişdir. 1998-ci ildə ABŞ-nin Vaşinqton şəhərində Dünya Azərbaycanlıların konqresində ifaçı kimi iştirak etmişdir. Zamiq Əliyev 1998-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Əməkdar Artist", 2007-ci ildə isə "Xalq Artisti" adlarına layiq görülmüşdür.
Zamiq Əliyev 2003-cü ildə Həcc ziyarətində olmuşdur.
O, Lider televiziyasında 2005–2011-ci illərdə "Qızıl səslər", "İncilər", 2019-cu ildən 2020-ci ilədək "İnstrumental aləm" verlişlərinin müəllifi, aparıcısı və redaktoru olmuşdur.
Zamiq Əliyev 2008-ci ildə Heydər Əliyevin 85 illiyinə həsr olunmuş "Heydər Əliyev-85. Səhnəarxası görüşlər" adlı kitabını yazmışdır. Daha sonra 90 illiyi münasibətilə daha geniş formatda və azərbaycan, rus, ingilis dillərində həmin kitab işıq üzü görmüşdür. Kitab dünyanın 50-dən çox ölkəsinə göndərilmişdir.
2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin sərəncamı ilə Beynəlxalq Muğam Mərkəzində Z.Əliyevin 60-illik yubileyi, yaradıcılığının isə 40-illiyi təntənəli şəkildə qeyd olunmuşdur.
2022-ci ildə Azərbaycan Televiziyası tərəfindən çəkilmiş "Musiqili ömrün fəsilləri" filmi Zamiq Əliyevin həyat və yaradıcılığına həsr olunmuşdur. Filmdə xalq artistləri Əlibaba Məmmədov, Habil Əliyev Eldar Mansurov, Mənsum İbrahimov, Firəngiz Əlizadə, akademik Dilqəm Tağıyev kimi şəxslərin Zamiq Əliyev barədə fikirləri yer alıb.[1]
Zamiq Əliyev 1998-ci ildən pedaqoji fəaliyyətə başlamışdır. Zamiq Əliyev İncəsənət Universitenin Xalq çalğı alətləri ifaçılığı kaferdasında 2000-ci ildə baş müəllim, müəyyən müddət kafedra müdiri, 2005-ci ildə dosent, 2013-cü ildən isə professor kimi fəaliyyət göstərir. Profesosor diplomu isə 2013-cü ildə Ali Attestasiya Komissiyasının Prezidenti Arif Mehdiyev tərəfindən təqdim olunmuşdur. Zamiq Əliyev 2005-ci ildə dövrün Təhsil naziri Misir Mərdanov tərəfindən "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı və Fəxri Fərmanı ilə təltif olunmuşdur.